Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin Akt zalında 2015-ci ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.

20 oktyabr 2015 | 15:00
2015-ci ilin 9 ayı ərzində Hacıqabul rayonunun
sosial-iqtisadi inkişafının yekunları barədə
rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun

 

HESABAT MƏRUZƏ

 

Məlum olduğu kimi oktyabrın 12-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Cənab Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib.

Bu dövrdə iqtisadiyyat 3,7 %, sənaye istehsalı 2,1, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 % artıb. İlin 9 ayında inflyasiya 3,7 % təşkil edib, əhalinin pul gəlirləri 5,8 % artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən dövlət başçısı ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. 9 ayda ölkədə 87 min yeni iş yeri açılıb ki, bunun da 67 mini daimidir.

Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının      genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib. “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görüldüyünü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəmizi 40-cı yerdə qərarlaşdırıb. Bununla da Azərbaycan MDB-də birinci yerdədir.

Birinci Avropa oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.

Ordu quruculuğu ilə bağlı mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını bildirən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin reallaşması, nəzərdə tutulmuş layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

2015-ci ilin 9 ayında rayonda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə bir qədər geniş məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

2015-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 165,0 milyon manat olmuşdur. Bu ilin 9 ayında kənd təsərrüfatı məhsulu buraxılışı 93,3 milyon manat, sənayedə məhsul buraxılışı 3,0 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 19,6 milyon manat, ticarətdə məhsul buraxılışı 46,5 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində kənd təsərrüfatında 5,6 %, sənayedə 3,8 %, ticarətdə 9,9 % artım müşahidə edilmişdir. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 0,8% artaraq 65,2 %-ə çatmışdır.

Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,1 min manat və ya 11,6 % artaraq 434,0 min manata, avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmi 5 min ton və ya 2,7 % artaraq 188 min tona, sərnişin daşınmalarının həcmi isə 159 min sərnişin və ya 4,5 % artaraq 3706 min nəfər olmuşdur.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 12,0 milyon manat və ya 9,9 % artaraq 133,1 milyon manata, ictimai iaşə dövriyyəsi 192,7 min manat və ya 9,2 % artaraq 2281,7 min manata, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1061,0 min manat və ya 5,8 % artaraq 19375,5 min manata çatmışdır.

2015-ci ilin 9 ayında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 20423,8 min manat təşkil etmişdir.

İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin Kənd təsərrüfatı ili elan olunması, mineral gübrələrə tətbiq olunan güzəştin 50 %-dən 70 %-ə qaldırılması, əkin sahələrinin hər hektarına verilən subsidiya məbləğinin 25 % artırılması və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatında canlanmaya və məhsul bolluğuna səbəb olmuşdur.

2015-ci ilin məhsulu üçün 12869 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 6475 hektarını buğda, 6394 hektarını isə arpa əkini təşkil edir. 12869 hektar taxıl sahəsindən 43981 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 6559 ton və ya 17,5 % çoxdur. İstehsal olunmuş taxılın 24735 tonunu buğda,   19246 tonunu arpa təşkil edir. Hər hektara düşən məhsuldarlıq 4,4 sentner artaraq 34,2 sentnerə çatmışdır.

2015-ci ildə 1572 hektar sahədə bostan, 774 hektar sahədə tərəvəz, 49 hektar sahədə günəbaxan, 50 hektar sahədə qarğıdalı, 39 hektar sahədə kartof əkini aparılmışdır.

2015-ci ilin 9 ayında 20084 ton tərəvəz, 23300 ton bostan, 428 ton kartof, 165 ton qarğıdalı, 67 ton günəbaxan, 8782 ton meyvə istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 266 ton, meyvə istehsalı 22 ton, kartof istehsalı isə 10 ton çox olmuşdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin 9 ayında süd istehsalı 12370 ton, ət istehsalı 6490 ton, yun istehsalı 225 ton olmuşdur. Ötən ilin 9 ayı ilə müqayisədə süd istehsalında 40 ton və ya 0,3%, yun istehsalında 1 ton və ya 0,5% artım qeydə alınmışdır. Hesabat dövründə yumurta istehsalı 230 954 min ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 353 min ədəd çoxdur.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin 9 ayında 299 baş artaraq 37 757 başa, xırda buynuzluların sayı isə 1078 baş artaraq 134 538 başa çatmışdır.

