Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda ümumrayon “Novruz” şənliyi

19 mart 2018 | 16:00

19 mart 2018-ci il tarixdə Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi. Park başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi. Çörək, şəkərbura bişirən qadınlar, idman edən uşaqlar, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi.

Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.

İcra Hakimiyyətinin başçısı idmançıların müşayiəti ilə, Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalını yandırdı. Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansamblı şən musiqilərlə çıxış etdilər.

Tədbirdə gənc müğənnilər Sədaqət Ulduz, Şamil Dəniz, Rüfət Axundov, “Qismət” qrupu, Elza Seyidcahan, Şəhla Əhmədova şən musiqilərlə bayrama gözəllik qatdılar.

Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə davam etdi.

 

 

 

Keçidlər