İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.
Dövlətimizin başçısı giriş nitqində göstərmişdir ki, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.
Ötən il respublikamızda daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. İl ərzində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. 2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Ötən il ölkədə 100 mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. 2015-ci il “kənd təsərrüfatı” ili idi. Sevindirici haldır ki, məhz “kənd təsərrüfatı” ilində kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu yaxşı göstərici olmaqla yanaşı ölkəmizdə qeyri-neft sektorunun inkişafının əyani göstəricisidir.
Dövlətimizin başçısı manatın devalvasiyaya uğramasının qaçılmaz olduğunu diqqətə çatdırmaqla bərabər ölkədə süni qiymət artımının əhalini ciddi narahat etdiyini və bu cür hallara qarşı qəti mübarizə aparmağın vacibliyinə toxunaraq, son vaxtlar müşahidə olunan qiymət artımının yerli məhsullara şamil edilməsinin yolverilməz olduğunu qəti şəkildə bildirmişdir.
Nitqinin sonunda dövlətimizin başçısı ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir.
2015-ci il Hacıqabul rayonunun sosial iqtisadi və mədəni həyatında da yadda qalan hadisə və işlərlə əlamətdardır.
2015-ci ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 219 milyon 203 min 500 manat olmuşdur. Məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2014-cü ilə nisbətən 0,8 faiz artaraq 66,6 faiz olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
2015-ci ilin məhsulu üçün 12869 hektarda taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıqdır. Zəmilərdən 43.981 ton taxıl məhsulu əldə olunmuşdur ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 6559 ton çoxdur. İstehsal olunmuş məhsulun 24735 tonunu buğda, 19246 tonunu isə arpa təşkil edir. Hər hektardan məhsuldarlıq 34,2 sentner olmuşdur.
2015-ci təsərrüfat ili ərzində 23306 ton bostan, 20156 ton tərəvəz məhsulu, 165 ton qarğıdalı, 67 ton günəbaxan, 428 ton kartof, 11057 ton meyvə, 264 ton üzüm istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 338 ton tərəvəz, 6 ton meyvə və 11 ton üzüm məhsulu çox istehsal olunmuşdur.
Hesabat dövründə diri çəkidə 9498 ton ət istehsal edilmişdir ki, bu da keçən ilki dövrlə müqayisədə 24 ton artıqdır. İl ərzində yumurta istehsalı 4,1 milyon ədəd artaraq 331 milyon 199 min ədəd, süd istehsalı 45 ton artaraq 17217 ton, yun istehsalı isə 1 ton artaraq 225 ton təşkil etmişdir.
2015-ci təsərrüfat ilində “Aqrolizinq” ASC-nin Hacıqabul Aqrosevis filialı tərəfindən rayonun torpaq mülkiyyətçilərinə 70% güzəştli qiymətlərlə 100 ton mineral gübrələr satılmışdır.
Ötən təsərrüfat ilində 562 nəfər buğda məhsulu istehsalçılarına 128 min 602 manat, eyni zamanda 2041 nəfər mülkiyyətçilərə əkin sahələrinin becərilməsində sərf etdikləri yanacaq və sürtkü materiallarına görə hər hektara 50 manat olmaqla 682 min 415 manat məbləğində subsidiya verilmişdir.
Hesabat dövründə Hacıqabul şəhərinin yaşıllaşdırılması məqsədilə 15000 ədəd ağac və 10000 ədəddən artıq gül bitkiləri əkilmişdir.
Rayonumuzda hər növ kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi üçün böyük imkanlar vardır. O cümlədən pambıq bitkisi üçün. Bu məhsulun becərilməsi dövlət əhəmiyyətli olduğu qədər də sahibkarlıq fəaliyyəti üçün də faydalıdır. Əfsuslar olsun ki, son illərdə mülkiyyətçilər pambıq kimi qiymətli bitkinin yetişdirilməsinə əhəmiyyət vermirlər.
Mütəxəssis hesablamaları göstərir kl, 5-10 hektar və daha artıq sahələrdə pambıq məhsulunun normal qaydada becərilməsi mülkiyyətçiyə kifayət qədər yaxşı gəlir əldə etməyə imkan verir.