 “Aqrolizinq” vasitəsi ilə bu ilin 9 ayında kənd əməkçilərinə 249,85 ton güzəştli qiymətlərlə mineral gübrə satılmışdır. Rayonda 2015-ci il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına cəmi 562 nəfərə 128 602,4 manat dövlət yardımı verilmişdir. 2015-ci ildə 2041 həfər kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə hektarına 50 manat olmaqla 682414,5 manat subsudiya verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və  6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilmişdir. Hal-hazırda magistral kanalın 28,1 km hissəsində tikinti işləri başa çatmışdır. Bundan əlavə magistral kanaldan Padar kəndinə ayrılan kanalın 12,5 km-lik qol kanalın tikintisi tam başa çatmışdır.

Hal-hazırda bu kanal vasitəsilə 2000 hektara yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64 S nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatının suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçirilməlidir.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin 9 ayında 334 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. İdarə üzrə 9 ayda 12 ədəd nasos aqreqatı, 7 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 46 ədəd hidrotexniki qurğu, 9 ədəd hidropost, 3 ədəd nasos stansiya binası,  3 ədəd mülki bina cari təmir olunmuşdur. Abdulabad ərazisində “Şirvan-4” nasos stansiyasında təzyiq hovuzu və “M” kanalında akveduk əsaslı təmir olunaraq istismara verilmişdir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 26070 p/metr olmaqla 70990 kub metr həcmində lildən təmizləmə işləri aparılmışdır. Kolanı kəndi ərazisində qrunt sularının səviyyəsini daima yol verilən həddə saxlamaq üçün 2 ədəd 16 NDN markalı nasos aqreqatı quraşdırılmış nasos stansiyası istismara verilmişdir.

Respublika Prezidenti cənab İlham Əliyev gündəlik fəaliyyətində ekoloji məsələləri də daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, onun qorunması və artırılması mühüm yer tutur. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı bundan sonra da ətraf mühitin sağlamlaşdırılması, xüsusi və yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir. Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2015-ci ildə də davam etdirilmişdir. Təkcə şəhərdə təxminən 6000 ədəd ağac əkilmiş və onlara aqrotexniki qaydada qulluq hal-hazırda davam etdirilir.

2015-ci ilin 9 ayında rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.

M.F.Axundov küçəsinə 100 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, H.Həmidov küçəsinə 1478 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, Ə.Vahid küçəsinə 115 kub metr, H.Aslanov küçəsinə 489 kub metr, İ.Qayıbov küçəsinə 41 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, 2 saylı məktəbin yanındakı stadiona giriş yoluna 126 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, 1364 kv.metr 5 sm qalınlığında beton qarışığından asfalt örtüyün düzəldilməsi, Padar qəsəbəsinə 670 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, 3375 kv.metr xırda dənəli 6 sm qalınlığında asfalt örtüyün düzəldilməsi, Navahı kəndinə giriş yoluna 930 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, 350 kv.metr yola xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında örtüyün qoyulması, Navahı qaçqınlar yaşayış massivinə gedən yola 1077 kub metr qum çınqıl qarışığının verilməsi, hərbi şəhərciklə yanaşı 2 mərtəbəli yaşayış binalarının ərazisindən yola 960 kub metr qum-çınqıl qatından hamarlayıcı qatın verilməsi , 4960 kub metr yola xırda dənəli asfalt beton qarışığından 6 sm qalınlığında örtüyün qoyulması, Dəmir yol vağzalı meydanına 310 ton iri dənəli asfalt beton qarışığından çala təmiri və hamarlayıcı qatın verilməsi, İ.Qayıbov küçəsində 235,5 ton iri dənəli asfalt beton qarışığından çala təmiri və hamarlayıcı qatın verilməsi işləri görülmüşdür.

