Şriftin ölçüsü :

Saytın rəngi :

“31 mart - Azərbaycanlıların Soyqırımı” ilə əlaqədar tədbir keçirildi.

30 mart 2016 | 16:00

31 mart Azərbaycanlıların soyqırımı

günü ilə bağlı 30 mart 2016-cı il tarixdə Heydər Əliyev mərkəzində keçirilən dəyirmi masada

Rayon İcra Hakimiyyətinin Başçısı Ə.K.Muxtarovun

GİRİŞ NİTQİ

 

Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırımı uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "Erməni kartı"nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir. 

Çar 1-ci Aleksandr isə 1802-ci ildə Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi: "Ermənilər nəyin bahasına olursa olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".

1905-ci ilin fevralında Bakıda başlanan erməni-müsəlman qırğınları bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman toplandıqları bir şəhərdə planlı şəkildə baş vermişdir.

Bakıda başlanan qırğın may-iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşır, Qaryagin və başqa bölgələri də əhatə etdi.

Təxminən iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox müsəlman kəndi dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 80-100 min nəfərə çatmışdı. İki ilin hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən sonralar silsilə halını almış, xalqımıza qarşı soyqırımın ilk mütəşəkkil mərhələsi olmuşdur.

Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri C.Şaumyan olmuşdur. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır. 

Onun əlinə belə bir fürsət 1918-ci ilin martında düşmüşdür. Belə ki, 1918-ci ilin mart ayında Brest - Litovsk-Sürix müqaviləsinin bağlanması ilə əlaqədar İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdir. 12 minlik bu ordunun 75 faizi erməni idi. Şəhərdə müsəlman əsgərləri isə son dərəcə az idi. Bu zaman Lənkəranda könüllü Azərbaycan əsgərləri çətin vəziyyətdə qalmışdılar. Bakıdan əsgərlərimiz onlara silah göndərmək təşəbbüsü ilə çıxış etmişdilər. Bu təşəbbüs Şaumyana millətçi siyasətini reallaşdırmaq üçün əlverişli bəhanə olmuşdu. 

O, Lənkərana silah göndərilməsi əmri vermişdi. 1918-ci il martın 30-da Azərbaycan könüllü ordusunun zabitləri silahları "Evelin" gəmisinə yüklədikləri zaman fürsəti əldən verməyən Şaumyan gəmi ilə Lənkərana getmək istəyən müsəlman zabitlərinin Muğanda rus-malokan kəndlərini məhv etmək tapşırığı aldıqları haqqında şayiə yayır və bu məsələ ilə əlaqədar təcili tədbirlər görür. O, hər şeydən əvvəl rus-malokanlara canıyanan bir insan kimi riyakarlıq edərək rusları qızışdırır və onları əmin edir ki, bu işdə ermənilər ruslara lazımi dəstək verəcəkdir.

Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı alovlanır. Qanlı erməni caynağı xərçəng kimi Azərbaycanı əhatə edir. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər başlayır. 

1918-ci ilin mart-apreldə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. 

Erməni quldurlarının törətdiyi faciə ilə Hacıqabul rayonun sakinləri də üz-üzə gəlmişlər. Arxiv sənədlərindən məlum olur ki, 1918-ci ilin yazında erməni qırğın və talanları rayonumuzun Navahı, Rəncbər, Qubalıbalaoğlan, Abdulabad, Padar, Meyniman, Talış, Şorbaçı və Paşalı, ümumiyyətlə 17 yaşayış məntəqələrində acı nəticəsini göstərmişdir. Erməni vəhşiləri təkcə Navahı kəndində 955 nəfər sakinimizi qətlə yetirmişdilər ki, onların 260-ı qadın, 140-ı uşaq olmuşlar. Qubalıbalaoğlan kəndində isə 535 nəfər sakin qətlə yetirilmiş, evlər talan edilərək yandırılmış, mal-qara yarmalanaraq aparılmışdır.

Ümumiyyətlə qırğınlar zamanı Hacıqabul rayonunda 1972 nəfər vəhşicəsinə öldürülmüş, yüzlərcə ev dağıdılmış, 2 minə yaxın ev yandırılmış, 17,8 min iribuynuzlu, 105,5 min xırda buynuzlu heyvan qarət edilərək ermənilər tərəfindən mənimsənilmişdir.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.

Azərbaycan xalqı ittifaq tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. Təkcə 1937-1938-ci illərdə Stalinin qurduğu ölüm dəzgahı əksəriyyəti ziyalılardan ibarət olan 70 min azərbaycanlını işgəncələrə məruz qoymuş, məhv etmişdir.

Erməni millətçiləri sonrakı dövrdə azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Həmin dövrlərdə 100 min azərbaycanlı Ermənistan SSRİ-dəki dədə-baba yurdlarından qovuldular.

Bədnam qonşular öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar.

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan-185 kənddən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı zorla qovuldu, onlara məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü. 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağdakı 80 yaşayış məntəqəsindən 60 min azərbaycanlı doğma ocaqlarından didərgin salınmış, işğal olunmuş 7 rayondan 700 min azərbaycanlı ev eşiyini tərk edib respublikanın 58 rayon və yaşayış məntəqələrində məskunlaşmışdır. Hərbi əməliyyatlar nəticəsində respublikamızın 10 şəhəri, 876 kənd, 700 ictimai bina. 693 məktəb, 862 mədəniyyət sarayı və klub, 652 tibb məntəqəsi, o cümlədən 191 xəstəxana, 160 körpü, 800 kilometr avtomobil yolu dağıdılmış, 30 mindən artıq soydaşımız qətlə yetirilmiş, 52 milyard ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdur.

Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilikdir.

Göründüyü kimi, iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuş, etnik təmizləmə aparmış, ərazilərimizin bir hissəsini işğal etmiş və bu gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməmişlər.

Yaradılanda 10 min kv.km əraziyə malik olmayan Ermənistan respublikası Azərbaycan torpaqlarını işğal etməsi hesabına ərazisini artırmış, bununla da ərazi iştahası azalmamış, “ böyük Ermənistan” yaratmaq üçün bu gün də hər cür hiylə və vasitələrə əl atır.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.

Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.

Bu cür məkrli niyyətlərə baxmayaraq xüsusən son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks hücum effektiv xarakter almışdır.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Prezident cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Dövlət başçısı xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Bunun nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Prezident cənab İlham Əliyev və Respublikanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyeva bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışlar.

31 martda dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə bir daha cəlb olunur. Başlıca məqsədimiz xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək vəzifəsi olmalıdır. Çünki dünya əsl soyqırımı haqqında doğru tarixi və həqiqətləri bilməli, zaman-zaman baş verən hadisələrin kökü və mahiyyəti açılmalıdır.

Xahiş edirəm zaman-zaman erməni quldurlarının vəhşiliyinin qurbanları olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edək.

Soyqırımı qurbanlarına allah rəhmət eləsin, məzarları nurla dolsun

Keçidlər