Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının X konfransı keçirilib.

15 aprel 2017 | 16:00

Konfransdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda ərazi ilk partiya təşkilatlarından seçilmiş 250 nəfər nümayəndə iştirak edib.
Konfransın rəsmi hissəsində dövlət himnimizin səsləndirilməsindən sonra YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov hesabat məruzəsi ilə çıxış edib.
Rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin bir misilsiz şah əsəri günü-gündən inkişaf edən müstəqil Azərbaycan dövlətidirsə, digər böyük və unikal əsəri 1992-ci il noyabr ayının 21-də zamanın zəruri tələblərindən yaranan Yeni Azərbaycan Partiyasıdır: “Yeni, müstəqil Azərbaycan uğrunda” devizi ilə siyasi arenaya daxil olan YAP Azərbaycanın şərəfli keçmişinin, bugünkü uğurlarının və parlaq gələcəyinin müəllifinə çevrilib. Ümummilli lider Heydər Əliyevin nurlu zəkasından yaranan və cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən, fenomenləşən Yeni Azərbaycan Partiyası xalqımızın güvənc yerinə, ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycanın siyasi palitrasında xalq tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. YAP həm üzvlərinin sayının 700 min nəfərə yaxınlaşması, həm də xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını öz sıralarında birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır”.
H.Bəşirov söyləyib ki, Yeni Azərbaycan Partiyasının qazandığı qələbələrdə, əldə etdiyi uğurlarda 1995-ci il mart ayının 18-də təsis olunan, sıralarında 4940 partiya üzvü və 110 ərazi ilk partiya təşkilatını birləşdirən Hacıqabul rayon təşkilatının özünəməxsus payı vardır: “Sıralarını ildən-ilə genişləndirən, daha artıq seçki təcrübəsi toplayan YAP Hacıqabul rayon təşkilatı keçirilən bütün seçkilərə öz layiqli töhfəsini verib. Rayon təşkilatı IX konfransdan ötən müddət ərzində nizamnamə tələbləri çərçivəsində fəaliyyət göstərərək partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirib. Rayon təşkilatının sıralarında 2047 nəfər qadın, 1239 nəfər gənc üzvümüz var. Təşkilat daxilində partiya sıralarına qəbul yüksələn xətlə davam etməkdədir. Hesabat dövründə partiya sıralarına 723 nəfər üzv qəbul edilib. Xüsusən gənclərin Yeni Azərbaycan Partiyası sıralarına can atması olduqca təqdirəlayiq və sevindirici haldır. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir” sözləri rayon təşkilatının hər bir üzvünün şüarına, devizinə çevrilib. Hesabat dövründə YAP rayon təşkilatı İdarə Heyətinin 64, Şurasının isə 17 yığıncağı keçirilib. Bu yığıncaqlarda ərazi ilk partiya təşkilatlarının, Gənclər Birliyinin və Qadınlar Şurasının sədrlərinin hesabatlarının dinlənilməsi, partiya sıralarına qəbul, partiyadaxili işlərin vəziyyəti və s. məsələlərə baxılıb”.

Konfransda çıxış edən YAP icra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söhbət açıb: “Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir”.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirib ki, YAP rayon təşkilatı veteranlarımızın təcrübəsini, qadın üzvlərimizin cəmiyyətdə yüksək nüfuzunu, gənclərimizin enerjisini, onların internet məkanında fəallığını seçki kampaniyalarının uğurla başa çatmasına, cənab Prezident İlham Əliyevin apardığı müdrik siyasətin, gördüyü nəhəng işlərin təbliğinə istiqamətləndirib: “ Rayon təşkilatının üzvləri çalışdıqları kollektivdə öncül mövqedə olduqları kimi, rayonun ictimai-siyasi həyatında da olduqca fəal iştirak edirlər. Bu gün Hacıqabul rayonu görkəmini tanınmaz şəkildə dəyişir. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər görülür. Bütün bunlar Yeni Azərbaycan Partiyasının xalq arasında nüfuzunun artmasına və etimadının yüksəlməsinə rəvac verir. YAP Hacıqabul rayon təşkilatının hər bir üzvü fəxr edir ki, dövlətimizin cənab İlham Əliyev kimi rəhbəri vardır”.
Sonra konfransda YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov, partiyanın rayon təşkilatı Qadınlar Şurasının sədri Zeynəb Yunuslu, rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Şükür Məmmədov, Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədri Elnur Əmiraslanov çıxış ediblər. Çıxışçılar YAP Hacıqabul rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
YAP Hacıqabul rayon təşkilatının X konfransının qətnamə layihəsi oxunaraq təsdiq edilib, təşkilati məsələlər müzakirə olunub. Rayon təşkilatının 35 nəfər tərkibdə yeni Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Hafis Bəşirov yenidən yekdilliklə YAP Hacıqabul rayon təşkilatının sədri seçilib.
Konfransda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

 

 

Keçidlər