İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat məruzəsi
2018-ci ilin birinci rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafın yekunları barədə rayon İcra hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 19 aprel 2018-ci il tarixli Şura iclasındakı
HESABAT MƏRUZƏSİ
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
2018-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, Azərbaycanın bu müddət ərzində uğurla inkişaf etdiyini, gücləndiyini, qarşıda duran vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini qeyd edən dövlət başçısı bu müsbət dinamikanın ilin sonuna qədər saxlanılacağına və ölkənin 2018-ci ili uğurla başa vuracağına əminliyini ifadə edib.
Dövlət başçısı bildirib ki, 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 %, qeyri-neft sektoru təxminən 3 % artmışdır. Sənaye istehsalı 2,0 %, qeyri-neft sənayesi 10,0 % artmışdır. Kənd təsərrüfatı 4,2 %, o cümlədən bitkiçilik 50,0 %-dən çox artmışdır.
Xarici ticarət dövriyyəsi 31,0 %, ümumi ixrac 24,0 %, qeyri-neft ixracı 37,0 % artmışdır. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq 44,2 milyard dollar olmuşdur. 2018-ci ilin birinci rübündə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Əhalinin gəlirləri təxminən 10,0 % artmış, inflyasiya isə cəmi 4,0 % olmuşdur.
Prezident cənab İlham Əliyev yekun nitqində ərzaq təhlükəsizliyinin təmin olunmasının, aqroparkların yaradılmasının, kənd təsərrüfatının müxtəlif sahələrinin və turizmin inkişafının əhəmiyyətini vurğulayaraq dəmir yolu infrastrukturunun yenidən qurulması, yeni “Asan xidmət” mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, qazlaşdırma, elektrik və su təchizatı, meliorativ tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib.
Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2018-ci ilin I rübündə rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2018-ci ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 58.3 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 milyon manat və ya 15,8 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 77,8 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % çoxdur. Bu ilin 3 ayında kənd təsərrüfatı məhsulunun həcmi 2288,9 min manat artaraq 26131,9 min manat, sənayedə məhsul buraxılışının həcmi 3945,9 min manat artaraq 5649,8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 1560,8 min manat artaraq 18734,3 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9,6 %, sənayedə 31,6 %, ticarətdə 9,1 % artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 3070,0 min manat və ya 5,7 % artaraq 56654,0 min manat, iaşə dövriyyəsi 55,0 min manat və ya 5,9 % artaraq 990,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 325,0 min manat və ya 4,3 % artaraq 7845,0 min manat, yük daşınmalarının həcmi 2,0 min ton və ya 3,1 % artaraq 67,0 min ton, sərnişin daşınmalarının həcmi 43 min nəfər və ya 3,2 % artaraq 1 397 min nəfər olmuşdur.
2018-ci ilin I rübündə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 462,9 min manat və ya 6,9 % artaraq 7182,0 min manat olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Rayonda bu ilin məhsulu üçün 41951,0 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27542 hektar çoxdur. Bu sahələrin 31288,0 hektarını buğda, 10663,0 hektarını isə arpa əkini təşkil edir.
Hesabat dövründə 286 hektarda tərəvəz, 62 hektarda bostan, 20 hektarda kartof, 117 hektarda şəkər çuğundur əkilmişdir.
Hesabat dövründə rayonda 5059 ton süd, diri çəkidə 2316 ton ət, 73806 min ədəd yumurta istehsal edilmişdir.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 406 baş və ya 1,05 % artaraq 38922 başa, xırda buynuzluların sayı isə 894 baş və ya 0,66 % artaraq 137136 başa çatmışdır. Quşların baş sayı 384,9 min baş və ya 11,27 % artaraq 3799,0 min baş olmuşdur.
“Aqrolizinq” vasitəsilə hesabat dövründə kənd əməkçilərinə 264,25 ton müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı 1,085 litr kimyəvi maddənin 70 % güzəştlə satışı həyata keçirilmişdir.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi 20476 ha suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. Hesabat dövründə 60,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. 232 km-ə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 16,960 mln.m3 su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birilliklərinə 12,690 mln.m3 su verilmişdir. Sudan istifadə əmsalı 0,97 olmuşdur. Hesabat dövründə 1 ədəd nasos aqreqatı, 1 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 12 ədəd hidrotexniki qurğu, 3 ədəd hidropost, 1 ədəd nasos stansiya binası, 1 ədəd mülki bina cari təmir olunmuşdur.
Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyyatlı 21,2 km təsərrüfat daxili qol kanallar ilə cari təsərrüfat ilində tarixən su görməyən Padar-Qarasu ərazilərinin ümumilikdə 6712 ha əkin sahələrini suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
2018-ci ildə idarə üzrə 36500 manat sudan pullu istifadə planlaşdırılmışdır. Sudan İstifadəedənlər Birlikləri tərəfindən I rübdə 6345,0 manat icra olunmalı halda cəmi 700,0 manat ödəniş həyata keçirilmişdir ki, bu da öhdəliyin 11 % icra olunması deməkdir.
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2018-ci ilin birinci rübü ərazində Abdulabad kəndi ərazisində K-3-17-3, təsərrüfat daxili kollektorlarda 4550 pm, K-2 yığıcı kollektorunda 1500 pm, Kolanı kəndi ərazisində 1470 pm, Baş Şirvan Kollektorunun Abdulabad kəndi ərazisindən keçən hissəsində 1190 pm lildən təmizlənmə işi aparılmışdır. Bundan əlavə bir sıra nasos stansiyasının elektrik avadanlıqlarında sazlama işləri aparılmış, K 2 təzə nasos stansiyasında 1 ədəd QDK 65 nasos aqreqatı təmir olunaraq saz vəziyyətə gətirilmişdir.
Hesabat ərzində rayonun Baytar həkimləri tərəfindən iri buynuzlu və xırda buynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı müayinə və vaksinasiya işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal hazırda da davam etdirməkdədir.
Cari ildə rayonumuzda 1300,0 ha sahədə pambıq əkiləcəkdir ki, bu da keçən ilin pambıq əkinindən 96,1 ha və ya 10,7 % çoxdur. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “Hacıqabul Kənd Təsərrüfatı MMC” arasında xam pambığın istehsalı və alqı-satqısına dair müqavilələr bağlanmışdır. Hal-hazırda intensiv səpin işləri həyata keçirilir. Məqsədimiz əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 2600 tondan çox pambıq istehsal etməkdir.
Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38 000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir və cari ildə də bu iş davam etdiriləcəkdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır. Cari ildə rayonda 3,0 ton barama istehsalı nəzərdə tutulmuşdur. Barama istehsalı ilə məşğul olacaq şəxslərin müəyyənləşdirilməsi və hazırlıq işləri aparılmışdır.
Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Bu aqroparkda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. 417,0 ha sahədə buğda, 100,0 ha sahədə arpa, 117,0 ha sahədə şəkər çuğunduru əkilmişdir. 70 ha sahədə pambıq, 978,0 ha sahədə qarğıdalı, 98,0 ha sahədə soya əkilməsi həyata keçiriləcəkdir. Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində son tamamlama işləri həyata keçirilir, ilkin mərhələdə 231 baş cins iri buynuzlu mal qara gətirilmiş, mərhələlərlə heyvanların gətirilməsi davam etdirilir.
Hacıqabul rayonunun Meyniman kəndində sahibkar Natiq Dostəliyevə məxsus 1936 ha torpaq sahəsi olan aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın su, işıq və qaz təminatı mövcuddur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən ildə hər birinin sahəsi 2,0 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Bundan əlavə 150,0 ha sahədə buğda, 245 ha sahədə arpa, 144 ha sahədə yonca, 20,0 ha sahədə soğan əkilmişdir, 70,0 ha sahədə pambıq, 5,0 ha sahədə bostan tərəvəz əkilməsi nəzərdə tutulmuş, 57,0 ha sahədə meyvə bağı salınaraq meyvə bağlarının ümumi sahəsi 114,0 hektara çatıdırılmışdır. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmış və ilkin mərhələdə 300 baş “simmental” cinsli iri buynuzlu mal qara gətirilmişdir.
Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla təxminən 27 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Uzunluğu 4905 metr olmaqla mövcud torpaq kanalının yenidən qurulması, üzən nasos stansiyasının quraşdırılması və nasosa xidmət edən binaların tikintisi işləri görülməlidir. Hal-hazırda torpaq işləri tam başa çatdırılmış, xidmətçi binalar tikilmişdir. Kanal 9 km-də boru xətti və 13 km-də beton kanal olmaqla 22 km olacaqdır.
Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30 000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilmişdir.
Bu ərazidə 1 ədəd 110 kvt, 2 ədəd 35 kvt yarımstansiyanın tikintisi və 17 km-lik su xəttinin çəkilişi başa çatmışdır. 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. 2018-ci ilin sonuna kimi aqroparkın əkin sahələrinin tamamilə pivot suvarma sistemi ilə əhatə olunması nəzərdə tutulmuşdur. Aqroparkda 4 ədəd kultivator (coker), 2 ədəd toxumsəpən (Horsh) alınmışdır. 26 ədəd CASE markalı traktor, 10 ədəd CASE markalı kombayn sifariş verilmişdir. 2018-ci ilin məhsulu üçün aqroparkda 27200,0 hektar sahədə taxıl, o cümlədən 25200,0 ha sahədə buğda, 2000,0 ha sahədə arpa əkini həyata keçirilmişdir.
Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.
Hacıqabul rayonunun Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17,0 hektar ərazidə müasir tipli istixananın tikintisi davam etdirilir. 10 ha sahədə İspaniya texnologiyası ilə istixana tikilir. Layihənin ümumi dəyəri təxminən 40,0 mln. manatdır. Kompleksin 5,0 hektarında tikinti işləri başa çatmış, qalan 5 hektarda da tikinti işlərinə başlanılmışdır. İstixananın məhsul istehsalı gücü 1,0 ha üçün 250-300 tondur. Kompleksdə tikinti işləri başa çatdıqdan sonra burada 150-180 nəfər işlə təmin olunacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsi yaradılmış, onun fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunmuş, fəaliyyət göstərməzi üçün ayrılacaq 20,0 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye kateqoriyasına keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2017-ci il tarixli 657 s saylı sərəncamı ilə Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 77K nömrəli qış otlağından 20,0 hektar torpaq sahəsi sənaye kateqoriyasına keçirilmişdir. Kateqoriyası dəyişdirilmiş 20,0 hektar torpaq sahəsi Hacıqabul rayon İcra hakimiyyəti başçısının 09 oktyabr 2017-ci il tarixli 139 saylı Sərəncamı əsasında icarəyə vermək hüquq ilə ““Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin daimi istifadəsinə verilmişdir.
Hesabat dövründə H.Həmidov küçəsi 10 saylı 1 mərtəbəli yaşayış binasında metal vərəqələrdən 449,0 kv.metr dam sökülmüş və 429,0 kv.metr ölçüdə dam örtüyü düzəldilmişdir. Damda 4,51 kub metr ağac şəbəkə sökülmüş və 4,54 kub metr düzəldilmiş, 8 kub metr tüstü boruları kərpic ilə hörülmüş, 32,0 kv.metr tüstü bacaları suvanmış və emulsiya çəkilmişdir, tüstü bacalarının birləşmələrinə sinklənmiş dəmir vurulmuşdur. 1,8 kub metr çatı ayaqları çökülmüş və yenisi ilə əvəz edilmişdir. 8,0 kv.metr taxta karniz vurulmuş, sinklənmiş dəmirdən 80 pm navalçalar və karniz dəyişdirilmişdir. 122 ədəd su axıdan dirək, 8 ədəd su axıdan qıf və 24 pm su axıdan boru qoyulmuşdur. 449,0 kv.metr qabırğa qəfəsinə və 1,8 kub metr çatı ayaqlarına oddan mühafizə qatı çəkilmişdir.
Babək küçəsi 2 saylı 5 mərtəbəli və 4 saylı 5 mərtəbəli yaşayış binalarında 900,0 kv.metr fasad divar səthinə emulsiya çəkilmiş, 257,1 kv.metr kürsü divarı ağ-lay tavalarla üzlənmişdir. 200 pm plastmas borular, 200 pm elektrik kabelləri çəkilmiş və 6 ədəd plafon quraşdırılmışdır.
Hesabat dövründə A.Bakıxanov, N.Dadaşov, Hüseynbala Əliyev, M.F.Axundov, M.Müşfiq, İ.Məmmədov, X.Məmmədov, Ə.Vahid, Koroğlu, A.Abdullayev, C.Cabbarlı, Y.Şirəliyev, T.Bağırov küçələrinə ümumilikdə 4110,6 kub metr həcmdə qum-çınqıl qarışığından əsasın verilməsi;
V.Talıbov, M.B.Nadim, H.Həmidov, H.Z.Tağıyev, Bakı, B.Dadaşov küçələrinə ümumilikdə 2768 kub metr həcmdə qum-çınqıl qarışığından əsas və 11052 kub metr 6 sm qalınlıqda asfalt verilməsi nəzərdə tutulmuşdur.
