Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat məruzəsi

18 oktyabr 2016 | 16:00

2016-cı ilin doqquz ayında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 18 oktyabr 2016-cı il tarixli Şura iclasındakı hesabat

 

MƏRUZƏSİ

 

Məlum olduğu kimi oktyabr ayının 7-də Respublika Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı öz nitqində 9 ayın yekunlarını təhlil edərək, ilin sonuna qədər görüləcək işlər haqqında ətraflı məlumat vermişdir.

Dünya iqtisadiyyatı üçün çox ağır olan 2016-cı ildə davam edən böhranlı vəziyyət respublikamızdan da yan keçməmişdir. Neftin qiymətinin kəskin şəkildə düşməsi, əksər ölkələrdəki siyasi və hərbi böhran, Avropanı bürüyən miqrant problemi, dünyanın müxtəlif bölgələrindəki qanlı toqquşmalar, müharibələr vəziyyəti getdikcə kəskinləşdirir.

Dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz iradəsini yerinə yetirir.

Dövlət başçımızın qeyd etdiyi kimi, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik və siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq.

Ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik var.

Məhz bu sabitliyin nəticəsidir ki, ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. Yüzdən çox xarici, minlərlə yerli müşahidəçilərin, exitpol keçirən beynəlxalq agentliklərin rəylərində referendumun tam şəffaf, ədalətli keçirildiyi bəyan olunmuşdur. Referendum bir daha sübut etdi ki, xalqımız dövlətimizin apardığı siyasəti dəstəkləyir və bu siyasətin alternativi yoxdur.

İclasda qeyd edildiyi kimi ilin 9 ayında ölkəmizdə dövlət investisiyalının həcmi azalmış, tikinti sektoruna az sərmayə qoyulmuşdur. Bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxarmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, sənayemiz artmışdır. Doqquz ayda sənayemizin qeyri neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artmışdır. Dövlət başçımızın vurğuladığı kimi kənd təsərrüfatı sahəsindəki artım getdikcə yüksələcəkdir. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha böyük həcmdə nəticə verəcəkdir.

Cari ilin 9 ayında nəzərdə tutulan əsas sosial layihələr icra edilmişdir. Bu müddətdə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb. 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol, içməli su, infrastruktur layihələr icra edilibdir.

Doqquz ayda ölkədə 154 min iş yeri yaradılmışdır ki, onların 36 mini daimi iş yerləridir.

Bu gün beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan idman sahəsində də uğurlu nəticələr əldə etmişdir. İdmançılarımız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Medalların sayına görə idmançılarımız müsəlman aləmində birinci, MDB məkanında ikinci, Avropada 7-ci, dünyada 18-ci yerdə dayanırlar.

Ölkə rəhbəri yekun nitqini bitirərkən demişdir:

- Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik.

İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2016-cı ilin 9 ayında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.

2016-cı ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 168 346.9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 307.2 min manat və ya 1,4 % çoxdur.

 Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 67,2 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % çoxdur. Bu ilin 9 ayında kənd təsərrüfatı məhsulu buraxılışı həcmi 101534,4 min manat, sənayedə məhsul buraxılışının həcmi 2995.8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 54348,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 8,8 %, sənayedə 0,1 %, ticarətdə 17,6 % artım müşahidə edilmişdir.

Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,7 min manat və ya 7,3 % artaraq 465.7 min manat, nəqliyyatda məhsul buraxılışının həcmi 122.4 min manat və ya 5,4 % artaraq 2384 min manat pərakəndə əmtəə dövriyyəsi 21 665.6 min manat və ya 16,6 % artaraq 151 810 min manat, iaşə dövriyyəsi 283,3 min manat və ya 12,4 % artaraq 2570 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1704.5 min manat və ya 8,8 % artaraq 21080 min manat olmuşdur.

2016-cı ilin 9 ayında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 6799.8 min manat, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 6533.3 min manat olmuşdur.

