İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ
2018-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 13 iyul 2018-ci il tarixli Şura iclasındakı
HESABAT MƏRUZƏSİ
İyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
2018-ci ilin birinci yarısının yekunlarının müsbət olduğunu, Azərbaycanın bu müddət ərzində uğurla inkişaf etdiyini, gücləndiyini, qarşıda duran vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini qeyd edən dövlət başçısı bu müsbət dinamikanın ilin sonuna qədər saxlanılacağına və ölkənin 2018-ci ili uğurla başa vuracağına əminliyini ifadə edib.
Ordumuzun döyüş qabiliyyətindən danışan ölkə başçısı bildirib ki, ordumuz çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir.
Dövlət başçısı bildirib ki, 2018-ci ilin altı ayı ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Ölkə iqtisadiyyatına 6,0 milyard dollar sərmayə qoyulmuşdur. Birinci yarımildə qeyri-neft sektoru 2,0 % artmışdır. Sənaye istehsalı 1,0 %, qeyri-neft sənayesi 8,8 % artmışdır. Kənd təsərrüfatı 7,6 %, o cümlədən bitkiçilik 14,0 %-dən çox artmışdır.
Xarici ticarət dövriyyəsi 35,0 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Valyuta ehtiyatlarımız 44,3 milyard dollar təşkil edir. 2018-ci ilin altı ayı ərzində 67 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 58 mini daimi iş yeridir. Əhalinin gəlirləri təxminən 9,3 % artmış, inflyasiya isə cəmi 3,0 % olmuşdur.
May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb - “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP qrafik üzrə icra edilir.
Prezident cənab İlham Əliyev yekun nitqində ərzaq təhlükəsizliyinin təmin olunmasının, aqroparkların yaradılmasının, kənd təsərrüfatının müxtəlif sahələrinin və turizmin inkişafının əhəmiyyətini vurğulayaraq dəmir yolu infrastrukturunun yenidən qurulması, yeni “Asan xidmət” mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, inşaat sektoru, qazlaşdırma, elektrik və su təchizatı, meliorativ tədbirlərin görülməsi, yeni yolların salınması ilə bağlı tapşırıqlarını verib.
Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2018-ci ilin birinci yarısında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2018-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 139,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 milyon manat və ya 4,7 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 78,4 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 % çoxdur. Bu ilin altı ayı ərzində kənd təsərrüfatı məhsulunun həcmi 5938,7 min manat artaraq 67799,8 min manat, sənayedə məhsul buraxılışının həcmi 6151,5 min manat artaraq 12298,1 min manat, ticarətdə məhsul buraxılışının həcmi 2398,4 min manat artaraq 38698,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 9,6 %, sənayedə 100,8 %, ticarətdə 6,6 % artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 7214,0 min manat və ya 6,61 % artaraq 116.322,0 min manat, iaşə dövriyyəsi 120,0 min manat və ya 6,32 % artaraq 2.020,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 894 min manat və ya 5,87 % artaraq 16.114,0 min manat, məişət xidmətlərinin həcmi 182 min manat və 5,87 % artaraq 3282 min manat, yük daşınmalarının həcmi 4,0 min ton və ya 3,3 % artaraq 126 min ton, sərnişin daşınmalarının həcmi 89 min nəfər və ya 3,3 % artaraq 2.798 min nəfər, rabitə xidmətlərinin həcmi 26,5 min manat və ya 8,53 % artaraq 337,2 min manat olmuşdur.
2018-ci ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 18.416 min manat olmuşdur. İstifadəyə verilmiş əsas fondlar 59,8 min manat və 4,5 % artaraq 1388 min manata çatmışdır. Ümumi mənzil fondu 15,6 min kv.metr və 1,34 % artaraq 1176,1 min kv.metr olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Rayonda bu ilin məhsulu üçün 43011,0 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28602 hektar çoxdur. Bu sahələrin 31848,0 hektarını buğda, 11163,0 hektarını isə arpa əkini təşkil edir. 43011,0 hektar taxıl sahəsindən 63691,2 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 30082,2 tonunu buğda, 33609,0 tonunu isə arpa təşkil edir. Məhsuldarlıq arpa bitkisi üzrə isə 30,11 sentner olmuşdur. Hal-hazırda biçin işləri davam etdiyi üçün buğda bitkisi üzrə məhsuldarlıq hesablanmamışdır.