H.Həmidov küçəsinə 14 ədəd metal işıq dirəklərinin qoyulması, 858 paq/metr elektrik kabelinin çəkilməsi, səkiyə 359,0 kub metr qum-çınqıl qarışığından əsasın verilməsi. M.Əsədov küçəsinin şimal hissəsində 20 sm qalınlığında 950,4 kv.metr, cənub hissəsində 20 sm qalınlığında 715,3 kv.metr divarın hörülməsi, 3 sm qalınlığında asfalt-beton örtüyün qoyulması. M.Əsədov küçəsində səkilərdən 15 metr asfalt örtüyün sökülməsi, 72,6 kub metr qum-çınqıl qarışığından əsasın verilməsi, 363 kv.metr səkilərdə xırda dənəli asfalt-beton qarışığından örtüyün düzəldilməsi, 10 metr beton səki daşlarının düzəldilməsi. Dağüstü massivdə 14,78 kv.metr divarın dağın yamac hissəsindən sökülməsi, 153,1 kv.metr 20 sm qalınlığında divarın mişar daşından hörülməsi, 141 kv.metr divarın mozaika daşı ilə üzlənməsi, 15,8 kub metr daş hasarın sökülməsi, 52,8 kv.metr divarın ağ-lay daşı ilə üzlənməsi. İ.Qayıbov küçəsində səkilərdə 5,28 kub metr qum-çınqıl qarışığından əsasən düzəldilməsi, 26 kv.metr səkilərdə 2 sm qalınlığında asfalt-beton örtüyün düzəldilməsi, 1 saylı yaşayış binasında 14,87 kub metr çatıayaqlarının quraşdırılması və daş örtüyündə 13,04 kub metr ağac şəbəkənin düzəldilməsi. Dam örtüyündə 676 kv.metr sahənin metal vərəqələrlə örtülməsi, 3 saylı yaşayış binasında 14,78 kub metr çatıayaqlarının quraşdırılması, 12,17 kub metr ağac şəbəkənin qurulması, binanın kürsü hissəsinin 80,24 kv.metr ağ-lay daşı ilə üzlənməsi işləri görülmüşdür. Ə.Vahid küçəsində səkiyə 211,2 kub metr qum-çınqıl verilməsi, küçənin şimal hissəsində 20 sm qalınlığında 462 kv.metr, cənub hissəsində 20 sm qalınlığında 5940,0 kv.metr divarın hörülməsi, 3 sm qalınlığında xırda dənəli asfalt beton örtüyünün qoyulması işləri görülmüşdür.

2015-ci ilin 9 ayı ərzində 10900 metr uzunluğunda kanalizasiya xətti təmizlənmiş, işlərin görülməsi zamanı kanalizasiya xəttindən çıxarılan 5308 kub metr tullantı şəhər ərazisindən kənara daşınmışdır.

Hesabat dövründə Qarasu- Abdulabad -Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə başlanılmışdır.

Sahibkarlıqla məşğul olmaq üçün 19 nəfərə, fərdi yaşayış evi üçün   3 nəfərə tikinti işlərinin aparılmasına icazə verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Hacıqabul rayon İdarəsinin İnzibati laboratoriya binasının, Hacıqabul rayon Mühafizə bölməsi üçün yeni inzibati binanın tikintiləri başa çatmış, istismara qəbula hazırdır.

Heydər Əliyev fondu hesabına tikilən 100 yerlik uşaq bağçasında tikinti quraşdırma işləri başa çatdırılmış, istismara qəbula hazırdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

Hacıqabul rayon Elektrik şəbəkəsinin inzibati binasında tikinti işləri başa çatmaq üzrədir.

Rayonun Muğan qəsəbəsində 35/10 kv-luq Muğan y/st-da 1,8 m VA tr-tor 4,0 m VA tr-torla əvəz edilmişdir.

Rayonun Xilə-Mirzə kəndinə əhalinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə 35/10 kv-luq Muğan y/st-dan 22 km uzunluğunda yeni 10 kv-luq EVX çəkilmiş,92 ədəd 10 kv-luq beton dayaq,11 ədəd 10 kv-luq metal dayaq basdırılmışdır.

Hacıqabul EŞ-nin xidməti ərazisində rayonun Udulu ərazisini qidalandıran 35 kv-luq Udulu h/x-də 47 ədəd 35 kv-luq dayaq yenisi ilə əvəz olunmuş,23500 metr məsafədə istismara yararsız naqillər yenisi ilə əvəz olunmuşdur.

Hacıqabul EŞ-nin xidməti ərazisində 35 kv-luq Pirsaatbənd h/x-də 20 ədəd istismara yararsız ağac dayaq yeni 35 kv-luq “Şam şəkilli” metal aralıq dayaqlarla əvəz olunmuşdur.