Torpaq mülkiyyətçiləri üçün rayon şəraitinə uyğun digər əlverişli bitki Şəkər çuğundurudur. Bu hər hektardan 800-1000 sentnerə qədər məhsul verməyə potensial imkanı olan yüksək məhsuldarlıqlı bitkidir. Bu bitkinin becərilməsi üçün bütün xərcləri (şum, səpin, becərmə, məhsul yığımı, məhsulun alınması) İmişli Şəkər zavodu müqavilə əsasında öz üzərinə öhdəlik götürür. Nəticədə məhsul istehsalçıları yüksək gəlir əldə edirlər. Ona görə də bu bitkinin rayonumuzun ərazisində əkilib becərilməsi mülkiyyətçilər üçün arzu olunandır.
2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və saniyədə 6 kub metr su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilmişdir. Hazırda kanalın 28,2 km hissəsində tikinti işləri tam başa çatdırılmış və istifadəyə verilmişdir.
Kanal vasitəsilə Padar – Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələri, həmçinin Respublika Nazirlər kabinetinin 03 aprel 2013-cü il tarixli 64s nömrəli sərəncamına əsasən rayonun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatı suvarma suyu ilə təmin edilir. Yaxın gələcəkdə kanalın qalan hissəsinin tikintisini davam etdirməklə rayonun Padar, Qarasu, Muğan ərazisində 5560 hektar əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün rayonumuzda 14784 hektar suvarılan torpaq sahəsini 655,1 km uzunluğunda suvarma kanalları, o cümlədən 158,28 km magistral, 496,82 km isə təsərrüfat daxili kanallar əhatə edir. 2015-ci ildə 495 km-dən artıq suvarma kanalları qazılaraq lildən təmizlənmişdir.
Son illərdə havaların quraqlıq keçməsi ilə əlaqədar rayonun şimal və şərq hissəsində yerləşən kəndlərdə torpaq mülkiyyətçiləri və sahibkarlar əkinlərin suvarılmasında böyük çətinliklərlə üzləşirlər.
Bu çətinliklərin aradan qaldırılması üçün müvafiq layihələr hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır.
Təəssüf ki, kənd təsərrüfatı sahəsində bir sıra nöqsanlar da mövcuddur.
Heyvandarlıq sahəsində bu hal özünü daha qabarıq göstərir. Rayonun Qarasu, Muğan və Padar nümayəndəlikləri ərazilərində iri buynuzlu mal-qara arasında baş vermiş “Nodulyar Dezmotit” xəstəliyi nəticəsində kütləvi ölüm halları olmuş, çoxlu sayda heyvanlar tələf olmuşdur.
Hələ də rayon ərazisində yol kənarlarında antisanitar şəraitdə, xüsusi icazə kağızı (lisenziyası) və satıcıların sağlamlıq haqqında arayışları olmadan baytar müayinəsindən keçmədən ət satışı hallarına rast gəlinir. Belə halların qarşısını alınması üçün rayon Baytarlıq idarəsi və rayon GEM-in rəhbərləri müvafiq təxirə salınmaz tədbirləri həyata keçirməlidirlər.
Hesabat dövründə rayonda qeydə alınmış sənaye müəssisələrinin gücü ilə 4.117.9 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 152.1 min manatdan çoxdur. Bu müddətdə sənayedə işləyənlərin sayı 882 nəfər, hər nəfərə düşən orta aylıq əmək haqqı 271 manat olmuşdur.
2015-ci ildə rayon sakinlərinə 26 milyon 25 min 500 manatlıq pullu xidmətlər göstərilmişdir. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi 359.4 manat olmuşdur. Hesabat dövründə əhaliyə 3 milyon 21 min manatlıq nəqliyyat xidmətləri, 588.9 min manatlıq rabitə xidmətləri göstərilmişdir. 2014-cü ilə nisbətən poçt və rabitə xidmətlərinin həcmi 11,9 % artmışdır. Rayon əhalisinə göstərilən telefon xidmətini təmin etmək üçün 6372 nömrə tutumuna malik 16 ATS fəaliyyət göstərir. Hesabat dövründə telefon nömrələrinin sayı 315 nömrə artırılmışdır.
Ötən il rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 242,5 min ton yük, 5.331.4 min sərnişin daşınmışdır.
2015-ci ildə rayonda 18.850.6 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 30.354.3 min manatlıq investisiyalar yönəldilmişdir.