2018-ci ilin birinci yarısında 830 hektar sahədə bostan, 458 hektar sahədə tərəvəz, 1120,0 hektar sahədə qarğıdalı, 42 hektar sahədə kartof, 1300,0 hektar sahədə pambıq, 460,0 hektar sahədə yonca, 117 hektar sahədə şəkər çuğunduru, 20,0 hektar sahədə soya, 65 hektar sahədə paxlalı bitkilər, 7 hektar sahədə darı və 7 hektar sahədə sorgo olmaqla cəmi 6457,0 hektar sahədə yazlıq əkin aparılmışdır.
2018-ci ilin birinci yarısında 3186 ton tərəvəz, 1761 ton bostan, 2188 ton meyvə, 495 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bostan məhsulları istehsalı 321 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 3 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 25 ton artaraq 9869 tona, yun istehsalı 1 ton artaraq 229 tona çatmışdır. Hesabat dövründə yumurta istehsalı 143.812 min ədəd olmuşdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 477 baş və ya 1,24 % artaraq 39037 başa, xırda buynuzluların sayı isə 990 baş və ya 0,73 % artaraq 137358 başa çatmışdır. Hesabat dövründə diri çəkidə 4439 ton ət istehsal edilmişdir.
Quşların baş sayı 384.834 baş və ya 11,27 % artaraq 3.798.969 min baş olmuşdur.
“Aqrolizinq” vasitəsilə hesabat dövründə kənd təsərrüfatı əkinçilərinə 1363,9 ton müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı 3016,0 litr kimyəvi maddənin 70 % güzəştlə satışı həyata keçirilmişdir.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi 20543 ha suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. Əkinlərin su təminatının yaxşılaşması üçün 2018-ci ilin 6 ayında 130,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.
Əkinlərin suvarılması üçün 2018-ci ilin yanvar-iyun aylarında su mənbələrindən 66,14 mln. kub metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birilliklərinə 49,58 mln. kub metr su verilmişdir. Sudan istifadə əmsalı 0,98 olmuşdur.
Hesabat dövründə 2 ədəd nasos aqreqatı, 2 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 28 ədəd hidrotexniki qurğu, 7 ədəd hidropost, 1 ədəd nasos stansiya binası, 1 ədəd mülki bina cari təmir olunmuşdur.
Yuxarı Şirvan kanalının qolundan su götürən və su keçirmə qabiliyyəti 5 m3/san olan 28,2 km-lik Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyyatlı 21,2 km təsərrüfat daxili qol kanallar ilə cari təsərrüfat ilində tarixən su görməyən Padar-Qarasu ərazilərinin ümumilikdə 7069 ha əkin sahələri suvarma suyu ilə təmin edilir.
2018-cı ildə idarə üzrə 36500 manat sudan pullu istifadə planlaşdırılmış və Sudan İstifadəedənlər Birlikləri tərəfindən 6 ayda 24790 manat plana qarşı 24182 manat ödəniş həyata keçirilmişdir ki, bu da öhdəliyin 97,5 % icra olunması deməkdir.
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2018-ci ilin birinci yarısı ərazində Abdulabad kəndi ərazisində K-3-17-3, təsərrüfat daxili kollektorlarda 4550 pm, K-2 yığıcı kollektorunda 1500 pm, Kolanı kəndi ərazisində 1470 pm, Baş Şirvan Kollektorunun Abdulabad kəndi ərazisindən keçən hissəsində 2370 pm lildən təmizlənmə işi aparılmışdır. Ümumilikdə lildən təmizlənmə işlərinin həcmi 18880 pm təşkil etmişdir. Bundan əlavə bir sıra nasos stansiyasının elektrik avadanlıqlarında sazlama işləri aparılmış, K 2 və K 3 nasos stansiyalarında nasos aqreqatları təmir olunaraq saz vəziyyətə gətirilmişdir.