İşlərə cari ilin II rübündə başlanılacaqdır.
Hacıqabul rayonunun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48,0 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işləri davam etdirilir. Hal-hazıra kimi yolun 48,0 km hissəsində torpaq yatağı hazırlanmış, ondan 37,5 km hissəyə 12 sm qalınlığında 6 metr enində asfalt örtüyü qoyulmuşdur
Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2018-ci ilin birinci rübündə də davam etdirilərək 4500 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
Yeri gəlmişkən deməliyəm ki, bəzi hallarda böyük zəhmət və vəsait hesabına salınmış yaşıllıq əraziləri mal-qara tərəfindən otarılır. Təəccüblü odur ki, mal-qaranın mövcud yaşıllıqları məhv etməsi mənzərəsini ətrafdan keçən sakinlər laqeydliklə müşahidə edir və qətiyyən narahat olmurlar.
Rayon ərazisində, xüsusi ilə şəhərdə səliqə-sahmanın və təmizliyin gözlənilməsi diqqət mərkəzində saxlanılır. Şəhərin bir neçə yerində tullantıların toplanması üçün xüsusi yerlər düzəldilmiş, küçə, meydan və parklara müasir zibil yeşikləri qoyulmuşdur. Bütün bunlar şəhərdə təmizlik, səliqə-sahman işlərinə müsbət təsir göstərir.
Hacıqabul Elektrik Şəbəkəsi 2018-ci ilin I rübündə 34.234.100 kvt.saat enerji almışdır. Satışa ötürülən enerjinin dəyərinin ödənişi 73,3 % təşkil etmişdir. Hesabat dövründə 2018-ci ilin I rübü ərzində Hacıqabul Elektrik Şəbəkəsinin xidməti əraziləri olan Qarasu kəndində yeni inşa edilmiş 110/35/10 Kv-luq Qarasu yarımstansiyasında 2 ədəd 50,0 mVa transformator, Pirsaat qəsəbəsində yeni inşa edilmiş 35/6 kV-luq 752 saylı yarımstansiyada da 2 ədəd 10,0 mVa gücündə transformatorlar quraşdırılmışdır. Pirsaat qəsəbəsində 7, Navahı kəndində isə 8 ədəd müasir tipli komplekt transformator məntəqələri (KTM) quraşdırılmışdır.
Muğan qəsəbəsində 35 kV-luq Udullu hava xəttinin 1 saylı qapalı paylayıcı qurğuya qoşulmasında 2 ədəd 35 kV-luq dəmir konstruksiyalı aknker dayaq, 8 ədəd 35 kV-luq aralıq beton dayaqlar istifadə olunmaqla 1,4 km məsafədə 35 kV-luq hava xətti çəkilmişdir.
Hesabat dövründə Navahı kəndində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 270 ədəd dəmir-beton dayaq basdırılmaqla 13,5 km məsafəyə 6 kV-luq hava xətti çəkilmişdir. Udullu kəndində 6 ədəd komplekt transformator məntəqələri (KTM) quraşdırılmış, Pirsaat qəsəbəsində 0,4 kV-luq elektrik veriliş xətlərində 824 ədəd metal dayaqlar basdırılmış və 20,1 km məsafədə açıq naqillər özünü daşıyan izolyasiyalı (ÖİN) naqillərlə əvəz olunaraq istehlakçıların istifadəsinə verilmişdir.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2018-ci ilin I rübündə istehlakçılara 16220241 kub metr qaz satılmış, ödəniş 1798113,35 manat olmaqla 81,62 % təşkil etmişdir.
2018-ci ilin I rübündə əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 50-219 diametrdə 120 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 3 ədəd diametri 100 mm ola yeni siyirtmələr quraşdırılmışdır. Qeyri əhali qrupuna 8 ədəd smart sayğac quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənişi 78 %, qeyri-əhaliyə satılan suyun ödənişi isə 75 % təşkil etmişdir.