35/10 kv-luq 756 saylı y/st-dan qidalanan 10 kv-luq Xilə-Mirzə h/x də 6 ədəd istismara yararsız 10 kv-luq metal dayaqlarla əvəz olunmuşdur.

35/6 kv-luq 753 saylı y/st dan qidalanan 6 kv-luq Kompressor h/x-də 2 ədəd istismara yararsız 6 kv-luq ağac dayaq yeni 6 kv-luq metal dayaqlarla əvəz olunmuşdur.

35/10 kv-luq Udulu y/st çıxan 10 kv-luq Cəngən h/x-də 4 ədəd 10 kv-luq istismara yarasız ağac dayaq 4 ədəd 10 kv-luq beton dayaqla əvəz edilib.

Rayonun Atbulaq kəndində 51 ədəd 6 kv-luq istismara yarasız ağac dayaq yeni 6 kv-luq dəmir-beton dayaqla əvəz olunub, 3230 metr məsafədə istismara yararsız naqillər yeni AS-50 markalı naqillərlə əvəz olunmuşdur.

Rayonun Navahı qəsəbəsində 20 ədəd 6 kv-luq istismara yararsız ağac dayaq yeni 6 kv-luq dəmir-beton dayaqla əvəz olunub, 1200 metr məsafədə istismara yararsız naqillər yeni AS-50 markalı naqillərlə əvəz olunmuşdur.

Rayonun Qarasu kəndində 26 ədəd 10 kv-luq istismara yararsız dayaq yenisi ilə əvəz olunmuş, 700 metr məsafədə istismara yararsız naqillər yenisi ilə əvəz olunmuşdur.

Rayonun Padar qəsəbəsində 10 ədəd 10 kv-luq istismara yararsız ağac dayaqlar yeni 10 kv-luq dəmir-beton dayaqlarla əvəz olunmuş, 1300 metr məsafədə istismara yararsız naqillər yeni AS-50 markalı naqillərlə əvəz olunmuşdur.

Hacıqabul Elektrik Şəbəkəsi 2015-ci ilin 9 ayında 119 356 418 kvt.s enerji almışdır. Satışa ötürülən enerji 92 251 442 kvt.s-dır. Dəyəri isə 5 501 834,81 manat olduğu halda ödəniş 4 999 452,94 manat olmuş, rayon üzrə ümumi yığım 90,87 % təşkil etmişdir. Əhaliyə ötürülən enerji 28 170 157 kvt.s olmuşdur, bunun da dəyəri 1 690 245,42 manat olmuş, toplanan vəsait isə 1 425 155,35 manat olmaqla verilən enerjinin 84,32 %-ni təşkil etmişdir.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması başa çatdırılmışdır. Hacıqabul Qaz İstismar Sahəsi tərəfindən 2015-ci ilin 9 ayında əhali sektorunda 24 788 280 kub metr qaz satılmış, ödəniş 2 470 519,44 manat olmaqla 99,7% təşkil etmiş, qeyri-əhali sektorunda 9 940 673 kub metr qaz satılmış, ödəniş 972 695,8 manat olmaqla 97,8% təşkil etmişdir. Hesabat dövründə 101 mənzildən ibarət qaçqın şəhərciyinin qazla təminatının həyata keçirilməsi başa çatdırılmışdır.

2015-ci ilin 9 ayında ərzində əhaliyə və qeyri əhaliyə 1 148 367 manatlıq su satılmışdır. Su pulunun ödənişi 938 628 manat olmaqla verilmiş, suyun məbləğinin 82,7 % - i təşkil etmişdir.

Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərində layihəyə əsasən 105535 metr kanalizasiya xəttindən 26156 metri çəkilmişdir. 116 000 metr polietilen boru ilə si xətti çəkilərək Hacıqabul şəhərinin su təchizatı tam başa çatdırılıb. Nəzərdə tutulan 5300 ədəd smart tipli sayğaclardan 4996 ədədi artıq quraşdırılıb.

