Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2015-ci il ərzində gördüyü işlər barədə hesabat iclası keçirildi

27 yanvar 2016 | 16:00
  Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin
2015-ci il ərzində gördüyü işlər barədə hesabat məruzəsi

 

Başa vurduğumuz 2015-ci il Azərbaycanın siyasi-iqtisadi, sosial və mədəni həyatında olduqca uğurlu il olmuşdur.

Son 10 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonunda 6 dəfə səfərdə olmuşdur. Bu Prezidentimizin rayonumuza olan diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ildə Sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident 2015-ci il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq Azərbaycanın iqtisadiyyatının inkişaf etdiyini bildirmişdir.  

Ölkəmizdə Sosial inkişafın yeni mərhələsi uğurla davam etdirilir. Son illər dünyada qlobal maliyyə böhranının olmasına baxmayaraq, dünya ölkələri sırasında doğma vətənimiz, liderlik mövqeyini qoruyub saxlamışdır. Ölkə rəhbərliyinin ayrı-ayrı vaxtlarda Regionların Sosial-İqtisadi İnkişafı, yoxsulluğun aradan qaldırılması, ölkənin davamlı inkişafı və digər məsələlərlə bağlı qəbul etdiyi proqram və qərarlar son bir neçə ildə Azərbaycanın simasını dəyişmiş, dünyanı aparıcı dövlətlər sırasına çıxarmış, dünyadakı imicinin yüksəlməsinə səbəb olmuşdur.

Şəhər nümayəndəliyi öz işini İcra Hakimiyyətinin göstərişi, tövsiyəsi və tədbirlər planı əsasında qurmuşdur.  

Hacıqabul şəhərində 26204 nəfər əhali, 4399 təsərrüfat vardır. Şəhərin ərazisində 48 idarə, müəssisə və təşkilat fəaliyyət göstərir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 24 noyabr 2003-cü il tarixində “Sosial iqtisadi inkişafın sürətləndirilməsi” haqqında vermiş olduğu fərmanında vətəndaşların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirmişdir. 2015-ci il ərzində şəhər nümayəndəliyinə 205 şikayət və ərizə müraciət daxil olmuşdur. Şikayətlər əsasən vətəndaşlar tərəfindən su, kanalizasiya, sel gəlməsi nəticəsində yaranan çətinliklər, qonşu münaqişələri zəminində yaranan mübahisələr barədə olmuşdur. 2015-ci il ərzində nümayəndəliyə 133 sənəd daxil olmuş, 203 sənəd göndərilmişdir. Ərizə və şikayətlər vaxtında icra olunmaqla müddət pozuntusuna yol verilməmişdir.  

2015-ci il ərzində nümayəndəlikdə 25 iclas keçirilmiş, 30 məsələ müzakirə edilmişdir.

Şəhər İcra nümayəndəliyinin hesabat dövründə, vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir. Maddi ehtiyac üçün müraciət edən 159 nəfər şəhər sakininə İcra Hakimiyyəti tərəfindən yardım edilmişdir.

Şəhər nümayəndəliyinə daxil olmuş bütün müraciətlər “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq vaxtında araşdırılaraq, müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir. Ərizələrin böyük hissəsi vətəndaşların xeyrinə həll olunmuşdur. Təəssüf ki, bəzi vətəndaşlara ətraflı və obyektiv cavablar verilsə də, bununla razılaşmır, qeyri-qanuni istəyinin baş tutacağı ümidi ilə yuxarı orqanlara təkrar ərizələr göndərirlər.

“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurlu icrası nəticəsində şəhərimizdə yeni iş yerləri açılmış və həmin iş yerlərinə vətəndaşlar işə cəlb olunmuşlar. 2015-ci ildə Şəhərdə Heydər Əliyev fondu hesabına tikilən 100 yerlik “Fidanlar” uşaq bağçası, rayon Elektrik paylayıcı idarəsi və Mühafizə Polisi İdarəsi üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. 2015-ci ildə daxili imkanlar hesabına Şəhərdə əl oyunları meydançası, 450 yerlik Futbol meydançası tikilib gənclərin ixtiyarına verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və Şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evin tikintisinə başlanmışdır.

