Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ

19 oktyabr 2012 | 15:00

2012-ci ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun

 

HESABAT MƏRUZƏSİ


2012-ci ilin 9 ayı Azərbaycanın daxil və xarici siyasətində, sosial-iqtisadi sahələrdə böyük uğurları ilə yadda qaldı. Ölkəmizin nailiyyətləri oktyabrın 10-da cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da vurğulanmışdır. Dövlət Başçısı iclasdakı çıxışında ötən dövrdə ölkə qarşısında duran bütün sosial, iqtisadi vəzifələrin uğurla icra edildiyini, bütövlükdə iqtisadi artımın 1,1%, ölkə iqtisadiyyatında qeyri neft sektorun 10,3 % artdığını qeyd etmişdir.
Milli iqtisadiyyatın dinamik inkişafı ölkəmizi regional əhəmiyyətli güc mərkəzinə çevirmişdir. Ötən il ölkədə makroiqtisadi sabitliyin qorunması, iri infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində 2012-ci ilin doqquz ayı ərzində investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olunmuş, ölkə iqtisadiyyatına 16 milyard dollar vəsait qoyulmuşdur ki, onun da 70%-i, yəni 11,2 milyard daxili investisiyalardır. 2012-ci ilin doqquz ayı ərzində ölkəmizin valyuta ehtiyatları 5 milyard dollar artaraq 45 milyard dollar səviyyəsinə çatmışdır.
Ölkəmizin artan gəlirlərindən hər bir Azərbaycan vətəndaşının bəhrələnməsini təmin etmək aparılan sosial-iqtisadi siyasətin əsas qayəsini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini 2012-ci ilin doqquz ayı ərzində də vermişdir. Ötən dövrdə əhalinin pul gəlirləri 12 % artmış, inflyasiya isə cəmi 1,5 % təşkil etmişdir. Göründüyü kimi inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10% fərq vardır ki, bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2012-ci ilin 9 ayı ərzində rayonumuzda gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər barədə bir qədər geniş məlumat vermək istəyirəm.
Bu ilin 9 ayı ərzində rayon üzrə məhsul buraxılışının həcmi 174,1 milyon manat, sənaye məhsulunun həcmi isə 2,6 milyon manat olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 59,6 %, sənaye məhsulu həcmi isə 18,1 % artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 % artaraq, 12038,6 min manata çatmışdır. Poçt və rabitə xidmətlərinin həcmi 303,1 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 110478,3 min manat, yəni ötən ilin müvafiq dövründən 25,5 % çox olmuşdur.
Avtomobil nəqliyyatı ilə yük daşınması keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 min ton artaraq 165 min ton, sərnişin daşınmasında isə 330 min nəfər artaraq 3103 min nəfər təşkil etmişdir.
Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Hacıqabul rayonunda kənd təsərrüfatı məhsulları istehsal edən kəndli fermer təsərrüfatlarının, xidmət təşkilatlarının gərgin əməyi sahəsində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
Belə ki, 2012-ci ilin məhsulu üçün 11650 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 hektar artıqdır. Taxıl əkininin 6230 hektarını buğda, 5420 hektarını isə arpa əkini təşkil edir. 11650 hektar taxıl sahəsindən 34827 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 679 ton çoxdur. İstehsal olunmuş taxılın 21494 tonunu buğda, 13333 tonunu arpa təşkil edir. Hər hektara məhsuldarlıq 29,9 sentner olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 sentner çoxdur.
2012-ci ilin doqquz ayı ərzində 1618 hektar sahədə bostan, 727 hektar sahədə tərəvəz, 78 hektar sahədə günəbaxan, 86 hektar sahədə qarğıdalı, 972 hektar sahədə yonca əkilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən müqayisədə 1 hektar bostan, 6 hektar günəbaxan, 27 hektar qarğıdalı, 687 hektar yonca sahəsi çox əkilmişdir.