Hesabat dövründə rayonda 27.620 kv.metr yaşayış sahəsi istifadəyə verilmişdir. Rayonda qeydiyyatdan keçmiş 5 tikinti təşkilatının gücü ilə 2.190.8 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərin İ.Qayıbov küçəsində inşa olunan 2 mərtəbəli 100 yerlik uşaq bağçası, rayon Mühafizə Xidməti və Paylayıcı Elektrik idarəsi üçün müasir tipli inzibati binalar tikilib istifadəyə verilmişdir.
Şəhərin Əliağa Vahid, Həmid Həmidov, İsmət Qayıbov küçələrinə qum-çınqıl qarışığından hamarlayıcı qat verilmiş, asfalt-beton qarışığından örtük çəkilmiş, Dəmiryolu vağzalı meydanına 310 ton, H.Həmidov küçəsinə 235,5 ton iri dənəli asfalt-beton qarışığından hamarlayıcı qat verilmişdir. Həmid Həmidov və İsmət Qayıbov küçələrinə müasir işıqlandırma dirəkləri qoyulmuşdur.
Hərbi şəhərcik adlanan ərazidəki 2 mərtəbəli yaşayış binalarının ərazisinə daxil olan yola 960,1 min kub.metr qum-çınqıl verilmiş, 4960 kub.metr yola xırda dənəli asfalt-beton qarışığından 6 sm qalınlığında örtük döşənmişdir. 1 və 3 saylı yaşayış binalarında əsaslı təmir aparılmışdır.
Ötən ildə qəsəbə və kəndlərimizdə də əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Belə ki, Rəncbər, Abdulabad, Navahı, Talış, Qubalıbalaoğlan, Ələtli, Meyniman, Qarasu, Qızılburun kəndlərində və Muğan qəsəbəsində açıq tipli su ötürücü kanallar qazılmışdır. Kənd yollarına qum-çınqıl verilmiş, yararsız içməli su və elektrik xətləri yenisi ilə əvəz olunmuşdur.
Navahı qəsəbəsində 2,7 km yola çınqıl döşənərək yararlı hala salınmışdır. Hazırda ərazidə elektrik təsərrüfatının SİB kabelə keçilməsi və yeni transformatorların quraşdırılması işləri davam etdirilir.
2015-ci ildə Qaçqınkom tərəfindən Navahı qəsəbəsində yaşayan türk ailələri üçün 17 ədəd və Meyniman kəndində yaşayan 15 Axistka türk ailələri üçün 15 ədəd fərdi ev tikilərək təhvil verilmişdir.
Rayonda 433 ailə olmaqla 1631 nəfər məcburi köçkün, 124 ailə olmaqla 429 nəfər qaçqın yaşayır. Onların problemlərinin həlli istiqamətində tərəfimizdən lazımi tədbirlər görülür.
Hesabat dövründə rayon İcra Hakimiyyətinin xətti ilə tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyalar 3 milyon 754 min 700 manat təşkil etmişdir. Ötən il sahibkarlıq məqsədi ilə 20 obyektin və 4 fərdi yaşayış evinin tikintisinə tərəfimizdən sərəncam verilmişdir.
Əhalinin təbii qaz və elektrik enerjisi ilə etibarlı təmin edilməsi, istiqamətində hesabat ilində də rayonumuzda xeyli işlər görülmüşdür.
Ötən il rayon Paylayıcı Elektrik Şəbəkəsinin balansında olan müxtəlif güclü transformator və onlarca yağ açarları təmir olunmuş, elektrik dayaqları dəyişdirilmişdir.
Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmış və abonentlərin mənzillərinə “Smart” tipli sayğaclar qoyulmuşdur.
Şəhər əhalisinin daimi içməli su ilə təmin olunması başa çatdırılmışdır.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Rayonun 33 ümumtəhsil məktəbində 9711 şagirdin təlim-tərbiyəsi ilə 860 nəfər müəllim məşğul olur. Rayonun 33 ümumtəhsil məktəbinin 28-i yeni tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məktəblərin 29-u müasir qazanxana sistemi ilə işləyir. 3 məktəb elektrik enerjisi ilə, 1 məktəb isə odunla qızdırılır.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Şagirdləri arasında fənlər üzrə bilik yarışları keçirilmiş, müxtəlif fənlər üzrə sərbəst olimpiadalar aparılmışdır. İyun ayında TQDK tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşmiş buraxılış imtahanları təşkil edilmişdir.
