2016-cı ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat məruzəsi
2016-cı ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 13 iyul 2016-cı il tarixli Şura iclasındakı hesabat
MƏRUZƏSİ
Məlum olduğu kimi iyulun 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən dövlət başçısı Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirib. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks hücum nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdıraraq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.
Cari ilin 6 ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artım müşahidə olunub, 78 minı daimi olmaqla 90 min iş yeri açılıb, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub, maaş və pensiyalar 10 faiz, gömrük daxilolmaları 17 faiz artıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. ”2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq,” -deyən dövlətimizin başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Azərbaycan xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan təlabatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-Prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirib. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən dövlət başçısı 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.
Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2016-cı ilin I yarısında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2016-cı ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 114 206.2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 868.7 min manat və 6,4,% çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 67,0 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 % çoxdur. Bu ilin 6 ayında kənd təsərrüfatı məhsulunun həcmi 69 670.0 min manat, sənayedə məhsul buraxılışının həcmi 2 226.5 min manat, ticarətdə məhsul buraxılışının həcmi 35 745.0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 16,0 %, sənayedə 0,4 %, ticarətdə 20,4 % artım müşahidə edilmişdir.
Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30.2 min manat və ya 10,7 % artaraq 312.7 min manat, pərakəndə əmtəə dövriyyəsi 13 199.6 min manat və ya 16,1% artaraq 95 320.0 min manat, iaşə dövriyyəsi 178.3 min manat və ya 11,8 % artaraq 1690.0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1049.5 min manat və ya 8,1 % artaraq 13 880.0 min manat, yük daşınmalarının həcmi 8000 ton və ya 7 % artaraq 122 000 ton, sərnişin daşınmalarının həcmi 151 min nəfər və ya 6 % artaraq 2 665.0 min nəfər olmuşdur.
2016-cı ilin I yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 4 920.0 min manat olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
2016-cı ilin məhsulu üçün 13 793 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin taxıl əkini ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 7130 hektarını buğda, 6663 hektarını isə arpa əkini təşkil etmişdir. 13 793 hektar taxıl sahəsindən 47 310 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 3 329 ton və ya 7,6% çoxdur. İstehsal olunmuş taxılın 25 922 tonunu buğda, 21 388 tonunu arpa təşkil edir. Bir hektara düşən məhsuldarlıq 0,1 sentner artaraq 34.3 sentnerə çatmışdır.
2016-cı ilin I yarısında 1572 hektar sahədə bostan, 778 hektar sahədə tərəvəz, 376 hektar sahədə qarğıdalı, 40 hektar sahədə kartof, 526 hektar sahədə pambıq, 632 hektar sahədə yonca,160 hektar sahədə şəkər çuğunduru, 40 hektar sahədə soya olmaqla cəmi 4094 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünün yazlıq əkini ilə müqayisədə 437 hektar çoxdur. Qeyd etmək istərdim ki, şəkər çuğunduru və soyanın rayon ərazisində əkini ilk dəfə olaraq həyata keçirilmişdir.
2016-cı ilin I yarısında 5299 ton tərəvəz, 2105 ton meyvə, 439 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 21 ton, meyvə istehsalı 7 ton, kartof istehsalı 11 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 2 ton artaraq 9840 tona, ət istehsalı 169 ton və ya 3,8 % artaraq 4599 tona, yumurta istehsalı 11 299.0 min ədəd və ya 7,5 % artaraq 161 605.0 min ədədə çatmışdır. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 479 baş və ya 1,3 % artaraq 38 206 başa, xırda buynuzluların sayı isə 914 baş və ya 0,7 % artaraq 135 392 başa çatmışdır.
“Aqrolizinq” vasitəsilə bu ilin birinci rübündə kənd əməkçilərinə 366,3 ton müxtəlif növ mineral gübrələrin və 260 litr herbisidin 70% güzəştlə satışı həyata keçirilmişdir.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində Yuxarı Şirvan kanalının qolundan su götürən ümumi uzunluğu 53,95 km və su keçirmə qabiliyyəti 5 kub metr/san olan Hacıqabul magistral beton kanalının 28,1 km-lik hissəsi, Padar magistral beton kanalın 12,5 km-i tikilərək başa çatdırılmışdır. 5 km-ə yaxın təsərrüfatdaxili kanallar da tikilərək istismara verilib. Yaxın illərdə kanalın Qarasu və Muğan qollarının tikintisi və rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 hektar yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması nəzərdə tutulur. Hal-hazırda Padar-Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli sərəncamı ilə yaradılmış 1625 hektar iri əkinçilik təsərrüfatının və 471 hektar sahədə əkilmiş pambığın suvarma suyu ilə təminatı bu kanal vasitəsilə həyata keçirilir.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin I yarısında 212 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 40.62 milyon kub/metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 30.52 milyon kub/metr su verilmişdir. Ümumilikdə taxıl əkinləri 18 dəfə, yem bitkiləri 2 dəfə, həyətyanı sahələr 2,3 dəfə, bostan-tərəvəz 3 dəfə, çoxilliklər 2 dəfə, pambıq 1,2 dəfə, qarğıdalı 2 dəfə, çuğundur 2 dəfə suvarılmışdır.