2012-ci ilin 9 ayı ərzində meyvə və tərəvəzçilikdə də müəyyən irəliləyişlər olmuşdur. Bu dövrdə 18933 ton tərəvəz və 8650 ton meyvə istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 3 ton, meyvə istehsalı isə 250 ton çox olmuşdur. Cari ilin 9 ayında 28 hektar sahədə kartof əkilmiş, 306 ton məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 ton çoxdur.
Rayonda heyvandarlıq məhsullarının istehsalında da nəzərə çarpacaq artım qeydə alınmışdır. Bu ilin 9 ayı ərzində süd istehsalı 11530 ton, ət istehsalı 4046 ton, yun istehsalı isə 221 ton olmuşdur. Ötən ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 611 ton süd, 256 ton ət, 5 ton yun çox istehsal olunmuşdur. Hesabat dövründə yumurta istehsalı 100,7 milyon ədəd olmuşdur. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,7 milyon ədəd çoxdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin 9 ayı ərzində 440 baş artaraq 36751 baş, xırda buynuzluların sayı isə 1029 baş artaraq 130579 baş olmuşdur.
Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.
Respublika Prezidentinin sərəncamın müvafiq olaraq istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Həmçinin torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunur.
”Aqrolizinq” vasitəsi ilə bu ilin 9 ayı ərzində kənd əməkçilərinə 50% güzəştli qiymətlə 204,75 ton azot satılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 164,15 ton çoxdur. Rayonda fiziki və hüquqi şəxslərə hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 2012-ci ilin 9 ayı ərzində 2550 nəfərə 634.868,40 manat dövlət yardımı edilmişdir.
Dövlət proqramına əsasən Ağsu rayonu ərazisindən başlayan və rayonun Padar, Qarasu və Muğan yaşayış məntəqələrindən keçən 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi və Pirsaat çayı üzərində yerləşən su anbarının lildən təmizlənməsi işləri bu ilin 9 ayı ərzində də davam etdirilmişdir. Qeyd etməliyəm ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaqdır.
Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Təkcə bu ilin 9 ayı ərzində təsərrüfatlarımızdan Bakı əhalisinə 4 ton mal əti, 1,7 milyon ədəd yumurta, 14,4 ton meyvə, 15 ton toyuq əti, 23 ton bostan tərəvəz məhsulları satışı təşkil olunmuşdur.
2012-ci ilin 9 ayında rayonda 6 tikinti təşkilatı fəaliyyət göstərmişdir. Bu müddətdə tikinti təşkilatları öz gücləri ilə 3398,9 min manatlıq iş görmüşlər. Tikintidə işləyənlərin sayı isə 116 nəfərə çatmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar 77629,9 min manat təşkil edir. Rayonda büdcədənkənar vəsait hesabına 96,2 min manat, yerli büdcədən maliyyələşməklə isə 494,7 min manat vəsait yol təmir-tikinti və abadlıq işlərinə xərclənmişdir.
2012-ci ilin birinci rübündə rayonda tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri davam etdirilmişdir.
Hesabat dövrü ərzində 4907,5 min manatlıq əsas fondlar, 13992 kv.metr yaşayış sahəsi istifadəyə verilmişdir.
- Şəhərin B.İbrahimov, M.B.Nadim, H.Həmidov, H.Z.Tağıyev küçələri üzrə 390 ton iri dənəli asfalt-beton qarışığından çala təmir olunmuş və hamarlayan qat düzəldilmişdir.
- M.Ə.Rəsulzadə, M.Hüseynzadə küçələrinin giriş yolları, eləcə də A.Abdullayev, M.F.Axundov, M.Müşviq, S.Vurğun və M.P.Vaqif küçələri üzrə 6,8 km yola 2544 m3 qum-çınqıl qarışığından əsas düzəldilmişdir.
