2018-ci ilin yekunları ilə bağlı Hesabat Məruzəsi
2018-ci ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 06 fevral 2019-cu il tarixli Şura iclasında rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun
HESABAT MƏRUZƏSİ
Artıq tarixə çevrilən 2018-ci ildə də müstəqil Azərbaycanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində davam edən inkişaf və tərəqqi artan templə davam etmişdir. Bu inkişaf ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, həmçinin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin etmişdir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici subyekt kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Məhz buna görə də ölkəmiz regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab olunur.
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası Azərbaycanda hakimiyyətin əsl məram və məqsədinin xalqa xidmət olduğunu bir daha bəyan etdi.
Dövlətimizin başçısı iclasdakı nitqində demişdir:
2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir.
Keçən il Azərbaycanda ümumi daxili məhsul, yəni, iqtisadi artım 1,4% olmuşdur. Qeyri neft sektorunun inkişaf 1,8, sənaye istehsalı 1,5, qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz artmışdır.
Ötən il inflyasiya cəmi 2,3 faiz, əhalinin pul gəlirləri isə 9,2 faiz artmışdır.
Halbuki 2017-ci ildə inflyasiya 12 faizdən çox olmuşdu. Ötən ildə kənd təsərrüfatı 4,6 faiz artmışdır. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatı ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir.
Keçən il valyuta ehtiyatlarımız 3 milyard dollar məbləğində artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Bu isə dünyada ən yaxşı göstəricilərdən biridir.
Keçən il ölkədə 118 min daimi iş yeri yaradılmışdır. Bu müddətdə İxrac 36 faiz artaraq 19 milyard dollara çatmışdır. İxracın idxalı üstələməsi 8, 6 milyard dollar təşkil etmişdir.
2018-ci il ölkəmiz üçün bir sıra önəmli hadisələrlə tarixə düşmüşdür. Azərbaycanın üçüncü peyki orbitə buraxıldı. Məhz ötən ildə ölkəmiz kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirdi. Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu Dəhlizin tərkib hissəsi olan TANAP layihəsi də işə düşmüş və artıq fəaliyyətə başlamışdır. Həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlamışdır.
Fərəhli haldır ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində ölkəmiz 32 pillə irəliyə getmişdir. Bu rekord göstəricidir.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunaraq demişdir: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır.
Ancaq eyni zamanda hərbi gücümüzü də artırırıq. Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. Qarşı tərəf də düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır.
Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.
Məlum olduğu kimi Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ili bütövlükdə “Nəsimi ili” elan edilmişdir. “Nəsimi ili”nin elan olunması dövlətin, onun rəhbərinin böyük şairin 650 illik yubileyinə ümumilikdə, ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi böyük qayğının təzahürüdür.
Məlum olduğu kimi yanvar ayının 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda Respublika Prezidenti cənab İlham Əliyev çıxış edərək ötən beş ildə görülmüş işlər, həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verərək ölkədə sabitliyin və inkişafın hökm sürdüyünü diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bildirib ki, üçüncü Dövlət Proqramı bütünlükdə uğurla icra olunmuşdur. Ölkə rəhbərinin Fərmanı ilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
Əminliklə deyə bilərik ki, qazanılan uğurlar, həyata keçirilən islahatlar müstəqil Azərbaycanımızın qüdrətini artırmaqla yanaşı 4-cü beşillikdə növbəti hədəflərə çatmaq üçün etibarlı bünövrədir.
Hesabat dövründə Hacıqabul rayonunda da mühüm işlər görülmüşdür.
2018-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 % artmışdır. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 6,4 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 % çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 2,6 %, sənayedə 40,3 %, ticarətdə 6,4 % artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 12 milyon 847 min manat və ya 5,4 %, iaşə dövriyyəsi 5,3 %, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 5,9 %, məişət xidmətlərinin həcmi 4,9 %, yük daşınmalarının həcmi 2,3 %, sərnişin daşınmalarının həcmi 2,8 %, rabitə xidmətlərinin həcmi isə 10,2 % artmışdır.
