İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ
2017-ci ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarovun
HESABAT MƏRUZƏSİ
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.
Dövlətimizin başçısı giriş nitqində göstərmişdir ki, Azərbaycan 2017-ci ildə surətlə və uğurla inkişaf etmiş, həyatın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.
Ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik şəraitində əldə olunan uğurlar xalq-iqtidar birliyinin nəticəsidir. Məhz bu səbəblərdən respublikamız yola saldığımız 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar qazanmışdır. Ötən ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.
Davos ümumdünya iqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə dayanmışdır. Bu, çox böyük göstəricidir. Biz uzun illərdir ki, MDB məkanında liderik.
İl ərzində respublikamızda ümumilikdə qeyri-neft sektoru 2,5, sənaye sahəsində qeyri-neft sektoru 3,6, kənd təsərrüfatı 4,1 faiz artmışdır. İl ərzində ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuşdur. İnsanlara daha böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu gün 116 min ailə, təqribən 400 minə yaxın insan hər ay dövlətdən orta hesabla 150 manat yardım alır.
Ötən il ölkədə 221 mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 177 mini daimi iş yeridir.
Son illərdə dövlət başçımızın ölkənin iqtisadiyyatının sürətli inkişafı, xüsusilə neftdən asılılığın endirilməsi, vergi bazasının genişləndirilməsi, ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində görülən əməli işlər nəticəsində respublikamızın ixrac potensialı artır. Ötən ildə ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. 2017-ci ildə infrastruktur layihələrin icrası üçün böyük vəsait ayrılmış və bu istiqamətdə önəmli addımlar atılmışdır. Ölkədə 133 məktəb tikilmiş, 14 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmış, 30 tibb müəssisəsi tikilib və əsaslı təmir olunmuş, 500-dən çox kəndi əhatə edən 1300 kilometr avtomobil yolu salınmış, iki olimpiya idman kompleksi istifadəyə verilmişdir. Bu bir daha göstərir ki, sosial infrastruktur layihələr dövlətimizin siyasətinin başlıca istiqamətini əks etdirir.
Ötən ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollara çatmışdır.
Dövlətimizin başçısı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın prinsipial və dəyişməz mövqeyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün bu mövqedən heç vaxt geri çəkilməyəcəyini bir daha bəyan etmişdir.
Məlum olduğu kimi 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir.
2018-ci ildə Azərbaycanın müstəqilliyinin 100 ili tamam olur. Dövlətimizin başçısı bunu nəzərə alaraq bu ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmiş və müvafiq Sərəncam imzalamışdır. Bu mühüm sənəd Şərqin ilk demokratik dövləti olan Cümhuriyyətimizin şanlı tarixi ilə bərabər, hərtərəfli inkişaf edən müstəqil Azərbaycanımızın qısa müddətdə keçdiyi yolu ölkə daxilində və beynəlxalq aləmdə geniş təbliğ etməyə stimul yaratmışdır.
Cənab Prezident nitqinin sonunda bir daha bildirmişdir ki, 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur, ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaqdır.
2017-ci il Hacıqabul rayonunun sosial-iqtisadi və mədəni həyatında da yadda qalan hadisə və işlərlə əlamətdardır.
Hesabat ilində iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 322 milyon 779 min 900 manat olmuşdur. Məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2016-cı ilə nisbətən 12,8 faiz artaraq 68,8 faiz olmuşdur.
Sənayedə məhsul buraxılışının həcmi 18,9 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyon manat çoxdur. İl ərzində bu sahədə çalışanların sayı 293 nəfər artaraq 1286 nəfər təşkil etmişdir. Sənayedə bir işçiyə düşən orta aylıq əmək haqqı 299 manata çatmışdır.
2017-ci ildə əsas kapitala investisiyalar qoyuluşu 93 milyon 450 min, o cümlədən, tikinti quraşdırma işlərinə 92 min 820 min manat olmuşdur. Bu isə ümumilikdə 2016-cı ilə nisbətən 73 milyon 221 min manat çoxdur. İl ərzində 5 milyon 726 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Rayonda 165 nəfərin çalışdığı 3 tikinti təşkilatı fəaliyyət göstərmiş və onların gücü ilə 2 milyon 344 min manatlıq işlər görülmüşdür. Hesabat ilində 1 milyon 169 min m2 ümumi mənzil fondu, 18 min 77 m2 yaşayış sahəsi istifadəyə verilmişdir.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Hesabat dövründə rayonda kənd təsərrüfatı məhsulunun buraxılışının həcmi 129 milyon 731 min manat təşkil etmişdir.
2017-ci ilin məhsulu üçün 14409 hektarda taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 616 hektar artıqdır. Zəmilərdən 44861 ton taxıl məhsulu əldə olunmuşdur. İstehsal olunmuş məhsulun 24136 tonunu buğda, 20725 tonunu isə arpa təşkil edir. Hər hektardan məhsuldarlıq buğdada 32,3, arpada 29,9 sentner olmuşdur.
2017-ci təsərrüfat ili ərzində 1267 ton pambıq, 11675 ton bostan, 6796 ton tərəvəz məhsulu, 5142 ton qarğıdalı, 461 ton kartof, 2550 ton şəkər çuğunduru, 190 ton soya, 11314 ton meyvə, 262 ton üzüm istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 266,8 ton pambıq, 22 ton kartof, 3576 ton qarğıdalı, 19301 ton şəkər çuğunduru, 150 ton soya, 338 ton tərəvəz, 109 ton meyvə və 1 ton üzüm məhsulu çox istehsal olunmuşdur.
Hesabat dövründə diri çəkidə 8274 ton ət, 17 min 253 ton süd istehsal edilmişdir. İl ərzində yumurta istehsalı 23 milyon ədəd artaraq 350 milyon 497 min ədəd, yun istehsalı isə 3 ton artaraq 228 ton təşkil etmişdir.
Ötən ildə “Aqrolizinq” ASC-nin Hacıqabul Aqrosevis filialı tərəfindən rayonun torpaq mülkiyyətçilərinə 70% güzəştli qiymətlərlə 950 ton mineral gübrələr satılmışdır. Ötən ildən etibarən rayonda baramaçılığın inkişafına diqqət artırılmışdır. Bu məqsədlə rayon ərazisində 33 min tut ağacı yetişdirilmişdir ki, bunun 5 min ədədi ötən il əkilmişdir. Hesabat ilində kümçülərimiz tərəfindən 250 kq barama istehsal edilmişdir.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində sərf etdikləri yanacaq və sürtkü materiallarına görə hər hektara 50 manat olmaqla 2312 nəfərə 1 milyon 25 min 70 manat, o cümlədən, 765 nəfər buğda istehsalçılarına 55 min 335 manat məbləğində subsidiya verilmişdir.
Bütün bunlarla belə hesabat dövründə diri çəkidə ət istehsalı, taxıl, bostan, tərəvəz istehsalı nəzərə çarpacaq dərəcədə azalmış, pambığın məhsuldarlığı aşağı olmuşdur. Pambıq tarlalarına aqrotexniki qulluğun lazımı səviyyədə aparılmaması səbəbindən məhsulun kütləvi yetişkənliyi gecikmiş, nəticədə hava şəraitinin yığım üçün əlverişsiz keçməsi məhsuldarlığın aşağı düşməsinə şərait yaratmışdır. Tərəvəz və bostan əkilmiş sahələrin əvvəlki ilə nisbətən xeyli azaldılması hər iki növ məhsulun istehsalını aşağı salmışdır.