- Hacıqabul şəhər qəbiristanlığında 4,5 metr enində, 3,8 km uzunluğunda yola 80 ton asfalt beton qarışığından hamarlayıcı qat vurulmuşdur. ümumilikdə rayon ərazisində 4,8 km yola xırdadənəli asfalt-beton qarışığından 5 sm qalınlığında örtük qoyulmuşdur.
2012-ci ilin doqquz ayı ərzində rayonun kənd və qəsəbələrində ümumilikdə 18,7 km qum-çınqıl qarışığından material verilərək yollar cari təmir olunmuşdur.
Şəhərin M.Əsədov küçəsində və İcra Hakimiyyətinin hasarına 1885 kv.metr ağlay tavalar, 850 m2 mazayka və qaya daşları vurulmuşdur. 32 m2 40 sm qalınlığında və 60 m2 20 sm qalınlığında divar hörülmüş və 54 m2 divar sement məhlulu ilə suvanmışdır.
Şəhərin İ.Qayıbov və M.Əsədov küçələrinin işıqlandırılması üçün 19 ədəd pelsan çıraqları quraşdırılmış, 2300 pm elektrik kabeli çəkilmişdir.
37 km-lik Hacıqabul-Paşalı-Tağlı avtomobil yolunun 25 km-də torpaq yatağı tikilərək yolun alt qatına optimal qum çınqıl qarışığından əsas döşənmişdir.
Kolanı kənd tam orta məktəbinin binası əsaslı təmir olunmuş, 60 şagird yerlik əlavə tədris korpusu tikilmiş, məktəb yeni inventar və avadanlıqlarla təmin olunaraq şagirdlərin istifadəsinə verilmişdir.
Qubalıbalaoğlan kənd tam orta məktəbi üçün əlavə 140 şagird yerlik tədris korpusu istismara qəbul olunmuş, Hacıqabul rayonu 2 saylı “Gündüz” körpələr evi və uşaq bağçasının təmiri işləri davam etdirilmişdir.
Tağılı kəndində 80 şagird yerlik tam orta məktəb binası, Pirsaat qəsəbəsində 180 şagird yerlik orta məktəb binası, Rəncbər kənd orta məktəbində 200 şagird yerlik əlavə tədris korpusu istismara qəbul olunmuşdur.
Rəncbər kənd orta məktəbində bərpa gücləndirmə işləri aparılmışdır.
Xilə kənd 80 şagird yerlik ümumi orta məktəb binası və Şorbaçı kənd 220 şagird yerlik tam orta məktəbində tikinti işləri davam etdirilmişdir.
Heydər Əliyev Mərkəzinin genişləndirilməsi istiqamətində aparılan tikinti işləri uğurla davam etdirilmişdir.
Kafel metlax zavodunun tikintisində son tamamlama işləri aparılır.
Hesabat dövründə rayon Statistika İdarəsinin inzibati binası istismara qəbul edilmişdir.
Şəhərin dağ üstü massivində 52 metr hündürlüyündə qaldırılan üç rəngli bayrağımızın ətrafı meydan halına gətirilmişdir və bu gün bu meydanda abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
Şəhərdə 15 min ağac və 12 min gül kolları əkməyə nail olmuşdur. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
Əhaliyə göstərilən xidmət sahələri daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 2012-ci ilin 9 ayı ərzində Hacıqabul Elektrik Şəbəkəsinin xidməti ərazisində aşağıdakı işlər görülmüşdür.
Hacıqabul elektrik şəbəkəsinin balansında olan 59 sayda 10/0,4 kv-luq güc transformatoru cari təmir olunmuş, 9 sayda transformator zədələndiyi üçün təmir sexində təmir olunaraq əvvəlki yerində quraşdırılmışdır.
Cari ilin 9 ayı ərzində rayonun kənd və qəsəbələrində yanmış və sıradan çıxmış sayğaclar yenisi ilə əvəz olunaraq 1265 ədəd 1 fazalı elektrik sayğacı quraşdırılmışdır.