2015-ci ildə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ə.Muxtarovun şəhər sakinləri ilə müxtəlif vaxtlarda 10-a yaxın görüşü olmuşdur. Şəhər sakinləri görüş zamanı şəhərdə aparılan abadlıq, yaşıllıq və yenidənqurma işləri ilə əlaqədar öz razılıqlarını , şəhərin sosial problemləri ilə bağlı təklif və iradlarını bildirmişlər.

Bu günlərdə hər yerdə olduğu kimi, Hacıqabul şəhərində hamı bir nəfər kimi iş başındadır. Şəhərin əmək adamları regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramında irəli sürülmüş, vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər.

Rayonda yeni iş yerlərinin yaradılması, eləcə də iş axtaran və işsiz vətəndaşlar, xüsusilə gənclərin sosial müdafiəyə daha çox ehtiyacı olan insanlar rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Hər il yeni emal müəssisələri və xidmət sahələri yaradılır və fəaliyyət göstərir. Fəaliyyət göstərən idarə müəssisə təşkilat və özəl strukturların rəhbərləri ilə əlaqə saxlanılır, boş iş yerləri barədə məlumatlar toplanır və vətəndaşlara təklif olunur.

İl ərzində şəhərdə xeyli abadlıq, tikinti, təmir və yaşıllaşdırma işləri aparılmışdır. Bu işlərin aparılması üçün hələ ilin əvvəlindən Rayon İcra Hakimiyyətinin tövsiyəsi ilə xüsusi tədbirlər planı hazırlanmış, şəhərdə fəaliyyət göstərən İdarə, müəssisə kollektivləri bu tədbirlərin həyata keçirilməsinə cəlb edilmişdir.

Bütün bunlar göstərir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, Hacıqabul rayonunda da nəzərdə tutulan işlər uğurla həyata keçirilmişdir.

Dövlət Başçısının sərəncamı ilə Əhalinin Sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım atılmışdır. Aztəminatlı ailələrə ünvanlı sosial yardım verilmişdir. Şəhərdə yaşayan müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür səhiyyə xidməti göstərilir.

Şəhərdə abadlıq və yenidənqurma işləri aparılır, yollar genişləndirilir, yeni parklar, yaşıllıqlar salınır. Şəhərimiz gündən-günə gözəlləşir, abadlaşır.

Heydər Əliyev parkında uşaqlar üçün əyləncə meydançası, bayram tədbirlərinin keçirilməsi məqsədilə yay konsert səhnəsi quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir.

Parkda salınan uşaq şəhərciyi, fəvvarələr, gözəl dekorativ ağaclar, gül kolları şəhər əhalisində xoş əhval ruhiyyə yaradır.

Bayram günlərində, isti yay günlərində körpələrimizi gəzintiyə aparanda çətinlik çəkirdik. İstirahət parklarının olmaması səbəbindən digər şəhərlərə üz tuturduq. Bütün şəhər əhalisi sevinir ki, övladlarının əylənməsi üçün belə bir gözəl parkımız var.

Şəhərciyin ətrafında 1 hektar ərazini əhatə edən sahədə quruculuq abadlıq işləri aparılır. Qazon yaşıllıq zolağı salınması, tamet üzlüyün döşənməsi, kabançik və ağ lay üzlüklə üzlənmə işləri görülmüşdür. Ərazidə suvarma işləri aparmaq üçün 450 metr su xətti çəkilib və 3 ədəd nasos quraşdırılmışdır. Əraziyə xüsusi görünüşlü gediş-gəliş üçün giriş qapısı tikilmişdir. Şəhərciyin ərazisində aparılan abadlıq quruculuq işləri şəhərimizin daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və sakinlərdə xoş təəssüratlar yaradır. Şəhərciyin ərazisində müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Şəhərdə yolların kənarında yaşıllıqlar salınmış, müxtəlif gül kolları əkilmişdir.