Hesabat dövründə rayonun Baytar həkimləri tərəfindən iri buynuzlu və xırda buynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı müayinə və vaksinasiya işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.
Cari ildə rayonumuzda 1300,0 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 96,1 ha və ya 10,7 % çoxdur. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “Hacıqabul Kənd Təsərrüfatı MMC” arasında xam pambığın istehsalı və alqı-satqısına dair müqavilələr bağlanmışdır. Məqsədimiz əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 2600 tondan çox pambıq əldə etməkdir.
Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38 000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir və cari ildə də bu iş davam etdiriləcəkdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.
Hesabat dövründə rayonda 30 kümçü tərəfindən 1924,25 kq barama istehsal edilmişdir.
Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Bu aqroparkda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. 490,0 ha buğda sahəsindən 4761,45 ton, 791,0 ha arpa sahəsindən 1938,0 ton məhsul əldə edilmiş, 117,0 ha sahədə şəkər çuğunduru əkilmişdir. 978,0 ha sahədə qarğıdalı, 20,0 ha sahədə soya əkilməsi həyata keçirilmişdir.
Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində son tamamlama işləri həyata keçirilir, ilkin mərhələdə 496 baş cins iri buynuzlu mal qara gətirilmiş, mərhələlərlə heyvanların gətirilməsi davam etdirilir.
Hacıqabul rayonunun Meyniman kəndində 1936 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın su, işıq və qaz təminatı mövcuddur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən ildə hər birinin sahəsi 2,0 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. 150,0 ha sahədə buğda, 245 ha sahədə arpa, 144 ha sahədə yonca, 20,0 ha sahədə soğan, 80,0 ha sahədə pambıq, 250 ha sahədə qarğıdalı əkilmiş, 57,0 ha sahədə meyvə bağı salınaraq meyvə bağlarının ümumi sahəsi 114,0 hektara çatıdırılmışdır. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır. Hal-hazırda təsərrüfatda “simmental” cinsli 264 baş inək, 221 baş buzov və 1 baş buğa vardır.
Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla 27,6 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır. Uzunluğu 4905 metr olmaqla mövcud torpaq kanalının yenidən qurulması, 3,6 km uzunluğunda beton kanalın, 7,4 km uzunluğunda ikixətli boru xəttinin, 35/6 Kva-lıq yarımstansiyanın, üzən nasos stansiyasının quraşdırılması və nasosa xidmət edən binaların tikintisi işləri görülmüşdür.
Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30 000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilmişdir.
”Agro Dairy” MMC tərəfindən bu ərazidə 1 ədəd 110 kvt, 2 ədəd 35 kvt yarımstansiyanın tikintisi və 17 km-lik su xəttinin çəkilişi başa çatmışdır. 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. Növbəti illərdə aqroparkın əkin sahələrinin tamamilə pivot suvarma sistemi ilə əhatə olunması nəzərdə tutulmuşdur. Aqroparkda 4 ədəd kultivator (coker), 2 ədəd toxumsəpən (Horsh), 26 ədəd CASE markalı traktor və 10 ədəd kombayn alınmışdır. 2018-ci ilin məhsulu üçün aqroparkda 26934,0 hektar sahədə taxıl, o cümlədən 24934,0 ha sahədə buğda, 2000,0 ha sahədə arpa əkini həyata keçirilmişdir. Sahələrdən hal-hazıra kimi 6 min ton arpa və 7270,29 ton buğda məhsulu götrülmüşdür.
Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.
Hacıqabul rayonunun Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17,0 hektar ərazidə müasir tipli istixananın tikintisi davam etdirilir. 10,0 ha sahədə İspaniya texnologiyası ilə istixana tikilir. Layihənin ümumi dəyəri təxminən 40,0 mln. manatdır. Kompleksin 5,0 hektarında tikinti işləri başa çatmış, qalan 5,0 hektarda da tikinti işlərinə başlanılmışdır. İstixananın məhsul istehsalı gücü 1,0 ha üçün 250-300 tondur. Kompleksdə tikinti işləri başa çatdıqdan sonra burada 150-180 nəfər işlə təmin olunacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən Hacıqabul rayonunda 20,0 hektar sahədə “Hacıqabul Sənaye Məhəlləsi” yaradılmış, onun fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunmuşdur.
