2017-ci ilin I rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafın yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 18 aprel 2017-ci il tarixli Şura iclasındakı HESABAT MƏRUZƏSİ
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, 2017-ci il bizim üçün uğurlu il olacaq.
Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini bildirib. 2017-ci ilin 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan ölkə rəhbəri bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirib və qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməli, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan dövlətimizin başçısı ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını, birinci rübdə valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
Birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını, yeni iş yerlərinin təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını bildirən dövlətimizin başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırıb.
Bu il Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisə kimi Bakıda artıq üçüncü dəfə keçirilən Məşvərət Şurasının iclasını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu iclasın yekunu olaraq ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub. Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm bizim, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir.
Nəqliyyat sektorunda da bu ilin əvvəlində yaxşı nəticələrin əldə edildiyini, Astaraçay çayı üzərindən keçən körpü vasitəsilə mart ayında Azərbaycandan İrana birinci qatarın yola salındığını, Bakı-Tibilisi-Qars dəmir yolu layihəsinin də bu il istifadəyə verilməsinin nəzərdə tutulduğunu, bu gün Bakının düyanın ən gözəl şəhərlərindən biri olduğunu bildirən dövlət başçısı gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və bunun böyük idman bayramı olacağını vurğulayıb.
Sənaye istehsalı və kənd təsərrüfatı sahələrinin prioritet sahələr olduğunu bildirən dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyi qeyd edib və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb. Sonra dövlətimizin başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini bildirib.
Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2017-ci ilin I rübündə rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2017-ci ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 51.1 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.4 milyon manat və ya 17,1% çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 66,8 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % çoxdur. Bu ilin 3 ayında kənd təsərrüfatı məhsulunun həcmi 2 087.6 min manat artaraq 23 843.0 min manat, sənayedə məhsul buraxılışının həcmi 402.0 min manat artaraq 1 680.6 min manat, ticarətdə məhsul buraxılışının həcmi 155.0 min manat artaraq 18 148.0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9,6 %, sənayedə 31,4 %, ticarətdə 0,9 % artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 7 506.01 min manat və ya 16,1% artaraq 54 026.0 min manat, iaşə dövriyyəsi 125.0 min manat və ya 15,1% artaraq 955.0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 845.0 min manat və ya 12,2% artaraq 7 745.0 min manat, yük daşınmalarının həcmi 7.0 min ton və ya 12,1% artaraq 65.0 min ton, sərnişin daşınmalarının həcmi 82.0 min nəfər və ya 6,4 % artaraq 1 354.0 min nəfər olmuşdur.
2017-ci ilin I rübündə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 4 753.1 min manat və ya 364,8 % artaraq 6 548.0 min manat olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Artıq rayonda bu ilin məhsulu üçün 15 820 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2027 hektar çoxdur. Bu sahələrin 8950 hektarını buğda, 6870 hektarını isə arpa əkini təşkil edir. Hesabat dövründə 369 hektarda tərəvəz, 648 hektarda bostan, 40 hektarda kartof əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz əkini 1 hektar, bostan əkini 1 hektar çox olmuşdur.
Hesabat dövründə rayonda 5 040 ton süd, 2 244 ton ət, 86 101.0 min ədəd yumurta istehsal edilmişdir.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 504 baş və ya 1,3 % artaraq 38 516 başa, xırda buynuzluların sayı isə 1062 baş və ya 0,8 % artaraq 136 242 başa çatmışdır.
“Aqrolizinq” vasitəsilə bu ilin birinci rübündə kənd əməkçilərinə 173,85 ton 70% güzəştlə müxtəlif mineral gübrələrin satışı həyata keçirilmişdir.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində Yuxarı Şirvan kanalının qolundan su götürən və su keçirmə qabiliyyəti 5 m3/san olan 28,2 km-lik Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyatlı 21,2 km təsərrüfat daxili qol kanallar tikilib başa çatdırılmışdır. Ərazidə əkilmiş 3501 ha taxıl əkinlərinin suvarılması bu kanal vasitəsilə həyata keçirilmişdir. Eyni zamanda bu ərazidə əkiləcək 850 ha pambığın, 526 ha şəkər çuğundurunun, 695 ha qarğıdalının, 100 ha bostan-tərəvəzin, 235 ha yem bitkilərinin və 70 ha həyətyanı əkinlərin suvarma suyu ilə təminatı Hacıqabul magistral kanalı vasitəsilə həyata keçiriləcəkdir.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ilin I rübündə 131 km-ə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 14.07 milyon kub/metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 11.04 milyon kub/metr su verilmişdir. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 8760 p/metr olmaqla 21 940 kub/metr həcmində lildən təmizləmə işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal hazırda da davam etdirməkdədir.