Deyilənlərdən rayon Kənd təsərrüfatı idarəsinin mütəxəssisləri ciddi nəticə çıxarılmalı, rayonda bütün növ kənd təsərrüfatı məhsullarının, xüsusi ilə strateji sahə olan taxılçılığın, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi üçün mövcud imkanlardan maksimum istifadə etməlidirlər.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ildə 232 km-ə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 90,76 milyon kubmetr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 64,64 milyon kubmetr su verilmişdir. Hesabat dövründə 8 ədəd nasos aqreqatı əsaslı təmir olunmuş, 46 ədəd hidrotexniki qurğu, 9 ədəd hidropost,3 ədəd nasos stansiya binası, 4 ədəd mülki bina təmir olunmuşdur.
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2017-ci il ərazində Abdulabad kəndi ərazisində təsərrüfat daxili kollektorlarda 27960 pm lildən təmizlənmə işi aparılmışdır. Bundan əlavə bir sıra nasos stansiyasının elektrik avadanlıqlarında sazlama işləri aparılmış, 2 ədəd 65 QDL nasos aqreqatı 132 kvt-luq elektrik mühərriki ilə birlikdə təmir olunmuşdur. K-2 nasos stansiyasında və K-3 köhnə nasos stansiyasında nasos aqreqatları təmir olunaraq saz vəziyyətə gətirilmişdir.
Hesabat ərzində rayonun baytar həkimləri tərəfindən iri buynuzlu və xırda buynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı müayinə və vaksina işləri aparılmışdır.
Baytarlıq nəzarəti xidməti tərəfindən aparılan monitorinqlərlə əlaqədar rayonun quşçuluq təsərrüfatlarından və ayrı-ayrı vətəndaşlara məxsus ev quşlarından götürülən qan nümunələrinin müayinəsi zamanı rayonda quş qripi xəstəliyinin olmadığı təsdiq olunmuşdur.
Bununla belə baytarlıq idarəsi tərəfindən xüsusilə yol kənarlarında ət məhsullarının qaydalara uyğun şəkildə satılmasına ciddi nəzarət olunmur. Rayon ərazisində 30-a yaxın yerdə iri və ya xırda buynuzlu heyvanların kəsilib satılması təşkil edilir. Burada çalışanların böyük əksəriyyəti açıq havada, adi sanitar normalara əməl etmədən ət satışı ilə məşğul olur. Bir çox yerlərdə kəsilmiş ətin üstünün örtülməsi, qəssabların istehsalat paltarları geyinməsi təmin olunmur.
Bu deyilənlərdən Rayon Baytarlıq idarəsinin rəisi Pünhan Zeynalov və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Coşğun Əmirov ciddi nəticə çıxarmalıdırlar.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar hesabat dövründə rayonda mühüm layihələr həyata keçirilmişdir. Rayon ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilmişdir.
Son on ildə respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza çoxsaylı səfərləri zamanı Hacıqabulun daha da inkişaf etdirilməsi, əhalinin sosial-məişət ehtiyaclarının ödənilməsi istiqamətində verdiyi tapşırıq, tövsiyə və mühüm qərarların ardıcıllıqla həyata keçirilməsi sayəsində bu gün rayonumuz öz simasını büsbütün dəyişmiş sakinlərin güzəranı müqayisəedilməz dərəcədə yaxşılaşmışdır.
2017-ci ildə də şəhərdə, eləcə də kənd və qəsəbələrimizdə abadlıq, tikinti-quraşdırma, yaşıllaşdırma, səliqə-sahman işləri davam etdirilmişdir.
Belə ki, ötən ildə 479611 m2 qum-çınqıl qatışığından hamarlayıcı qat verilməklə 12918 m2 şəhərdaxili yol asfaltlaşdırılmışdır.
Şəhərin Natavan küçəsində 2475 m2, M.S.Ordubadi küçəsində 5365 m2, N.Nərimanov küçəsində 881 m2, S.Almazov küçəsində 2000 m2, Şirvan küçəsində 2000 m2, Şəhriyar küçəsində 2000 m2, Nəsimi küçəsində 2000 m2, Savalan küçəsində 2000 m2, Koroğlu küçəsində 800 m2, Bakı küçəsində 2077 m2, D.Dadaşbəyli küçəsində 3750 m2, Ə.Əsədov küçəsində 1500 m2, 20 Yanvar küçəsində 1934 m2, A.Abdullayev küçəsində 2775 m2, M.Müşfiq küçəsində 3200 m2, M.F.Axundov küçəsində 1080 m2, Ü.Hacıbəyov küçəsində 2320 m2,C.Cabbarlı küçəsində 1300 m2, İ.Məmmədov küçəsində 200 m2, V.Talıbov küçəsində 525 m2, Ə.Vahid küçəsində 525 m2, H.Səmədov küçəsində 880 m2 , H.Əliyev küçəsində 180 m2 , B.Dadaşov küçəsində 1300 m2, 17 ədəd yol birləşməsi və döngələrdə ümumilikdə 5823 m2 sahəyə qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.
N.Nərimanov küçəsində 881 m2, Koroğlu küçəsində 648 m2, Bakı küçəsində 2077 m2 , 20 Yanvar küçəsində 1934 m2 , B.Dadaşov küçəsində 1300 m2 , 17 ədəd yol birləşməsi və döngələrdə ümumilikdə 5529 m2 sahəyə 6 sm qalınlığında xırda dənəli asfalt-beton qarışığından örtük qoyulmuşdur.
Şəhərdə il ərzində həyata keçirilən abadlıq işləri üzrə 4 küçədə 360 m2 sahə üzlük ağlay daşı ilə üzlənmiş, 797 m2 səkilərə tamet tava qoyulmuş, 1931 m2 qapılar, divarlar və sütunlar yağlı boya ilə rənglənmiş, 315 p/metr bardyur rənglənmiş, 28 ədəd işıqlanma dirəyi quraşdırılmış, 115 p/metr yeni bardyur qoyulmuşdur. Abadlaşdırma işlərinin görülməsinə yerli büdcədən 177 min manat vəsait xərclənmişdir.
Şəhərdə çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi istiqamətində 13 ədəd ikimərtəbəli, 2 ədəd beşmərtəbəli binanın dam örtüyü yenilənmişdir. Ümumilikdə 20,3 min m2 dam örtüyü sökülmüş və metal vərəqlərdən yeni örtük tikilmiş, 107,7 m2 tüstü bacası kərpic ilə hörülmüş, 78,8 m3 damda ağac şəbəkəsi quraşdırılmış, 1145 m2 tüstü bacası sement məhlulu ilə suvanmış və üzərinə emulsiya çəkilmiş, 886 m2 tüstü bacaları birləşmələrinə ağ sinklənmiş dəmir vurulmuş, 114 m3 çatı ayaqlar quraşdırılmış, 1116 m2 fasad hissə suvanmış və üzərinə emulsiya çəkilmiş, 130 m2 kürsü hissəsi ağ-lay daşı ilə üzlənmişdir. Çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsinə dövlət büdcəsindən ayrılmış 518 min 256 manat, yerli büdcədən ayrılmış 69 min 272 manat vəsait xərclənmişdir.
2015-ci ildən tikintisinə başlanılmış Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun indiyə kimi 36 km hissəsində torpaq yatağı hazırlanmış, 30 km hissəyə 12 sm qalınlığında, 6 metr enində asfalt örtüyü qoyulmuşdur, yolun qalan 12 km hissəsində torpaq yatağının hazırlanması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza səfəri zamanı söylədiyi “Mən Hacıqabulun daha da sürətlə inkişaf etməsini istəyirəm” – fikrinin reallaşması üçün rayonda bütün qüvvələr səfərbərliyə alınmışdır. Bir qədər əvvəl qeyd etdiyim kimi son illər ərzində rayonun iqtisadi potensialı ilə yanaşı yaşayış məntəqələrimizin görkəmi də nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Şəhərin səki, küçə, meydan və parkları yenidən qurulmuş, işıqlandırma sistemləri yeniləşdirilmiş, yaşıllaşdırma işi sürətlə davam etdirilir. Təkcə ötən ildə əraziyə 8 mindən çox ağac, 6 minə yaxın gül kolları və dekorativ çiçək əkilmişdir. Ərazidə yaşıllığın artması şəhərin mənzərəsini gözəlləşdirməklə yanaşı havanın təmizlənməsinə güclü təsir göstərir. Digər tərəfdən isti iqlimə malik aran rayonu Hacıqabulda yaşıllığın artması xüsusi ilə əhəmiyyətlidir.
