Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhər Mədəniyyət evində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib

17 mart 2016 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və Tolerant Dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda keçirilən konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov ölkəmizdə dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və  müxtəlif dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin və ideoloji prinsiplərin ana xəttini Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərlərə sahib ölkələr sırasında olmaqla İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. M.Qurbanlı vurğulayıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən bariz şəkildə göstərir və bunun nəticəsində etnik, dini nifrət hissi mövcud deyil. Həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan M.Qurbanlı onu da vurğulayıb ki, bu, Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirib. Diqqətə çatdırılıb ki, çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin,  etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir.

Günün ikinci yarısında konfrans işini panel formatında davam etdirib. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Qasımovun moderatorluğu ilə baş tutan paneldə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov  “Multikulturalizm siyasəti: beynəlxalq təcrübə və Azərbaycan modeli”,  DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri  Bəhruz Müslümov “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” mövzularda məruzələrlə çıxış ediblər. 

DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və müasirlik” mövzusunda məruzə ilə çıxış edərək tədbiri yekunlaşdırıb. 
Sonda məruzələr ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb

Keçidlər