Cari ildə rayonumuzda 1203.9 ha sahədə pambıq əkiləcəkdir ki, bu da keçən ilin pambıq əkinindən 677.9 ha və ya 2.3 dəfə çoxdur. 800 ha sahədə pambıq əkilməsi üçün 26 istehsalçı ilə “MKT İK” MMC arasında, 403.9 ha sahədə pambıq əkilməsi üçün 12 istehsalçı ilə “Hacıqabul KT” MMC arasında müqavilələr bağlanmışdır. Hal-hazırda intensiv səpin işləri həyata keçirilir. Məqsədimiz əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 2400 tondan çox pambıq istehsal etməkdir.
Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə keçən ilin payızında rayon ərzisində 28 000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır. Cari ildə rayonda 2 ton barama istehsalı nəzərdə tutulmuşdur. Barama istehsalı ilə məşğul olacaq şəxslərin müəyyənləşdirilməsi və hazırlıq işləri aparılmışdır.
Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Hacıqabul rayonunun Padar ərazisində 1625 hektar sahədə iri əkinçilik təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. 700 ha sahədə buğda, 526 ha sahədə şəkər çuğunduru əkilmişdir. 100 ha sahədə pambıq, 95 ha sahədə qarğıdalı, 157 ha sahədə soya əkilməsi həyata keçiriləcəkdir. Aqroparkda 2000 başlıq heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulmuşdur.
Hacıqabul rayonunun Meyniman kəndində sahibkar Natiq Dostəliyevə məxsus 1936 ha torpaq sahəsi olan aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın su, işıq və qaz təminatı mövcuddur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Cari ildə 2 ha sahədə müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Daha hər biri 2 ha olan 2 ədəd istilikxananın tikintisi davam etdirilir. Bundan əlavə 150 ha sahədə buğda, 245 ha sahədə arpa, 74 ha sahədə yonca, 20 ha sahədə soğan əkilmiş, 57 ha sahədə meyvə bağı salınmışdır. 80 ha sahədə pambıq, 20 ha sahədə bostan tərəvəz əkiləcəkdir.
Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlərə başlanılmışdır. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla təxminən 27 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Tikinti işləri 2 mərhələdə həyata keçiriləcəkdir. I mərhələnin layihə smeta sənədləri hazırlanıb ekspertizadan və qiymətqoymadan keçirilmişdir. Uzunluğu 4905 metr olmaqla mövcud torpaq kanalının yenidən qurulması, üzən nasos stansiyasının quraşdırılması və nasosa xidmət edən binaların tikintisi işləri görülməlidir. Hal-hazırda torpaq işləri tam başa çatdırılmış, xidmətçi binaların tikintisi gedir. Layihə dəyəri 1 712 000 mantdır. II mərhələnin layihə smeta sənədləri hazırlanır, uzunluğu 9 km-i boru xətti, 13 km-i beton kanal olmaqla 22 km olacaqdır.
Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30 000 hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir. Həmin ərazidə pivot suvarma sistemləri tətbiq etməklə iri aqroparkların yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda ərazinin 10 000 hektarlıq hissəsini suvarma suyu ilə təmin edəcək layihə hazırlanaraq tikintisinə başlanılmışdır. Tikinti işləri “Azərsu” ASC tərəfindən həyata keçirilir.
Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal güçü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisinə başlanılmışdır. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfər işlə təmin olunacaqdır.
Hacıqabul rayonunu Atbulaq kəndində 10 hektar ərazidə müasir tipli istixananın tikintisinə başlanılmışdır. Tikinti işləri başa çatdıqdan sonra burada 200 nəfər işlə təmin olunacaqdır.