Rayon ərazisində, xüsusi ilə şəhərdə səliqə-sahmanın və təmizliyin gözlənilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə sahəyə cavabdeh olan təşkilatların Kommunal Təsərrüfat İstehsalat Birliyinin, 1 və 2 saylı Mənzil İstismar Sahələrinin işçi qüvvəsi və maşın-mexanizmlərlə təminatı xeyli yaxşılaşdırılmışdır. Şəhərin bir neçə yerində tullantıların toplanması üçün xüsusi yerlər düzəldilmiş, küçə, meydan və parklara müasir zibil yeşikləri qoyulmuşdur. Bütün bunlar şəhərdə təmizlik, səliqə-sahman işlərinə müsbət təsir göstərir.
Bununla belə sahənin fəaliyyətində bəzi nöqsanlar qalmaqdadır. Şəhərin H.Həmidov küçəsindəki iri tullantı quyuları vaxtaşırı olaraq yandırılır. Bu hal yaxın ətrafda yanğın təhlükəsi yaratmaqla yanaşı, havanın çirklənməsinə şərait yaradır, sakinlərin haqlı narazılığına səbəb olur.
Yeri gəlmişkən deməliyəm ki, bəzi hallarda böyük zəhmət və vəsait hesabına salınmış yaşıllıq əraziləri mal-qara tərəfindən otarılır. Təəccüblü odur ki, mal-qaranın mövcud yaşıllıqları məhv etməsi mənzərəsini ətrafdan keçən sakinlər laqeydliklə müşahidə edir və qətiyyən narahat olmurlar.
Bu xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün sahəyə cavabdeh olan təşkilatların rəhbərləri – Kommunal İstehsalat Birliyinin müdiri Aqil Aslanov, 1 və 2 nömrəli Mənzil İstismar Sahələrinin müdirləri Taleh Səfərov, Samir Həmidov, Yaşıllaşdırma və abadlıq işləri sahəsinin müdiri Amil Hüseynov sahəyə nəzarəti gücləndirməli, sakinlərlə müntəzəm söhbətlər aparmalıdırlar. Yaşıllıqlara bilərəkdən mal-qara buraxan vətəndaşlar inzibati qaydada cəzalandırılmalı, belələrini ictimai-qınaq obyektinə çevirmək üçün “Hacıqabul” qəzetinin mətbuu gücündən istifadə olunmalıdır.
Hacıqabul hamımızın evidir. Onun təmiz, səliqəli, yaraşıqlı olması hər birimizin istəyidir. Bu istəyin reallaşması isə bizim fəal vətəndaş mövqeyimizdən və şəhərimizə olan qayğı və təəssüfkeşliyimizdən daha çox asılıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq aqroparkların salınması və bu sahələrə investisiyaların cəlb edilməsi istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hazırda da davam etdirilməkdədir.
Artıq rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlərə başlanılmışdır. Layihə üzrə 27,6 km uzunluğunda suvarma kanalının çəkilişinə başlanılıb
Padar, Qarasu ərazisində olan 10 min hektar əkinə yararlı iri münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 27 km uzunluğunda 1400 mm-lik boru xətlərindən istifadə etməklə 17,2 km uzunluğunda magistral suvarma kanalının çəkilməsi nəzərdə tutulub və artıq işlərə başlanılmışdır.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə uzunluğu 54 km-ə yaxın və 5 kub metr saniyə su tutumu olan Hacıqabul Magistral kanalında da işlər davam etdirilir. İndiyə kimi magistral kanalın 28,2 km-lik hissəsi və Padar-Qarasu ərazisində müxtəlif sərfiyatlı 21,2 km təsərrüfat daxili qol kanallar tikilib başa çatdırılmışdır. Bu kanallar ilə ötən təsərrüfat ilində ümumilikdə 5980 ha əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi həyata keçirilmişdir.
Rayonda aqroparkların yaradılması istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Bu aqroparkda infrastruktur təşkil edilmiş, pivot suvarma sistemi quraşdırılmışdır. 611 ha sahədə buğda, 525 ha sahədə şəkər çuğunduru, 100 ha sahədə pambıq, 75 ha sahədə qarğıdalı, 156 ha sahədə soya əkilmişdir. Aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksinin tikintisi işləri davam edir.
Meyniman kəndində 1936 ha torpaq sahəsi olan “Muğanaqro” parkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən ildə hər birinin sahəsi 2 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmış və ilkin mərhələdə 130 baş “simmental” cinsli iri buynuzlu mal qara gətirilmişdir.
Rayonun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30 min hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir. Həmin ərazidə pivot suvarma sistemləri tətbiq etməklə iri aqroparkın yaradılması istiqamətində işlərə başlanılmışdır. 2017-ci ilin payızında aqroparkda 27200 hektar sahədə taxıl əkini həyata keçirilmişdir.
Rayonunun Atbulaq kəndi ərazisində 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.
Atbulaq kəndində daha bir müəssisənin “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazidə müasir tipli istixananın tikintisi davam etdirilir. Burada İspaniya texnologiyası ilə dibçək üsulu ilə tərəvəz məhsulları yetişdiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən rayonda Hacıqabul Sənaye Məhəlləsi yaradılmışdır. Nazirlər Kabinetinin 29 sentyabr 2017-ci il tarixli 657 saylı sərəncamı ilə bu məqsədlə kateqoriyası dəyişdirilmiş 20 hektar torpaq sahəsi rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2017-ci il tarixli 139 saylı Sərəncamı əsasında icarəyə vermək hüquq ilə ““Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin daimi istifadəsinə verilmişdir. Hazırlanmış sənədlər ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim edilmişdir.
Hesabat dövründə əhaliyə göstərilən hər cür xidmətlər daim diqqət mərkəzində olmuşdur. Rayon Elektrik Şəbəkəsi tərəfindən satışa ötürülən 124 milyon 985 min kvt.saat enerjinin dəyəri 10 milyon 312 min manat olmuşdur. Ümumi ödəniş 8 milyon 949 min manat olmaqla 86,8 % təşkil etmişdir.
İl ərzində əhaliyə ötürülən elektrik enerji 51 milyon 370 min kvt.saat, dəyəri 3 milyon 595 min manat, toplanan vəsait isə 2 milyon 445 min manat olmuşdur ki, bu da əhaliyə verilən enerjinin 62,0 %-ni təşkil edir.
2017-ci il ərzində rayonun Udullu kəndində 1 ədəd yeni 35/10 kV-luq yarın stansiya tikilmişdir. 34 ədəd yeni müasir tipli KTM quraşdırılmışdır. Ümumilikdə 973 ədəd 10 kV-luq dəmir-beton aralıq dayaq basdırılmış, 35 km məsafədə yeni 10 kV-luq xətt çəkilmiş, 3762 ədəd 0,4 kV-luq SİP dayağı, 80,6 km metr məsafədə yeni SİP kabel xətti çəkilmişdir.
Rayonun Qarasu kəndi ərazisində 1 ədəd yeni 110/35/10 kV-luq yarımstansiya inşa edilmiş, Y/st-da 1 ədəd 110/35/10 kV-luq 25 mVA gücündə transformator quraşdırılmışdır.10 kV-luq Qarasu h/x-də 11 ədəd metal dayaq basdırılmış və 2000 metr məsafədə naqil çəkilmişdir.