Ötən ildə rayon iqtisadiyyatının bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 27,5 %, istifadəyə verilmiş əsas fondlar 6,7 dəfə artmışdır. Ümumi mənzil fondu 18 min kv.metr və 1,5 % artaraq 1 milyon 188 min kv.metr olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Hesabat ilinin məhsulu üçün rayonda 43011 hektar sahədə taxıl əkilmişdir. Bunun 31848 hektarını buğda, 11163 hektarını isə arpa əkini təşkil etmişdir. Taxıl sahələrindən 76006 ton məhsul əldə edilmişdir.
Sahələrdən 6579 ton tərəvəz, 11378 ton bostan, 495 ton kartof, 11314 ton qarğıdalı, 1172,7 ton pambıq, 6520 ton şəkər çuğunduru, 40,9 ton soya, 11995 ton meyvə, 268 ton üzüm istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 ton kartof, 40 ton günəbaxan, 40,9 ton soya məhsulu, 7 ton üzüm istehsalı çox olmuşdur.
Cari ilin məhsulu üçün 25925 hektar sahədə buğda, 11008 hektar sahədə arpa, 353 hektar sahədə yonca və 321 hektar sahədə xəsil olmaqla ümumilikdə 37607 hektar sahədə payızlıq əkin işləri həyata keçirilmişdir.
Hesabat dövründə süd istehsalı 6 % artmışdır. Yun istehsalı 1 ton artaraq 229 tona çatmışdır. Ötən il yumurta istehsalı 298 milyon 571 min ədəd olmuşdur. Diri çəkidə 7773 ton ət istehsal edilmişdir.
“Aqrolizinq” vasitəsilə hesabat dövründə kənd təsərrüfatı əkinçilərinə müxtəlif növ mineral gübrələrin və ziyanvericilərə qarşı kimyəvi maddənin 70 % güzəştlə satışı həyata keçirilmişdir.
Hesabat dövründə rayonda 30 kümçü tərəfindən 1924 kq barama istehsal edilmişdir.
Ötən ildə rayonumuzda 1300 ha sahədə pambıq əkilmişdir. Bir sıra hallarda pambıq tarlalarına aqrotexniki qaydalara uyğun quluq edilmədiyindən və ərazilər üzrə kənd sakinlərinin pambıq yığımına kütləvi cəlb edilməməsi səbəbindən rayonun bu sahə üzrə göstərici aşağı olmuşdur. 9 sentner məhsul götürülüb. Keçən ildən 178,7 ton çox pambıq təhvil verilmişdir.
Son illər rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Hesabat ilində 490 ha buğda sahəsindən 4761 ton, 791 ha arpa sahəsindən 1938 ton, 117 ha şəkər çuğunduru sahəsindən 6520 ton, 20 ha soya sahəsindən 40,9 ton məhsul əldə edilmişdir.
Aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində son tamamlama işləri həyata keçirilir, indiyə kimi buraya 1339 baş cins mal-qara gətirilmişdir. Heyvanların gətirilməsi davam etdirilir.
Meyniman kəndində 2000 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal tövləsi, 1 ədəd yem anbarı, 4 ədəd qoyun tövləsi, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən ildə hər birinin sahəsi 2 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Hesabat ilində 110 ha buğda sahəsindən 380 ton, 120 hektar arpa sahəsindən 285 ton, 174 ha yonca sahəsindən 2440 ton məhsul əldə edilmişdir. 20 ha sahədə soğan, 80 ha sahədə pambıq, 250 ha sahədə qarğıdalı əkilmiş, 57 ha sahədə meyvə bağı salınaraq meyvə bağlarının ümumi sahəsi 114 hektara çatdırılmışdır. Bundan əlavə eyni zamanda illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır. Hazırda aqroparkda 50 nəfər daimi işləyir. Tam gücü ilə işlədikdə 150 nəfər işçi çalışacaq.
“Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir. Uzunluğu 4905 metr olmaqla mövcud torpaq kanalının yenidən qurulması, 3,6 km uzunluğunda beton kanalın, 7,4 km uzunluğunda ikixətli boru xəttinin, 35/6 Kva-lıq yarımstansiyanın, üzən nasos stansiyasının quraşdırılması və nasosa xidmət edən binaların tikintisi işləri görülmüşdür.
Rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilmişdir.
”Agro Dairy” MMC tərəfindən bu ərazidə 1 ədəd 110 kvt, 2 ədəd 35 kvt yarımstansiyanın tikintisi və 17 km-lik su xəttinin çəkilişi başa çatmışdır. 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. 2018-ci ilin məhsulu üçün aqroparkda 26934 hektar sahədə taxıl, o cümlədən 24934 ha sahədə buğda, 2000 ha arpa əkini həyata keçirilmişdir. 2019-cu ilin məhsulu üçün 19830 hektar sahədə buğda, 1670 hektar sahədə arpa və 348 hektar sahədə yonca bitkisi əkini aparılmışdır. Hazırda 130 nəfər daimi işlə təmin olunub.
Rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.
Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilmişdir. Kompleksdə 70 nəfər işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən “Hacıqabul Sənaye Məhəlləsi”nin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatmış, hazırda tamamlama və abadlaşdırma işləri aparılır. Burada 970 nəfər layihəyə görə işləyəcək.
2018-ci ildə əhaliyə elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Şəhərdə, həmçinin Udullu zonasında, Navahı, Atbulaq, Qarasu kəndləri, Muğan və Pirsaat qəsəbələri ərazisində elektrik təsərrüfatı təzələnmişdir.
Hesabat dövründə sərf olunan enerjinin dəyəri 92,4 % yerinə yetirilmişdir.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir.
İl ərzində su istifadəçiləri olan əhali qrupuna 80 ədəd, qeyri əhali qrupuna 20 ədəd smart sayğac quraşdırılmışdır. Əhaliyə satılan suyun ödənişi 91,7 % təşkil etmişdir.
Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən Navahı qəsəbəsində 272 nömrə tutumlu EATS-in 50 nömrə tutumlu daxili xətt şəbəkəsi istifadəyə verilmiş, 100 ədəd telefon və 50 ədəd internet çəkilişi təmin olunmuşdur.
Rayon mərkəzində 140 ədəd telefon 230 ədəd internet çəkilişi təmin olunmuşdur. Əhalinin tələbatına uyğun olaraq xidməti ərazilərdə ümumilikdə 600 portluq müxtəlif tutumlu internet avadanlıqları (DSLAM) quraşdırılmışdır.
Hesabat dövründə yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 5.292000 manat proqnoza qarşı 5.424926 manat və ya 102,5 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 1.422960 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.
Rayon büdcəsinin xərc hissəsi 94,5 icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.
Rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “sair xərcləri” vəsaitindən 2018-ci il üzrə ümumilikdə 91160,00(doxsan bir min bir yüz altmış) manat vəsait xərclənmişdir. Daxili imkanlar hesabına “Qurban” bayramı münasibəti ilə şəhərin imkansız, tənha və sosial müdafiəyə ehtiyacı olan sakinlərə 1 tondan çox mal əti paylanmışdır.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,2 manat artaraq 331,2 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 % artaraq artmışdır. Məşğul əhalinin sayı 36,4 min nəfər olmuşdur. Məşğul əhalinin 15,4 %-i dövlət sektorunda, 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.
Rayonda 01 yanvar 2019-cu il vəziyyətinə pensiyaçıların ümumi sayı 7353 nəfər olmuşdur. Bunlardan 4120 nəfəri yaşa görə, 2019 nəfəri əlilliyə görə, 1214 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 207,17 manat təşkil etmişdir. 2018-ci il ərzində 4300 nəfərə sosial müavinətlər, 501 nəfərə isə ünvanlı sosial yardım verilir.
Hesabat dövründə rayonda 1259 yeni iş yeri açılmışdır ki, bunun da 542-si daimidir.
2018-ci il ərzində rayon Məşğulluq Mərkəzinə 785 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 471 nəfər olmuşdur. Mərkəzdə təşkil edilən əmək yarmarkasında 25 nəfər işaxtaran vətəndaş işlə təmin edilmişdir.
01.01.2019-cu il tarixə rayon əhalisinin sayı 1,2 % artaraq 75,6 min nəfər olmuşdur. İqtisadi fəal əhali 1,1 % artaraq 37,4 min nəfər təşkil etmişdir. İqtisadi fəal əhalinin ümumi əhali sayında payı 49,5 %-dir.