2016-cı ilin məhsulu üçün 13 793 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin taxıl əkini ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 7130 hektarını buğda, 6633 hektarını isə arpa əkini təşkil etmişdir. 13 793 hektar taxıl sahəsindən 47 310 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 3 329 ton və ya 7,6% çoxdur. İstehsal olunmuş taxılın 25 922 tonunu buğda, 21 388 tonunu arpa təşkil edir. Bir hektara düşən məhsuldarlıq 0,1 sentner artaraq 34.3 sentnerə çatmışdır.

 İlin 9 ayında 1572 hektar sahədə bostan, 778 hektar sahədə tərəvəz, 376 hektar sahədə qarğıdalı, 40 hektar sahədə kartof,         526 hektar sahədə pambıq, 632 hektar sahədə yonca, 160 hektar sahədə şəkər çuğunduru, 40 hektar sahədə soya olmaqla cəmi 4094 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünün yazlıq əkini ilə müqayisədə 437 hektar çoxdur. Qeyd etmək istərdim ki, şəkər çuğunduru və soyanın rayon ərazisində əkini ilk dəfə olaraq həyata keçirilmişdir.

İlin 9 ayında 20 096 ton tərəvəz, 8785 ton meyvə, 439 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 12 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 11 ton çox olmuşdur. 

Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 15 ton artaraq 12 385 tona, ət istehsalı 744 ton və ya 11,5 % artaraq 7234 tona, yumurta istehsalı 4866 min ədəd və ya 2,1 % artaraq 235 820 min ədədə çatmışdır. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 507 baş və ya 1,3 % artaraq 38 264 başa, xırda buynuzluların sayı isə 4948 baş və ya 0,7 % artaraq 135 486 başa çatmışdır.

“Aqrolizinq” vasitəsilə bu ilin 9 ayında kənd əməkçilərinə 345,3 ton müxtəlif növ mineral gübrələrin və 260 litr herbisidin 70 % güzəştlə satışı həyata keçirilmişdir.

2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində Yuxarı Şirvan kanalının qolundan su götürən ümumi uzunluğu 53,95 km və su keçirmə qabiliyyəti 5 kub metr/san olan Hacıqabul magistral beton kanalının 28,1 km-lik hissəsi, Padar magistral beton kanalın 12,5 km-i tikilərək başa çatdırılmışdır. 5 km-ə yaxın təsərrüfatdaxili kanallar da tikilərək istismara verilib. Növbəti mərhələdə kanalın Qarasu və Muğan qollarının tikintisi və rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 hektar yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması nəzərdə tutulur. Artıq Hacıqabul Magistral kanalından ayrılan 7,1 km-lik Qarasu magistral kanalının tikinti işlərinə başlanılmışdır. Bu kanal vasitəsilə Padar-Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli sərəncamı ilə yaradılmış 1625 hektar iri əkinçilik təsərrüfatının və 440 hektar sahədə əkilmiş pambığın suvarma suyu ilə təminatı bu kanal vasitəsilə həyata keçirilmişdir.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin 9 ayında 312 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15-17 mart tarixlərində Hacıqabul şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı yarmarkası keçirilmiş, əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının satışı təşkil edilmişdir.

Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2016-cı ilin      9 ayında da davam etdirilərək 6250 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq 2016-cı ilin IV rübündə də davam etdiriləcəkdir.

İqtisadiyyat Nazirliyi tərəfindən Hacıqabul rayonunun mövcud iqtisadi potensialına uyğun olaraq çörək zavodunun, 2000 hektar sahədə iri fermer təsərrüfatının, 500 hektar sahədə intensiv nar bağlarının və 25 hektar sahədə istixana təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilmişdir. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Hacıqabul rayonunun inzibati ərazisində dövlət ehtiyaclarının ödənilməsi məqsədilə müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30000 hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528 S nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir. Bundan əlavə rayonun Navahı, Pirsaat qəsəbələrinin, Qızılburun və Atbulaq kəndlərinin inzibati ərazisində olan 4800 hektar otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin kateqoriyasına keçirilməsi və bu ərazilərin suvarma suyu ilə təminatını həyata keçirilməsi üçün 27 km məsafədən su xəttinin çəkilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Həm 30 000 hektar torpaq sahəsi, həm də 4800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatıldıqdan sonra burada taxıl, pambıq və digər müxtəlif növ bitkiçilik məhsulları əkilməklə yüksək məhsuldarlığa nail olunacaqdır.