Hesabat dövründə İ.Qayıbov küçəsi l saylı 2 mərtəbəli yaşayış binasında metal vərəqələrdən 1478 kv.metr, dam sökülməsi və düzəldilməsi, damda 5,5 kub metr ağac şəbəkənin düzəldilməsi, tüstü borularının 6 kub metr kərpic ilə hörülməsi, 70
kv.metr tüstü bacalarının suvanması və emulsiya çəkilməsi tüstü bacalarının birləşmələrinə sinklənmiş dəmirin vurulması, Nəsimi küçəsi l saylı 2 mərtəbəli yaşayış binasında metal vərəqələrdən 1399 kv.metr, dam sökülməsi və 201 kv.metr metal vərəqələrdən damın düzəldilməsi, damda 5,5 kub metr ağac şəbəkənin düzəldilməsi, tüstü borularının 7,5 kub metr kərpic ilə hörülməsi, 88 kv.metr tüstü bacalarının suvanması və emulsiya ilə rənglənməsi, 2.5 kub metr çatı ayaqlarının düzəldilməsi, tüstü bacalarının birləşmələrinə sinklənmiş dəmirin vurulması, İ.Qayıbov küçəsi 5 saylı 2 mərtəbəli yaşayış binasında 1716 kv.metr dam örtüyünün sökülməsi, metal vərəqələrdən 1716 kv.metr düzəldilməsi, damda 6,75 kub metr ağac şəbəkənin düzəldilməsi, tüstü bacalarının kərpic ilə hörülməsi, 210 kv.metr tüstü bacalarının sement məhlulu ilə suvanması və emulsiya ilə rənglənməsi, tüstü bacalarının birləşmələrinə 70,0 kv.metr sinklənmiş dəmirin vurulması, İ.Qayıbov küçəsi 6 saylı 2 mərtəbəli yaşayış binasında 1716 kv.metr dam örtüyünün sökülməsi, metal vərəqələrdən 1716 kv.metr düzəldilməsi, damda 6,75 kub metr ağac şəbəkənin düzəldilməsi, tüstü bacalarının 18,0 kub metr kərpic ilə hörülməsi, 210 kv.metr tüstü bacalarının sement məhlulu ilə suvanması və emulsiya ilə rənglənməsi, tüstü bacalarının birləşmələrinə 70,0 kv.metr sinklənmiş dəmirin vurulması işləri görülmüşdür.
2017-ci ildə 4976 m3 qum-çınqıl qatışığından hamarlayıcı qat verməklə 18422 kv.metr şəhərdaxili yolların asfaltlaşdırılması nəzərdə tutulmuşdur. I rüb ərzində görüləcək işlərin planlaşdırılması aparılmış, növbəti rübdə işlərin yerinə yetirilməsinə başlanacaqdır.
Hacıqabul rayonunun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 51,5 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işləri davam etdirilir.
Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2017-ci ilin birinci rübündə də davam etdirilərək 4000 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
Hacıqabul Elektrik Şəbəkəsi 2017-cı ilin I rübündə 36 938,7 kvt.saat enerji almışdır. Satışa ötürülən enerjinin dəyərinin ödənişi 69,5% təşkil etmişdir. Hesabat dövründə 35kv-luq Axtaçı-Abdulabad h/x-də 3 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla əvəz olunmuş və 48 ədəd izolyator dəyişdirilmişdir. 35kv-luq Pirsaatbənd h/x-də 8 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla əvəz olunmuş və 90 ədəd izolyator dəyişdirilmişdir. Rayonun I Udullu kəndi ərazisində yeni inşa olunmuş 35/10 kv-luq y/st-nın şəbəkəyə qoşulması zamanı 2 ədəd 35 kv-luq metal anker dayaq basdırılmışdır. 35 kv-luq 751 saylı Pirsaat-Atbulaq h/x –nin 109 saylı dayağından 35/6 kv-luq 751 saylı Atbulaq y/st-na düşən hissəsində 30 ədəd izolyator yenisi ilə əəvəz olunmuşdur. 6 kv-luq Axtaçı h/x-də yenidənqurma işləri ilə əlaqədar 34 ədəd metal dayaq basdırılmış və 51 ədəd ŞF-10 markalı izolyator yenisi ilə əvəz olunmuşdur. 10 kv-luq Abdulabad h/x-də 14 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla əvəz olunmuşdur. 6 kv-luq Pirsaat h/x-də 32 ədəd beton dayaq basdırılmış və rayonun Pirsaat qəsəbəsində 0,4 kv-luq şəbəkənin yenidən qurulması ilə əlaqədar 450 ədəd yeni metal dayaq basdırılmışdır.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir . Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2017-ci ilin I rübündə istehlakçılara 13 483 684 kub/metr qaz satılmış, ödəniş 1 640 235.8 manat olmaqla 98,4% təşkil etmişdir.