Qeyd edilən torpaq sahəsi Hacıqabul rayon İcra hakimiyyəti başçısının 09 oktyabr 2017-ci il tarixli 139 saylı Sərəncamı əsasında icarəyə vermək hüquq ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin daimi istifadəsinə verilmişdir. Hal-hazırda “Hacıqabul Sənaye Məhəlləsi” ndə tikinti quraşdırma işləri aparılır.
Hesabat dövründə şəhərin Ə.Vahid, İ.Qayıbov, S.İ.Xətai ,H.Həmidov, M.Əsədov küçələrində xeyli abadlıq və yenidənqurma işləri aparılmışdır. Babək küçəsində 2 yaşayış binasının fasadı yenidən işlənmiş, İ.Qayıbov küçəsində 1 binanın uçub-dağılmış yan fasadı yenidən bərpa edilmiş, M.Əsədov, İ.Qayıbov küçələri boyunca hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılmışdır. Şəhərdə ilk dəfə olaraq nümunəvi məhəllənin tikintisinə başlanılmışdır. Bü məqsədlə Ş.İ.Xətai küçəsində 6 yaşayış binasının əhatəsindəki ərazidə məhəllənin və mərasim zalının ttikintisinə başlanılmışdır. Ümumilikdə 6 ay ərzində abadlıq işlərinə 156124 manat vəsait xərclənmişdir. 9 yaşayış binasının dam örtüyü dəyişdirilmişdir, bu məqsədlə 153798 manat vəsait xərclənmişdir.
2018-ci ilin birinci yarısında Ə.Vahid küçəsində 243,0 kub metr, Koroğlu küçəsində 870,0 kub metr, A.Abdullayev küçəsində 630,0 kub metr, H.Həmidov küçəsində 1504,0 kub metr, C.Cabbarlı küçəsində 390,0 kub metr, M.F.Axundov küçəsində 36,0 kub metr olmaqla ümumilikdə 3673,0 kub metr həcmdə qum-çınqıl qarışığından əsas verilmişdir.
Ə.Vahid küçəsində 922,0 kv.metr, H.Həmidov küçəsində 2187,0 kv.metr olmaqla ümumilikdə 3109,0 kv.metr yola 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulmuşdur.
Hacıqabul rayonunun 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48,0 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan dairəvi avtomobil yolunun tikintisinə 2015-ci ildə başlanılmış, torpaq yatağı hazırlanmış və 48,0 km yola 12 sm qalınlığında 6 metr enində asfalt örtüyü qoyulmuşdur. Hal-hazırda yolun çiyinlərində son tamamlama işləri aparılır.
Respublika Prezidenti cənab İlham Əliyev ekoloji məsələləri, yeni yaşıllıqların salınmasını, onun qorunması və artırılmasını daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı ətraf mühitin sağlamlaşdırılması, xüsusilə yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.
Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası çərçivəsində 4500 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
Bəzi hallarda böyük zəhmət və vəsait hesabına salınmış yaşıllıq əraziləri mal-qara tərəfindən otarılır. Təəccüblü odur ki, mal-qaranın mövcud yaşıllıqları məhv etməsi mənzərəsini ətrafdan keçən sakinlər laqeydliklə müşahidə edir və qətiyyən narahat olmurlar.
Rayon ərazisində, xüsusi ilə şəhərdə səliqə-sahmanın və təmizliyin gözlənilməsi diqqət mərkəzində saxlanılır. Şəhərin bir neçə yerində tullantıların toplanması üçün xüsusi yerlər düzəldilmiş, küçə, meydan və parklara müasir zibil yeşikləri qoyulmuşdur. Bütün bunlar şəhərdə təmizlik, səliqə-sahman işlərinə müsbət təsir göstərir.
