Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar olaraq ictimai dinləmə keçirildi.
17 iyun 2016-cı il tarixdə saat 16:00-da rayon İcra Hakimiyyətinin Akt zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar olaraq ictimai dinləmə keçirildi.
İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.
Hacıqabul şəhərində təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, qaçqın və məcburi köçkünlərin, QHT və KİV nümayəndələrinin, habelə çoxsaylı əhali qrupları, ağsaqqallar, qadınlar və gənclər iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində respublikamızda, o cümlədən Hacıqabul rayonunda böyük sosial-iqtisadi inkişafın, bütün sahələri əhatə edən geniş islahatların həyata keçirildiyini, ölkə başçısının rayonun inkişafına hər zaman dəstək olduğunu, habelə MFP-yə uyğun olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində işlərin davamlı olaraq aparıldığını, abadlıq-quruculuq işlərinin davam etdirildiyini, mövcud ehtiyaclar üzrə kompleks tədbirlərin görüldüyünü qeyd etmişdir.