6 kV-luq Şəhər h/x-də istismara yararsız 1500 metr naqil yenisi ilə əvəz olunmş, Meyniman h/x-də 14 ədəd dəmir-beton dayaq basdırılmış, 33 ədəd izolyator və 1500 metr naqil çəkilmişdir.
2017-ci il ərzində istehlakçılara dəyəri 5 milyon 360 min 254 manat olan 35,2 milyon kub metr qaz satılmış, ödəniş 5 milyon 228 min 595 manat olmaqla 97,54 % təşkil etmişdir. Hesabat dövründə 195 ədəd fərdi yaşayış evlərində yeni qazlaşdırma işi görülmüş, 709 ədəd “Smart” kart tipli sayğaclar yenisi ilə əvəz olunmuşdur.
Ötən il Sukanal idarəsi tərəfindən qəsəbə və kəndlərdə 50-219 diametrlərdə 1300 metr borular yeniləri ilə əvəz olunmuş, 8 ədəd yeni siyirtmə qoyulmuş, 60 siyirtmədə təmir və yağlanma işləri aparılmışdır. Əhaliyə 32 ədəd “Smart” sayğac, 368 ədəd mexaniki sayğac, qeyri əhaliyə isə 36 ədəd sayğac quraşdırılmışdır. Navahı qəsəbəsində 7,4 km uzunluğunda polietilen boru ilə su xətləri çəkilmişdir. 215 ədəd mexaniki sayğaclar quraşdırılıb. Qəsəbədə 2300 nəfərin su təchizatı tam yaxşılaşdırılmışdır.
Hesabat dövründə satılan suyun dəyərinin əhali tərəfindən ödənilməsi 82,0 %, qeyri əhali tərəfindən ödənilməsi 78,0 % təşkil etmişdir.
Azərsu ASC tərəfindən Oğuz-Qəbələ magistral su xəttindən Birinci Udullu kəndində 5, İkinci Udullu kəndində 10, Birinci Paşalı kəndində 2, İkinci Paşalı kəndində 3, Şorbaçı kəndində 2, Qubalı kəndində 3, Tağlı kəndində 4, Kür-Bakı magistral su xəttindən Axtaçı Şirvan kəndində 14, Sabirabad-Saatlı su xəttindən götürməklə Abdulabad kəndinə 14 və Padar qəsəbəsində 9 su bulağı quraşdırılmışdır.
Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Ağacanlı kənində 1 su təmizləyici qurğu quraşdırmaqla 11 bulaq inşa edilmişdir.
Telekommunikasiya Qovşağı tərəfindən Qızılburun kənd EATS-də nömrə tutumu 32 ədəd artırılaraq 155-ə, Qarasu kənd EATS-də nömrə tutumu 20 ədəd artırılaraq 276-ya, Talış kənd EATS-də nömrə tutumu 16 ədəd artırılaraq 272-ə , Muğan qəsəbə EATS-də nömrə tutumu 25 ədəd artırılaraq 481-ə çatdırılmışdır. Rayon mərkəzində əhalinin artan tələbatını nəzərə alaraq 150 nömrə tutumlu xətt şəbəkəsi və Abdulabad kəndində 30 nömrə tutumlu xətt şəbəkəsi quraşdırılaraq istifadəyə verilmişdir.
Rayonda əhaliyə göstərilən rabitə xidmətinin həcmi 2016-cı ilə nisbətən 3,48 % artaraq 625 min manat olmuşdur.
Ərazilərdə 18 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik və 15 Bələdiyyə fəaliyyət göstərir.
Rayonun bütün İnzibati Ərazi Dairələri müasir kompyuterlə təchiz olunmuşdur. Nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin qanuna uyğun aparılması daim diqqət mərkəzində olmuşdur. İnzibati Ərazi Dairələrinin kargüzarları ilə hər ay mütəmadi olaraq seminarlar keçirilir. İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin vəziyyəti rayon İcra Hakimiyyətinin Başçısı yanında Şurada müzakirə olunmuşdur.
2017-ci ilin yekunları ilə bağlı rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmişdir. Şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqlarında ərazilərdə sosial problemlərin aradan qaldırılması istiqamətində görülmüş və hazırda davam etdirilən işlər qeyd olunmuşdur. Yığıncaq iştirakçıları tərəfindən irəli sürülmüş rəy və təkliflərin əsasən şəhərdaxili yolların təmiri, Muğan qəsəbəsində içməli su təsərrüfatının yenidən qurulması, Kür qırağı ərazilərdə drenaj kollektorlarının lildən təmizlənməsi, Talış, Navahı kənd və Muğan qəsəbə tam orta məktəblərinin təmir olunması, Ələtli kənd İƏD üzrə nümayəndəliyin ərazisində elektrik təsərrüfatının yenidən qurulması və Udullu massivində yeddi kəndi rayon mərkəzi ilə birləşdirən Pirsaatçayı üzərindən keçən körpünün tikilməsinə köməklik göstərilməsini qeyd etmişlər.
Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılmış ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
Hesabat dövründə Qarasu kəndində daxili yollara 2.0 km məsafədə qum və çınqıl döşənərək qreyderlə hamarlanmışdır.
Muğan qəsəbəsində su xəttində 792 metr boru yenisi ilə əvəz edilmişdir. İl ərzində 1800 metr dən çox üstü açıq tipli kanalizasiya xətti lil və alaq otlarından təmizlənmişdir. Qəsəbə küçələrinə 6 metr enində 6 sm qalınlığında 1210 metr uzunluğunda qum-çınqıl qarışığı döşənmişdir. Qəsəbə sakinlərinin internetdən normal istifadə etmələri üçün 463 abonentlik elektron ATES qoşulmuşdur.
Navahı qəsəbəsində 200 metr ara yollara çınqıl tökülüb hamarlanmış, 1600 metr suvarma kanalı lildən təmizlənmişdir.
Navahı kəndində 2 km yola qum-çınqıl qarışığından əsas verməklə hamarlanmış, 150 metr su borusu yenisi ilə əvəz edilmiş, 1300 metr suvarma kanalı lildən təmizlənmişdir.
I Udullu, Şorbaçı və II Udullu kəndlərində uzunluğu ümumilikdə 2100 metr yola çınqıl döşənərək texnika vasitəsi ilə hamarlanmış və yolların dağılmış hissələri istifadəyə yararlı hala salınmışdır. Su kanalının 300 metr hissəsində lildən təmizlənmə işləri aparılmış və lazım olan hissələrinə dəmir borulardan istifadə etməklə körpülər salınmışdır. Həmçinin 5500 metr uzunluğunda olan suvarma kanalında cari təmir işləri aparılmışdır. Pirsaat çayı üzərindən keçən körpüdə bələdiyyələr tərəfindən cari təmir işləri aparılsa da hazırda körpü qəzalı vəziyyətdədir. Rayon İcra Hakimiyyəti tərəfindən körpünün yenidən tikilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılsa da bu günədək vəziyyət olduğu kimi qalmaqdadır.
Rəncbər kəndində yola çınqıl döşənmiş, 2000 metr kənd daxili suvarma və 2000 m-ə yaxın baş suvarma kanalı lildən təmizlənərək təmir olunmuşdur. Pirsaat çayında baş vermiş daşqınlar zamanı qəzalı vəziyyətə düşmüş körpüdə təmir işləri aparılmış 700 metr yola qum-çınqıl döşənmişdir.
Abdulabad kəndində şor kollektorlar və 3,5 km suvarma kanalı lildən təmizlənmişdir.
