Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabul şəhərində inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verildi
Açılış mərasimində fondun həyata keçirdiyi humanitar layihələrdən, balacaların hərtərəfli inkişafına dövlət qayğısından ətraflı danışılıb. Şəhərin İsmət Qayıbov küçəsindəki 100 yerlik bağçanın təməli ötən ilin mart ayında qoyulub. İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompyuter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər əsasında inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi də abadlaşdırlıb. Burada iki söhbətləşmə yeri tikilib, qazon və asfalt döşənib. Həmçinin balacaların əylənmələri üçün müxtəlif qurğular quraşdırılıb. Ağac və gül kolları əkilib.
Açılış mərasimində çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və rayonun millət vəkili Rafael Hüseynov sakinləri, balacaları təbrik edərək, bağçanın yeni binasının onlara böyük hədiyyə olduğunu söyləyiblər. Dövlətin gənc nəslə xüsusi önəm verməsindən danışan İcra Hakimiyyətinin başçısı bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə rayonda mühüm layihələr həyata keçirilir. Qeyd olundu ki, son iki ildə rayonda bir bağça əsaslı təmir edilib, 2 yeni məktəb binası tikilib, 3-ü isə əsaslı təmir olunub. Sakinlər gələcəyimiz olan uşaqlara göstərdiyi böyük qayğıya görə dövlət başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq edildi Sonda mərasim iştirakçıları bağçada yaradılan şəraitlə tanış oldular.