Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin I rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat məruzəsi

13 aprel 2016 | 16:00

2016-cı ilin I rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 13 aprel 2016-cı il tarixli Şura iclasındakı hesabat

 

   MƏRUZƏSİ

 

 

Hörmətli yığıncaq iştirakçıları !

Məlum olduğu kimi aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

İclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident İlham Əliyev şəhidlərimizin yaxınlarına səbr, yaralananlara şəfa diləyib.

Dövlət başçısı bildirdi ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib.” Bu qanlı toqquşma göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır,”- deyən Prezident İlham Əliyev danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atdığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti bildirib, 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı. Dövlət başçısı vurğuladı ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi.” Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”- deyən Prezident İlham Əliyev vurğulayıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.

Prezident İlham Əliyev ordu quruculuğuna daha böyük diqqətin göstərilməsinin vacibliyini bildirib, buna nail olmaq üçün iqtisadiyyatın surətlə inkişaf etməsinin əhəmiyyətinə toxunub.” İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”- deyən dövlət başçısı bildirdi ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.

Ölkədə inkişaf dinamikasının daha da sürətləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev birinci rübdə UDM-in aşağı düşməsinə baxmayaraq, qeyri-neft sənayesinin 5 faizdən çox artmasını, birinci rübdə 37 min yeni iş yeri yaradılmasını və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacağını diqqətə çatdırıb.

Dövlət başçısı regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü, ”Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını bildirib.

Prezident İlham Əliyev qeyr-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğulayaraq, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan mənzillərin tikintisi layihəsinə başlanacağını, bu il 40-dan çox kənd yolu layihəsinin icra ediləcəyini, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçiriləcəyini, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görüləcəyini, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçiriləcəyini, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılacağını bildirib.

Hörmətli yığıncaq iştirakçıları !

Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2016-cı ilin I rübündə rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm. 

2016-cı ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 44.8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1762.8 min manat və 4,1% çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 66,8 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % çoxdur. Bu ilin 3 ayında kənd təsərrüfatı məhsulunun həcmi 23 227.0 min manat, sənayedə məhsul buraxılışının həcmi 1 365,0 min manat, ticarətdə məhsul buraxılışının həcmi 16 433.0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 14,2 %, sənayedə 4,1 %, ticarətdə 10,6 % artım müşahidə edilmişdir.

Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22.2 min manat və ya 15,9 % artaraq 162.1 min manat, pərakəndə əmtəə dövriyyəsi 7 768,1 min manat və ya 19,5 % artaraq 47 630.0 min manat, iaşə dövriyyəsi 86,3 min manat və ya 11,6% artaraq 830,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 519,5 min manat və ya 8,1% artaraq 6 900.0 min manat, yük daşınmalarının həcmi 7.0 min ton və ya 13,7% artaraq 58.0 min ton, sərnişin daşınmalarının həcmi 77.0 min nəfər və ya 6,4 % artaraq 1272.0 min nəfər olmuşdur.

2016-cı ilin I rübündə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 2 954.5 min manat olmuşdur.

   Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

   Artıq rayonda bu ilin məhsulu üçün 13 793 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 924 hektar çoxdur. Bu sahələrin 7130 hektarını buğda, 6663 hektarını isə arpa əkini təşkil edir. Hesabat dövründə 368 hektarda tərəvəz, 647 hektarda bostan, 40 hektarda kartof əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz əkini 3 hektar, bostan əkini 2 hektar, kartof əkini 2 hektar çox olmuşdur.

   Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 3 ton və ya 0,1 % artaraq 5036 ton, ət istehsalı 36 ton və ya 1,6 % artaraq 2311 tona, yumurta istehsalı 10 236.0 min ədəd və ya 13,4 % artaraq 86 679.0 min ədədə çatmışdır.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 500 baş və ya 1,3 % artaraq 38 012 başa, xırda buynuzluların sayı isə 854 baş və ya 0,6 % artaraq 135 180 başa çatmışdır.

“Aqrolizinq” vasitəsilə bu ilin birinci rübündə kənd əməkçilərinə 171,4 ton 70% güzəştlə müxtəlif mineral gübrələrin satışı həyata keçirilmişdir.