Hacıqabul şəhərində fəaliyyət göstərən çörək sexində sahibkar tərəfindən genişləndirmə və yenidənqurma işləri aparılmış, istehsal gücü artırılaraq əlavə 22 yeni iş yeri açılmışdır. Çörək sexinin nəzdində əlavə şirniyyat sexi açılmışdır. Rayonun Muğan qəsəbəsi ərazisində sahibkar tərəfindən öz vəsaiti hesabına 3 hektar sahədə müasir istixananın tikintisi başa çatmış və tərəvəz məhsulları əkilmişdir. Burada hazırda 20 nəfər işlə təmin edilmişdir.

Cari ildə 526 ha sahədə pambıq əkini həyata keçirilmiş, hazırda pambıq yığımı mütəşəkkil qaydada həyata keçirilir. Növbəti ildə pambıq əkininin 1200 hektara çatdırılması yönündə fəaliyyətimizi davam etdirməliyik.

Rayonda baramaçılığın inkişafı da qarşımızda duran prioritet məsələlərdən biridir. Cari ildə baramaçılığın inkişaf etdirilməsi məqsədilə 11000-dən çox tut (çəkil) ağaclarının əkilməsi nəzərdə tutulmuşdur.

Pambıqçılığa və baramaçılığa, həmçinin digər kənd təsərrüfatı məhsullarının istehsalına dövlət dəstəyinin artırılması, bu sahələrə yüksək məbləğdə subsidiyaların verilməsi Hacıqabul rayonun da iqtisadiyyatının inkişafına və kənd zəhmətkeşlərinin rifah halının yaxşılaşmasına səbəb olacaqdır.

Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən emal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi, yeni tərəvəz məhsullarının tədarükü və emalı müəssisəsinin, süd qəbulu məntəqəsinin və kiçik həcmli süd emalı sexinin və Hacıqabul şəhərində xalçaçılıq və toxuculuq müəssisələrinin yaradılması qarşımızda duran mühüm vəzifələrdir.

Hesabat dövründə şəhərdə bır sıra abadlıq və yenidənqurma işləri aparılmışdır.

Şəhərin M.Hüseynzadə, Xətai, H.Həmidov, Ə.Vahid küçələrində, 43, 1 saylı, 49 saylı, 53 saylı, 54 saylı yaşayış binalarında küçələr, səkilər, binaların dam örtüyü təzələnmiş, divarlara üzlük çəkilmiş, yeni işıqlandırma sistemləri quraşdırılmışdır.

Şəhərin Nəsimi, Şəhriyar, Şirvan, Ə.Şıxlinski, A.Şaiq, Savalan, Dədə Qorqud, R.Behbudov, Bakı, B.Dadaşov, İ.Məmmədov, M.Ə.Rəsulzadə, Koroğlu, D.Ağamalıyev Fizuli M.Müşviq, X.Məmmədov, N.Dadaşov, 20 yanvar, S.Vurğun, İ.Qayıbov, Nəsimi küçələrinə qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir. Nəsimi, Şəhriyar, Savalan, Ə.Şıxlinski, Şirvan, İ.Qayıbov, Fizuli, Koroğlu küçələrində 6 sm qalınlığında xırda dənəli asfalt-beton qarışığından örtük qoyulmuşdur.

Ümumiyyətlə yerli büdcədən yol tikintisinə 180,0 min manat, abadlıq işlərinə 171,1 min manat, binaların dam örtüyünün dəyişdirilməsinə 250,3 min manat xərclənmişdir. Sahibkarlıqla məşğul olmaq üçün 10 obyektin tikintisinə icazə verilmişdir. Rayon İcra Hakimiyyətinin xətti ilə yerli büdcədən maliyyələşməklə 616,4 min manatlıq, büdcədənkənar vəsait hesabına 14,2 min manat vəsait xərclənmişdir.