Bir sıra məktəblərdə buraxılış imtahanlarının nəticəsinin aşağı olması, ali məktəbə qəbulun, həmçinin ayrı-ayrı siniflərdə davamiyyətin zəif olması və həmin nöqsanların aradan qaldırılması məqsədi ilə məktəblərdə reydlər keçirilmiş, davamiyyəti zəif olan siniflər müəyyən olunmuş, həmin məktəblərdə sinif rəhbərləri və məktəb direktorlarının məsuliyyəti artırılmış, həmçinin bu məktəblərə nəzarət gücləndirilmişdir.
2015-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 197 nəfər, orta ixtisas məktəblərinə 40 nəfər sənəd vermiş, onlardan ali məktəblərə rayon üzrə 108 nəfər (54,8%), orta ixtisas məktəblərinə 29 nəfər (72,5%) qəbul olmuşdur. Bütövlükdə bu il rayon üzrə 119 nəfər ali məktəblərə, 32 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəbə qəbulda şəhər 1,5 nömrəli, Rəncbər, Talış, Qubalıbalaoğlan kənd, Muğan qəsəbə tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar.
2015-ci ilin dekabr ayında şəhər 1 saylı tam orta məktəbin biologiya müəllimi “Əməkdar müəllim” Səbinə Rəsulova ikinci dəfə “İlin ən yaxşı müəllimi” müsabiqəsində uğurla iştirak etmiş və ölkə rəhbərinin Sərəncamına əsasən “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş və 5000 manat pul mükafatı almışdır.
Görülən işlər, qazanılan uğurlarla yanaşı bir sıra nöqsan və problemlər də vardır. Rayonun Şorbaçı, Tava, Tağılı, Abdulabad, Kolanı, Atbulaq kənd, Muğan qəsəbə tam orta və Qubalı, Kürçülü kənd ümumi orta məktəblərin ayrı-ayrı siniflərində dərsə davamiyyət zəifdir.
Meyniman, Tağılı, Abdulabad, Qarasu, Atbulaq, Udullu, Tava, Şorbaçı kənd, Padar qəsəbə tam orta məktəblərində buraxılış imtahanlarının nəticələr aşağıdır. Ali məktəblərə qəbulda şəhər 7 saylı, Tava, Tağılı, Şorbaçı, Meyniman, Abdulabad kənd, Navahı qəsəbə 2 saylı tam orta məktəblərinin nəticələri zəifdir.
Şəhər 3 və 7 saylı məktəblərin yeni bina tikintisinə, şəhər 5 saylı, Muğan qəsəbə, Navahı və Talış kənd məktəblərinin binalarının əsaslı təmirə ehtiyacı vardır. Atbulaq və Meyniman kənd məktəblərində qazanxana tikilməsinə və istilik sisteminin quraşdırılmasına ciddi ehtiyac yaranmışdır.
Rayonda 106 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 54 həkim, 221 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol xəstəxanası və Qovşaq dəmiryol poliklinikası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibb profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar ötən ildə 70 mindən yuxarı əhalisi olan Hacıqabul rayonunun 50137 nəfəri tibbi müayinələrdən keçmiş, bunların arasında 4611 nəfər xəstə aşkar edilmiş, həmin xəstələr rayon Mərkəzi Xəstəxanasında və Respublikanın müxtəlif tibb müəssisələrində müayinəyə cəlb olunmuşlar.
Ötən müddətdə rayon üzrə 1098 doğuş qeydə alınmış, 2 evdə doğuş olmuş, ana ölümü olmamışdır. İl ərzində 1 yaşa qədər uşaq ölümü 2 nəfər, ölü doğulan uşaqların sayı 4 nəfər olmuşdur. Cərrahi şöbədə 253 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahi əməliyyatdan sonra ölüm halı baş verməmişdir.
Hesabat ilində Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, nəticədə 150 nəfərdən qan götürülmüşdür. Uşaq Tibb Mərkəzi istilik sistemi ilə təmin olunmuş, xəstəxananın həyətinə 500-dən artıq yeni ağac və 1000 ədəd müxtəlif gül və çiçək kolları əkilmişdir.
Bu gün Rayon səhiyyəsində kifayət qədər ixtisaslı mütəxəssis həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq, həkim ftiziatr və s.) eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.
