2016-cı ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat iclası keçirildi.
Bildirildi ki, ötən il Hacıqabul rayonunun sosial-iqtisadi və mədəni həyatında uğurlar qazanılıb. İqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 211914.1 min manat olub. Rayonda iqtisadiyyatın bütün sahələrinə yönəldilən əsas kapitalın ümumi həcmi 19390.1, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 18855.5 manat olub. Məhsul buraxılışında qeyri-neft sektorunun payı 2015-ci ilə nisbətən 12 faiz artaraq 67,04 faiz təşkil edib.
Qeyd edildi ki, rayonda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ kənd təsərrüfatı məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 3329 ton, tərəvəz istehsalı 45 ton, meyvə istehsalı 148 ton, kartof istehsalı isə 11 ton artıb.
Rayonda baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, bu məqsədlə rayonun Abdulabad, Meyniman, Navahı kəndlərində 2800 ədəd tut tingi əkilib.
Yığıncaqda bildirildi ki, heyvandarlıq və quşçuluq sahəsində də nəzərə çarpacaq artım müşahidə olunub. Ət, süd, yun, yumurta istehsalı artıb. Hesabat dövründə süd istehsalı 17242 ton, ət istehsalı 9526 ton (diri çəkidə) olub. Rayon üzrə iribuynuzlu heyvanların sayı 38414 başa, xırdabuynuzluların sayı isə 135956 başa çatıb.
Məruzədə rayonda görülən tikinti-quruculuq işlərindən də danışıldı, Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulduğu, şəhərin içməli su ilə tam təmin olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, hesabat ilində rayonun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə başlanılıb. 19 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirən bu yolun çəkilişi əhalinin sosial iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Yığıncaqda rayonda əhalinin elektrik təchizatının, təbii qaza olan tələbatının yaxşılaşdırılmasında, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə görülən işlərdən də bəhs olunub.
Milli Məclisin üzvü Rəfael Hüseynov və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı İbrahim Mustafayev görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar.
Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.