Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 16 avqust 2017-ci il tarixində Nazirliyin bölgədə fəaliyyət göstərən digər qurumlarının iştirakı ilə Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda rayon müşavirəsi keçirilmişdir. Müşavirədə icra hakimiyyətinin rəhbər işçiləri, Hacıqabul rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Hacıqabul rayon DYMH-nin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin əməkdaşları iştirak etmişdir.
Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən Nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlərdən, Muğan Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilmişdir. İcra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyi vurğulanmışdır.
Daha sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Hacıqabul rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, yaranmış problemlər diqqətə çatdırılmışdır.
Toplantı zamanı Hacıqabul rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulmuş və icraedici orqanlara tövsiyələr verilmişdir.