Rayon Elektrik Şəbəkəsi ilin 9 ayında 119 523 629 kvt.saat enerji satmışdır. Enerjinin dəyərinin 94,4 %-i ödənilmişdir. Əhaliyə verilən ümumi enerji dəyərinin 83,8 %-i toplanmışdır. 35 kv-luq hava xətlərində 22 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla, 48 ədəd izolyator yenisi ilə əvəz olunmuşdur.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Qaz Xidməti sahəsi tərəfindən 9 ayda istehlakçılara satılmış qazın ödənişi 96,7% təşkil etmişdir.

9 ayda Sukanal idarəsi tərəfindən əhalini və qeyri əhalini su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Smart sayğacların qoyuluşu davam etdirilir. Əhaliyə satılan suyun dəyərinin ödənilməsi 96,6 %, qeyri əhaliyə satılan suyun dəyərinin ödənilməsi 61,4 %, ümumilikdə 85,5 % təşkil etmişdir.

9 ayda Telekommunikasiya Qovşağı tərəfindən 85 ədəd yeni abonentə telefon çəkilərək telefon istifadəçilərinin sayı 6636 nəfərə çatdırılmış, internet istifadəçilərinin sayı 270 ədəd artaraq 3195 nəfər olmuşdur.

Rayonda 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Son illərdə təhsilin səviyyəsinin xeyli dərəcədə yüksəlmişdir. Bunu məzunların ali məktəblərə qəbulunun ilbəil artmasında da görürük. 2016-cı ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 194 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 109 nəfər (56,2%), orta ixtisas məktəblərinə 22 nəfər (31%) qəbul olmuşdur.

Ali məktəbə qəbulda şəhər 1,3,4,5,8 saylı Rəncbər, Talış, Qubalıbaloğlan kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Şəhər 3 və 5 saylı, məktəblərin hər birindən 10 nəfər ali məktəbə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 17 nəfəri 500-dən, 8 nəfəri 600-dən yuxarı bal toplamışlar.

Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 55 həkim, 164 nəfər orta tibb işçisi, 137 nəfər kiçik tibb işçisi və texniki işçi xidmət edir. Rayon üzrə 35 nəfər həkim, 62 nəfər orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərində 21 ştat vahidi rayon mərkəzində, 14 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.

Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2016-cı ilin fevral ayının 1-dən etibarən başlayan və may ayının 15-nə kimi davam edən aksiya zamanı          72 mindən yuxarı əhalisi olan rayonun 53506 nəfərini tibbi müayinələrdən keçirilmişdir.

Rayon üzrə 187 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 38 nəfəri cari ilin 9 ayı ərzində qeydiyyata alınmışdır.

Mərkəzi rayon xəstəxanasında 1131 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 163 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 851 nəfər olmuşdur.

2016-cı ilin 9 ayı ərzində cərrahı şöbədə 178 cərrahiyyə əməliyyatı aparılmışdır. 204 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 12-si avtomobil qəzası nəticəsində alınmış travmalardır.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq “Multikulturalizm Azərbaycan xalqının milli mənəvi dəyəridir” devizi altında rayonun mədəniyyət müəssisələrində müxtəlif məzmunlu tədbirlər, görüşlər, sərgilər hazırlanaraq həyata keçirilmişdir.

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Heydər Əliyev irsinin və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin öyrənilməsi məqsədi ilə mühazirələr oxunmuşdur.

2016-ci ilin 9 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 74 012 nəfər oxucu istifadə etmişdir.

Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 28 tədbir həyata keçirilmiş 1682 nəfər, idman sahəsində isə 13 tədbir keçirilmiş bu tədbirlərə 1904 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 manat artaraq 297.4 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 15 628 min manat və ya 7,6 % artaraq 220 253 min manata çatmışdır. Məşğul əhalinin sayı 700 nəfər artaraq 35.9 min nəfər olmuşdur. Məşğul əhalinin 5.6 min nəfəri və ya 15,6 %-i dövlət sektorunda, 30.3 min nəfəri və ya 84,4 %-i qeyri-dövlət sektorunda çalışır.