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 17000 p/metr olmaqla 39412 kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.
Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15-17 mart tarixlərində Hacıqabul şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı yarmarkası keçirilmiş, əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının satışı təşkil edilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2016-cı ilin birinci yarısında də davam etdirilərək 6250 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
İqtisadiyyat Nazirliyi tərəfindən Hacıqabul rayonunun mövcud iqtisadi potensialına uyğun olaraq çörək zavodunun, 2000 hektar sahədə iri fermer təsərrüfatının, 500 hektar sahədə intensiv nar bağlarının və 25 hektar sahədə istixana təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilmişdir. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən 27 aprel 2016-cı il tarixli məktubda Hacıqabul rayonunun inzibati ərazisində dövlət ehtiyaclarının ödənilməsi üçün müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30000 hektar torpağın otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən rəy bildirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməklə baxılma mərhələsindədir. Hacıqabul şəhərində fəaliyyət göstərən çörək sexində sahibkar tərəfindən genişləndirmə və yenidənqurma işləri aparılmış, istehsal gücü artırılaraq əlavə 22 yeni iş yeri açılmışdır. Çörək sexinin nəzdində əlavə şirniyyat sexi açılmışdır.
Rayonun Muğan qəsəbəsi ərazisində sahibkar tərəfindən öz vəsaiti hesabına 3 hektar sahədə müasir istixananın tikintisi başa çatmış və tərəvəz məhsulları əkilmişdir. Burada hazırda 20 nəfər işlə təmin edilmişdir. Hacıqabul rayonunun Meyniman kəndində fərdi sahibkar tərəfindən 3 hektar sahədə istixananın tikintisi başa çatmaq üzrədir. 20 hektar sahədə nar, 10,6 hektar sahədə üzüm, 5,6 hektar sahədə digər meyvələr olmaqla cəmi 36,2 hektar sahədə meyvə bağı salınmışdır. İstixananın da tikintisi başa çatdıqdan sonra burada 32 nəfərin məşğulluğu təmin olunacaqdır. Rayon sakinlərinin məşğulluğunu artırmaq məqsədi ilə vətəndaşların əkinə yararlı pay torpaqlarının birləşərək böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirici tədbirlər görülür. Sahibkarların bu işlərə cəlb olunması üçün yerli və respublika mətbuatında elanlar verilmişdir.
Hacıqabul şəhərinin M.Hüseynzadə küçəsinin kənarında 88 kub metr bünövrənin betonlardan düzəldilməsi, 63,2 kv.metr mişar daşından 40 sm qalınlığında divarın hörülməsi, 585,12 kv.metr divarın ağlay daşı ilə üzlənməsi, 456 metr beton səki daşlarının qoyulması, 20,5 kv.metr tumbaların ağ-lay daşı ilə üzlənməsi işləri görülmüşdür. Hacıqabul şəhərində Xətai küçəsində 4 və 5 saylı yaşayış binalarında 1003 kv.metr fasad divarın sement məhlulu ilə suvanması, 919 kv.metr divara torun vurulması, 170 kv.metr divarın ağ-lay daşı ilə üzlənməsi, H.Həmidov küçəsində 50 saylı yaşayış binasının 480 kv.metr metal vərəqənin, 1 saylı yaşayış binasının damında 1020 kv.metr metal vərəqənin, 49 saylı yaşayış binasının damında 620 kv.metr metal vərəqənin, Xəqani küçəsində 53 saylı yaşayış binasının damında 900 kv.metr metal vərəqlərin, Ə.Vahid küçəsində 43 saylı yaşayış binasının damında 360 kv.metr metal vərəqlərin yenisi ilə əvəz olunması işləri həyata keçirilmişdir.