Qubalıbalaoğlan kəndində 1918-ci il erməni qırğınları zamanı şəhid olmuş Azərbaycan və Türk əsgərlərinin məzarlığı aşkar olunmuş və onların xatirəsinə Türk Səfirliyi tərəfindən Abidə kompleks tikilərək istifadəyə verilmişdir. Səfirlik tərəfindən kənd ərazisində 60 yerlik uşaq bağçasının tikilməsi planlaşdırılmış və yaxın günlərdə təməl qoyma mərasimi keçiriləcəkdir. Kənddaxili yolların 1000 metrinə qum-çınqıl tökülərək təmir olunmuşdur. Əkin sahələrini suvarma suyu ilə təmin edən 2500 metr kanal lildən təmizlənmişdir.
Padar qəsəbəsində “Azərsu” ASC tərəfindən əhalinin içməli su tələbatını ödəmək məqsədilə 9 ədəd bulaq tikilmiş və sakinlərin istifadəsinə verilmişdir. Qəsəbədə 1,5 km daxili yola çınqıl döşənərək təmir olunmuşdur.
Rayonun Meyniman, Ələtli, Atbulaq, Qızılburun, Talış kənd və Pirsaat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərini əhatə edən ərazilərdə ümumilikdə 60,5 km suvarma kanalı lildən təmizlənmiş, 10,2 km kənddaxili yollara qum-çınqıl qarışığı tökülərək hamarlanmışdır. Sel-sularının kənarlaşdırılması məqsədi ilə 2 km məsafədə bənd bərkitmə işləri və qrunt sularını kənarlaşdıran 7 km drenaj kollektorunda lildən təmizlənmə işləri aparılmışdır.
Görülmüş işlərlə yanaşı bəzi İnzibati Ərazi Dairələrində və bələdiyyələrdə çatışmazlıqlar da mövcuddur. Muğan qəsəbə əhalisini içməli su ilə təmin edən borular istismar müddətini başa vurmuşdur. Hazırda əhaliyə içməli suyun verilməsində çətinliklər vardır.
Abdulabad kənd və Muğan qəsəbə İƏD üzrə nümayəndəlik bələdiyyə ilə işlərini lazımı səviyyədə qurmamışlar. Kənddaxili və yol kənarlarında olan məişət tullantıları vaxtında daşınaraq zərərsizləşdirilmir. Hələ də rayonun bir sıra yaşayış məntəqələrində və yol kənarlarında ət kəsimi və satışı müvafiq qaydalara uyğun təşkil olunmur.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Rayonun Təhsil Şöbəsi 2017-ci il ərzində 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə ilə fəaliyyət göstərmişdir. Rayon Təhsil Şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Rayonun ümumtəhsil məktəblərində 10684 nəfər şagird təhsil almış və onların təlim tərbiyəsi ilə 933 nəfər təhsil işçisi məşğul olmuşdur.
2017-ci il ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.
İyun ayında Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşmiş buraxılış imtahanları keçirilmişdir. Buraxılış imtahanları 2 imtahan mərkəzində təşkil olunmuş və imtahanların keçirilməsi üçün rayon İcra hakimiyyəti tərəfindən hər cür şərait yaradılmışdır. Buraxılış imtahanlarının nəticələrində həm IX, həm də XI sinifdə ötən illə müqayisədə artım müşahidə olunmuşdur.
Rayonun ümumtəhsil məktəblərində ali məktəblərə qəbulla bağlı məqsədyönlü iş aparılmış, XI sinif şagirdləri arasında rəy sorğusu keçirilmişdir. Şagirdlərin alı məktəblərə hazırlığını daha səmərəli qurmaq üçün ayda bir dəfə sınaq imtahanı keçirilmiş, nəticələri təhlil olunmuşdur. Aparılmış təhlillər əsasında ali məktəbə qəbulda zəif həlqələr müəyyən olunmuş, problemlərin aradan qaldırılması üçün müvafiq təkliflər verilmişdir.
Aprel ayında ali məktəblərə ərizə qəbulu həyata keçirilmiş və rayonun ümumtəhsil məktəblərində oxuyan şagirdlərin arzularına uyğun olaraq ali və orta ixtisas məktəblərinə ərizə vermələri təmin olunmuşdur.
2017-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 181 nəfər, orta ixtisas məktəblərinə 70 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif alı məktəblərə rayon üzrə 108 nəfər (56,6%), orta ixtisas məktəblərinə 22 nəfər (31%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 21 nəfər ali məktəblərə, 5 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bütövlükdə ötən il rayon üzrə 129 nəfər ali məktəblərə, 27 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur
Son illərdə rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulu ilə bağlı göstəricilər ilbəil artmaqdadır. Belə ki, 2014-cü ildə rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə sənəd təqdim edənlərin 38,2 %-i, 2015-ci ildə 43,6%-i, 2016-cı ildə 50,2%-i tələbə adını qazanmışdısa, 2017-ci ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edənlərin 59,6% tələbə adını qazanmışdır.
Ali məktəbə qəbulda şəhər 2, 4, 5, 8 saylı, Muğan qəsəbə, Rəncbər, Qubalıbaloğlan kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Şəhər 5 saylı tam orta məktəbindən 13 nəfər ali məktəbə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 21 nəfəri 500-dən yuxarı, (şəhər 1,2,4,5,8 saylı, Muğan qəsəbə, Abdulabad, Rəncbər, Qubalıbaloğlan kənd tam orta məktəbləri) 3 nəfəri 600-dən yuxarı (şəhər 5 saylı, Navahı qəsəbə 1 nömrəli tam orta məktəbləri) bal toplamışlar.
Təəssüf ki, şəhər 6 saylı, Navahı qəsəbə 2 saylı, Meyniman, Muğan, Tağılı kənd tam orta məktəblərindən ali məktəblərə bir nəfər belə qəbul olunmamışdır.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2017-ci il ərzində fənlər müsabiqələri keçirilmiş, müsabiqələrdə 240 şagird iştirak etmişdir. Fənlər üzrə iştirak edən ən yüksək nəticə göstərən 11 nəfər şagird Bakı şəhərində keçirilən respublika mərhələsində iştirak etmişdir. Bununla yanaşı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında fənlər üzrə bilik yarışları keçirilmiş, müxtəlif fənlər üzrə sərbəst olimpiadalar təşkil olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2017-cı ildə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun bir qrup şagirdi mart ayında Quba, Qusar, Xaçmaz, noyabr ayında isə Qəbələ, Şəki, Zaqatala rayonlarında olmuşlar. Bu səfərlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Hacıqabul rayonu ümumtəhsil məktəbləri şagirdlərinin sayca 5-ci səfəri idi. Səfərlər zamanı rayonun 22 məktəbini təmsil edən 40 nəfər dərs əlaçısı, müxtəlif yarış və müsabiqə qalibi olan şagirdlər ölkəmizin görməli yerləri, tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunda I yer tutan Udulu kənd tam orta məktəbin X sinif şagirdi Məmmədova Nahidə Ümüd qızı respublika turuna vəsiqə almış və respublika turunda III yeri tutmuşdur.
Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Təhsil Şöbəsi 20-27 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır. Həftə ərzində rayonun bütün təhsil müəssisələrində müxtəlif səpkidə tədbirlər – inşa müsabiqəsi, bilik yarışları, şeir, mahnı, və rəsm müsabiqəsi, dəyirmi masalar, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər keçirilmiş və hərbi – vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.
Eyni zamanda rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həm də rayon turu keçirilmişdir.
Ötən il ərzində ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanmışdır.
5 mart - Bədən tərbiyəsi və İdman günü münasibətilə rayon Gənclər və İdman idarəsi ilə birgə geniş tədbir və qızlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilmişdir.
Rayon Təhsil Şöbəsi şagirdlərin dərsliklərlə təminatı məsələsini ciddi nəzarətdə saxlamışdır. Bu gün rayonun ümumtəhsil məktəblərinin I-XI siniflərdə oxuyan şagirdlər 100% pulsuz dərsliklərlə təmin olunurlar.