Hacıqabul şəbəkə rayonu 2012-ci ilin 9 ayı ərzində 116 631 434 kvt.s enerji almışdırBundan əhaliyə ötürülən enerji 25.746.480 kvt.saatdır. Bunun da dəyəri 1.544.787 manat olduğu halda ödəniş 1.253.948 manat olmuşdur ki, bu da 81,2 % təşkil edir.
Rayonumuzda yeni qazlaşdırma işləri də davam etdirilmişdir.
2012-ci ilin 9 ayı ərzində rayonun Padar, Meyniman, Talış kəndlərində yeraltı qaz xətlərinin çəkilişi tam sürəti ilə aparılmışdır. Ümumilikdə işlərin aparılmasında 803212 pm müxtəlif diametrli borulardan istifadə olunmuşdur.
Cari ilin 9 ayında Hacıqabul QİS 10949 min kub metr təbii qaz istehlak etmişdir ki, bunun da 9828 min kub metri yerli əhaliyə satılmış və plan 100,3 % yerinə yetirilmişdir.
2012-ci ilin 9 ayı ərzində rayon Telekommunikasiya Qovşağında abonentlərə 230 telefon, 500 internet xətti çəkilişi aparılmışdır ki, bunun nəticəsində də telefon abonentlərinin sayı 5523 nəfərə, internet abunəçilərinin sayı isə 889 nəfərə çatmışdır.
Hacıqabul poçt filialında əhaliyə 25 adda poçt xidməti göstərilir. 2012-ci ilin 9 ayı ərzində 55,5 min manat proqnoz tapşırığa qarşı 57,0 min manat xidmət göstərilmişdir ki, bu da 102 % təşkil edir. Bundan əlavə əhalidən 1.316,667 manat işıq pulu, 218,0 min manat su pulu qəbul edilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyevin 16 iyul 2012-ci il tarixdə rayonumuza növbəti səfəri “Şirvan-Muğan Qrup” su kəməri layihəsinin təməlqoyma mərasimində iştirakı ilə yaddaşlara həkk olunmuşdur. Yüksək səviyyədə keçirilən təməlqoyma mərasiminin nəticəsi olaraq Hacıqabul şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması üçün tutumu 7,0 min kub metr olan su anbarında tikinti işləri bu gün də davam etdirilir.
Hidrolotus” şirkəti tərəfindən Hacıqabul şəhərinin kanalizasiya sisteminin tam yenidən qurulması işlərində 9527,5 metr müxtəlif diametrli borular çəkilmiş, Su xətlərinin yenidən qurulması işlərində isə 10756 metr müxtəlif diametrli borular çəkilmişdir.
Rayonun kənd və qəsəbələrində ümumilikdə 1292 metr müxtəlif diametrli borular dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Hacıqabul rayon Təhsil Şöbəsində 2012-ci ilin 9 ayı ərzində 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu” nun həyata keçirilməsi üçün rayonun pedoqoji kollektivlərini səfərbər etmişdir.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2012-ci ilin 9 ayı ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 7 nəfər şagird respublika turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında respublika turunda iştirak etmişlər. Olimpiadanın respublika turunda şagirdlərdən 1 nəfər III yeri, 4 nəfər həvəsləndirici yer tutmuşlar.
2011/2012-ci dərs ilində 2 adda müsabiqə - “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrinin sənədləri Təhsil Nazirliyinə göndərilmişdir. “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin respublika mərhələsinə Rəncbər kənd tam orta məktəbinin direktoru İbrahimov Əlisoltan Hacıbala oğlu, “Ən yaxşı müəllim” müsabiqəsinin respublika mərhələsinə şəhər 1-№li tam orta məktəbin coğrafiya müəllimi Həbibova Göyçək, musiqi müəllimi Hüseynova Elza və şəhər 9 №-li tam orta məktəbin müəllimi Bünyatov Tərlannın sənədləri təqdim olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 20 iyun 2012-ci il tarixli sərəncamı ilə Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbi 2011/2012-ci dərs ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin yekunlarına görə 50 ən yaxşı məktəb sırasına daxil olmuş və 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.