Hesabat dövründə şəhərdə tikinti-quraşdırma, abadlıq və yaşıllaşdırma işləri davam etdirilmişdir.
Ş.İ.Xətai küçəsi 2, 4, 6 və 6a saylı yaşayış binalarının qarşısındakı məhəllədə geniş abadlıq işləri aparılmışdır. Həmin küçədə yerləşən mərasim zalında da geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.
Hesabat dövründə şəhərin Ə.Vahid, Ş.İ.Xətai, M.Əsədov, İ.Qayıbov, Babək, H.Həmidov küçələrində səkilər, hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılmışdır. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənmiş və fasadı təmir edilmişdir.
Ə.Vahid, H.Həmidov, M.B.Nadim, H.Z.Tağıyev, Bakı küçələrinə ümumilikdə 13198 kv.metr yola 6 sm qalınlığında asfalt örtüyü qoyulmuşdur.
Rayonun 19 min əhalisinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan dairəvi avtomobil yolunun tikintisi başa çatmış və yol istifadəyə verilmişdir.
11 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 7,6 km-lik Navahı kənd-Rəncbər-Pirsaat yolu yenidən tikilib istifadəyə verilmişdir.
Hesabat dövründə mövcud yaşıllıqlara qulluq göstərilməsi ilə yanaşı rayon ərazisində 14 min dekorativ ağac, 12 min gül kolu əkilmişdir.
Rayonda 18 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik və 15 Bələdiyyə fəaliyyət göstərir. Ərazidə həmçinin 425 ailə olmaqla 1602 nəfər məcburi köçkün, 124 ailə olmaqla 421 nəfər qaçqın yaşayır.
2018-ci ildə Rəncbər kəndinə daxili imkanlar hesabına 2,5 km kəndarası yola çınqıl döşənmiş 1200 metr kənd daxili suvarma kanalları lildən təmizlənmişdir. “Qobu” adlanan suvarma kanalının 3,5 km-də əsaslı təmir işləri aparılmışdır.
Birinci Udullu, Şorbaçı və İkinci Udullu kəndlərində 1800 metr uzunluğunda olan suvarma kanalında cari təmir işləri aparılmış, Padar qəsəbəsində 2 km qəsəbədaxili yollara çınqıl döşənərək təmir olunmuşdur. Ərazidən qrunt sularının kənarlaşdırılması üçün 2 km kanal qazılmışdır.
Meyniman, Ələtli, Qızılburun, Atbulaq Talış kənd və Pirsaat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərini əhatə edən ərazilərdə ümumilikdə 60,5 km suvarma kanalı lildən təmizlənmiş, 9,5 km kənddaxili yollarına qum-çınqıl qarışığı tökülərək hamarlanmışdır. Qrunt sularını kənarlaşdıran 5 km drenaj kollektorunda lildən təmizlənmə işləri aparılmışdır.
Rayonun bütün İnzibati Ərazi Dairələri müasir kompyuterlə təchiz olunmuşdur. Nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin qanuna uyğun aparılması daim diqqət mərkəzində olmuşdur. Hazırda kənd yerləri üzrə 7475 təsərrüfat üzrə olan məlumatlar təsərrüfatbaşına kitabların bütün bölmələri üzrə elektron sistemə işlənmişdir. İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin vəziyyəti rayon İcra Hakimiyyətinin Başçısı yanında Şurada müzakirə olunmuşdur.
2018-ci ilin yekunları ilə bağlı rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmişdir. Yığıncaq iştirakçıları tərəfindən irəli sürülmüş çoxsaylı rəy və təkliflərin müsbət həlli üçün lazımı köməklik göstərilmişdir.
Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılmış, ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
Lakin bəzi İƏD üzrə nümayəndəliklər ərazisində fəaliyyət göstərən bələdiyyələr ilə işlərini lazımı səviyyədə qurmamışdır. Ələtli, Meyniman, Abdulabad kənd, Muğan və Padar qəsəbə ərazilərində fəaliyyət göstərən bələdiyyələr işlərini hələ də günün tələbləri səviyyəsində qurmadığına görə əhalidən vergilərin yığılmasında gerilik yaranmışdır. Bu isə öz növbəsində ərazilərin sosial ehtiyaclarının bələdiyyələr tərəfindən ödənilməsinə mənfi təsir göstərmişdir.