Hacıqabul Elektrik Şəbəkəsi 2018-ci ilin birinci yarısında Qarasu kəndində yeni inşa edilmiş 110/35/10 Kv-luq Qarasu yarımstansiyasında 2 ədəd 50,0 mVa transformator, Pirsaat qəsəbəsində yeni inşa edilmiş 35/6 kV-luq 752 saylı yarımstansiyada da 2 ədəd 10,0 mVa gücündə transformatorlar quraşdırılmışdır. Pirsaat qəsəbəsində 7, Navahı kəndində isə 8 ədəd müasir tipli komplekt transformator məntəqələri (KTM) quraşdırılmışdır.
Muğan qəsəbəsində 35 kV-luq Udullu hava xəttinin 1 saylı qapalı paylayıcı qurğuya qoşulmasında 2 ədəd 35 kV-luq dəmir konstruksiyalı aknker dayaq, 8 ədəd 35 kV-luq aralıq beton dayaqlar istifadə olunmaqla 1,4 km məsafədə 35 kV-luq hava xətti çəkilmişdir. Abonentlərə 198 ədəd PAUD smart kart tipli sayğac quruşdırılmışdır.
Hesabat dövründə Navahı kəndində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 270 ədəd dəmir-beton dayaq basdırılmaqla 13,5 km məsafəyə 6 kV-luq hava xətti çəkilmişdir. Birinci Udullu kəndində 6 ədəd komplekt transformator məntəqələri (KTM) quraşdırılmış, Pirsaat qəsəbəsində 0,4 kV-luq elektrik veriliş xətlərində 824 ədəd metal dayaqlar basdırılmış və 20,1 km məsafədə açıq naqillər özünü daşıyan izolyasiyalı (ÖİN) naqillərlə əvəz olunaraq istehlakçıların istifadəsinə verilmişdir.
Udullu massivində 22 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılmış, 6 km 0,4 Kv-luq xətt çəkilmişdir. Abonentlərə 460 ədəd 3 fazlı elektron, 80 ədəd PAUD smart kart tipli sayğac quruşdırılmışdır.
Atbulaq kəndi ərazisində 98 ədəd 6 kv-luq dayaq basdırılmaqla 4,8 km uzunluqda 6 kv-luq EVX çəkilmişdir. Abonentlərə 296 ədəd PAUD smart kart tipli sayğac quruşdırılmışdır.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən 2018-ci ilin birinci yarısında istehlakçılara 23.239.147 kub metr qaz satılmış, ödəniş 3.606.402,02 manat olmaqla 106,4 % təşkil etmişdir.
2018-ci ilin birinci yarısında əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 50-219 diametrdə 120 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 4 ədəd diametri 100 mm ola yeni siyirtmələr quraşdırılmış, 45 ədəd siyirtmələrdə təmir və yağlama işləri aparılmışdır. Əhali qrupuna 29 ədəd, qeyri əhali qrupuna 8 ədəd smart sayğac quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənişi 78 %, qeyri-əhaliyə satılan suyun ödənişi isə 82 % təşkil etmişdir.
2018-ci ilin birinci yarısında Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən Navahı qəsəbəsində 272 nömrəli tutumlu EATS-in 50 nömrə tutumlu daxili xətt şəbəkəsi tikilərək istifadəyə verilmiş, 100 ədəd telefon və 50 ədəd internet çəkilişi təmin olunmuşdur. Kolanı kənd EATS-nin xətt şəbəkəsi genişləndirilərək 30 ədəd telefon və internet çəkilişi təmin olunmuşdur.
Rayon mərkəzində Mərkəzi EATS-in daxili xətt şəbəkəsində təmir tikinti, bərpa işləri aparılmışdır, bu məqsədlə istismar müddəti sona çatmış rabitə avadanlıq və materialları daha müasir qaydada hazırlanmış materiallarla əvəz olunmuşdur. 120 ədəd yeni ağac dirək, 140 ədəd dəmir dirək, 3500 metr məsafədə TPP 10x2 kabeli, 60 ədəd kabel meydançası, 60 ədəd abunə qutusu yenisi ilə əvəz olunmuşdur ki, bu da rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur.
Qeyd olunan işlərin görülməsi nəticəsində rayon mərkəzində 140 ədəd telefon çəkilişi, 230 ədəd internet çəkilişi təmin olunmuşdur. Əhalinin tələbatına uyğun olaraq xidməti ərazilərdə ümumilikdə 320 portluq müxtəlif tutumlu internet avadanlıqları (DSLAM) quraşdırılmışdır.