2017-ci ilin I rübündə əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 50-219 diametrdə 185 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 3 ədəd yeni siyirtmələr quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənişi 80%, qeyri-əhaliyə satılan suyun ödənişi 70% təşkil etmişdir.
2017-ci ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 120 ədəd yeni abonentə telefon çəkilmiş, internet istifadəçilərinin sayı 110 ədəd artmışdır. Bununla telefon istifadəçilərinin sayı 6732 ədəd, internet istifadəçilərinin sayı 3185 ədədə çatdırılmışdır.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində cari ilin birinci rübündə də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.
2017-ci ilin 3 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2017-ci ilin 3 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 28 nəfər şagird olimpiadanın zona turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında zona turunda iştirak etmişlər.
Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Hacıqabul rayon Təhsil şöbəsi 20-26 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Həftə ərzində rayonun bütün təhsil müəssisələrində müxtəlif səpkidə tədbirləri-inşa müsabiqəsi, bilik yarışları, şer, mahnı və rəsm müsabiqəsi, dəyirmi masalar, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş və hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.
Ötən 3 ay ərzində Rayon Gənclər və İdman idarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həmdə rayon turu keçirilmişdir.
Gənclər sahəsi üzrə 9 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 895 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmişdir.
İdman sahəsi üzrə 5 İdman yarışları keçirilmiş, bu yarışlarda 430 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə ilə qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilmişdir.
Rayonda 91 çarpayılıq Hacıqabul mərkəzi rayon xəstəxanası, Uşaq Tibb mərkəzi, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 həkim və 12 tibb məntəqəsi fəaliyyət göstərir. Rayon səhiyyəsinin strukturuna Gigiyena və Epidemiologiya mərkəzi də daxildir.
2017-ci ilin I rübündə rayon səhiyyəsində 53 həkim, 167 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 29 nəfər həkim. 23 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 18 ştat vahidi rayon mərkəzində, 10 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.
Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirməsi ilə əlaqədar 17 fevral 2014-cü il tarixindən başlayan aksiya bu ilin fevral ayının 15-dən etibarən hal-hazıra kimi müvəffəqiyyətlə həyata keçirilir. Bu günə kimi səhiyyə işçiləri, 73 mindən yuxarı əhalisi olan rayonun 24893 nəfərini tibbi müayinələrdən keçirmiş, bunların arasından 440 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə yerli ambulator və stasionar müalicəyə cəlb etməklə yanaşı, bu xəstələrindən 55 nəfəri respublika səviyyəli müvafiq tibb müəssisələrinə göndərilmişlər.
2017-ci ilin I rübündə Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 62677 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 507 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 4822 nəfər olmuşdur.
Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilməkdədir. 2017-ci ilin I rübü ərzində 123 cütlük müayinədən keçmiş, bunlardan bir nəfərdə talassemiya xəstəliyi aşkar edilmişdir.
Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi, 2017-ci ilin I rübü ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.
Rayon ərazisində 19 klub müəssisəsi, o cümlədən: 1 şəhər mədəniyyət evi, 7 kənd mədəniyyət evi, 2 şəhər, 9 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil dövlət kitabxanası: o cümlədən, 1 rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 1 Uşaq Musiqi məktəbi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.
Hacıqabul rayon Mədəniyyət müəssisələrində, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, Mədəniyyət və Turizm Nazirliyinin əmr və göstərişlərini, rayon İcra Hakimiyyəti Başçısının əmr və sərəncamlarını icra etmək məqsədi ilə 2017-ci il üçün geniş perspektiv tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.
İlin 3 ayı ərzində rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 134 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 14 qrup tərkibində, fərdi gəlişlər 149 nəfər, 196 tamaşaçı iştirak etmişdir.
Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Mərkəzdə 115 qrup şəklində 1548 nəfər tamaşaçı qəbul edilmişdir. Mərkəzdə kursların açılması ilə əlaqədar xalq yaradıcılığı studiyasında gənclər, yuxarı sinif şagirdləri onlar üçün təyin olunmuş vaxtlarda xalça ustasından xalça toxumaq, foto studiya, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. İnternet elektron kitabxanasında asudə vaxtlarında internetdən istifadə edirlər.