“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası olaraq Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və 6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral Kanalının 28,1 km hissəsində və magistral kanaldan Padar qəsəbəsinə ayrılan 12,5 km-lik kanalda tikinti işləri başa çatmışdır. Bu kanal vasitəsilə Padar-Qarasu ərazisində 2000 hektara yaxın həyətyanı və əkin sahəsi suvarma suyu ilə təmin edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64s nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatının suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçirilir. Eyni zamanda 400 hektara yaxın sahədə əkiləcək pambıq sahələrinin suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə bizim rayonumuzda da 500 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Artıq bu sahələrdə şum işləri yekunlaşdırılır, çiyid səpininə son hazırlıq işləri gedir.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin I rübündə 106 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 12.05 milyon kub/metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 9.04 milyon kub/metr su verilmişdir. Ümumilikdə taxıl əkinləri 1 dəfə, yem bitkiləri 1 dəfə, həyətyanı sahələr 1,03 dəfə, bostan-tərəvəz 1 dəfə, çoxilliklər 1,1 dəfə suvarılmışdır.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 9000 p/metr olmaqla 19 210 kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.

Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15-17 mart tarixlərində Hacıqabul şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı yarmarkası keçirilmiş, əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının satışı təşkil edilmişdir.

Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.

Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2016-cı ilin birinci rübündə də davam etdirilərək 4000 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.

Hörmətli yığıncaq iştirakçıları !

 İqtisadiyyat Nazirliyi tərəfindən Hacıqabul rayonunun mövcud iqtisadi potensialına uyğun olaraq çörək zavodunun, 2000 hektar sahədə iri fermer təsərrüfatının, 500 hektar sahədə intensiv nar bağlarının və 25 hektar sahədə istixana təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilmişdir. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Hacıqabul şəhərində fəaliyyət göstərən çörək sexində sahibkar tərəfindən genişləndirmə və yenidənqurma işləri aparılmış, istehsal gücü artırılaraq əlavə 22 yeni iş yeri açılmışdır. Çörək sexinin nəzdində əlavə şirniyyat sexi açılmışdır.

 İri fermer, intensiv nar bağı və istixana təsərrüfatlarının yaradılması məqsədilə Dövlət Ehtiyat Fondundan 2500 hektar torpaq sahəsi müəyyənləşdirilmiş, həmin sahələrin kadastrının hazırlanması üçün aidiyyəti mütəxəssislər tərəfindən koordinatlar vurulmuş və təyinatının dəyişdirilməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Sahibkarların bu işlərə cəlb olunması üçün yerli və respublika mətbuatında elanlar verilmişdir.

 Rayonun Muğan qəsəbəsində sahibkar tərəfindən öz vəsaiti hesabına müasir istixana tikilmiş və tərəvəz məhsulları əkilmişdir.

 Rayonun Meyniman kəndində sahibkar tərəfindən 3 hektar sahə müasir istixananın tikintisinə başlanılmışdır.

Hesabat dövründə 9 ədəd çoxmənzilli yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri aparılmışdır. Hacıqabul şəhərində M.Əsədov küçəsində yola 100 kub metr qum-çınqıl qarışığından əsas verilməklə yolun qreyderlə hamarlanması, M.F.Axundaov küçəsində 500 metr yol 60 kub metr qum-çınqıl qarışığından əsasın verilməsi və qreyderlə hamarlanması, I Udullu kəndində su axınının 5 km hissəsinin qazılması və 10 km hissəsi lildən təmizlənməsi, M.B.Nadim küçəsində 800 metr yola qum-çınqıl qarışığından əsas verməklə yol qreyderlə hamarlanması, M.Ə.Rəsulzadə küçəsində 500 metr yola hissə-hissə qum-çınqıl qarışığından əsas verilməklə yol qreyderlə hamarlanması, H.Həmidov küçəsində 1,2 km yola hissələrlə qum-çınqıl qarışığından əsas verilməklə yolun qreyderlə hamarlanması, Hacıqabul şəhəri M.P.Vaqif küçəsində 300 metr yola, M.S.Ordubadi küçəsində 400 metr yola, Talış kəndində 200 metr yola qum-çınqıl qarışığından əsas verilməklə yolun qreyderlə hamarlanması işləri görülmüşdür.

