Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Hacıqabul rayonunda da qeyd edildi
Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, rayonun idarə və təşkilatlarının əməkdaşları əvvəlcə Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra onlar “Kitab bayramı”nda iştirak etdilər. Kitab bayramında Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablar, Heydər Əliyev Mərkəzinin kurs üzvlərinin vətənpərvərliklə bağlı rəsm sərgisi və kitab sərgisi, “2016-cı il Multikulturalizm ilidir”, “9 may Qələbə günüdür”, Hacıqabul şəhidləri” və digər adlı sərgilər nümayiş etdirildi. Vətənpərvərlik mövzusuna həsr olunmuş “Ana yurdum cəlalımdır, canımdır” adlı şeir müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Sonra məktəblilər tərəfindən Ulu öndərə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirin rəsmi hissəsi Hacıqabul rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov giriş nitqi ilə açdı. Sonra YAP rayon təşkilatının sədri Hafiz Bəşirov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Şükür Məmmədov, rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov, Qarasu kənd tam orta məktəbin müəllimi Gülər Cavadova geniş məruzə ilə çıxış etdilər.