Yeni dərs ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən rayonun Muğan qəsəbə tam orta məktəbinin dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Bununla belə şəhər 3 və 7 saylı tam orta məktəblər üçün yeni binaların tikilməsinə, şəhər 5 saylı, Muğan qəsəbə. Talış, Navahı kənd tam orta məktəblərinin əsaslı təmirə ehtiyacı vardır.
Rayonda 91 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 50 həkim, 161 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol ambulatoriyası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibb profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar başlayan aksiya zamanı 70 mindən yuxarı əhalisi olan Hacıqabul rayonunun 58694 nəfəri tibbi müayinələrdən keçmiş, bunların arasında 668 nəfər xəstə aşkar edilmiş, həmin xəstələr rayon Mərkəzi Xəstəxanasında və Respublikanın müxtəlif tibb müəssisələrində müayinəyə cəlb olunmuşlar.
2017-ci ildə ilkin onkoloji xəstə 88 nəfər, ilin sonuna isə 253 nəfər olmuşdur.
Ötən il 236 nəfər xəstə şəkərli diabetlə ilkin qeydə alınmış, hazırda 1374 nəfər şəkərli xəstə kimi dispanser qeydiyyatında dayanır. Qeydiyyatda olan bütün xəstələr şəkər salıcı dərmanlar, qlükometr testləri ilə təmin olunmuşlar.
36 nəfər talassemiyalı xəstə dispanser qeydiyyatında olmuşdur. Bunlardan 4 nəfəri ilkin talassemiyalı xəstədir.
Ötən ildə insanın immun çatışmamazlıq xəstəliyinə yoluxmuşların aşkar olunması məqsədi ilə 2117 qan nümunəsi götürülərək QİÇS-ə görə müayinəyə göndərilmiş, 1215 nəfər ekspress testlə müayinə edilmişdir.
Ötən müddətdə rayon üzrə 1023 doğuş qeydə alınmış, evdə doğuş və ana ölümü olmamışdır. İl ərzində 1 yaşa qədər uşaq ölümü 1 nəfər, ölü doğulan uşaqların sayı 3 nəfər olmuşdur.
Cərrahi şöbədə 316 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahi əməliyyatdan sonra ölüm halı baş verməmişdir. Rayon üzrə 0-14 yaşlılar arasında uşaq ölümü 12 nəfər olmuşdur.
Uşaqlar arasında profilaktik peyvəndlər təqvim planına uyğun davam etdirilmiş və ümumilikdə 6879 uşağa profilaktik peyvənd aparılmışdır. İl ərzində ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq uşaqların icbari dispanserizasiyası aparılması prosesində 17401 uşaq müayinə olunmuş, 269 uşaq müxtəlif xəstəliklər üzrə dispanser qeydiyyatına götürülmüşdür.
Böyüklər və uşaqlar arasında tibbi profilaktik müayinələr ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bu il də aparılacaqdır.
Hesabat ilində Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, 120 nəfərdən qan götürülmüşdür.
Qeyd etmək lazımdır ki, rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq və s.) eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mənfi təsir göstərir.
Səhiyyə işinin rayon mərkəzində yüksək səviyyədə təşkil olunması üçün yeni bir korpusun tikilməsinə böyük ehtiyac vardır.
Təcili tibbi yardım stansiyasının avtomobilə və həkim kadrlara ehtiyacı vardır. Stansiya uyğunlaşmış binada yerləşir.
Göstərilən nöqsan və problemlərin aradan qaldırılması üçün Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Beydulla Qarayev mövcud imkanlardan maksimum istifadə etməlidir.
Rayon Mədəniyyət və Turizm sahəsində 17 klub müəssisəsi, o cümlədən 1 rayon, 6 kənd Mədəniyyət evi, 2 şəhər, 8 kənd klubu, Mərkəzi Kitabxana Sistemi üzrə 27 müstəqil dövlət kitabxanası, o cümlədən rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.
2017-ci il ərzində rayon Mədəniyyət və Turizm şöbəsinin tədbirlər planına uyğun olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda hərbi vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Qubalıbalaoğlan kənd klubunda idman dərnəyi, Şəhər klubunda, Muğan qəsəbə klubunda, Cəngən kənd diyarşünaslıq evində tibb kursları təşkil olunmuşdur. Rayonumuzun bütün qəsəbə və kəndlərindən gənc və yeniyetmələr bu kurs və dərnəklərə cəlb olunmuşlar. Bundan əlavə tədbirlər planına uyğun olaraq “Mədəniyyətimizi təbliğ edək” devizi altında rayonun mərkəzində, qəsəbə və kəndlərində yerləşən mədəniyyət müəssisələrində, o cümlədən, Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq muzeyində, rayon Mədəniyyət Mərkəzində, klub və mədəniyyət evlərində, rayon Mərkəzi Kitabxanası və onun filiallarında müxtəlif mövzulu sərgilər təşkil edilib, fotoguşələr yaradılmışdır. Rayon Mədəniyyət Mərkəzinin “Nur” insturumental ansamblı, kənd klub və mədəniyyət evlərinin kollektivləri əhali qarşısında konsert proqramları ilə çıxışlar təşkil etmişlər. Şəhər folklor klubunda “Narkomaniyaya qarşı mübarizə” devizi altında “Bəla”, “Dələduzlar” adlı tamaşalar hazırlanıb, nümayiş etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar ilin ilk günlərindən etibarən , “İslam Azərbaycan xalqının milli mənəvi dəyəridir” devizi altında rayonun mədəniyyət müəssisələrində müxtəlif məzmunlu tədbirlər, o cümlədən; sərgilər, görüşlər həyata keçirilmişdir.
“Ümumdünya Turizm günü” münasibəti ilə 22-27 sentyabr 2017-ci il tarixlərində Mədəniyyət Mərkəzi və onun filillarında Hacıqabul rayonunun tarixinə, görməli yerlərinə həsr olunmuş müxtəlif səpkili tədbirlər hazırlanıb həyata keçirilmişdir.
“Pir Hüseyn Xanəgahı” Tarixi Memarlıq Qoruğuna gələn turistlərin istirahəti üçün Qubalıbalaoğlan kənd klubunda, Rəncbər kənd Mədəniyyət evində konsert proqramları təşkil olunmuşdur.
Ötən il Rayon Mədəniyyət və Turizm şöbəsi üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” yaradılmışdır. Qrup mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması və onların potensialından daha geniş və səmərəli istifadə edilməsi ilə bağlı ilkin işlər görmüş, gənc əməkdaşların məlumat bazası hazırlanmışdır.
Şəhər Uşaq Musiqi məktəbində 7 ixtisas üzrə, o cümlədən; fortepiano, kamança, qarmon, skripka, qaboy, nağara, tar ixtisasları üzrə şöbələr fəaliyyət göstərmişdir. Məktəbdə həmin ixtisaslar üzrə 203 şagirdin ibtidai musiqi təhsili ilə 47 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində 35 şagird məktəbi tam bitirmişdir. Məktəbi müvəffəqiyyətlə bitirmiş şagirdlərdən 7 nəfər respublikanın müxtəlif musiqi kolleclərinə daxil olmuşdur. İyun ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən müsabiqədə şagirdlər uğurla iştirak etmişlər. Bakı şəhərində keçirilən Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Fortepiano ansamblı və müşayiət üzrə Respublika müsabiqəsində uğurlu çıxışlarına görə məktəbin VII sinif şagirdləri 4 “Fəxri Fərman” və 2 “Tərifnamə” ilə mükafatlandırılmışdır. Qalib iştirakçıların solo konsertləri təşkil olunmuş, rayon Mədəniyyət və Turizm şöbəsinin hədiyyələri şagirdlərə təqdim olunmuşdur.