Hesabat dövründə şəhərin Nəsimi küçəsində 2400 kv.metr sahəyə, Şəhriyar küçəsində 2400 kv.metr sahəyə, Şirvan küçəsində 2700 kv.metr sahəyə, Ə.Şıxlinski küçəsində 1650 kv.metr sahəyə, A.Şaiq küçəsində 1375 kv.metr sahəyə, Savalan küçəsində 1650 kv.metr sahəyə, Dədə Qorqud küçəsində 1000 kv.metr sahəyə, R.Behbudov küçəsində 1000 kv.metr sahəyə, Bakı küçəsində 3795 kv.metr sahəyə qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir. Şəhərin Nəsimi küçəsində 2115 kv.metr sahəyə, Şəhriyar küçəsində 2920 kv.metr sahəyə, Savalan küçəsində 130 kv.metr sahəyə 6 sm qalınlığında xırda dənəli asfalt-beton qarışığından örtük qoyulmuşdur.
Sahibkarlıqla məşğul olmaq üçün 6 obyektin tikintisinə icazə verilmişdir. 4 fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsindən razılaşdırılmaqla tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətinin xətti ilə yerli büdcədən maliyyələşməklə 406,4 min manatlıq, büdcədənkənar vəsait hesabına 14,2 min manat vəsait xərclənmişdir. Yerli büdcədən yol tikintisinə 180,0 min manat, abadlıq işlərinə 81,1 min manat, binaların dam örtüyünün dəyişdirilməsinə 145,3 min manat xərclənmişdir.
Hacıqabul Elektrik Şəbəkəsi 2016-cı ilin I yarısında 80 608 562 kvt.saat enerji almışdır. Satışa ötürülən enerji dəyəri 3 426 199.4 manat olmaqla 57 439 008 kvt.saat olmuşdur. Ümumi ödəniş 3 311 169.5 manat olmaqla 79% təşkil etmişdir. Əhaliyə ötürülən enerji 16 485.863 kvt.saat, dəyəri 989 151.8 manat, toplanan vəsait isə 945 185.9 manat olmuşdur ki, bu da əhaliyə verilən enerjinin 95,6 %-ni təşkil edir. Rayon ərazisində 3 ədəd 400 KVA, 4 ədəd 250 KVA yeni KTM-lər quraşdırılmışdır. 35 kv-luq hava xətlərində 22 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla, 49 ədəd izolyator yenisi ilə əvəz olunmuşdur. 10 kv-luq hava xətlərində 18 ədəd izolyator yenilənmişdir. 6 kv-luq hava xətlərində 3 ədəd izolyator yenilənmiş, 24 ədəd istismara yararsız ağac dayaq yeni dəmi-beton dayaqlarla əvəz olunmuşdur. Yarımstansiya, hava xətləri və transformatorlarda cari təmir işləri həyata keçirilmişdir.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2016-ci ilin I yarısında istehlakçılara 19 276 571 kub/metr qaz satılmış, ödəniş 1 843 842.6 manat olmaqla 95,7% təşkil etmişdir. 48 ədəd fərdi yaşayış evlərində yeni qazlaşdırma işi görülmüş, 676 ədəd smart kart tipli sayğaclar nasaz işlədiyi üçün yenisi ilə əvəz olunmuşdur.
2016-cı ilin I yarısında Hacıqabul Sukanal idarəsi tərəfindən əhalini və qeyri əhalini su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Belə ki, qəsəbə və kəndlərdə müxtəlif diametrlərdə 820 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuşdur. 4 ədəd yeni siyirtmələr qoyulmuş, 100 ədəd smart tipli sayğac quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənilməsi 82%, qeyri əhaliyə satılan suyun ödənilməsi 94% təşkil etmişdir.
2016-cı ilin I yarısında Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 180 ədəd yeni abonentə telefon çəkilmiş, internet istifadəçilərinin sayı 210 ədəd artmışdır.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsi daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Cari ilin 6 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətəndaşlıq və hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində və eləcə də istedadlı gənclərlə məqsədyönlü iş aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm və inşa müsabiqələri və sair silsilə tədbirlər keçirilmişdir.
İyun ayında Tələbə Qəbulu üzrə Dövlət Komitəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilmişdir. Buraxılış imtahanları iki imtahan mərkəzində təşkil olunmuş və imtahanların keçirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən hər cür şərait yaradılmışdır.
Böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə rayon Təhsil şöbəsi tərəfindən 20-27 fevral tarixlərində hərbi-vətənpərvərlik həftəsi elan edilmiş, həftə çərçivəsində şer və mahnı müsabiqələri, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər aparılmış, hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.
Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.
Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 55 həkim, 164 nəfər orta tibb işçisi, 137 nəfər kiçik tibb işçisi və texniki işçi xidmət edir. Rayon üzrə 35 nəfər həkim, 62 nəfər orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərində 21 ştat vahidi rayon mərkəzində, 14 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.
Hesabat dövründə Mərkəzi rayon xəstəxanasında hospitalizasiya səviyyəsi hər 100 nəfər əhaliyə 10,1 olmuş, çarpayı dövriyyəsi 9,4 olmuşdur. Ambulator gəlişlərin sayı 88659 nəfər, hər nəfərə düşən ambulator gəlişlərin sayı isə 2,4 olmuşdur.
Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2015-ci ilin fevral ayının 15-dən etibarən başlayan və may ayının 15-nə kimi davam edən aksiya zamanı 72 mindən yuxarı əhalisi olan rayonun 53506 nəfərini tibbi müayinələrdən keçirilmiş, bunların arasından 658 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə müalicə məqsədi ilə yerli ambulator və stasionar müalicəyə cəlb etməklə yanaşı, eyni zamanda bu xəstələrin 113 nəfəri respublika səviyyəli müvafiq tibb müəssisələrinə göndərmişlər.
Rayon üzrə 189 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 26 nəfəri cari ilin I rübü ərzində qeydiyyata alınmışdır.
Mərkəzi rayon xəstəxanasında 1116 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 117 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 529 nəfər olmuşdur.
2016-cı ilin 6 ayı ərzində cərrahı şöbədə 132 cərrahiyyə əməliyyatı aparılmışdır. 109 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 5-i avtomobil qəzası nəticəsində alınmış travmalardır.
Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 223 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 51 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 11835 nəfər olmuşdur. Doğum şöbəsinə qəbul olunanların sayı isə 97 nəfər olmuşdur.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası “Sanitariya-epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq rayon GEM-i sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.
Kommunal gigiyena bölməsi üzrə şəhərdə zibilliklərin təmizlənməsi ilə bağlı 1 və 2 saylı MİS-nin rəhbərlərinə xəbərdarlıq edilmiş və bu işə nəzarət artırılmış, nümunələr götürülərək II rüb üçün sanitar kimyəvi və bakterioloji müayinələrə göndərilmişdir.
Rayon GEM-nə daxil olan təcili bildiriş vərəqələrinin ünvanına gedilmiş, epidemioloji müayinə aparılmış, xloramin, dezinfeksiyaedici məhlulları ilə cari və tamamlayıcı dezinfeksiya tədbirləri aparılmışdır.
Rayon Mədəniyyət və Turizm Şöbəsində 19 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, 27 kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Şəhidlər ölmür”, “Xocalı haraya çağırır”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart tarixin qan yaddaşı” mövzularında silsilə tədbirlər təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Heydər Əliyev irsinin və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin öyrənilməsi məqsədi ilə mühazirə oxunmuşdur.
2016-cı ilin 6 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 50540 nəfər oxucu istifadə etmişdir.
Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 25 tədbir həyata keçirilmiş 1697 nəfər, idman sahəsində isə 10 tədbir keçirilmiş bu tədbirlərə 1281 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.2 manat artaraq 296.8 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 8 228.7 min manat və ya 6 % artaraq 145 502.8 min manata çatmışdır. Məşğul əhalinin sayı 700 nəfər artaraq 35.9 min nəfər olmuşdur. Məşğul əhalinin 5.6 min nəfəri və ya 15,6 %-i dövlət sektorunda, 30.3 min nəfəri və ya 84,4 %-i qeyri-dövlət sektorunda çalışır.
Cari ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə 2523 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 616 nəfər olmuşdur. 187 nəfərə işsizlik statusu verilmişdir. Hesabat dövründə rayonda 938 yeni iş yeri açılmışdır ki, bunun da 861-i daimidir.
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlamış, onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
Rayon ərazisində 124 ailə olmaqla 422 nəfər qaçqın, 427 ailə olmaqla 1608 nəfər köçkün ailəsinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.