01.07.2018-ci il tarixə telefon abunəçilərinin sayı 6401, internet abunəçilərinin sayı isə 4500 ədədə çatmışdır.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində cari ilin 6 ayı ərzində də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.
2018-ci ilin 6 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.
Ali məktəblərə qəbul imtahanlarının I mərhələsi may ayında keçirilmiş və imtahanlarda rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 176 nəfər iştirak etmişdir.
Hesabat dövründə təhsil sahəsində yadda qalan hadisələrdən biri rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonun ümumtəhsil məktəblərində oxuyan, təhsildə fərqlənən 40 nəfər şagird mart ayının 26-29-da Quba, Qusar və Xaçmaz rayonlarına səfər etmişlər.
Ötən 6 ay ərzində Rayon Gənclər və İdman idarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində “Şahin” hərbi idman oyunlarının həm məktəb, həmdə rayon turu keçirilmişdir.
Gənclər sahəsi üzrə 22 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 2187 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmişdir.
İdman sahəsi üzrə 10 İdman yarışları keçirilmiş, bu yarışlarda 1017 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
2018-ci ilin 6 ayı ərzində rayon səhiyyəsində 50 həkim, 157 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 31 nəfər həkim 30 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 19,5 ştat vahidi rayon mərkəzində, 11,5 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.
Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirməsi ilə əlaqədar 17 fevral 2014-cü il tarixindən başlayan aksiya bu ildə davam etdirilmişdir. Aksiya fevral ayının 15-də başlamış və may ayının 10-a qədər davam etmişdir. 73 mindən yuxarı əhalisi olan rayonun 49633 nəfər sakini tibbi müayinədən keçmişdir. Müayinədən keçənlərdən 2558 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmişdir ki, həmin xəstələrdən 110 nəfəri ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 300 nəfər yerli stasionar və 2148 nəfər isə ambulator müalicəyə cəlb edilmişdir.
2018-ci ilin 6 ayı ərzində Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 105282 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 1087 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 10933 nəfər olmuşdur.
Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar 2018-ci ilin 6 ayı ərzində 213 cütlük müayinədən keçmiş, bunlardan 12 nəfərdə talassemiya xəstəliyi aşkar edilmişdir.
Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi, 2018-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci il üçün təsdiq olunmuş şəbəkə göstəricisinə uyğun olaraq rayonun mədəniyyət şəbəkəsində 17 klub müəssisəsi o cümlədən: 1 rayon, 6 kənd mədəniyyət evi, 2 şəhər, 8 kənd klubu, МКS-i üzrə 27 müstəqil dövlət kitabxanası: о cümlədən 1 rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 1, 7 illik şəhər Uşaq Musiqi məktəbi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Talış kənd mədəniyyət evi bina şəraiti olmadığı üçün şəbəkədən çıxarılmışdır.
Hacıqabul rayon Mədəniyyət müəssisələrində 2018-ci il üçün geniş perspektiv tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.
Hesabat dövüründə rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 69 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 36 qrup tərkibində, fərdi gəlişlər 704 nəfər, 192 tamaşaçı iştirak etmişdir.
Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Mərkəzdə 118 qrup şəklində 1678 nəfər tamaşaçı qəbul edilmişdir.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət və Uşaq şöbəsi 6 ay ərzində 1, 2, 24 və 30 saylı kitabxana filialları şəhərin bir sıra orta məktəblərində, Pir Hüseyn Tarix Memarlıq Qoruğunun inzibati binasında yeni açılmış kitabların sərgisini açmış, vətənpərvərliklə bağlı məktəbli uşaqlarla sual-cavab keçirmişlər.
Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur; şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Hesabat dövründə yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 2.398.335 manat proqnoza qarşı 2.637.247 manat və ya 110,0 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 691.752 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.
Rayon büdcəsinin xərc hissəsi 1.830.477 manat təyinata qarşı 1.582.909 manat, yəni 86,35 % icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 manat artaraq 318,4 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 3581 min manat və ya 2,4 % artaraq 152576 min manata çatmışdır. Məşğul əhalinin sayı 36,2 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.