2018-ci ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən Navahı qəsəbəsində 272 nömrəli tutumlu EATS-in 50 nömrə tutumlu daxili xətt şəbəkəsi tikilərək istifadəyə verilmiş, 50 ədəd telefon və 50 ədəd internet çəkilişi təmin olunmuşdur. Kolanı kənd EATS-nin xətt şəbəkəsi genişləndirilərək 30 ədəd telefon və internet çəkilişi təmin olunmuşdur. Cari ilin birinci rübü ərzində 90 ədəd telefon və 280 ədəd internet çəkilişi təmin olunmaqla 01.04.2018-ci il tarixə telefon abunəçilərinin sayı 6354, internet abunəçilərinin sayı isə 3845 ədədə çatmışdır. Rüb ərzində 120 ədəd rabitə dirəyi 95 ədəd beton calaq, 120 ədəd kabel meydançası və 120 ədəd traves yenisi ilə əvəz olunmuşdur. Tələbat nəzərə alınaraq Mərkəzi ETAS-də 250, xidməti ərazilərdə isə 600 portluq DSLAM (internet) avadanlıqları quraşdırılmış və istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində cari ilin birinci rübündə də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.
2018-ci ilin 3 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2018-ci ilin 3 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 28 nəfər şagird olimpiadanın zona turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında zona turunda iştirak etmişlər.
Rayonun ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ardıcıl iş aparılır. Böyüməkdə olan nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirən Hacıqabul rayon Təhsil şöbəsi 20-26 fevral tarixlərini hərbi-vətənpərvərlik həftəsi elan etmiş və bununla bağlı tədbirlər planı hazırlanmışdır.
Ötən 3 ay ərzində təhsil sahəsində yadda qalan hadisələrdən biri rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonun ümumtəhsil məktəblərində oxuyan, təhsildə fərqlənən 40 nəfər şagird mart ayının 26-29-da Quba, Qusar və Xaçmaz rayonlarına səfər etmişlər.
Ötən 3 ay ərzində Rayon Gənclər və İdman idarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həmdə rayon turu keçirilmişdir.
Gənclər sahəsi üzrə 9 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 1472 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmişdir.
İdman sahəsi üzrə 5 İdman yarışları keçirilmiş, bu yarışlarda 508 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə ilə qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.
2018-ci ilin I rübündə rayon səhiyyəsində 50 həkim, 157 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 31 nəfər həkim 29 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 18 ştat vahidi rayon mərkəzində, 10 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.
Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirməsi ilə əlaqədar 17 fevral 2014-cü il tarixindən başlayan aksiya bu ilin fevral ayının 15-dən etibarən hal-hazıra kimi müvəffəqiyyətlə həyata keçirilir. Bu günə kimi səhiyyə işçiləri, 73 mindən yuxarı əhalisi olan rayonun 24816 nəfərini tibbi müayinələrdən keçirmiş, bunların arasından 410 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə yerli ambulator və stasionar müalicəyə cəlb etmişdir.
2018-ci ilin I rübündə Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 55136 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 536 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 5217 nəfər olmuşdur.
Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilməkdədir. 2018-ci ilin I rübü ərzində 87 cütlük müayinədən keçmiş, bunlardan altı nəfərdə talassemiya xəstəliyi aşkar edilmişdir.
Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi, 2018-ci ilin I rübü ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.
Hacıqabul rayon Mədəniyyət müəssisələrində 2018-ci il üçün geniş perspektiv tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.
İlin 3 ayı ərzində rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 107 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 12 qrup tərkibində, fərdi gəlişlər 167 nəfər, 184 tamaşaçı iştirak etmişdir.
Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Mərkəzdə 118 qrup şəklində 1678 nəfər tamaşaçı qəbul edilmişdir. Mərkəzdə kursların açılması ilə əlaqədar xalq yaradıcılığı studiyasında gənclər, yuxarı sinif şagirdləri onlar üçün təyin olunmuş vaxtlarda xalça ustasından xalça toxumaq, foto studiya, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. İnternet elektron kitabxanasında asudə vaxtlarında internetdən istifadə edirlər.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət və Uşaq şöbəsi 3 ay ərzində 1, 2, 24, 30 saylı kitabxana filialları şəhərin bir sıra orta məktəblərində, Pir Hüseyn Tarix Memarlıq Qoruğunun inzibati binasında yeni açılmış kitabların sərgisini açmış, vətənpərvərliklə bağlı məktəbli uşaqlarla sual-cavab keçirmişlər.
Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur; Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Hesabat dövründə yerli büdcənin mədaxil hissəsi 760 890 manat proqnoza qarşı 799 127 manat və ya 105,0 % icra edilmiş, plandan artıq qalan 284 141 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür. Rayon büdcəsinin xərc hissəsi 778 020 manat təyinata qarşı 609 406 manat, yəni 78,3 % icra edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 manat artaraq 312,9 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 2446,2 min manat və ya 4,2 % artaraq 60689,2 min manata çatmışdır. Məşğul əhalinin sayı 400 nəfər artaraq 36,5 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,9 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.
Cari ilin birinci rübündə rayon Məşğulluq Mərkəzinə 259 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 266 nəfər olmuşdur. 52 nəfərə işsizlik statusu verilmişdir.
Hesabat dövründə rayonda 252 yeni iş yeri açılmışdır ki, bunun da 182-si daimidir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 iş yeri çoxdur.
Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.
Rayon icra hakimiyyətinin “Büdcədən kənar və Sair xərcləri” vəsaitindən 2018-ci ilin I rübü ərzində ümumilikdə 15965,00 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 260 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə 5200,00 manat, Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr” nəşriyyatına “İlham Əliyev "İnkişaf məqsədimizdir" 180 cildlik kitablarının çap edilməsi üçün 3240,00 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX–XI sinif fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarına ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 6000,00 manat eləcə də rayonun 16 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına 1525,00 manat məbləğində maddi yardım verilmişdir.
Rayonda 01 aprel 2018-ci il vəziyyətinə pensiyaçıların ümumi sayı 7443 nəfər olmuşdur. Bunlardan 4212 nəfəri yaşa görə, 2028 nəfəri əlilliyə görə, 1203 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 197,81 manat təşkil etmişdir. 2018-ci ilin I rübündə 3562 nəfərə sosial müavinətlər, 929 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir. Sosial sığorta üzrə 403300 manat proqnoza qarşı 397500 manat vəsait yığılmış, proqnoz 98,6 % icra edilmişdir.
Rayon ərazisində 124 ailə olmaqla 421 nəfər qaçqın, 426 ailə olmaqla 1609 nəfər köçkün ailəsinə rayon İcra hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.
2018-ci ilin 3 ayı ərzində Polis şöbəsi tərəfindən rayon ərazisində 62 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 5-i ağır və xüsusi ilə ağır, 45-i az ağır, 12 fakt böyük ictimai təhlükə törətməyən cinayətləridir. Baş vermiş cinayətlərin açılması 93,0 faiz təşkil etmişdir.
Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 31 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 2695,805 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
3 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi qeydə alınmamışdır.
2018-ci ilin birinci rübü ərzində Hacıqabul rayon Prokurorluğuna 3 cinayət işi daxil olmuşdur, onlardan 2-si 2018-ci ildə daxil olmuş, 1 iş 2017-ci ildən qalıq qalmışdır. Bunlardan 1 iş aidiyyəti üzrə göndərilmiş, 2 cinayət işi hal-hazırda icraatdadır. 17 cinayət xarakterli material daxil olmuşdur, bunlardan 11 cinayət işinin başlanması rədd olunmuş, 2 material aidiyyəti üzrə göndərilmiş, 2 material üzrə cinayət işi başlanmışdır. Vətəndaşların qəbulu ilə əlaqədar olaraq 15 nəfər şəxs Prokurorluqda qəbul olunmuşdur. Dövr ərzində 44 ərizə, şikayət daxil olmuşdur. Daxil olmuş müraciətlərlə əlaqədar qanunvericiliyinə uyğun olaraq qərarlar qəbul olunmuşdur.
2018-ci ilin 3 ayı ərzində Rayon Qeydiyyat şöbəsində 258 doğum, 116 ölüm, 99 nikah bağlanması qeyd olunmuşdur. 15 nikah pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 838,0 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin I rübündə icra hakimiyyətinə 205 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 87-si Prezident Administrasiyasından, 9-u Nazirlər Kabinetindən, 16-sı Respublikanın digər rəhbər təşkilatlarından, 93-ü isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2018-ci ilin birinci rübündə Icra hakimiyyətinin Başçısı tərəfindən 116 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 68-i nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.