2012-ci il ildə rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 249 nəfər sənəd vermişdir ki, onlardan 209 nəfəri məhz 2011-2012-ci dərs ilində rayonun orta məktəblərini bitirən məzunlardır. 2011-2012-ci il dərs ilində rayonun orta məktəblərini 448 nəfər şagird bitirmiş və müxtəlif ali məktəblərə rayon üzrə 96 nəfər qəbul olunmuşdur.
Rayonun təhsil müəssisələrinin qışa hazırlığı məsələləri də diqqət mərkəzində saxlanılır. Məlumat üçün bildiririk ki, rayonda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbindən 18-i sərbəst qazanxanası olan istilik sistemləri ilə qızdırılır. Bu qazanxanalardan 5-nə rayon istilik və qazanxanalar idarəsi, 13-nə rayon Təhsil Şöbəsi xidmət edir. Rayon məktəblərindən 4-ü təbii qazla, 8-i odunla, 2-si elektriklə və eləcədə rayonda fəaliyyət göstərən 3 uşaq bağçalarından 2-si elektriklə, 1-i təbii qazla qızdırılır.
Rayon İcra hakimiyyəti tərəfindən Atbulaq, Navahı, Rəncbər, Qubalı, Meyniman, Talış kənd, Muğan, Navahı qəsəbə 1 və 2 nömrəli, şəhər 4 nömrəli tam orta məktəblərdə, həmçinin 1 №li “Lalə”, 2 №li Gündüz uşaq bağçalarında yeni qazanxanalar tikilməsi, istilik sistemlərinin quraşdırılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır.
Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 59 həkim, 183 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 25 nəfər həkim vəzifəsi, 23,5 nəfər orta tibb işçisi vakantdır.
Hesabat dövründə qospitalizə olunmuş xəstələrin sayı 1569 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 17091 gün olmuşdur. Ambulator gəlişlərin sayı 96087 nəfər olmuşdur.
2012-ci ilin 9 ayı ərzində xəstəxanada 83 nəfər şəkərli diabet xəstə qeydiyyata alınmış, hal-hazırda 836 nəfər dispanser qeydiyyatdadır. 145 nəfər xəstə onkoloji xəstə kimi dispanser qeydiyyatdadır ki, bunlardan 30 nəfəri hesabat dövründə qeydiyyata alınmışdır. 27 nəfər vərəmli qeydiyyata alınmışdır.
1 nəfər talassemiyalı xəstə qeydə alınmış, ümumilikdə 13 nəfər talessemiyalı xəstə dispanser qeydiyyatdadır.
Hesabat dövründə xəstəxanada 236 cərrahiyyə əməliyyatı aparılmış, əməliyyatdan sonra ölüm halları baş verməmişdir. 733 nəfər doğuş qeydə alınmışdır.
Rayon səhiyyəsinin müasir səviyyədə inkişafına baxmayaraq kənd səhiyyəsi bu inkişafdan geri qalır. İndiyə kimi Ələtli, Tağılı, Qubalı, Pirsaat tibb məntəqələri şəxsi evlərdə yerləşir. Hesabat dövründə Pirsaat tibb məntəqəsi üçün 2 otaq ayrılmış, məntəqənin şəxsi evdən çıxarılaraq həmin otaqlara yerləşdirilməsi təmin olunmuşdur.
Rayonun Abdulabad kəndində yeni tibb məntəqəsinin tikintisinə başlanmışdır.
Rayonda fluroqrafiya aparatının olmaması səbəbindən əhalinin kütləvi müayinəsinin aparılmasında və xüsusi ilə əsgəri xidmətə çağırışçıların vərəmə görə müayinəsinin aparılmasında çətinlik yaranır.