Cari ilin 9 ayında rayon Məşğulluq Mərkəzinə 2684 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 737 nəfər olmuşdur. 187 nəfərə işsizlik statusu verilmişdir. Hesabat dövründə rayon üzrə 1145-i daimi olmaqla cəmi 1240 yeni iş yeri açılmışdır.

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlamış, onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Rayon ərazisində 124 ailə olmaqla 423 nəfər qaçqın, 427 ailə olmaqla 1610 nəfər köçkün ailəsinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.

Rayon İcra Hakimiyyəti “Büdcədənkənar” və “Sair xərcləri” vəsaitindən cari ilin 9 ayında rayonun 626 nəfər sakinlərinə ümumilikdə 49 868 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 246 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, eləcədə Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə cəmi 12 250 manat, “Novruz” bayramı münasibəti ilə əlaqədar şəhərin park və küçələrinin bəzədilməsinə 3500 manat və Azərbaycan Demokratik Respublikası yaradılmasının 98-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsinə görə 4920 manat, rayonda yaşayan Rus millətindən olan 19 nəfər sakinə “Pasxa” bayramı münasibətilə 380 manat, İkinci Udullu kənd sakini Ruhullayev Mübariz Mirzağa oğlunun yaşayış evinin bir hissəsinin qismən yanması nəticəsində dəyən ziyana görə 500 manat maddi yardım göstərilmişdir. Yaşayış evinin tikintisi üçün şəhər sakini, Qarabağ Müharibəsi əlili Nəcəfov Şəmsi Vəli oğluna 460 manat, I qrup əlil Piriyev Nadir Mürşüd oğluna 300 manat, rayonun Qızılburun kənd sakini Dəmirov Yalçın Səməd oğluna 5669 manat məbləğində tikinti və inşaat materiallarının alınmasına görə maddi yardım edilmişdir.

 Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə kitabının nəşrinə görə 2700 manat maddi köməklik göstərilmişdir. Bunlardan əlavə rayonun 24 nəfər vətəndaşlarına müalicə və kirayə haqqı üzrə ödənişlərində əziyyət çəkdiklərini bildirdikləri üçün 8740 manat məbləğində yardım verilmişdir.

2016-cı ilin 9 ayı ərzində polis şöbəsi tərəfindən Rayon ərazisində 143 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 14-ü ağır və xüsusi ilə ağır, 81 az ağır, 48 fakt böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Baş vermiş cinayətlərin açılması 87,2 faiz təşkil etmişdir.

Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 44 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 4675,3 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Rayonda 266 nəfər narkoman kimi dispanser qeydiyyatında, 70 nəfər şəxs isə profilaktiki qeydiyyatdadır.

9 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 1 cinayət hadisəsi qeydə alınmışdır.

2016-cı ilin 9 ayı ərzində rayon prokurorluğuna 13 cinayət işi qəbul edilmişdir. Onlardan 7-nin ibtidai istintaqı tamamlanmış və məhkəməyə göndərilmişdir. 3 işə xitam edilmiş, 1-nin istintaqı dayandırılmışdır, 5 iş qalıq qalmışdır.

2016-cı ilin 9 ayı ərzində rayon Qeydiyyat şöbəsində 994 doğum, 313 ölüm, 310 nikah bağlanması qeyd olunmuşdur. 63 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 3023 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.

2016-cı ilin 9 ayı ərzində rayon Dövlət Notariat kontorunda 5460 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 44 589.50 manat dövlət rüsumu və 9783.25 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin 9 ayında İcra Hakimiyyətinə 595 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 167-si Prezident Administrasiyasından, 7-i Milli Məclisdən, 9-u Nazirlər Kabinetindən, 24-ü Respublikanın digər rəhbər təşkilatlarından, 388-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. Bu müddətdə İcra Hakimiyyətinin Başçısı tərəfindən 406 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 237 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da ardıcıl işlər həyata keçirəcəklər.

 

 

Keçidlər