Cari ilin altı ayı ərzində rayon Məşğulluq Mərkəzinə 404 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 347 nəfər olmuşdur. 16 nəfərə işsizlik statusu verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 №-li Sərəncamının icrasını təmin etmək məqsədi ilə 65 ailə olmaqla 325 nəfər özünəməşğulluğa cəlb olunmuş və biznes planları təsdiq edilmişdir. Əlavə olaraq 30 nəfər işsiz və işaxtaran növbəti təlimlərə cəlb olunacaqdır.
Hesabat dövründə rayonda 542 yeni iş yeri açılmışdır ki, bunun da 314-ü daimidir.
Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.
Rayon icra hakimiyyətinin “Büdcədən kənar və Sair xərcləri” vəsaitindən 2018-ci ilin altı ayı ərzində ümumilikdə 37216,0 manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramı münasibəti ilə rayonun 260 nəfər Şəhid, kimsəsiz, tənha yaşayan ailələrinə, Böyük Vətən Müharibəsi, Qarabağ və Çernobıl əlillərinə 5200,00 manat, Azərbaycan Dövlət Nəşriyyatına “İlham Əliyev "İnkişaf məqsədimizdir" 360 cildlik kitabının çap edilməsi üçün 6480,00 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX–XI sinif fəal şagirdlərinin Quba-Qusar və Xaçmaz rayonlarına ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 6000,00 manat eləcə də rayonun 38 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına 19056,00 manat məbləğində maddi yardım verilmişdir.
Rayonda 01 iyul 2018-ci il vəziyyətinə pensiyaçıların ümumi sayı 7454 nəfər olmuşdur. Bunlardan 4214 nəfəri yaşa görə, 2033 nəfəri əlilliyə görə, 1207 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 208,67 manat təşkil etmişdir. 2018-ci ilin birinci yarısında 3815 nəfərə sosial müavinətlər, 531 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir. Sosial sığorta üzrə 858 min 700 manat proqnoza qarşı 834 min 200 manat vəsait yığılmış, proqnoz 97,1 % icra edilmişdir.
Rayon ərazisində 124 ailə olmaqla 421 nəfər qaçqın, 425 ailə olmaqla 1606 nəfər məcburi köçkün ailəsinə rayon İcra hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll olunmasına səy göstərilmişdir.
2018-ci ilin 6 ayı ərzində Polis şöbəsi tərəfindən rayon ərazisində 100 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 9-u ağır və xüsusi ilə ağır, 70-i az ağır, 21 fakt böyük ictimai təhlükə törətməyən cinayətləridir. Baş vermiş cinayətlərin açılması 95,8 faiz təşkil etmişdir.
Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 44 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 3962,975 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
6 ay ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi qeydə alınmamışdır.
2018-ci ilin birinci yarısı ərzində Hacıqabul rayon Prokurorluğuna 5 cinayət işi daxil olmuşdur, onlardan 4-si 2018-ci ildə daxil olmuş, 1 iş 2017-ci ildən qalıq qalmışdır. Bunlardan 2 iş tamamlanmış, 3 cinayət işi hal-hazırda icraatdadır. 33 cinayət xarakterli material daxil olmuşdur, bunlardan 18 cinayət işinin başlanması rədd olunmuş, 3 material aidiyyəti üzrə göndərilmiş, 6 material üzrə cinayət işi başlanmışdır.
2018-ci ilin 6 ayı ərzində 546 doğum, 220 ölüm, 212 nikah bağlanması qeyd olunmuşdur. 31 nikah pozulması rəsmiləşdirilmişdir. Rayon Qeydiyyat şöbəsində qeydiyyatlarla əlaqədar 1925,0 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin birinci yarısında icra hakimiyyətinə 408 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 165-si Prezident Administrasiyasından, 3-ü Milli məclisdən, 14-ü Nazirlər Kabinetindən, 21-i Respublikanın digər rəhbər təşkilatlarından, 205-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2018-ci ilin birinci yarısında İcra hakimiyyətinin başçısı tərəfindən 222 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 132-i nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.