Hacıqabul Dəmiryolu xəstəxanası 60 yerlik xəstəxana, poliklinika və 4 feldşer mama məntəqəsindən ibarətdir. Hesabat dövründə xəstəxanada 386 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 67, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 9276 nəfər olmuşdur.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə “Yeyinti məhsulları üzərində dövlət sanitariya nəzarətinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 110 nömrəli 05.08.2008-ci il tarixli əmrinin icrası ilə bağlı rayon ərazisində fəaliyyət göstərən yeyinti məhsulları istehsal edən müəssisələrdə, pərakəndə satış və topdan satış, ictimai-iaşə obyektlərində müntəzəm sanitar müayinələr aparmış, aşkar olunmuş nöqsanlar barədə cavabdeh şəxslərə xəbərdarlıq edilmişdir. Sanitar-gigiyenik çatışmamazlıqlara görə 5 obyektin fəaliyyəti dayandırılmış, 3 nəfər fiziki şəxsə cərimə tətbiq olunmuşdur.
Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, 27 kitabxana müəssisələrini, Tarix-Diyarşünaslıq muzeyini, Heydər Əliyev Mərkəzini, 7 illik şəhər Uşaq Musiqi məktəbini və 14 arxeoloji tarixi abidələrini əhatə edir. Mədəniyyət müəssisələrində 181 nəfər işçi çalışır.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Yeni il şənliyi”, “ Qanlı Yanvar-1990 ”, “Xocalı soyqırımı”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart Azərbaycanlıların soyqırımı günüdür”, 1 Uiyun Uşaqların beynəlxalq müdafiəsi günü, 15 iyun ”Qurtuluş günü” və sair tədbirlər keçirilmişdir. Eləcədə Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə” Ürəklərdə yaşayan dahi şəxsiyyət” mövzusunda müxtəlif tədbirlər təşkil olunmuşdur.
Uşaq Musiqi Məktəbinin şagirdləri Xalq Çalğı alətləri ifaçılığı üzrə Şirvan və Bakı şəhərlərində keçirilən Respublika müsabiqəsində iştirak etmiş və 1 nəfər şagird müsabiqənin qalibi olmuşdur.
Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər ilə iş və idman sahəsində ümumilikdə 31 tədbir keçirilmiş, bu tədbirlərə 3223 nəfər gənc cəlb olunmuşdur.
Rayonda Gənclər evinin və idman qurğularının olmaması səbəbindən yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlb olunmasında çətinlik yaranır.
2012-ci ilin 9 ayı ərzində yerli büdcənin mədaxil proqnozunun yerinə yetirilməsi vəziyyəti qənaətbəxş olmuşdur. Belə ki, daxilolmalar üzrə proqnoz 2.488.2 min manata qarşı 2.876.6 min manat və ya 115,6 % icra olunmuşdur. Büdcənin xərc hissəsi 7.299.1 min manat təyinata qarşı 6.303.5 min manat yəni 86,4 % icra olunmuşdur.
Dövlət Başçısının sərəncamı ilə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım atılmışdır. Ünvanlı sosial yardım proqramı uğurla icra olunur. Bu gün rayonumuzda ünvanlı sosial yardım alan ailələrin sayı 1252, yardımla əhatə olunmuşların sayı isə 6010 nəfərdir.
Rayon əhalisinin 2012-ci ilin 9 ayında ümumi pul gəliri 161440 min manat təşkil edirdisə, bu ilin eyni dövründə 183380 min manata çatmışdır. Hər nəfərə düşən pul gəlirləri əvvəlki 2373,2 manatdan hazırda 2657,7 manata çatmışdır.
İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
2012-ci ilin doqquz ayı ərzində rayonda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34253 nəfərdən 35200 nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin 51, %-ni təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin sayı 34644 nəfər olmuşdur.
