Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar sektorun kompleks inkişafında ixtisaslı kadrların xüsusi rolu mövzusunda tədbir keçirildi

08 fevral 2017 | 16:00

08 fevral 2017-ci il tarixdə Hacıqabul şəhər 10 saylı texniki fənlər təmayüllü məktəb liseyin Akt zalında Azərbaycan Dövlət Aqrar Universiteti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə ixtisaslı kadrların aqrar sektorun inkişafında rolu xüsusi qeyd olunub.

Kənd təsərrüfatı mütəxəssislərinin, ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Yunusova dövlət başçısının aqrar sektorun inkişafına göstərdiyi qayğıdan, bununla bağlı imzaladığı fərman və sərəncamlardan danışdı. Qeyd edildi ki, görülən tədbirlər real bəhrəsini verməkdədir. Ölkəmizə gətirilən müasir kənd təsərrüfatı texnikaları, istehsalçılara subsidiyaların və mineral gübrələrin güzəştlərlə verilməsi aqrar sektorun kompleks inkişafına stimul yaradır. Əsasən kənd təsərrüfatı rayonu olan Hacıqabulda da bir çox kənd təsərrüfatı məhsulları yetişdirilir. Heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıq və bağçılıq sakinlərin əsas məşğuliyyəti hesab olunur. Bu sahələrin inkişafında yüksək ixtisaslı mütəxəssislərin rolu danılmazdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru Asif Həsənov kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdıraraq bildirdi ki, indi ölkəmizdə baytar həkimlərə, aqronomlara, habelə digər kənd təsərrüfatı mütəxəssislərinə ciddi ehtiyac var. Azərbaycan Dövlət Aqrar Universitetində müasir tələblərə cavab verən kadrların hazırlanması üçün bütün zəruri şərait yaradılıb. Universitetdə köklü struktur islahatları aparılıb. İdarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub. A.Həsənov Hacıqabullu gənclərin bu universitetdə təhsil almağa üstünlük verməsini arzulayıb.

Tədbir dialoq və fikir mübadiləsi şəraitində davam etdi.

Sonda universitetin müasir vəziyyətini əks etdirən 15 dəqiqəlik videoçarx nümayiş olundu

Keçidlər