2016-cı ilin Aprel döyüşlərinin 10 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir.
2016-cı ilin Aprel döyüşlərinin 10 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov və Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov iştirak etmişlər.
Görüş zamanı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov çıxış edərək 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycan Ordusunun gücünü, iradəsini və xalq–ordu birliyini nümayiş etdirən mühüm tarixi hadisə olduğunu vurğulamışdır. O, həmin döyüşlərdə iştirak edən hərbi qulluqçuların göstərdiyi igidliyin və fədakarlığın tarixi yaddaşda xüsusi yer tutduğunu qeyd etmişdir. Həmçinin Aprel döyüşlərinin sonrakı illərdə Azərbaycan Ordusu üçün mühüm stimul rolunu oynadığı, Vətən Müharibəsində əldə olunan qələbəyə gedən yolda əhəmiyyətli təcrübə və motivasiya mənbəyi olduğu bildirilmişdir.
Daha sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Aprel döyüşlərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində mühüm mərhələ olduğunu, həmin döyüşlərdə göstərilən şücaətin dövlət tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. O, hərbçilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Sonda görüş iştirakçılar arasında səmimi fikir mübadiləsi şəraitində davam etmişdir.