Şəhərimizin girəcəyindən Bakı döngəsinə doğru M.Əsədov küçəsi ilə İ.Qayıbov küçəsinə artıq kanalizasiya xətləri çəkilmiş, yeni asfalt-beton örtüyü vurulmuş, yol kənarlarına bordurlar döşənmiş və abadlıq işləri aparmışdır. İ.Qayıbov, M.Hüseyinzadə, Z.Tağıyev, M.B.Nadim, H.Həmidov küçələrinə qum-çınqıl tökülərək hamarlayıcı qat verilmişdir. H.Əliyev, İ.Qayıbov, M.Əsədov küçələrindəki səkilər cari təmir edilmişdir.

2015-ci ildə şəhərin H.Həmidov küçəsinin işıqlandırılması üçün pelsan çıraqlar quraşdırılmış, elektrik kabeli çəkilmişdir.

2015-ci il ərzində H.Həmidov küçəsində 580 metr uzunluğunda 6 sm qalınlığında, Ə.Vahid küçəsində 109 metr uzunluğunda, H.Aslanov küçəsində 109 metr uzunluğunda, 6 sm qalınlığında asfalt örtüyü ilə örtülmüşdür. Ə.Vahid küçəsində 111 kub, qum-çınqıl 1056 kv.metr asfalt örtüyü, H.Həmidov küçəsində 279 kub qum-çınqıl, 179 kv.metr asfalt örtüyü ilə örtülmüşdür.

2015-ci il ərzində Hacıqabul şəhərində ümumilikdə 10000 ədəd ağac və gül kolları əkilmişdir. Şəhərin işıqlandırma işlərində 2015-ci il ərzində bir çox işlər görülmüşdür, misal üçün: 267 metr kabel çəkilmişdir, 274 ədəd lampa, 55 ədəd drossel, 6 ədəd elektrik ayrıcı, 68 ədəd qulaqcıq dəyişilmişdir. H.Həmidov küçəsində 38 ədəd M.Əsədov küçəsində 42 ədəd küçələrin işıqlandırılması üçün pelsan çıraqlıq quraşdırılmış, elektrik kabel çəkilmişdir.

 “Dünya Azərbaycanlılarının Həmrəylik günü “ və “Yeni il” bayramı münasibəti ilə şəhərdə işıq dirəkləri xüsusi işıqlandırma sistemləri ilə bəzədilmişdir. Bu da şəhərimizin görünüşünə xüsusi gözəllik verir.

Dədə Qorqud parkında yenidənqurma işləri aparılmışdır. Ərazisi divar ağ lay daşı ilə üzlənmiş, polad işıq dirəkləri quraşdırılmış, su xətti çəkilmiş və fəvvarə quraşdırılmışdır.

  Hacıqabul tanınmaz dərəcədə dəyişmişdir. Mərkəzi küçələrdə qurulan işıq-lampa sistemi, gecələrə rəng qataraq daha ecazkar görünür. Salınan yaşıllıq zolaqları, gül-çiçək kolları, sakinlərə mənəvi zövq verir. Yaradılan təmizlik, səliqə-sahman hamının ürəyincədir. Hacıqabul şəhəri əsl tikinti-quruculuq meydanına çevrilmişdir. Şəhərdə inşa olunmuş inzibati binalar, yeni səhiyyə ocaqları şəhər əhalisinə olan qayğının bariz nümunəsidir. Bu gün Hacıqabul şəhəri o qədər dəyişmişdir ki, şəhər sakinləri Hacıqabul şəhərini çiçəklənən diyar adlandırırlar. Quruculuq işləri ardıcıl olaraq davam edir. Göz oxşayan H.Əliyev parkı, Dədə Qorqud, Bələdiyyə parkı, şəhərciyin parkı bunun bariz nümunəsidir.

Şəhərin Dağ üstü massivində 52 metr hündürlüyündə qaldırılan üç rəngli bayrağımızın ətrafı meydan halına gətirilmişdir.