2017-ci il ərzində rayon Tarix-Diyarşünaslıq muzeyinin əsas fonduna keçən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd yeni eksponat daxil olmuş, eksponatların ümumi sayı 6002-yə çatmışdır. 2016-cı ildə muzeydə keçirilən tədbirlərdə 30 qrup şəkilində 519 nəfər, fərdi gəlişlər 112 nəfər, cəmi 631 tamaşaçı iştirak etmişdirsə 2017-ci ildə keçirilmiş tədbirlərdə 1068 nəfər tamaşaçı iştirak etmişdir. İştirak edənlərin 845 nəfəri 30 qrup şəkilində, 223 nəfəri isə fərdi şəkildə iştirak edən ekskursiyaçı olmuşdur.
Ötən il rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti səmərəli olmuşdur. Mərkəz hesabat dövründə 8868 nəfər tamaşaçı qəbul etmiş, 240 qrup halında 85 ekskursiya təşkil olunmuşdur. 2017-ci ildə Mərkəzdə 28 nikah mərasimi qeyd olunmuşdur.
Mərkəzdə xalq yaradıcılığı studiyasında gənclər xalça toxumaq, foto, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. Elektron kitabxanadan və internetdən istifadə edirlər.
2017-ci il ərzində rayon Mərkəzi Kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq, kitab fondunun təbliğinə kömək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Öz vəzifəsini rayonun 71 mindən çox əhalisinə kitabla xidmətdə görən rayon dövlət kütləvi kitabxanaları, rayonun ərazisindəki kitabxanalardan oxucuların tam istifadəsinə nail olmaqdan ötrü özünün bütün imkanlarından istifadə etmişdir. Şəhər folklor klubunda, rayon Mərkəzi Kitabxanası və onun filiallarının birgə hazırladığı “Ana yurdum cəlalımdır, canımdır” adlı şer müsabiqəsi keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı “Mən oxudum, sən də oxu” adlı “Açıq kitabxana” təşkil olunmuş, tədbirdə 100-dən çox ədəbiyyat nümayiş etdirilmişdir.
Rayon Mədəniyyət Mərkəzinin qarşısında; “Teatr xadimlərimiz”, “Kənd təsərrüfatına aid kitablar”, “Uşaqlar dünyanın sevincidir” adlı sərgilər nümayiş etdirilmiş, “Turizm guşəsi” təşkil olunmuşdur.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondunun ümumi sayı 157670 nüsxədən ibarətdir.
Hesabat dövründə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucuların sayı 15028 nəfər, kitab verilişi 190170 ədəd, kitabxanalara gəliş 170.155 nəfər olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair 2016-2017-ci illər üçün tədbirlər planına uyğun olaraq yaşlı oxuculara, əlillərə evlərdə səyyar kitabxana xidmətinin təşkili həyata keçirilmiş, məktəblilər üçün kitabxanalarda “Yay məktəbləri”, şəhər və kəndlərin müxtəlif məkanlarında, idarə və təşkilatlarda “Açıq kitabxanalar”, “Səyyar kitabxanalar” təşkil olunmuşdur.
Kitabxanaların informasiyalaşdırılması sahəsində işlər davam etdirilmişdir. Kitabxanalara 80 ədəd yeni CD, DVD diskləri verilmişdir. Eyni zamanda 47941 ədəd latın qrafikalı, 48005 ədəd kiril qrafikalı, cəmi 95946 ədəd ədəbiyyatın elektron variantı hazırlanmışdır. 2017-ci il ərzində 191 ədəd dövrü mətbuat məqaləsi haqqında məlumatlar Mərkəzi Kitabxananın VEB saytında yerləşdirilmişdir.
Görülmüş işlərlə yanaşı bəzi problemlər də mövcuddur; Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə mənfi təsirini büruzə verir.
Rayon Gənclər və İdman İdarəsi hesabat ilində gənclərlə iş və idman sahəsi üzrə bir sıra tədbirlər həyata keçirmişdir.
Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik və vətəndaşlıq hissinin yüksəldilməsi sahəsində “Qarabağda yerləşən tarixi və mədəni abidələri tanıyaq və tanıdaq” mövzusunda təlim, “Qanlı yanvar”, “Ana dilim-doğma dilim” mövzusunda şeir müsabiqələri, “Xocalı soyqırımı gənc rəssamların əsərlərində” rəsm müsabiqəsi, “Tariximizi gəzə-gəzə öyrənək” devizi altında təlim, “Dünya Azərbaycanlılarının soyqırımı günü” mövzusunda görüş, “Şahin” hərbi-idman oyunları, “Azərbaycanın tarixi abidələri gənclərin gözü ilə” təlim, “Şuşa xalqımızın tarix və memarlıq abidəsidir” mövzusunda görüş, “Biz Sülh istəyirik” rəsm müsabiqəsi, “Ürəklərdə yaşayan lider” şeir müsabiqəsi, “28 May Respublika günü”, “18 oktyabr Dövlət Müstəqilliyi günü” münasibəti ilə dəyirmi masalar, “Dövlət Bayrağı günü” münasibəti ilə yürüş, “Odlar Yurdu Azərbaycan” intellektual yarış, Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Unudulmaz Lider” mövzusunda şeir müsabiqəsi, Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə “Vətənimiz evimizdir” adı altında müxtəlif bayram tədbirləri həyata keçirilmişdir.
İl ərzində boks üzrə rayon birinciliyi, voleybol üzrə oğlan və qızlar arasında şəhər birinciliyi, Yunan-Roma güləşi, “Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi, “Şən startlar” əyləncəli idman oyunları, “Mənim yaşıl meydançam” adı altında 15-16 yaşlı idmançılar arasında futbol üzrə şəhər birinciliyi keçirilmişdir.
Gənclər sahəsi üzrə 2017-ci il ərzində 33 tədbir həyata keçirilmiş və bu tədbirlərə 2555 nəfər cəlb olunmuşdur.
İdman sahəsi üzrə il ərzində 15 idman yarışı keçirilmiş və bu yarışlarda 1165 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir.
Lakin gənclərin çalışdığı idarə və müəssisələrdə dayaq məntəqələri, həvəskar yaradıcı dərnəklər yaradılmamışdır.
Məktəb yaşlı yeniyetmələr arasında idman oyunları təşkil edilsə də yuxarı yaşlı gənclər üçün bu iş zəif qurulur. Bu sahənin inkişaf etdirilməsi istiqamətində qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrin də fəaliyyəti aşağı səviyyədədir.
Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov kənd, qəsəbə İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə işgüzar əlaqələr yaradaraq yerlərdə gənclərin idmana cəlb olunmasını təmin etməlidir.
Rayon İcra Hakimiyyəti rayonda dini durumun vəziyyətini daima nəzarətdə saxlayır. Dini İşlər üzrə Komissiya tərəfindən rayon ərazisində dini durumun sabit saxlanmaq, mövcud problemləri təhlil etmək, mənfi tendensiyaları, radikal və qeyri-ənənəvi dini cərəyanların yayılma ehtimalının müəyyənləşdirilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür.
Ərazidə dini durumla bağlı ictimai rəyi, yaşayış məntəqələri üzrə əhalinin etnik və dini tərkibini, həmçinin məzhəb nisbətini, aktiv və ya qismən fəaliyyət göstərən, fəaliyyət göstərməyən məscid, ziyarətgah və digər ibadət yerlərinin sayını və yönümünü öyrənmək məqsədilə Dini işlər üzrə Komissiya tərəfindən müntəzəm işlər aparılır.
Respublika Prezidenti cənab İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, islam dəyərlərinin dünyada təbliğinə mühüm töhfələr verdiyini nəzərə alaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı sərəncam imzalamışdır. Bununla bağlı olaraq rayon İcra Hakimiyyəti yanında Dini İşlər üzrə Komissiya tərəfindən Tədbirlər Planı təsdiq edilmiş, plana uyğun olaraq həyata keçirilir.
