29 yanvar 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 yanvar 2016-cı il tarixində Hacıqabulda vətəndaşları qəbul edib. Komitə sədri qəbulda Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər. İştirakçılar arasında kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış almaq istəyən vətəndaşlar da müraciətlərini bildiriblər. Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib.
Qəbulda vətəndaşların dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciətləri də dinlənilib.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinin həlli istiqamətində tədbirlər görülüb.