Hazırda Ağacanlı və Tağılı Tibb Məntəqələri şəxsi evlərdə yerləşir. Kolanı və Kürçülü kəndlərindəki məntəqələr qəzalı vəziyyətdədir. Bu kəndlərdə tibb məntəqələri üçün yeni binaların tikilməsinə ehtiyac vardır.
Rayon Mədəniyyət və Turizm şöbəsində 19 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd Mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, 27 müstəqil dövlət kitabxanası, o cümlədən rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.
Ötən ilin may ayından rayon Mədəniyyət evi Mədəniyyət Mərkəzi kimi, qəsəbə-kənd mədəniyyət evləri və klublar isə onun filialları kimi fəaliyyət göstərir.
2015-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq rayonun mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir.
Rayon ərazisindəki kitabxanalardan oxucuların tam istifadə etmələrinə nail olmaq üçün lazımı səy göstərilir. Rayon ərazisində kitabla xidmət işini yüksək səviyyədə təmin etmək üçün kitabxanalarda cari təmir işləri aparılmışdır. Bina şəraiti əlverişsiz olan kitabxanalar, eyni zamanda, müasir inventarlarla, o cümlədən, kitab rəfləri, kitab şkafları, oxu stolları, stullar, sərinkeşlər və başqa inventarlarla təmin olunmuşdur.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondunun ümumi saylı 156153 nüsxədən ibarətdir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna 2015-ci ildə 1428 ədəd yeni ədəbiyyat daxil olmuşdur.
Bununla belə bəzi mədəniyyət müəssisələrində işlər günün tələbləri səviyyəsində qurulmamışdır. Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisindəki kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.
Rayon Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin fəallığının artırılmasını, idmanın kütləviliyinin həyata keçirilməsi istiqamətində bir sıra işlər görmüş, müxtəlif tədbirlər həyata keçirmişdir. Bu gün rayonumuzda 21.426 gənc vardır.
Ötən ilə qədər rayonumuzda idmanın maddi bazasının olmaması səbəbindən gənclərimiz respublika səviyyəsində yüksək nailiyyətlər əldə edə bilməmişlər. Bunu nəzərə alaraq rayonun daxili imkanları hesabına şəhərdə yeniyetmə və gənclərimiz üçün 460 yerlik futbol stadionu, müxtəlif əl oyunlarının keçirilməsi üçün açıq tipli meydança, yeni güləş zalı və ayrı-ayrılıqda duş kabinəsi olan soyunub-geyinmə otağı tikilib istifadəyə verilmişdir. İnanırıq ki, Gənclər və İdman idarəsi mövcud imkanlardan və gənclərin gücündən səmərəli istifadə etməklə rayonda fəaliyyət göstərən müxtəlif idman sahələrində daha yüksək nəticələrə nail olacaqdır.
Rayon əhalisinin maddi-rifah halının yaxşılaşdırılması İcra Hakimiyyətinin daimi diqqət mərkəzində olmuşdur.
Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,1 min nəfərdir. Bu isə rayon əhalisinin 49,8 %-ni təşkil edir. Bunun tərkibində məşğul əhalinin sayı 34,1 min nəfərdir. Məşğul əhalinin 5,6 min nəfəri dövlət sektorunda, qalanlar isə qeyri-dövlət sektorunda çalışır. Məşğulluq xidməti orqanı tərəfindən işsiz statusu verilənlərin sayı 54 nəfərdir. Rayon Məşğulluq Mərkəzi tərəfindən ötən il keçirilən „Əmək Yarmarkası”na 131 boş iş yeri çıxarılmış, müraciət edənlərdən 94 nəfərinə daimi iş yeri üçün göndəriş verilmiş, 3 nəfər kvota yerinə, 12 nəfər peşə kurslarına, 10 nəfər ictimai işlərə göndərilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 290 manat olmuşdur. İl ərzində 632 yeni iş yeri açılmışdır ki, bunların da 474-ü daimi iş yeridir. Rayonda Sosial Müdafiə Fondunun rayon şöbəsi üzrə 7296 nəfər əmək pensiyaçısı vardır. Rayon Sosial Müdafiə Mərkəzi ötən ildə 5352 ailəyə müxtəlif pensiya, təqaüd və yardım xidmətləri göstərilmişdir.