Belə ki, Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonun kənd və qəsəbələrində mütəmadi olaraq “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlər keçirilmişdir.
Məlumat üçün bildiririk ki, rayon ərazisində 29 məscid, 8 pir və ziyarətgah fəaliyyət göstərir.
Hazırda 13 dini icma qeydiyyatdadır ki, bunlardan 7-si təkrar qeydiyyatdan keçmişdir.
Rayon ərazisində 21 İctimai təşkilat, 9 siyasi partiya, 2 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Rayonda iki mətbu orqanı, o cümlədən “Hacıqabul” qəzeti buraxılır. İcra Hakimiyyəti qəzetin vaxtlı-vaxtında və lazımı səviyyədə çap olunması və mətbuatın dövrlüyünü və təsirliliyini artırmaq üçün lazımı tədbirlər görür. Ayda 3 dəfə işıq üzü görən qəzet rayonun sosial-iqtisadi, mədəni həyatından, günün vacib məsələlərindən məlumat dərc edir.
Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının aşılanması, cənab prezident İlham Əliyevin fəaliyyəti, dövlətimizin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların gənc nəslə hərtərəfli çatdırılmasını təmin etmək məqsədilə rayon Heydər Əliyev Mərkəzinin nəzdində Heydər Əliyev Akademiyası yaradılmışdır.
Akademiyada ictimai-siyasi mühitə təsir edə biləcək müxtəlif sahələri və yaş qruplarını əhatə edən 60 nəfər dinləyici-müdavim təhsil alır. Mühazirələr hər ay 2 dəfə keçirilir.
Akademiyaya qəbul edilən dinləyici-müdavimlərə mühazirələrin aparılması 9 ay nəzərdə tutulur, mühazirələr bitikdən sonra, müdavimlər Akademiyanın sertifikatları ilə təltif ediləcəklər.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Hesabat dövründə yerli büdcənin mədaxil hissəsi daxilolmalar üzrə 5 milyon 174 min manat proqnoza qarşı 5 milyon 484 min 826 manat və ya 106,0 % icra edilmişdir. Yerli gəlirlərin yerli xərclərdən artıq qalan 1 milyon 398 min 83 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür. Rayon büdcəsinin xərc hissəsi 3 milyon 855 min manat təyinata qarşı 3 milyon 746 min 704 manat, yəni 97,2 % icra edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 manat və ya 0,7 % artaraq 311,8 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 750 min manat və ya 2,4 % artaraq 287,9 milyon manata çatmışdır. Rayon əhalisinin sayı min nəfər artaraq 74,6 min nəfər olmuşdur. Məşğul əhalinin sayı 36,4 min nəfər olmuşdur ki, bunun da 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,8 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.
Hesabat dövrü ərzində rayon Məşğulluq Mərkəzinə 1060 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 578 nəfər olmuşdur. 216 nəfərə işsizlik statusu verilmişdir.
2017-ci ildə rayonda 1931 yeni iş yeri açılmışdır ki, bunun da 1585-si daimidir.
Rayon ərazisində 124 ailə olmaqla 421 nəfər qaçqın, 423 ailə olmaqla 1611 nəfər köçkün ailəsinə, müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.
Rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “sair xərclər” vəsaitindən 2017-ci il ərzində ümumilikdə 88,8 min manat vəsait xərclənmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 225 nəfər şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə 4500 manat, “Bahar bayramı” münasibəti ilə rayonun park və küçələrinin bəzədilməsinə, eləcə də ümummilli liderin pannosunun dəyişdirilib yenisi ilə əvəz edilməsinə 3500 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş VII tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI sinif şagirdlərinin ekskursiya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 6000 manat, rayonda yaşayan rus millətindən olan sakinlərinə “Pasxa” bayramı ilə əlaqədar 440 manat və rayonun 635 nəfər şəhid, kimsəsiz, tənha yaşayan və imkansız, xəstə ailələrinə mal və qoyun əti alınıb paylanmasına 15240 manat və eləcə də 180 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına görə, o cümlədən elektrik qısa qapanması nəticəsində evləri yanmış və ziyan çəkilmiş rayon sakinlərinə evlərini təmir etdirmək üçün inşaat materiallarının alınmasına görə ümumilikdə 59 min 512 manat məbləğində maddi yardım verilmişdir.
DSMF Hacıqabul rayon şöbəsinə 2017-ci il ərzində büdcə təşkilatlarından 847,3 min manat, hüquqi şəxslərdən 537,3 min manat, fiziki şəxslərdən 268,7 min manat, torpaq payçılarından isə 2,5 min manat vəsait daxil olmuşdur.
Rayonda 01 yanvar 2018-ci il vəziyyətinə əmək pensiyaçılarının sayı 7398 nəfər olmuşdur. Bunlardan 4206 nəfəri yaşa görə, 2013 nəfəri əlilliyə görə, 1179 nəfəri ailə başçısını itirməyə görə pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 193,67 manat təşkil etmişdir.
146 ailə olmaqla 656 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
2017-ci il ərzində Rayon polis şöbəsi tərəfindən rayon ərazisində 205 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 35 cinayət ağır və xüsusi ilə ağır, 136 cinayət az ağır, 34 cinayət faktı böyük ictimai təhlükə törətməyən cinayət hadisələri olmuşdur. Baş vermiş cinayətlərin açılması 91,7 faiz təşkil olunmuşdur.
Dövr ərzində polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 100 fakt aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 4 kiloqram 717 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Dövr ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 3 cinayət hadisəsi qeydə alınmışdır.
2017-ci il ərzində rayon Prokurorluğunda 18 cinayət işi icraata qəbul edilmişdir. Bunlardan 5 iş 2016-cı ildən qalıq qalmış, 9 iş 2017-ci ildə başlanmış, 2 iş aidiyyəti üzrə daxil olmuş , 1 işin icraatı təzələnmiş, 1 iş isə digər işdən ayrılmışdır. İl ərzində prokurorluqda 3 xüsusi ilə ağır, 12 az ağır, 3 böyük ictimai təhlükə törətməyən cinayət işinin ibtidai istintaqı aparılmış, onlardan 7 cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilmiş, 6 cinayət işi üzrə icraata xitam verilmiş, 1 cinayət işi aidiyyəti üzrə göndərilmiş, 1 iş isə hazırda icraatdadır.
Ötən il rayon üzrə 1260 doğum, 420 ölüm, 477 nikah bağlanması, 114 nikahın pozulması faktı qeyd alınmışdır.
Rayon Qeydiyyat Şöbəsi tərəfindən 4906 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Hesabat dövrü ərzində icra hakimiyyətinə 857 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 275-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 20-sı Milli Məclisdən, 13-ü Nazirlər Kabinetindən, 29-u Respublikanın digər rəhbər təşkilatlarından, 520-si isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2017-ci il ərzində İcra Hakimiyyətinin Başçısı tərəfindən 533 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 324 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və işin icrası şöbələr tərəfindən nəzarətə götürülmüşdür.
Məlum olduğu kimi Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Dövlətimizin başçısı Proqramının icrası istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verməklə yanaşı ölkəmizin inkişafının hərtərəfli və dayanaqlı olması, xalqın güzəranının daha da yaxşılaşdırılması üçün regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılması və iqtisadiyyatın saxələndirilməsini prioritet vəzifələr kimi dəyərləndirmişdir. Cənab İlham Əliyev konfransdakı nitqində demişdir: “Azərbaycan bu gün də uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq.”
Dövlətimizin başçısı sonra əminliklə bildirmişdir ki, biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqın maraqlarına xidmət edir, dövlətimizi gücləndirir.