Son 9 ayda rayon məşğulluq mərkəzinə işlə təmin olunmaq üçün 471 nəfər müraciət etmişdir. Onlardan 376 nəfər işlə təmin edilmiş, 41 nəfərə müavinət təyin edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəki 241,2 manatdan artaraq 271,5 manata çatmışdır. Hesabat dövründə rayonun idarə və müəssisələrində 282 yeni iş yeri açılmışdır ki, bunlardan 234-ü daimi iş yeridir.
Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.
2012-ci ilin 9 ayı ərzində rayon ərazisində 135 cinayət hadisəsi qeydə alınmışdır. 126 cinayət işi açılmış, Yetkinlik yaşına çatmayanlar tərəfindən 3 cinayət hadisəsi törədilmişdir. Cinayətlərin açılması 93,3 % təşkil edir.
9 ay ərzində keçirilmiş əməliyyat, axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 35 cinayət faktı,qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd 1 cinayət faktı, hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması üzrə 29 fakt, soyğunçuluq 1 fakt, quldurluq üzrə 19 fakt, xuliqanlıq üzrə 4 fakt aşkar edilmişdir.
2012-ci ilin 9 ayı ərzində rayon Prokurorluğunda icraata 11 cinayət işi qəbul edilmişdir. İcraatda olan cinayət işlərindən 7-nin ibtidai istintaqı tamamlanmış, 2-nin icraatı dayandırılmış, 01.10.2012-ci il tarixə isə 1 cinayət işi qalıq qalmışdır. İstintaqı tamamlanmış cinayət işlərindən 2-si ittiham aktı ilə baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmiş, 5-nin icraatına isə xitam verilmişdir.
2012-ci ilin 9 ayında rayon Qeydiyyat şöbəsində 975 doğum, 306 ölüm, 420 nikahın bağlanması, 34 nikahın pozulması qeydləri rəsmiləşdirilmişdir.
2012-ci 9 ayı ərzində Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən 5835 Notariat hərəkəti rəsmiləşdirilmiş, bunun üçün isə dövlət büdcəsinə 17629 manat 75 qəpik dövlət rüsumu ödənilmişdir.
Rayon ərazisində 18 ərazi dairəsi üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 4 qəsəbə, 13 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir. Ərazidə həmçinin 426 ailə olmaqla 1603 nəfər məcburi köçkün, 124 ailə olmaqla 426 nəfər qaçqın yaşayır. Onların problemlərinin həlli daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş, əlamətdar günlərdə və bayramlarda məcburi köçkün ailələrinə maddi köməklik və bayram sovqatı verilmişdir.
Hesabat dövründə Rayon İcra hakimiyyəti Başçısının yerlərdə 35 səyyar qəbulu təşkil olunmuş, sakinlərin problemləri yerində araşdırılmış və həmin problemlərin həlli istiqamətində aidiyyatı idarə və müəssisələrə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin 9 ayı ərzində İcra Hakimiyyətinə 882 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 262 Prezident Administrasiyasından, 21 Mili Məclisdən, 23 Nazirlər Kabinetindən, 209-u isə Respublikanın digər rəhbər təşkilatlarından, 367-si isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
Maddi ehtiyac üçün İcra Hakimiyyətinə müraciət edən 49 nəfər rayon sakininə 15530 manat yardım edilmişdir.
İcra Hakimiyyətinə daxil olmuş bütün müraciətlər "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə „Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qurulmuş, bütün müraciətlər vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir. Ərizələr şöbələrdə ciddi araşdırılmış və onların böyük hissəsi vətəndaşların xeyrinə həll olmuşdur. Təəssüf ki, bəzi vətəndaşlara ətraflı və obyektiv cavablar versə də bununla razılaşmır, qeyri-qanunu istəyinin baş tutacağı ümidi ilə yuxarı orqanlara təkrar ərizələr göndərirlər.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. İcra Hakimiyyətinin Başçısı tərəfindən bu müddətdə 348 nəfər vətəndaş qəbul edilmişdir. Bunların 195 səyyar qəbullarda, 153 isə aparatda dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
 

Keçidlər