9 noyabr - Azərbaycan Respublikasının “Dövlət Bayrağı günü” Hacıqabul rayonunda da qeyd edildi.
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Hökumətin Bakıda fəaliyyətə başlamasından az sonra, yəni 1918-ci ilin noyabrında Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə qərar qəbul olundu...
Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.