2016-cı ildə 24 325 kv.metr qum-çınqıl qatışığından hamarlayıcı qat verməklə 21075 kv.metr şəhərdaxili yolun asfaltlaşdırılması nəzərdə tutulmuşdur. I rüb ərzində görüləcək işlərin planlaşdırılması aparılmış, növbəti rübdə işlərin yerinə yetirilməsinə başlanacaqdır.

Sahibkarlıqla məşğul olmaq üçün 3 vətəndaşa, fədi yaşayış evi üçün 1 vətəndaşa tikinti işlərinin aparılmasına icazə verilmişdir.

Hörmətli yığıncaq iştirakçıları !

Hacıqabul Elektrik Şəbəkəsi 2016-cı ilin I rübündə 41 350 851 kvt.saat enerji almışdır. Satışa ötürülən enerji dəyəri 1 546 014.71 manat olmaqla 25 952 696 kvt.saat olmuşdur. Ümumi ödəniş 1 369 745.1 manat olmaqla 88,6% təşkil etmişdir. Əhaliyə ötürülən enerji 7 783.675 kvt.saat, dəyəri 467 020.5 manat, toplanan vəsait isə 493 353.39 manat olmuşdur ki, bu da əhaliyə verilən enerjinin 105,6 %-ni təşkil edir. Hesabat dövründə 70 ədəd istifadəyə yararsız izolyator yenisi ilə, 4 ədəd istifadəyə yararsız ağac dayaq yeni metal dayaqlarla əvəz olunmuşdur. Yarımstansiya, hava xətləri və transformatorlarda cari təmir işləri həyata keçirilmişdir.

   Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir . Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2016-ci ilin I rübündə istehlakçılara 13 828 531 kub/metr qaz satılmış, ödəniş 1 280 882.41 manat olmaqla 92,6% təşkil etmişdir.

2016-cı ilin I rübündə əhali və qeyri-əhaliyə və qeyri əhaliyə 604 056 kub metr su satılmış, ödəniş 258 184.5 manat olmaqla verilmiş suyun məbləğinin 74,5%-ni təşkil etmişdir.

2016-cı ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 65 ədəd yeni abonentə telefon çəkilmış, internet istifadəçilərinin sayı 135 ədəd artmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində cari ilin birinci rübündə də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.

2016-cı ilin 3 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.

Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2016-cı ilin 3 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 28 nəfər şagird olimpiadanın zona turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında zona turunda iştirak etmişlər. Bununla yanaşı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında fənlər üzrə bilik yarışları keçirilmiş müxtəlif fənlər üzrə sərbəst olimpiadalar aparılmışdır. Ötən 3 ayda istedadlı uşaqların cəlb olunduğu “Kiçik Akademiya”ların iclasları keçirilmiş və uşaqların tədqiqatçılıq fəaliyyətləri gücləndirilmişdir.

Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Hacıqabul rayon Təhsil şöbəsi 20-27 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Həftə ərzində rayonun bütün təhsil müəssisələrində müxtəlif səpkidə tədbirləri-inşa müsabiqəsi, bilik yarışları, şer, mahnı və rəsm müsabiqəsi, dəyirmi masalar, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş və hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Eyni zamanda rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həmdə rayon turu keçirilmişdir.

Ötən 3 ay ərzində ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanmışdır. 5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə rayon Gənclər və İdman idarəsi ilə birgə geniş tədbir və qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilmişdir.

Hörmətli yığıncaq iştirakçıları !

Rayonda 91 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsi fəaliyyət göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol xəstəxanası və Qovşaq dəmiryol poliklinikası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.

2016-cı ilin I rübündə rayon səhiyyəsində 54 həkim, 163 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 36 nəfər həkim. 62 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 22 ştat vahidi rayon mərkəzində, 14 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.

Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirməsi ilə əlaqədar 17 fevral 2014-cü il tarixindən başlayan aksiya bu ilin fevral ayının 15-dən etibarən hal-hazıra kimi müvəffəqiyyətlə həyata keçirilir. Bu günə kimi səhiyyə işçiləri, 72 mindən yuxarı əhalisi olan rayonun 24420 nəfərini tibbi müayinələrdən keçirmiş, bunların arasından 364 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə yerli ambulator və stasionar müalicəyə cəlb etməklə yanaşı, bu xəstələrindən 55 nəfəri respublika səviyyəli müvafiq tibb müəssisələrinə göndərilmişlər.

2016-cı ilin I rübündə Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 45866 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 485 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 4598 nəfər olmuşdur. Uşaq Tibb Mərkəzində ilin I rübündə 46 nəfər stasionar müalicə almış, keçirilən çarpayı günlərinin sayı isə 733 olmuşdur.  

Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı 2015-ci ilin iyun ayının 1-dən qüvvəyə minmişdir. Bu qərardan irəli gələn tələblər 1 iyun 2015-ci il tarixdən etibarən Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilməkdədir. 2016-cı ilin I rübü ərzində 140 cütlük müayinədən keçmişdir.

Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.

Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyətində bir qədər canlanma olsa da orada bəzi nöqsan və çatışmazlıqlar qalmaqdadır. Mərkəzin yeni binaya və ixtisaslı həkim kadrlara ciddi ehtiyacı vardır.

Hörmətli yığıncaq iştirakçıları !

Rayon Mədəniyyət və Turizm şöbəsində 19 klub müəssisəsi o cümlədən:  1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası: o cümlədən, 1 rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 1 və 7 illik şəhər Uşaq Musiqi məktəbi,   1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.

Mədəniyyət və Turizm Şöbəsinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda hərbi vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə rayonun mədəniyyət müəssisələrində bir sıra tədbirlər həyata keçirilmişdir.

İlin 3 ayı ərzində rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 130 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 14 qrup tərkibində, fərdi gəlişlər 149 nəfər, 196 tamaşaçı iştirak etmişdir.

Heydər Əliyev Mərkəzi təsdiq olunmuş tədbirlər olanına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə 3125 nəfər tamaşaçı qəbul etmişdir. Mərkəzdə kursların açılması ilə əlaqədar xalq yaradıcılığı studiyasında gənclər, yuxarı sinif şagirdləri onlar üçün təyin olunmuş vaxtlarda xalça ustasından xalça toxumaq, foto studiya, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. İnternet elektron kitabxanasında asudə vaxtlarında internetdən istifadə edirlər.

Hesabat dövründə rayon Mərkəzi Kitabxanasında və onun filiallarında illik və aylıq tədbirlər planına uyğun olaraq, kitab fondunun təbliğinə kömək məqsədi ilə bir sıra tədbirlər hazırlanaraq həyata keçirilmişdir.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət və Uşaq şöbəsi 3 ay ərzində 1, 2, 24, 30 saylı kitabxana filialları şəhərin bir sıra orta məktəblərində, rayon Mərkəzi xəstəxanalarında, Pir Hüseyn Tarix Memarlıq Qoruğunun inzibati binasında yeni açılmış kitabların sərgisini açmış, vətənpərvərliklə bağlı məktəbli uşaqlarla sual-cavab keçirmişlər.

Görülmüş işlərlə yanaşı bir sıra problemlərdə mövcuddur ki, hələ də bəzi mədəniyyət müəssisələrimiz işlərini günün tələbləri səviyyəsində qura bilmir. Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.

Hörmətli yığıncaq iştirakçıları !

İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3 manat artaraq 295.2 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 3062.0 min manat və ya 5,7% artaraq 57 045.0 min manata çatmışdır. Məşğul əhalinin sayı 600 nəfər artaraq 37.5 min nəfər olmuşdur. Məşğul əhalinin 5.6 min nəfəri və ya 14,9 %-i dövlət sektorunda, 31.9 min nəfəri və ya 85,1 %-i qeyri-dövlət sektorunda çalışır.