Şəhərin Dağüstü massivində əsaslı dəyişiklik, abadlıq-quruculuq işləri görülmüşdür. Şəhidlər Xiyabanının ətrafı abadlaşdırılmışdır.

Şəhərin giriş qapısı gözəl Arxitektura qaydalarına uyğun tikilmişdir.

 “Regionların Sosial iqtisadi inkişafı” Dövlət proqramının uğurlu icrası nəticəsində Hacıqabul şəhərində Smart kart tipli elektrik sayğacları quraşdırılmış, şəhər əhalisinin istifadəsinə verilmiş və şəhər əhalisi 24 saat elektrik enerjisi ilə təmin olunmuşdur. Hal-hazırda şəhərimizdə müasir Smart kart tipli yeni qaz sayğacları quraşdırılmış, şəhər əhalisinin istifadəsinə verilmişdir. Şəhər əhalisi mavi yanacaqla 24 saat təmin olunmuşdur.

Bütün bayramlarda və əlamətdar günlərdə şəhərdə yaşayan şəhid, imkansız ailələrə, tək və kimsəsizlərə xüsusi diqqət göstərilir. Onlara müxtəlif yardımlar edilir və müqəddəs günlərdə, Ramazan və Novruz bayramında, İcra Hakimiyyətinin Başçısı Ə.Muxtarov tərəfindən müxtəlif sovqatlar verilir.

Qurban bayramında şəhərdə yaşayan 600 əlil, imkansız, şəhid, itkin, Böyük vətən müharibəsi əlillərinə, Çernobil, Qarabağ əlillərinin ailəsinin hər birinə 2 kq qurban əti verilmişdir. Yataq vəziyyətində olan əlillərə, imkansız ailələrə, daxili imkanlar hesabına Yeni Azərbaycan Partiyası Qadınlar şurasının sədri və nümayəndəliklə birlikdə baş çəkib, müxtəlif sovqatlar verilmişdir.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac əkək” çağırışına həvəslə qoşulan Hacıqabullular bu mövsümdə 10 min ağac və gül kolları əkilməsinə nail olmuşlar.

Mütəmadi olaraq il ərzində hər həftənin 6-cı günü iməciliklər keçirilir. İməcilikdə bütün idarə və müəssisələr, şəhər ictimaiyyəti fəal iştirak edirlər. Yaşıllıq İdarəsinə iki ədəd su maşını, Kommunal Müəssisələr İdarəsinə iki yükünü özü boşaldan maşın, bir ədəd su maşını verilmişdir. Həmin maşınların şəhərin təmizliyində və yaşıllıqların qorunub saxlanılmasında böyük köməkliyi vardır.

Şəhərdə yolların kənarında yaşıllıqlar salınmış, gözəl gül kolları əkilmişdir.

Hər gün Kommunal Müəssisələri İdarəsi tərəfindən, şəhərin küçələrindən zibillər vaxtlı-vaxtında götürülür, şəhərdən kənara zibil üçün ayrılmış sahələrə daşınaraq zərərsizləşdirilir. Şəhərin Ə.Vahid, H.Aslanov, İ.Qayıbov H.Həmidov, Koroğlu, M.Hüseynzadə küçələrində zibilliklər ləğv olunaraq yerində yaşıllıqlar salınmışdır.

Şəhərin daxilindən keçən kanalizasiya xətləri açıq tipli olduğu üçün S.Vurğun küçəsində 400 metr, İ.Məmmədov küçəsində 3000 metr kanalizasiyaya, M.F. Axundov küçəsində 500 metr, H.Aslanov küçəsində 100 metr, H.Z.Tağıyev küçəsində 500 metr H.Həmidov küçəsində 700 metr, Koroğlu küçəsində 500 metr, N.Nərimanov küçəsində 300 metr, İ.Qayıbov küçəsində 200 metr, Nəsimi küçəsində 500 metr, Xəqani küçəsində 800 metr və s. küçələri də Kommunal Müəssisələri idarəsi tərəfindən təmizlənmişdir. 10000 metr kanalizasiya xətti texnika vasitəsi ilə qamış və lildən təmizlənmişdir. Görülən işlərin nəticəsidir ki, kanalizasiya xətindən heç bir şikayət daxil olmamışdır.