Rayon İcra Hakimiyyəti “Büdcədənkənar” və “Sair xərcləri” vəsaitindən cari ilin I yarısında rayonun 282 nəfər sakinlərinə ümumilikdə 34 094 (otuz dörd min doxsan dörd) manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 246 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, eləcədə Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə cəmi 12 250 manat, “Bahar” bayramı münasibəti ilə əlaqədar şəhərin park və küçələrinin bəzədilməsinə 3500 manat və Azərbaycan Demokratik Respublikası yaradılmasının 98-ci il dönümü ilə əlaqədar tədbirlərin keçirilməsinə görə 4920 manat, rayonda yaşayan Rus millətindən olan 19 nəfər sakinə “Pasxa” bayramı münasibətilə 380 manat, İkinci Udullu kənd sakini Ruhullayev Mübariz Mirzağa oğlunun yaşayış evinin bir hissəsinin qismən yanması nəticəsində dəyən ziyana görə 500 manat maddi yardım və Hacıqabul şəhər sakini Almazov Almaz Sahib oğluna təhsil aldığı universitetə təhsil xərcinin ödənilməsinə görə 1250 manat maddi yardım göstərilmişdir.
Yaşayış evinin tikintisi üçün Hacıqabul şəhər sakini, Qarabağ Müharibəsi əlili Nəcəfov Şəmsi Vəli oğluna 460 manat, I qrup əlil Piriyev Nadir Mürşüd oğluna 300 manat, rayonun Qızılburun kənd sakini Dəmirov Yalçın Səməd oğluna 2100 manat məbləğində tikinti və inşaat materiallarının alınmasına görə maddi yardım edilmişdir.
Azərbaycan xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə kitabının nəşrinə görə 2000 manat maddi köməklik göstərilmişdir. Bunlardan əlavə rayonun 24 nəfər vətəndaşlarına müalicə və kirayə haqqı üzrə ödənişlərində əziyyət çəkdiklərini bildirdikləri üçün 7590 manat məbləğində yardım verilmişdir.
Rayonda 01 iyul 2016-cı il vəziyyətinə əmək pensiyaçılarının sayı 7330 nəfər olmuşdur. Bunlardan 4119 nəfəri yaşa görə, 1938 nəfəri əlilliyə görə, 1273 nəfəri ailə başçısını itirməyə görə pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 171,47 manat təşkil etmişdir, 82 nəfər Çernobıl əlilinə 17 415,0 manat birdəfəlik müavinət verilmişdir.
2016-cı ilin 6 ayı ərzində polis şöbəsi tərəfindən Rayon ərazisində 98 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 9-i ağır və xüsusi ilə ağır, 59 az ağır, 30 fakt böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Baş vermiş cinayətlərin açılması 90.9 faiz təşkil etmişdir.
Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 29 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 2126,323 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Rayonda 300 nəfər narkoman kimi dispanser qeydiyyatında, 80 nəfər şəxs isə profilaktiki qeydiyyatdadır.
6 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi qeydə alınmamışdır.
2016-cı ilin 6 ayı ərzində rayon prokurorluğuna 8 cinayət işi qəbul edilmişdir. Onlardan 3-nün ibtidai istintaqı tamamlanmış və məhkəməyə göndərilmişdir. 1 iş xitam edilmiş, 1-nin istintaqı dayandırılmışdır, 3 iş qalıq qalmışdır. Hesabat dövründə 82 nəfər şəxs rayon prokurorluğunda qəbulda olmuşdur. Onlar rayon Prokuroru tərəfindən qəbul edilmişdir. Dövr ərzində hüquqi təbliğatla əlaqədar prokurorluğun əməkdaşları tərəfindən idarə, müəssisə və təşkilatlarda müxtəlif mövzularda çıxışlar etmişlər.
2016-cı ilin 6 ayı ərzində rayon Dövlət Notariat kontorunda 3660 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 30 467.50 manat dövlət rüsumu və 6543.25 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
2016-cı ilin 6 ayı ərzində rayon Qeydiyyat şöbəsində 895 doğum, 211 ölüm, 193 nikah bağlanması qeyd olunmuşdur. 42 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 1999 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin I yarısında İcra Hakimiyyətinə 433 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 116-ı Prezident Administrasiyasından, 5-i Milli Məclisdən, 8-i Nazirlər Kabinetindən, 16-ı Respublikanın digər rəhbər təşkilatlarından, 288-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2016-cı ilin birinci yarısında İcra Hakimiyyətinin Başçısı tərəfindən 280 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 143 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.
İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.