2015-ci ilin 9 ayında Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür.      Hesabat dövründə telefon çəkilişi 285 ədəd artaraq 6342 ədədə, internet istifadəçilərinin sayı isə 420 ədəd artaraq 2635 ədədə çatdırılmışdır. Telekommunikasiya Qovşağı üzrə ümumi montaj tutumu 7172 ədəd olmuşdur.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsi daim diqqət mərkəzində saxlanılır. 2015-ci ilin 9 ayı ərzində rayonda 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

Cari ilin 9 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətəndaşlıq və hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində və eləcə də istedadlı gənclərlə məqsədyönlü iş aparılmışdır. Bunun nəticəsi olaraq şəhər 8 saylı məktəb-liseyin “Şahin” komandası Füzuli rayonunda keçirilən zona turunda I yeri tutmuş və yarışların respublika turuna vəsiqə qazanmışdır. Komanda respublika turunda fəal iştirakına görə Gənclər və İdman Nazirliyinin Diplomu ilə təltif olunmuşdur.

         Cari ildə ərzində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirən 190 nəfərdən çox məzun ali məktəblərə sənəd təqdim etmişdir. Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təlim-tərbiyə işlərinin aynasıdır. 2015-ci ildə də ali və orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsi ilə elektron variantda aparılmışdır. 2015-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 197 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 108 nəfər (54,8 %) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 12 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bütövlükdə bu il rayon üzrə 120 nəfər ali məktəblərə qəbul olunmuşdur.

Qəbul olunanlardan 37 nəfəri (35 %) pedaqoji ixtisaslar üzrə ali məktəblərə qəbul olmuşdur ki,bu da gələcəkdə rayonda kadrlara olan ehtiyacın ödənilməsinə köməklik göstərəcəkdir.

Ali məktəbə qəbulda şəhər 15 №-li,Rəncbər,Talış,Qubalıbaloğlan kənd,Muğan qəsəbə tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar.Şəhər 5 saylı,Rəncbər kənd tam orta məktəblərindən 11 nəfər ali məktəbə qəbul olunmuşdur.Ali məktəbə qəbul olunanlardan 12 nəfəri 500-dən yuxarı,(şəhər 1,3,5 saylı Qarasu,Talış,Qubalıbaloğlan kənd,Pirsaat qəsəbə tam orta məktəbləri) bal toplamışlar.

Son illərdə rayonun ümümtəhsil məktəblərini bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulu ilə bağlı göstəricilər ilbəil artmaqdadır.Belə ki, 2012-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə sənəd təqdim edənlərin 36,2%-i, 2013-cü ildə səənəd təqdim edənlərin 41,2%-i, 2014-cü ildə 46,1%-i tələbə adını qazanmışdısa,2015-ci ildə ali məktəblərə qəbul olumaq üçün sənəd təqdim edənlərin 54,8%-i tələbə adını qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm və inşa müsabiqələri və sair silsilə tədbirlər keçirilmişdir.

Ötən 9 ay ərzində istedadlı uşaqların cəlb olunduğu “Kiçik Akademiya” ların iclasları keçirilmiş və uşaqların tədqiqatçılıq fəaliyyətləri gücləndirilmişdir. Bu müddətdə rayonun ümumtəhsil məktəblərinin şagirdlərindən 4 nəfəri Təhsil Nazirliyinin keçirdiyi “Sabahın alimləri” elektron müsabiqəsinə layihələr təqdim etmişlər.

Böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə rayon Təhsil şöbəsi tərəfindən 20-27 fevral tarixlərində hərbi-vətənpərvərlik həftəsi elan edilmiş, həftə çərçivəsində şer və mahnı müsabiqələri, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər aparılmış, hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası,   15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 54 həkim, 168 nəfər orta tibb işçisi, 137 nəfər kiçik tibb işçisi və texniki işçi xidmət edir. Rayon üzrə 25,0 nəfər həkim, 22,0 nəfər orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərində 13,0 ştat vahidi rayon mərkəzində, 12,0 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.

Hesabat dövründə Mərkəzi rayon xəstəxanasında hospitalizasiya səviyyəsi hər 100 nəfər əhaliyə 9,4 olmuş, çarpayı dövriyyəsi 12,0 olmuşdur. Ambulator gəlişlərin sayı 136500 nəfər, hər nəfərə düşən ambulator gəlişlərin sayı isə   2,4 olmuşdur.

 Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2015-ci ilin fevral ayının 1-dən etibarən başlayan və may ayının 1-nə kimi davam edən aksiya zamanı 70 mindən yuxarı əhalisi olan rayonun  50137 nəfərini tibbi müayinələrdən keçirilmiş, bunların arasından 4443 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə müalicə məqsədi ilə yerli ambulator və stasionar müalicəyə cəlb etməklə yanaşı, eyni zamanda bu xəstələrin bəzilərini respublika səviyyəli müvafiq tibb müəssisələrinə göndərmişlər.

Rayon üzrə 187 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 39 nəfəri cari ilin 9 ayı ərzində qeydiyyata alınmışdır.

Mərkəzi rayon xəstəxanasında 1131 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 105 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 851 nəfər olmuşdur.

2015-ci ilin 9 ayı ərzində cərrahı şöbədə 183 cərrahiyyə əməliyyatı aparılmışdır. 204 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan  21-i avtomobil qəzası nəticəsində alınmış travmalardır.

Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi,   20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 341 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 74 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 16666 nəfər olmuşdur. Doğum şöbəsinə qəbul olunanların sayı isə 134 nəfər olmuşdur.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 110 saylı 05.08.2008-ci il tarixli “Yeyinti məhsulları üzərində dövlət sanitariya nəzarətinin gücləndirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq rayonun topdan satış, pərakəndə satış və ictimai-iaşə obyektlərində reyestr üzrə 27 müayinə aparılmış, aşkar edilmiş sanitar gigiyenik çatışmazlıqlar barədə tələblər qoyulmuşdur. Rayon ərazisində yeyinti məhsulları istehsal edən müəssisələrə istehsal etdiyi məhsullar üçün 4 gigiyenik sertifikat alınmışdır.

Rayon Mədəniyyət və Turizm Şöbəsində 19 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, 27 kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə müğənni, ictimai xadim Rəşid Behbudovun 100, xalq şairi Bəxtiyar Vahabzadənin 90, görkəmli dövlət xadimi Cəmşid Naxçıvanskinin  120 illik yubileyləri, həmçinin I Avropa Oyunlarının keçirilməsi ilə müxtəlif səpkili tədbirlər təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Heydər Əliyev irsinin və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin öyrənilməsi məqsədi ilə mühazirə oxunmuşdur.

2015-ci ilin 9 ayı ərzində rübündə rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 73.781 nəfər oxucu istifadə etmişdir.

Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 24 tədbir həyata keçirilmiş 1661 nəfər, idman sahəsində isə 14 tədbir keçirilmiş bu tədbirlərə 2301 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

Dövlət başçımızın qeyd etdiyi kimi iqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 manat artaraq 286 manata çatmışdır. Rayonumuzda işləyən iqtisadi fəal əhalinin sayı 37,6 min nəfər olmuşdur ki, bu da rayon əhalisinin 52,2 %-ni təşkil edir. Məşğul əhalinin 14,9 %-i dövlət sektorunda, 85,1 %-i isə qeyri dövlət sektorunda çalışır.

01.09.2015-ci il vəziyyətinə Fondun Hacıqabul rayon şöbəsi üzrə pensiyaçıların ümumi sayı 7297 nəfər olmuşdur. Bunlardan 4164 nəfəri yaşa görə, 1914 nəfəri əlilliyə görə, 1219 nəfəri isə ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Pensiyanın adambaşına düşən məbləği 158,70 manat təşkil etmişdir. 2015-ci il ərzində vəfat edən pensiyaçıların sayı 218 nəfər olmuşdur. 458 ailəyə 2097 ailə üzvü olmaqla ünvanlı sosial yardım təyin olunmuşdur.

Hesabat dövründə 651 ailəyə 2995 ailə üzvü olmaqla ünvanlı sosial yardım alanlar təyin olunmuşdur. Ümumilikdə aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımı alanlar 845 ailə olmaqla 3878 nəfər ailə üzvlərini birləşdirir.

Rayon əhalisinin ümumi pul gəliri 138 688 min manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4954 min manat və ya 3,7% artım təşkil edir.

Bu ilin 9 ayında rayon Məşğulluq Mərkəzinə 406 nəfər işaxtaran kimi müraciət etmiş, onlardan 331 nəfəri işlə təmin olunmuşdur, 42 nəfərə işsiz statusu kimi müavinət verilmişdir. Hesabat dövründə rayonun idarə və müəssisələrində 388-i daimi iş yeri olmaqla 499 yeni iş yeri açılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 82 iş yeri çoxdur.