Bütün bunlara baxmayaraq çatışmamazlıqlar da mövcuddur.

Belə ki, şəhərdə yerləşən İdarə-müəssisələr və Kommersiya obyektləri Kommunal Müəssisələr İdarəsi və Mənzil İstismar Sahələri ilə müqavilə bağlamırlar, bunun da nəticəsində Kommunal Müəssisələr İdarəsi və Mənzil İstismar sahələri maddi çətinliklərlə üzləşirlər. Nəticədə məişət tullantılarının təmizlənməsində çatışmamazlıqlar əmələ gəlir. Kommunal sahədə işlər günün tələbləri səviyyəsində deyildir. 1 saylı və 2 saylı Mənzil İstismar Sahəsinin xidmət etdiyi ərazidə əksər əhali mənzil kirayələrini ödəmir .

 Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Hacıqabul şəhərinin əhalisi üçün içməli su və kanalizasiya layihəsi hazırlanmışdır. Hacıqabul şəhərinin su və kanalizasiya sistemi tam şəkildə yenidən qurulur. Şəhərin girəcəyində Dağüstü tutumu 2000 kub metr və 5000 kub metr həcmində su anbarlarının tikintisi başa çatmışdır. 2000 kub metr həcmində olan su anbarı şəhərin şimal tərəfindən İ.Məmmədov məhəlləsini su ilə təmin edəcək, 5000 kub metr həcmində olan su anbarı isə şəhərin mərkəz hissəsini tam təmin edir.

Qısa müddət ərzində Hacıqabul şəhərində magistral su kəməri çəkilmişdir. Hazırda şəhərdə paylayıcı şəbəkə yaradılıb və daxili su xətləri çəkilmişdir , şəhər əhalisi fasiləsiz olaraq 24 saat içməli su ilə təmin edilmişdir. Hacıqabul şəhərində çirkab suları təmizləyən qurğunun, Bakı-Qazax yolunun 123-cü kilometrliyində tikintisi aparılır. Şəhərimizdə kanalizasiya sisteminin layihəsi başa çatdırıldıqdan sonra, şəhər əhalisinin kanalizasiya ilə əlaqədar heç bir problemi olmayacaqdır.

Şəhərimizi əhatə edəcək kanalizasiya sistemi vasitəsilə, şəhərin çirkab suları ümumi anbara ötürüləcək, kimyəvi üsullarla təmizlənib xaric ediləcəkdir.

Yaşıllığın salınması və ona qulluq bu gündə davam etdirilir. Yaşıllığı salmaq azdır, əsas məsələ onu qoruyub saxlamaqdır. Bu sahədə iş o qədərdə qənaətbəxş deyildir. Yaşıllıqlar mal-qara tərəfindən korlanır və yararsız hala düşür. Bununla əlaqədar əhali arasında təbliğat gücləndirilməli və neqativ hallar aradan qaldırılmalıdır.  

Rayon rəhbərliyinin diqqət və qayğısı nəticəsində qarşıya çıxan çətinliklər vaxtında həll edilərək asanlaşdırılmış, qaldırılan sosial problemlər tez bir zamanda öz həllini tapmışdır.

Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi nümayəndəliyi bundan sonra da öz işini günün tələbləri səviyyəsində quracaq , öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

  2015-ci ildə Respublikamızda Parlament seçkiləri keçirilmişdir. Seçkilər Hacıqabul şəhərində tam demokratik və şəffaf keçirilmişdir.

Şəhər ictimaiyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və bu siyasətin bundan sonra da həyata keçməsi üçün bütün qüvvələrini bundan sonra da əsirgəməyəcəkdir.

Keçidlər