Rayon İcra Hakimiyyəti 2015-ci ildə 602 nəfərə 68.145 manatlıq maddi yardım göstərmişdir. Eləcə də “Qurban bayramı ”münasibəti ilə şəhərin imkansız, tənha, əlil və şəhid ailələrinə cəmi 325 nəfərə qurban əti paylanılması təşkil olunmuşdur.
Ötən dövrdə rayon büdcəsinin icrası aşağıdakı kimi olmuşdur. Yerli gəlirlər üzrə proqnoz 5 milyon 93 min manata qarşı 5 milyon 230 min 710 manat olmuşdur. Büdcənin xərc hissəsi 11 milyon 336 min 77 manat təyinata qarşı 10 milyon 318 min 10 manat olmuşdur.
Rayon ərazisində 2015-ci il ərzində 150 cinayət hadisəsi qeydə alınmışdır. Rayon Polis şöbəsinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində baş vermiş cinayətlərin 133-ü açılmışdır. 17-i cinayət hadisəsi bağlı qalmışdır. 2015-ci ildə cinayətlərin ümumi sayı 1 hadisə azalmışdır. Axtarışda olan 17 nəfər tutularaq barələrində axtarış işlərinə xitam verilmişdir. Ötən ildə keçirilmiş əməliyyat axtarış təbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 47 cinayət faktı aşkar edilmişdir.
Rayon prokurorluğunda 2015-ci il ərzində 13 cinayət işi olmuşdur. Onlardan 4-nün ibtidai istintaqı tamamlanmış, 3 iş Lənkəran Ağır cinayətlər Məhkəməsinə, 1 iş rayon Məhkəməsinə göndərilmiş, 4 işin icraatına xitam verilmiş, 3-ü qalıq qalmışdır.
Rayon Qeydiyyat şöbəsində 1325 doğum, 616 nikah, 434 ölüm, 73 nikahın pozulması rəsmiləşdirilmişdir. 4453 manat rusum dövlət büdcəsinə köçürülmüşdür.
Dövlət Notariat Kontoru hesabat ilində 6942 əməliyyat aparmış 64.178 manat dövlət rüsumu və 14.759 manat xidmət haqqı dövlət büdcəsinə köçürülmüşdür.
Rayonda 9 siyasi partiya, 21 ictimai təşkilat, 2 qeyri hökumət təşkilatı, 2 informasiya vasitəsi fəaliyyət göstərir. Hesabat dövründə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin siyasi partiyalar və ictimai təşkilatlarla əlaqəsi xeyli canlanmış, aparılan ideya-siyasi işin səviyyəsi artmışdır.
Rayon İcra hakimiyyəti yanında Dini işlər üzrə Komissiyası tərəfindən rayon ərazisində dini durumu sabit saxlamaq, mövcud problemləri təhlil etmək, mənfi tendensiyaları, radikal və qeyri-ənənəvi dini cərəyanların yayılma ehtimalını müəyyənləşdirmək məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür. Rayon ərazisində 29 məscid, 8 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda 13 dini icma qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış təbliğat qrupları rayonun idarə, müəssisə və təşkilatlarında, habelə yaşayış məntəqələrində, xüsusi ilə Heydər Əliyev Mərkəzində müxtəlif görüşlər keçirmişlər. Bu görüşlərdə yüzlərcə sakin iştirak etmiş, onlarla mühazirə və məruzələr oxunmuşdur.
Mərkəzdə açılmış Rəsm və Xalça-toxuculuq dərnəkləri müntəzəm fəaliyyət göstərmişdir. Rəsm dərnəyinin 11, xalça-toxuculuq dərnəyinin 4 məzunu vardır. İl ərzində Heydər Əliyev Mərkəzi 7808 ziyarətçi qəbul etmişdir.
Rayon ərazisində 18 İnzibati Ərazi Dairələri üzrə nümayəndəlik və 15 bələdiyyə fəaliyyət göstərir.
Nümayəndəliklər tərəfindən görülən işlər daim diqqət mərkəzində olmuşdur.
2015-ci ilin yekunları ilə bağlı rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında ərazilərdə sosial problemlərin aradan qaldırılması istiqamətində görülmüş və hazırda davam etdirilən işlər qeyd olunmuşdur.
Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılmış ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
Təəssüf ki, İnzibati Ərazi Dairələrində və bələdiyyələrdə çatışmazlıqlar da mövcuddur. Belə ki, Padar, Muğan qəsəbə və Talış kənd İnzibati Ərazi Dairələrdə bələdiyyələrlə əlaqələrini günün tələbləri səviyyəsində qurmamışdır. Ərazilərdə məişət tullantılarının yığılması, daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik işlərinin yerinə yetirilməsi işləri yarıtmaz təşkil olunur.
Hesabat dövründə İcra Hakimiyyəti Başçısı tərəfindən 202 sərəncam verilmişdir. Sərəncamlar aparatın müvafiq şöbələri tərəfindən hazırlanmış, icrası nəzarətə götürülərək təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura öz işini təsdiq etdiyi Perspektiv İş Planına əsasən 27 iclas keçirərək 57 məsələ müzakirə etmişdir. Hesabat dövründə Şuranın fəaliyyəti və Şura üzvlərinin təşəbbüskarlığı xeyli artmışdır.
Rayon İcra Hakimiyyəti aparatı vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir. Ötən il İcra Hakimiyyətinə 779 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 199-u Prezident Administrasiyasından, 28-i Milli Məclisdən, 17-i Nazirlər Kabinetindən, 43-ü Respublikanın digər rəhbər təşkilatlarından, 492-i isə əhalidən olmuşdur. 2015-ci ildə daxil olmuş müraciətin ümumi sayı 2014-cü illə müqayisədə 82, Prezident Administrasiyasından daxil olmuş müraciətlərin sayı 41 ədəd az, nəzarətdə olan müraciətlərin sayı sabit qalmışdır.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2015-ci ildə İcra Hakimiyyətinin Başçısı və müavinləri tərəfindən 983 nəfər vətəndaş qəbul edilmişdir. Onların 509 nəfəri İcra Hakimiyyətinin Başçısı tərəfindən dinlənilmiş və müraciətlərin əksəriyyəti yerində həllini tapmış, qalanları isə Aparatın müvafiq şöbələri tərəfindən icraata götürülərək qanuna müvafiq olaraq həll olunmuşdur.
Məlum olduğu kimi yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilmişdir. Dövlətimizin başçısı öz nitqində yaranmış hazırki vəziyyətdə ilk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını bildirərək bu istiqamətdə həyata keçirilən islahatların davamlı olacağını bəyan etmişdir. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində un və çörək məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə aşağı salınması, pensiya və əmək haqlarının 10 faiz qaldırılması, ölkədə süni qiymət artımlarına qarşı mübarizənin sərtləşməsi bu istiqamətdə atılan önəmli addımlardır.
Məlumat üçün bildirim ki, ölkə Prezidentinin Sərəncamı, tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda baş verə biləcək süni qiymət artımına yol verməmək və bu istiqamətdə maarifləndirmə işi aparmaq məqsədilə tərəfimizdən xüsusi Komissiya və işçi qrupu yaradılmış və müvafiq tədbirlər planı tərtib edilmişdir.
İşçi qrupunun üzvləri mütəmadi olaraq rayonun istehsal və satış obyektlərində monitorinqlər keçirir, alıcıların tələb və təkliflərini dinləyərək onların doğru düzgünlüyünü müəyyənləşdirirlər. Qrup dəfələrlə un və çörək satışının vəziyyəti ilə yerində tanış olaraq süni artım hallarına yol verilməməsi üçün sahibkarlara dövlət orqanlarının bu istiqamətdəki barışmaz mövqeyini bir daha çatdırırlar. Təbii ki, biz bu sahədəki fəaliyyətimizi bundan sonra daha da gücləndirəcəyik.
Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Dövlətimizin başçısı üçüncü Proqramın icrası istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə ətraflı danışmaqla yanaşı ölkəmizin inkişafının hərtərəfli və dayanaqlı olması, xalqın güzəranının daha da yaxşılaşdırılması üçün regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılması və iqtisadiyyatın şaxələndirilməsini başlıca vəzifə kimi dəyərləndirmişdir. Cənab İlham Əliyev giriş nitqinə yekun vurarkən demişdir: “Əminəm ki, 2016-cı ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra ediləcəkdir.
İcazə verin, Sizin adınızdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabul rayonunun sakinləri bundan sonra da Müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı naminə var-gücü ilə çalışaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yeniləşməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə cənab İlham Əliyevi daim dəstəkləyəcək və onun ən yaxın köməkçiləri olacaqlar.