Cari ilin birinci rübündə rayon Məşğulluq Mərkəzinə 2346 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 538 nəfər olmuşdur. 97 nəfərə işsizlik statusu verilmişdir. Hesabat dövründə rayonda 730 yeni iş yeri açılmışdır ki, bunun da 709-u daimidir.

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlamış, onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Rayon ərazisində 124 ailə olmaqla 422 nəfər qaçqın, 427 ailə olmaqla 1608 nəfər köçkün ailəsinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.

Rayon İcra Hakimiyyəti “Büdcədənkənar” və “Sair xərcləri” vəsaitindən cari ilin I rübü ərzində 227 nəfərə 10380,00 (on min üç yüz səksən) manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə əlaqədar Şəhid, kimsəsiz, tənha, Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobil əlillərinə cəmi 210 nəfərə 4200,00 manat, Bahar bayramı münasibəti ilə əlaqədar rayonun park və küçələrinin bəzədilməsinə 3500,00 manat, II Udullu kənd İƏD-nin Tava kənd sakini Ruhullayev Mübariz Mirzağa oğlunun yaşayış evinin bir hissəsinin qismən yanması nəticəsində dəyən ziyana görə 500,00 manat maddi yardım və 2180,00 manat isə rayonun ayrı-ayrı vətəndaşlarına xəstə, müalicə və kirayə haqqı üzrə ödənişlərə əziyyət çəkdiklərini bildirdikləri üçün maddi yardım göstərilmişdir.

  Rayonda 01 aprel 2016-cı il vəziyyətinə əmək pensiyaçılarının sayı 7306 nəfər olmuşdur. Bunlardan 4126 nəfəri yaşa görə, 1922 nəfəri əlilliyə görə, 1258 nəfəri ailə başçısını itirməyə görə pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 171.62 manat təşkil etmişdir. 2016-cı ilin I rübündə 3365 nəfər ailə üzvünü əhatə edən 731 ailəyə 383 319.3 manat ünvanlı sosial yardım verilmişdir. 79 nəfər Çernobil əlilinə 16 770.0 manat birdəfəlik müavinət verilmişdir.

Hörmətli yığıncaq iştirakçıları !

2016-cı ilin 3 ayı ərzində polis şöbəsi tərəfindən Rayon ərazisində 38 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 1-i ağır və xüsusi ilə ağır cinayətdir. Baş vermiş cinayətlərin açılması 84.8 faiz təşkil etmişdir.

Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 9 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 50.6 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Rayonda 266 nəfər narkoman kimi dispanser qeydiyyatında, 70 nəfər şəxs isə profilaktiki qeydiyyatdadır.

3 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi qeydə alınmamışdır.

2016-cı ilin 3 ay ərzində rayon prokurorluğuna 4 cinayət işi qəbul edilmişdir. Onlardan 2-nin ibtidai istintaqı tamamlanmış və məhkəməyə göndərilmişdir. 1 iş xitam edilmiş, 1-nin istintaqı dayandırılmışdır. Hesabat dövründə 25 nəfər şəxs rayon prokurorluğunda qəbulda olmuşdur. Onlar rayon Prokuroru tərəfindən qəbul edilmişdir. Dövr ərzində hüquqi təbliğatla əlaqədar prokurorluğun əməkdaşları tərəfindən idarə, müəssisə və təşkilatlarda müxtəlif mövzularda çıxışlar etmişlər.   

2016-cı ilin 3 ayı ərzində rayon Dövlət Notariat kontorunda 1869 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 14685 manat dövlət rüsumu və 2955 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

2016-cı ilin 3 ayı ərzində rayon Qeydiyyat şöbəsində 352 doğum, 113 ölüm, 84 nikah bağlanması qeyd olunmuşdur. 15 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 751 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin I rübündə İcra Hakimiyyətinə 203 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 63-ü Prezident Administrasiyasından, 1-i Milli Məclisdən, 3-ü Nazirlər Kabinetindən, 5-i Respublikanın digər rəhbər təşkilatlarından, 131-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2016-cı ilin birinci rübündə İcra Hakimiyyətinin Başçısı tərəfindən 154 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 65 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

Hörmətli yığıncaq iştirakçıları !

İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.

Keçidlər