Rayonun Təhsil Şöbəsi 2018-ci il ərzində 33 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə ilə fəaliyyət göstərmişdir. Rayon Təhsil Şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Rayonun ümumtəhsil məktəblərində 11091 nəfər şagird təhsil almış və onların təlim tərbiyəsi ilə 944 nəfər təhsil işçisi məşğul olmuşdur. 2018-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 235 nəfər, orta ixtisas məktəblərinə 95 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 109 nəfər (46,1%), orta ixtisas məktəblərinə 46 nəfər (48,4%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 21 nəfər ali məktəblərə, 19 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bütövlükdə ötən il rayon üzrə 130 nəfər ali məktəblərə, 65 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Ali məktəbə qəbulda şəhər 5 saylı və Rəncbər kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Ali məktəbə qəbul olunanlardan 22 nəfəri 500-dən yuxarı, 7 nəfəri 600-dən yuxarı bal toplamışlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci ildə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun bir qrup şagirdi mart ayında Quba, Qusar, Xaçmaz, noyabr ayında isə Qəbələ, Şəki, Zaqatala rayonlarında olmuşlar.
Görülmüş işlərlə yanaşı təhsil sahəsində bəzi çətinlik və nöqsanlar da vardır. Belə ki, rayonda fəaliyyət göstərən 33 məktəbdən 10 məktəbin direktoru vəzifəsi vakantdır. Son illərdə rayona ixtisaslı müəllimlər göndərilsə də kənd məktəblərində bir sıra ixtisaslar üzrə müəllim çatışmazlığı qalmaqdadır.
Buraxılış imtahanlarında qazanılan uğurlara baxmayaraq Kürçülü kənd ümumi orta, Tava, Tağlı, Udulu, Abdulabad kənd və Padar qəsəbə tam orta məktəblərində buraxılış imtahanlarının nəticəsi son illərdə qənaətbəxş olmamışdır. Padar qəsəbə, Tağlı, Şorbaçı və Ağacanlı kənd tam orta məktəblərində ali məktəblərə qəbulun nəticələri çox zəif olmuşdur.
Qazanxanası və istilik sistemi olmadığından rayonun Navahı kənd orta məktəbinin binası odunla, Atbulaq, Meyniman və Talış kənd tam orta məktəblərinin binaları standart elektrik peçləri ilə isidilir. Navahı, Talış kənd, Muğan qəsəbə və şəhər 5 saylı tam orta məktəblərinin yerləşdiyi binaların əsaslı təmirə ciddi ehtiyacı vardır.
Rayonda 91 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 47 həkim, 163 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol ambulatoriyası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə fevral ayının 15-dən mayı ayının 14-dək 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibb profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar başlayan aksiya zamanı 74 mindən yuxarı əhalisi olan Hacıqabul rayonunun 56004 nəfəri tibbi müayinələrdən keçmiş, bunların arasında 727 nəfər xəstə aşkar edilmiş, həmin xəstələr rayon Mərkəzi Xəstəxanasında və Respublikanın müxtəlif tibb müəssisələrində müayinəyə cəlb olunmuşlar.
Uşaqlar arasında profilaktik peyvəndlər təqvim planına uyğun davam etdirilmiş və ümumilikdə 7697 uşağa profilaktik peyvənd aparılmışdır. İl ərzində ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq uşaqların icbari dispanserizasiyası aparılması prosesində 17692 uşaq müayinə olunmuş, 490 uşaq müxtəlif xəstəliklər üzrə dispanser qeydiyyatına götürülmüşdür.
Hesabat ilində Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, 100 nəfərdən qan götürülmüşdür.
Bu gün rayon səhiyyəsində bəzi ixtisaslı həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq və s.) eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhaliyə lazımı səviyyədə xidmət göstərilməsinə mənfi təsir göstərir.