Hesabat dövründə rayon Mərkəzi Kitabxanasında və onun filiallarında illik və aylıq tədbirlər planına uyğun olaraq, kitab fondunun təbliğinə kömək məqsədi ilə bir sıra tədbirlər hazırlanaraq həyata keçirilmişdir.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət və Uşaq şöbəsi 3 ay ərzində 1, 2, 24, 30 saylı kitabxana filialları şəhərin bir sıra orta məktəblərində, rayon Mərkəzi xəstəxanalarında, Pir Hüseyn Tarix Memarlıq Qoruğunun inzibati binasında yeni açılmış kitabların sərgisini açmış, vətənpərvərliklə bağlı məktəbli uşaqlarla sual-cavab keçirmişlər.
Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur ki, hələ də bəzi mədəniyyət müəssisələrimiz işlərini günün tələbləri səviyyəsində qura bilmir. Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Hesabat dövründə yerli büdcənin mədaxil hissəsi 641 238 manat proqnoza qarşı 818 019 manat və ya 127,6% icra edilmiş, plandan artıq qalan 288 160 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür. Rayon büdcəsinin xərc hissəsi 927 805 manat təyinata qarşı 632 513 manat, yəni 68,2% icra edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.4 manat artaraq 311.6 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 1198.0 min manat və ya 2,1% artaraq 58 243.0 min manata çatmışdır. Məşğul əhalinin sayı 400 nəfər artaraq 36.1 min nəfər olmuşdur. Məşğul əhalinin 5.6 min nəfəri və ya 15,5 %-i dövlət sektorunda, 30.5 min nəfəri və ya 85,5 %-i qeyri-dövlət sektorunda çalışır.
Cari ilin birinci rübündə rayon Məşğulluq Mərkəzinə 520 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 272 nəfər olmuşdur. 46 nəfərə işsizlik statusu verilmişdir. Hesabat dövründə rayonda 981 yeni iş yeri açılmışdır ki, bunun da 947-si daimidir. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 251 iş yeri çoxdur.
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.
Rayon İcra Hakimiyyətinin “Büdcədənkənar” və “Sair xərcləri” vəsaitindən cari ilin I rübü ərzində ümumilikdə 16649,00 (on altı min altı yüz qırx doqquz) manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə əlaqədar rayonun 225 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, Böyük Vətən Müharibəsi və Çernobil əlillərinə 4500,00 manat, Bahar bayramı münasibəti ilə əlaqədar rayonun park və küçələrinin bəzədilməsinə 1500,00 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş VII tur aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI sinif fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarına ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 6000,00 manat, eləcədə rayonun 30 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına 4649,00 manat məbləğində maddi yardım verilmişdir.
Rayonda 01 aprel 2017-ci il vəziyyətinə pensiyaçıların ümumi sayı 7301 nəfər olmuşdur. Bunlardan 4154 nəfəri yaşa görə, 1966 nəfəri əlilliyə görə, 1181 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 186,15 manat təşkil etmişdir. 2017-ci ilin I rübündə 4794 nəfərə sosial müavinətlər, sosial yardımlar və güzəştlər verilmişdir.
Rayon ərazisində 124 ailə olmaqla 423 nəfər qaçqın, 426 ailə olmaqla 1609 nəfər köçkün ailəsinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.
2017-ci ilin 3 ayı ərzində polis şöbəsi tərəfindən Rayon ərazisində 49 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 4-ü ağır və xüsusi ilə ağır cinayətlər. Baş vermiş cinayətlərin açılması 84.1 faiz təşkil etmişdir.
Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 24 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 1286,417 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
3 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi qeydə alınmamışdır.
2017-ci ilin 3 ay ərzində rayon prokurorluğuna 9 cinayət işi qəbul edilmişdir. Onlardan 1-nin ibtidai istintaqı tamamlanmış və məhkəməyə göndərilmişdir. 4 işə xitam verilmişdir, 3 iş qalıq qalmışdır. 1 cinayət işinin istintaqı dayandırılmışdır.
2017-ci ilin 3 ayı ərzində rayon Qeydiyyat şöbəsində 609 doğum, 131 ölüm, 74 nikah bağlanması qeydə alınmışdır. 38 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 1064 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.
2017-ci ilin 3 ayı ərzində rayon Dövlət Notariat kontorunda 2059 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 15623 manat dövlət rüsumu və 3498,50 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin I rübündə İcra Hakimiyyətinə 202 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 64-ü Prezident Administrasiyasından, 9-u Milli Məclisdən, 1-i Nazirlər Kabinetindən, 14-ü Respublikanın digər rəhbər təşkilatlarından, 114-ü isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2017-ci ilin birinci rübündə İcra Hakimiyyətinin Başçısı tərəfindən 149 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 88 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.