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Hesabat dövründə rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “Sair xərclər” vəsaitindən 574 nəfərə 40520,00 (qırx min beş yüz iyirmi ) manat vəsait xərc edilmiş, o cümlədən Azərbaycan Respublikasının Milli Ordusunun əsgəri şəhid Qasımov Vüqar Rasim oğlunun yas mərasimi keçirilməsinə və məzarının hasar daşı ilə hörgüsünə 1900,00 (bir min doqquz yüz) manat, Azərbaycan Respublikası Milli Ordusunun zabiti şəhid Baxışlı Allahverdi Əbülfəz oğlunun məzar daşı ətrafına dəmir barmaqlıqların düzəldilməsinə 650,00 (altı yüz əlli) manat və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına görə digər vəsaitlərin 43000,00 (qırx üç min) manat, şəhid ailəsi, məcburi köçkün Allahverdiyeva İlhamə Şəmsi qızına anası mərhum Məmmədova Asiyanın dəfn mərasiminin keçirilməsinə (üç yüz) manat, Hacıqabul şəhər sakini şəhid ailəsi Mahmudova İntizar İsa qızına 500,00 (beş yüz) manat, Böyük Vətən Müharibəsi iştirakçısı mərhum Həziyev Həzinin həyat yoldaşı Həziyeva Səkinə Ağacan qızının dəfn mərasiminə 200,00 (iki yüz) manat və Qarabağ müharibəsi əlili, xəstə Murtuzov Nəcəf Cəbrayıl oğluna müalicə üçün 1500,00 (bir min beş yüz) manat, şəhər sakini Məmmədova Ayşən Araz qızına müalicə üçün 450,00 (dörd yüz əlli) manat, ”Novruz Bayramı” münasibətilə şəhid ailələrinə, Çernobil və Qarabağ Əlillərinə, Böyük Vətən müharibəsi iştirakçılarına və kimsəsiz xəstə ailələrə cəmi -355 nəfərə 8875,00 (səkkiz min səkkiz yüz yetmiş beş) manat, rus dilli xalqların “Pasxa” bayramına 540,00 (beş yüz qırx) manat, Hacıqabul şəhər sakini V.Talıbov küçəsi 10 saylı evdə yaşayan Abasov Mirəziz Mirsəməd oğluna evinin tikintisinə görə maddi yardım 1000,00 (bir min) manat, şəhər sakini M.B.Nadim küçəsi 4 saylı evdə yaşayan Əsədova Zöhrə Balabəy qızına həyat yoldaşının müalicə olunması üçün maddi yardım 1000,00 (bir min) manat, şəhər sakini M.B.Nadim küçəsi 4 saylı evdə yaşayan Əsədova Zöhrə Balabəy qızına həyat yoldaşının müalicə olunması üçün maddi yardım 1000,00 (bir min) manat, Padar qəsəbə sakini Ağayeva Bəxtilə Cahangir qızının ev təmirinə maddi yardım 500,00 (beş yüz) manat, ilk Avropa oyunlarının məşəlinin rayona gətirilməsi ilə əlaqədar keçirilən tədbirə görə, bayraqlarla bəzədilməsinə 4950,00 (dörd min doqquz yüz əlli) manat, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibətilə tədbirin keçirilməsinə 2600,00 (iki min altı yüz) manat vəsait xərc edilmişdir.

Eləcədə məcburi köçkün ailəsi Məmmədov Natiq Xəlil oğluna və şəhər sakini Qəmbərova Xanım Qəmbər qızına hər ay ev kirayəsi haqqı ödənilməsi üçün 100,00 (bir yüz) manat, Hacıqabul şəhər sakini böyrək dializi üzrə xəstə Rəcəbov Elnur İsmayılxan oğluna hər ay 100,00 (bir yüz) manat, birinci qrup Qarabağ müharibəsi əlili Abdulov İntiqam Səttar oğluna maddi durumunun aşağı olduğuna görə hər ay 100,00 (bir yüz) manat, şəhər sakini Məhərrəmov Rahab Raniz oğluna uşaqlarının təhsil almasına görə hər ay təhsil haqqı 120,00  ( bir yüz iyimi ) manat maddi yardım edilmişdir. Hacıqabul şəhər sakini Almazov Qalib Sahib oğluna ali təhsil haqqının ödənilməsinə görə 1500,00 (bir min beş yüz) manat, şəhər sakini Nəcəfov Fazil Səlim oğluna mərhum oğlu Nəcəfov Yaşarın Binəqədi rayonunda çoxmərtəbəli evin yanması nəticəsində faciəli həlak olmasına görə keçirilən yas mərasiminə və məzar daşının hazırlanmasına görə   4000,00 (dörd min) manat və digər on nəfərlərlə imkansız xəstə olan insanlara 300-500 manat məbləğində pul vəsaiti yardım edilmişdir. Eləcədə Qurban bayramı münasibəti ilə şəhərin imkansız, tənha, əlil və şəhid ailələrinə qurban əti paylanması təşkil olunmuşdur.

Rayon ərazisində məskunlaşan 124 ailə olmaqla 421 nəfər qaçqın,   433 ailə olmaqla 1631 nəfər köçkün ailələrinə rayon İcra Hakimiyyəti tərəfində daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll edilməsinə səy göstərilmişdir.

2015-ci ilin 9 ayında rayon büdcəsinin gəlir hissəsi 3 661 867 manat proqnoza qarşı 3 526 825 manat və ya 96,3 % icra olunmuşdur.

Rayon büdcəsinin xərcləri 8 380 371 manat təyinata qarşı 6 832 321 manat olmaqla 81,5 % icra edilmişdir.

Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.

2015-ci ilin 9 ayı ərzində Polis şöbəsi tərəfindən rayon ərazisində  117 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 10-u ağır və xüsusilə ağır cinayətlər, 70-i az ağır cinayətlərdir. Baş vermiş cinayətlərin açılması 84,1 % təşkil olunmuşdur.

 Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 41 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 3141,673 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Rayonda 268 nəfər narkoman kimi dispanser qeydiyyatında,  71 nəfər şəxs isə profilaktiki qeydiyyatdadır.

2015-ci ilin 9 ayı ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 1 cinayət hadisəsi qeydə alınmışdır.

Rayon Prokurorluğunun icraatında 2015-ci ilin 9 ayı ərzində 10 cinayət işi qəbul edilmişdir. Ümumi işlərin sayı 12 olmuşdur. Onlardan 7-nin ibtidai istintaqı tamamlanmış, 1 iş aidiyyəti üzrə göndərilmiş, 1-i digər cinayət işinə birləşdirilmiş, 01.10.2015-ci il tarixə 3 iş qalıq qalmışdır. İstintaqı tamamlanmış cinayət işlərinin 2-nin icraatına xitam verilmişdir. 9 ay ərzində rayon Prokurorluğunda ziyan vurulması ilə bağlı cinayət işi istintaq edilməmiş, lakin 1 cinayət işi müddət pozğunluğu ilə tamamlanmışdır. Hesabat dövründə 87 nəfər şəxs rayon prokurorluğunda qəbulda olmuşdur. Onlar rayon Prokuroru tərəfindən qəbul olunmuşdur. Dövr ərzində hüququ təbliğatla əlaqədar prokurorluğun əməkdaşları tərifindən idarə, müəssisə və təşkilatlarda müxtəlif mövzularda çıxışlar etmişlər.     

2015-ci ilin 9 ayında Notariat Kontorunda 1732 notariat əməliyyatı rəsmiləşdirilmiş və bunun üçün 16501 manat dövlət rüsumu, 3677,25 qəpik xidmət haqqı Dövlət büdcəsinə ödənilmişdir.

2015-ci ilin 9 ayında rayon Qeydiyyat şöbəsində 993 doğum, 319 ölüm, 378 nikah bağlanması qeyd olunmuşdur. 53 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatla əlaqədar 2930 manat məbləğində dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

2015-ci ilin 9 ayında rayon Dövlət Notariat kontorunda 5373 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 50937,50 manat dövlət rüsumu və 11502,50 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər,  3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin 9 ayında İcra Hakimiyyətinə 575 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 134-i Prezident Administrasiyasından, 11-i Milli Məclisdən, 14-i Nazirlər Kabinetindən, 33-ü respublikanın digər rəhbər təşkilatlarından, 383-ü isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2015-ci ilin 9 ayında İcra Hakimiyyətinin Başçısı tərəfindən 366 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 182 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.

 

Keçidlər