Hələ də bəzi həkim və tibb məntəqəsi uyğunlaşdırılmış binalarda, 3 tibb məntəqəsi isə şəxsi evlərdə fəaliyyət göstərir. Şəhərdə yeni tibb korpusun tikilməsinə, təcili tibbi yardım stansiyasının avtomobilə və həkim kadrlara ciddi ehtiyac vardır. Stansiya uyğunlaşmış binada yerləşir.
Rayonun Mədəniyyət sahəsində 17 klub müəssisəsi, o cümlədən 1 rayon, 6 kənd Mədəniyyət evi, 2 şəhər, 8 kənd klubu, Mərkəzi Kitabxana Sistemi üzrə 27 müstəqil dövlət kitabxanası, o cümlədən rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir.
Ötən il ərzində tədbirlər planına uyğun olaraq bir sıra işlər görülmüşdür. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən rayon mədəniyyət müəssisələrində tədbirlər planı tərtib edilmiş və mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilmişdir.
Şəhər Uşaq Musiqi məktəbi 7 ixtisas üzrə fəaliyyət göstərmişdir. Məktəbdə həmin ixtisaslar üzrə 197 şagirdin ibtidai musiqi təhsili ilə 45 əsas və 2 əvəzçi müəllim məşğul olur.
2018-ci ildə muzeydə keçirilən tədbirlərdə iştirak edənləri sayı 1445 nəfərdən çoxdur. Rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti səmərəli olmuşdur. Mərkəzdə 511 qrup şəklində, 10557 nəfər tamaşaçı qəbul edilmişdir. Burada xalq yaradıcılığı studiyasında gənclər xalça toxumaq, foto, rəsm sənətinin sirlərini və xarici dilləri öyrənirlər. Elektron kitabxanadan və internetdən istifadə edirlər.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondunun ümumi sayı 154591 nüsxədən ibarətdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucuların sayı 15073 nəfər, kitab verilişi 193290 nüsxə olmuşdur. Tədbirlər planına uyğun olaraq yaşlı oxuculara, əlillərə evlərdə səyyar kitabxana xidmətinin təşkili həyata keçirilmiş, məktəblilər üçün kitabxanalarda “Yay məktəbləri”, şəhər və kəndlərin müxtəlif məkanlarında, idarə və təşkilatlarda “Açıq kitabxanalar”, “Səyyar kitabxanalar” təşkil olunmuşdur.
Görülmüş işlərlə yanaşı bəzi problemlər də mövcuddur; Rayon Mərkəzi Kitabxanası, şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Kənd yerlərində yerləşən bəzi mədəniyyət müəssisələrində işçilərin işə davamiyyəti və apardığı işin səviyyəsi aşağıdır.
Rayon Gənclər və İdman İdarəsi hesabat ilində gənclərlə iş və idman sahəsi üzrə bir sıra tədbirlər həyata keçirmişdir.
İl ərzində 38 tədbir həyata keçirilmiş və bu tədbirlərə 2298 nəfər cəlb olunmuşdur. Bu müddətdə 18 idman yarışı keçirilmiş və bu yarışlarda 1692 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, məktəb yaşlı yeniyetmələr arasında idman oyunları müntəzəm təşkil edilsə də yuxarı yaşlı gənclər üçün bu iş zəif qurulur.
02 avqust 2018-ci il tarixində rayon İcra Hakimiyyəti Başçısı tərəfindən rayonda dini durumun sabit saxlanılması, dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, Məhərrəmlik, Aşura və digər dini mərasimlərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsi ilə əlaqədar sərəncam verilmiş, təbirlər planı hazırlanıb və qərargah yaradılmışdır. Görülmüş işlər nəticəsində məhərrəmlik ayı ərzində rayon ərazisində zəncirvurma, qançıxarma kimi hallar, küçə yürüşlərinin keçirilməsi və digər qanuna zidd hərəkətlər qeydə alınmamışdır. Rayon ərazisində 28 məscid, 8 pir və ziyarətgah fəaliyyət göstərir. 13 dini icma qeydiyyatdadır ki, bunlardan 7-si təkrar qeydiyyatdan keçmişdir.
Rayon ərazisində 21 İctimai təşkilat, 9 siyasi partiya, 2 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Rayonda iki mətbu orqan, o cümlədən “Hacıqabul” qəzeti buraxılır. İcra Hakimiyyəti qəzetin vaxtlı-vaxtında və lazımı səviyyədə çap olunması və mətbuatın dövrlüyünü və təsirliliyini artırmaq üçün lazımı tədbirlər görür.
Ötən il Heydər Əliyev Mərkəzinin nəzdində Heydər Əliyev Akademiyası yaradılmışdır.
Akademiyada ictimai-siyasi mühitə təsir edə biləcək müxtəlif sahələri və yaş qruplarını əhatə edən 60 nəfər dinləyici-müdavim təhsil alır. Mühazirələr hər ay 2 dəfə keçirilir. Dinləyici-müdavimlərə mühazirələrin aparılması 9 ay nəzərdə tutulur, mühazirələr bitdikdən sonra, müdavimlər Akademiyanın sertifikatlarını alacaqlar.
Hesabat dövründə rayon ərazisində 174 cinayət hadisəsi qeydə alınmışdır. 170 cinayətin açılması təmin edilmişdir. Cinayətlərin açılması 97,1 faiz olmuşdur. İl ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 78 cinayət faktı aşkar edilmişdir. Dövriyyədən ümumilikdə 5 kq-a yaxın çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Ötən ildə 7104 nəfər vətəndaşa şəxsiyyət vəsiqəsi verilmiş, 244 nəfər qeydiyyata alınmış, 368 nəfər qeydiyyatdan çıxarılmışdır.
Hesabat dövründə rayon prokurorluğunda 11 cinayət işi icraata qəbul edilmişdir. Bunlardan 4 iş xüsusi ilə ağır, 3 iş ağır, 4 iş isə az ağır cinayət hadisəsi olmuşdur. 6 işin istintaqı tamamlanmışdır. İstintaqı tamamlanan işlərin 4-ü baxılması üçün məhkəməyə göndərilmiş, 2 iş xitam olunmuşdur. Qalan işlərdən 1 iş üzrə icraat dayandırılmış, 4 iş qalıq qalmışdır.
İl ərzində rayon prokurorluğuna 167 müraciət daxil olmuşdur. Həmən müraciətlərin 70-i rayon prokurorluğunda həll edilmiş, qalan hissəsi aidiyyəti üzrə göndərilməklə qanunvericiliyə uğun müvafiq tədbirlər görülmüşdür. Rayon prokurorluğunda 172 nəfər, o cümlədən 109 nəfər vətəndaş yaşayış yerlərində rayon prokuroru tərəfindən qəbul edilmişdir.
2018-ci il ərzində rayon qeydiyyat şöbəsində 1304 doğum, 427 ölüm, 442 nikah bağlanması, 137 nikahın pozulması rəsmiləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar vətəndaşlar tərəfindən dövlət büdcəsinə 4387 manat rüsum köçürülmüşdür.
Hesabat ilində rayon icra hakimiyyətinə daxil olmuş müraciətlərdən aydın olur ki, Hacıqabul rayon icra və probasiya şöbəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını lazımı qaydada icra etmirlər. Şikayətlər əsasən məhkəmə qərarına əsasən təyin olunmuş alimentin alınması və digər mülkü məsələlərlə əlaqədardır.
Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Hesabat dövrü ərzində İcra Hakimiyyətinə 717 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 270-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 5-i Milli Məclisdən, 22-si Nazirlər Kabinetindən, 30-u Respublikanın digər rəhbər təşkilatlarından, 390-ı isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2018-ci il ərzində İcra Hakimiyyətinin Başçısı tərəfindən 1524 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 271 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və işin icrası şöbələr tərəfindən nəzarətə götürülmüşdür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir.
Cari ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən dövlətimizin başçısı yekun nitqində demişdir: - “Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır.”
İcazə verin Sizin adınızdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabul rayonunun sakinləri bundan sonra da qarşımıza qoyulan möhtəşəm vəzifələri ləyaqətlə yerinə yetirmək naminə var-gücü ilə çalışaraq rayonun sosial-iqtisadi inkişafını sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcəklər.