2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları barədə Hesabat Məruzəsi
2019-cu ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra hakimiyyətinin başçısı Ə.K.Muxtarovun 8 avqust 2019-cu il tarixli Şura iclasındakı
HESABAT MƏRUZƏSİ
İyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
Dövlət başçısı bildirmişdir ki, İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır.
Ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Əhalinin gəlirləri 6,6 faiz artmışdır.
Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənmişdir. Bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb.
Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır.
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik.
Möhtərəm Prezidentimizin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2019-cu ilin 6 ayı ərzində rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri barədə bir qədər geniş məlumat vermək istəyirəm.
2019-cu ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 151 milyon 315 min 100 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,17 milyon manat və ya 7,2 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 83,1 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,99 % çoxdur. Bu ilin altı ayı ərzində kənd təsərrüfatı məhsulunun həcmi 9.222,5 min manat artaraq 84 milyon 514 min, 600 yüz manat, sənayedə məhsul buraxılışının həcmi 2.483,2 min manat artaraq 14785,7 min manat, ticarətdə məhsul buraxılışının həcmi 1.381,4 min manat artaraq 39.605,9 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 12,5 %, sənayedə 20,18 %, ticarətdə 3,61 % artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 4.173,0 min manat və ya 3,59 % artaraq 120.495 min manat, iaşə dövriyyəsi 104,0 min manat və ya 5,15 % artaraq 2.124,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1.198 min manat və ya 7,43 % artaraq 17.312,0 min manat, məişət xidmətlərinin həcmi 168,0 min manat və 5,12 % artaraq 3.450,0 min manat, yük daşınmalarının həcmi 4,0 min ton və ya 3,2 % artaraq 129 min ton, sərnişin daşınmalarının həcmi 58 min nəfər və ya 2,1 % artaraq 2.824 min nəfər, rabitə xidmətlərinin həcmi 20,6 min manat və ya 6,11 % artaraq 357,8 min manat olmuşdur.
2019-cu ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 10.872,1 min manat olmuşdur. İstifadəyə verilmiş əsas fondlar 1.403,6 min manat və 101,12 % artaraq 2.791,6 min manata çatmışdır. Ümumi mənzil fondu 21,9 min kv.metr və 1,86 % artaraq 1198,0 min kv.metr olmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Rayonda 2019-cu ilin məhsulu üçün 31,973 hektar sahədə taxıl əkilmişdir. Bu sahələrin 21615,0 hektarını buğda, 10358,0 hektarını arpa, 321 hektarını isə xəsil əkini təşkil etmişdir.
31973,0 hektar taxıl sahəsindən 73.122,4 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 41708,4 tonunu buğda, 31414,0 tonunu isə arpa təşkil edir. Məhsuldarlıq arpa bitkisi üzrə isə 30,33, buğda bitkisi üzrə isə 19,30 sentner olmuşdur.
2019-cu ilin birinci yarısında 835 hektar sahədə bostan, 530 hektar sahədə tərəvəz, 630,3 hektar sahədə qarğıdalı, 46 hektar sahədə kartof, 400,0 hektar sahədə pambıq, 2806,0 hektar sahədə yem bitkiləri, 171,8 hektar sahədə şəkər çuğunduru, 38,4 hektar sahədə soya olmaqla cəmi 5258,5 hektar sahədə yazlıq əkin aparılmışdır.
2019-cu ilin birinci yarısında 3353 ton tərəvəz, 17951 ton bostan, 1330 ton meyvə, 515,2 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz məhsulları istehsalı 167 ton, bostan məhsulları istehsalı 5 ton, kartof istehsalı 20,2 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 375 ton artaraq 10244 tona, yun istehsalı 2 ton artaraq 231 tona çatmışdır. Hesabat dövründə yumurta istehsalı 37139 min ədəd artaraq 180.951 min ədəd olmuşdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 0,97 % xırda buynuzluların sayı isə 0,63 % artmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 ton artaraq 4448 tona çatmışdır.
Quşların baş sayı 2.744.173 min baş olmuşdur.
Aqrolizinq” ASC-nin Hacıqabul bölməsi tərəfindən 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istehsalçılara güzəştli qaydalar əsasında pestisid, herbisid və mineral gübrələrin verilməsi təmin olunmuşdur. 217 hektara 15 istehsalçıya dənli taxıl, yen bitkiləri və texniki bitkilər əkini sahələri üçün 349 kq dərman preparatları satılması və 669 istehsalçıya isə 7226 ha əkin sahələrinə 986 ton mineral gübrələrin verilməsi təmin edilmişdir. Lizinq üzrə öhdəliyin yerinə yetirilməsi 52.8 % olmuşdur.
Rayon üzrə istehsalçılara 1133 qutu arı ailəsinə görə 11.133 manat subsidiya hesablanmiş və təsdiq edilməsi üçün Respublika komissiyasına göndərilmişdir. Ötən ilin mövcud dövrünə nisbətdə 643 arı ailəsi artmışdır.
Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri İdarəsi 20943 ha suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini və meşə zolağını suvarma suyu ilə təmin edir. Əkinlərin su təminatının yaxşılaşması üçün 2019-cu ilin 6 ayında 60,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.
Əkinlərin suvarılması üçün 2019-cu ilin 6 ayında su mənbələrindən 72,93 mln. kub metr su götürülmüş, su ayrıclarından Sudan İstifadəedənlər Birilliklərinə 54,58 mln. kub metr su verilmişdir. Sudan istifadə əmsalı 0,98 olmuşdur.
Əkinlərin su təminatının yaxşılaşması üçün 2019-ci ilin 6 ayında 198,0 km magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.
Hesabat dövründə 2 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş, 35 ədəd hidrotexniki qurğu, 5 ədəd hidropost, 2 ədəd nasos stansiya binası, 2 ədəd mülki bina cari təmir olunmuşdur.
Yuxarı Şirvan kanalının qolundan su götürən və su keçirmə qabiliyyəti 5 m3/san olan 28,2 km-lik Hacıqabul magistral beton kanalı və Padar-Qarasu ərazisində müxtəlif sərfiyyatlı 21,2 km təsərrüfat daxili qol kanallar ilə cari təsərrüfat ilində Padar-Qarasu ərazilərinin ümumilikdə 7272 ha əkin sahələri suvarma suyu ilə təmin edilir. Hesabat dövründə 6063 ha taxıl əkinləri, 225 ha pambıq, 63 ha yem bitkiləri, 38 ha soya, 591 ha dənlik və silos üçün qarğıdalı,170 ha şəkər cuğunduru, 70 ha həyətyanı və s. kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə normal təmin olunmuşdur və hal-hazırda vegetasiya suvarma rejiminə uyğun digər əkinlərin də suvarılması davam etdirilir.
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2019-cu ilin 6 ayı ərzində Ağacanlı, Ələtli, Meyniman kəndləri ərazisində K-3 təsərrüfat daxili kollektorlarda 19570 pm lildən təmizlənmə işləri görülmüşdür. Əlavə olaraq K-2 nasos stansiyasında 1 ədəd nasos aqreqatı və 315 kvt-luq elektrik mühərriki əsalı təmir olunmuşdur.
Hesabat dövründə rayonun Baytar həkimləri tərəfindən 38687-baş iri buynuzlu heyvanlarda, 131496-baş xırda buynuzlu heyvanlarda, 600 baş tək dırnaqlı heyvanlarda və 12 baş dəvələrdə Qarayara xəstəliyinə qarşı, 38635-baş iri buynuzlu və 132111 baş xırda buynuzlu heyvanlarda Dabaq xəstəliyinə qarşı, 4895-baş iri buynuzlu heyvanlarda və 15050-baş xırda buynuzlularda Leptosprioz xəstəliyinə qarşı, 220580-baş quşlarda Nyu-Kasl “H”, 659900 -baş quşlarda Nyu-Kasl “La-Sota” xəstəliyinə qarşı vaksinasiya tədbirləri aparılmışdır.
6 ay ərzində 390 obyekt olmaqla 15698 kv.metr sahədə profilaktiki və 1-obyekt olmaqla 160 kv.metr sahədə məcburi dezinfeksiya işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.
Cari ildə rayonumuzda 400,0 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 900,0 ha və ya 30,76 % azdır. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “P-Aqro” MMC arasında xam pambığın istehsalı və alqı-satqısına dair 34 istehsalçı ilə müqavilə bağlanmışdır. Hal-hazırda pambıq sahələrində intensiv işlər həyata keçirilir. Məqsədimiz əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 1000 tondan çox pambıq istehsal etməkdir.
Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38.000 ədəd cari ildə də 10,000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir. Əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.
2019 məhsulu üçün rayon üzrə 59 kümçüyə 125 qutu barama toxumu verilmiş, 3076 kg yaş barama istehsal olunmaqla Şəki İpək MMC-yə təhvil verilmişdir. Nəzərdə tutulan yaş barama tədarükü rayon üzrə 61 % yerinə yetirilmişdir. Ötən ilə nisbətən barama tədarükü cari ildə 1150 kg çox olmuşdur.
Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir.
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə yaradılmış iri aqroparkda infrastruktur yaradılmış, 777 ha sahədə pivot sistemi, 75 ha sahədə damlama suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. Hesabat ilində 212,0 ha buğda sahəsindən 1968,5 ton, 516,0 ha arpa sahəsindən 909,5 məhsul toplanmışdır. Məhsuldarlıq buğda bitkisi üzrə 38,15 sentner, arpa bitkisi üzrə isə 42,90 sentner təşkil etmişdir. 171,8 ha sahədə şəkər çuğunduru əkilmişdir.
Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi istifadəyə verilmiş, 1200 baş cins iri buynuzlu mal qara gətirilmişdir.
Hacıqabul rayonunun Meyniman kəndində 2000,0 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən illərdə hər birinin sahəsi 2,0 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılmışdır. Hesabat ilində 60,0 ha sahədə buğda, 100,0 hektar sahədə arpa əkilmişdir. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır.
Rayonun “Pirsaat massivində 4800 ha əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” layihəsi çərçivəsində işlər vəsait çatışmazlığı səbəbindən müvəqqəti olaraq dayanmışdır. Layihənin mahiyyəti mənbəyi Kür çayından olmaqla 27,6 km məsafədən 4800 ha əkinə yararlı torpaq sahəsinə suvarma suyunun çıxarılmasıdır.
Hacıqabul rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30,000 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilmişdir.
”Agro Dairy” MMC tərəfindən bu ərazidə 7000 hektarı əhatə edən pivot suvarma sistemləri quraşdırılmışdır. 2019-cu ilin məhsulu üçün əkilmiş 15665,0 hektar buğda sahədən 23514,7 ton, 1670 hektar arpa sahədən 2843,0 ton məhsul toplanmışdır. 348 hektar sahədə yonca bitkisi əkini aparılmışdır. Aqroparkda 83 nəfər daimi, 129 nəfər mövsümü işlə təmin edilmişdir.
Rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində “AZERBROOD” MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaqdır.
Atbulaq kəndində “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilmişdir. İstixananın məhsul istehsalı gücü 1,0 ha üçün 250-300 tondur. Kompleksdə 70 nəfər işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən yaradılmış “Hacıqabul Sənaye Məhəlləsi”nin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatmışdır. Layihəyə görə burada 970 nəfər işləyəcək. Müəssisədə - Ağır maşınqayırma zavodunun tikintisi işləri üzrə layihələndirmə işləri aparılır.
- Xüsusi vaqonqayırma və kompozit materialları zavodunun tikintisi işləri üzrə layihələndirmə işləri aparılır.
- Plastik su qabları istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.
- Tara istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.
- Gübrə istehsalı müəssisəsi tikilib başa çatdırılmış, istifadəyə hazırdır.
- Avtomobil zavodunun tikintisinə başlanılmışdır. Zavodda Rusiyanın QazEl markalı mikroavtobusu və yük maşınlarının istehsalı həyata keçiriləcəkdir.
- Tikinti materialları istehsalı avadanlıqlarının istehsalı zavodunun tikintisi üzrə layihələndirmə işləri aparılır.
Hesabat dövründə şəhərin H.Həmidov küçəsində 2 mərtəbəli yaşayış binasının dam örtüyü yenidən işlənmiş, H.Z.Tağıyev küçəsində nümunəvi məhəllənin tikintisinə başlanılmışdır. Ümumilikdə 6 ay ərzində abadlıq işlərinə 79.950,76 manat vəsait xərclənmişdir.
2019-cu ilin birinci yarısında M.Ə.Rəsulzadə küçəsində 304,5 kub metr, V.Talıbov küçəsində 589,45 kub metr, Koroğlu küçəsində 282,6 kub metr həcmdə yola qum-çınqıl qarışığından əsas verilmişdir.
M.Ə.Rəsulzadə küçəsində 2180,0 kv.metr, V.Talıbov küçəsində 4250 kv.metr olmaqla ümumilikdə 6430,0 kv.metr yola 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulmuşdur. Yolların əsaslı təmirinə 6 ay ərzində 118.062,96 manat vəsait xərclənmişdir.
2019-cu ilin 6 ayı ərzində tikintiyə icazə verilməsi sahəsində Hacıqabul Sənaye Məhəlləsində qırıcı avadanlıqlar istehsal edəcək dəmir töküm zavodunun tikintisinə icazə icraatı işlərinə başlanılmış və yaxın günlərdə başa çatdırılacaqdır, QAZ kommersiya avtomobillərinin istehsalı zavodunun tikintisinə başlanılmışdır. Qarasu kəndi ərazisində 1 nəfər sahibkara tikintiyə icazə verilmişdir.
Dövlət torpaq fonduna aid otlaq sahələrinin icarəyə verilməsi üzrə 5 nəfər fiziki şəxslə müqavilə bağlanılmış, rayon ərazisindən keçən magistral yolların kənarında tikilməsi nəzərdə tutulan pitstoplar üçün ayrılacaq 0,771 ha, 0,70 ha və 0,80 ha torpaq sahələrinin və “Kürdəmir Süd Emalı zavodu”nun icarəsində olan 79,5 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı tələb olunan sənədlərin hazırlanması işi başa çatdırılaraq Nazirlər Kabinetinə göndərilmişdir. Fərdi ev tikintisi üçün ayrılması nəzərdə tutulan bələdiyyə torpaqlarına münasibətdə 17, sahibkarlıq məqsədi üçün 1 torpaq sahəsinə rəy verilmişdir.
6 ay ərzində şöbəyə daxil olan müraciət və şikayət məktubları vaxtında araşdırılıb tədbir görülmüş, gecikmə hallarına yol verilməmişdir. Qanunsuz tikinti və çəpərləmələrlə bağlı 3 hal üzrə Polis idarəsinə müraciət olunmuşdur.
Hesabat ilində şəhərdə, rayonun qəsəbə və kəndlərində yaşıllaşdırma kompaniyası çərçivəsində 15000 ədəd ağac və 10000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq bu gün də davam etdirilir.
Bəzi hallarda böyük zəhmət və vəsait hesabına salınmış yaşıllıq əraziləri mal-qara tərəfindən otarılır. Təəccüblü odur ki, mal-qaranın mövcud yaşıllıqları məhv etməsi mənzərəsini ətrafdan keçən sakinlər laqeydliklə müşahidə edir və qətiyyən narahat olmurlar.
Hacıqabul Elektrik Şəbəkəsi tərəfindən 2019-cu ilin 6 ayı ərzində Kürdçü kəndi ərazisində müasir tipli 4 ədəd KTM quraşdırılmış, 670 ədəd dayaq basdırılaraq 20,1 km uzunluqda EVX çəkilmişdir.
Qarasu kəndidə qeydiyyatda olan abonentlərin enerji təchizatının keyfiyyətinin artırmaq məqsədilə 110/35/10 kV-luq y/stansiyadan Qarasu kəndinə 20 ədəd metal dayaqlar basdırılmaqla 2 km məsafədə 10 kV-luq hava xətti çəkilmiş, 1 ədəd yeni müasir tipli KTM quraşdırılaraq şəbəkəyə qoşulmuş və 275 ədəd 0,4 kV-luq ÖİN dayaq basdırmaqla 7 km məsafədə 0,4 kV-luq EVX çəkilmişdir.
Rayonun Pirsaat qəsəbəsində də yeni müasir tipli 35/6 kV-luq y/stansiya inşa edilmiş və y/stansiyanın ərazisində 2 ədəd 10,0 mVA gücündə transformator, 8 ədəd yeni müasir tipli KTM quraşdırılaraq istehlakçıların istifadəsinə verilmişdir.
Rayonun Muğan, Qarasu və Padar qəsəbəsində Bakı-Qazax magistral yolunun kənarında 10/0,4 kV-luq metal dayaqlar boyanmışdır.
6 kV-luq Ağacanlı h/x-də istismara yararsız 300 metr AS-35 markalı naqil yeni AS-50 markalı, 35 kV-luq Pirsaat hava xəttində istismara yararsız 1500 metr naqil AS-70 markalı naqillə əvəz olunmuşdur.
Hesabat dövründə Elektrik Şəbəkəsi tərəfindən alınmış və satışa ötürülmüş enerjinin dəyərinin 72,1 %-nin yığılması təmin edilmişdir.
Hesabat dövründə Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul Xidməti sahəsində 393 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 81 ədəd yeni abonentə sayğac quraşdırılmış, 153 nöqtədən qaz sızmasının qarşısı alınmışdır.
Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilmişdir. 2019-cu ilin 6 ayı ərzində istehlakçılara 1.407.408 kub metr qaz satılmış, ödəniş 268.128,16 manat olmaqla 114,81 % təşkil etmişdir.
2019-cu ilin 6 ayı ərzində əhali və qeyri-əhalini içməli su ilə təmin etmək üçün bir sıra işlər görülmüşdür. Rayon ərazisində 32-215 diametrdə 680 metr sıradan çıxmış borular yeniləri ilə əvəz olunmuş, 30 ədəd siyirtmələrdə təmir və yağlama işləri aparılmışdır. Əhali qrupuna 307 ədəd mexaniki, qeyri əhali qrupuna 28 ədəd smart sayğac quraşdırılmışdır.
Hesabat dövründə əhaliyə satılan suyun ödənişi orta hesabla 84 %, qeyri-əhaliyə satılan suyun ödənişi isə 99,0 % təşkil etmişdir.
2019-cu ilin 6 ayı ərzində Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən 420,1 min manat məbləğində rabitə xidmətləri göstərilmiş, öhdəliyə 100,8 % əməl edilmişdir.
Cari ilin 6 ayı ərzində abonentlərə 150 ədəd telefon və 270 ədəd internet çəkilişi təmin edilmişdir.
Hesabat dövründə 4 ədəd 64 portluq, 2 ədəd 128 portluq, 10 ədəd 96 portluq internet avadanlıqları (DSLAM) quraşdırılmışdır. 62 ədəd yeni rabitə dirəyi basdırılmış, 40 ədəd abunə qutusu, 29 ədəd kabel meydançası, 4,2 km məsafədə müxtəlif tipli rabitə xətləri yenisi ilə əvəz edilmişdir.
2019-cu ilin 6 ayı ərzində Hacıqabul Poçt filialına 286 sürətli poçt göndərişi, 250 qiyməti bəyan edilmiş məktub, 639 kiçik paket, 85 ədəd teleqram, 147 bağlama, 12500 məktub daxil olmuş və keçid baxış müddətini başa vurduqdan sonra ünvanlara çatdırılmışdır.
Hacıqabul Poçt filialından 2910 məktub, 246 bağlama, 80 teleqram və 150 kiçik paket göndərilmişdir.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
2019-cu ilin 6 ayı ərzində rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq işləri uğurla davam etdirilmişdir. Belə ki, IX-XI siniflərdə test yoxlamaları aparmaq üçün rayon Təhsil Şöbəsində test bankı hazırlanmış və rayonun nəticələri aşağı olan məktəblərinin IX-XI siniflərində test yoxlamaları aparılmış və nəticəsi məktəb rəhbərləri ilə müzakirə olunmuşdur.
Ali məktəblərə qəbul imtahanlarının I mərhələsi may ayında keçirilmiş və imtahanlarda rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 178 nəfər iştirak etmişdir.
Hesabat dövründə təhsil sahəsində yadda qalan hadisələrdən biri rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməsi olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonun ümumtəhsil məktəblərində oxuyan, təhsildə fərqlənən 40 nəfər şagird mart ayının 26-29-da Quba, Qusar və Xaçmaz rayonlarına səfər etmişlər.
Ötən 6 ay ərzində Rayon Gənclər və İdman idarəsi tərəfindən Gənclər sahəsi üzrə 18 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 928 nəfərdən artıq yeniyetmə və gənc iştirak etmişdir.
İdman sahəsi üzrə 11 İdman yarışları keçirilmiş, bu yarışlarda 1055 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
2019-cu ilin 6 ayı ərzində rayon səhiyyəsində 47 həkim, 162 nəfər orta tibb işçisi çalışmışdır. Rayon üzrə 29,0 nəfər həkim 35 orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərindən 12,5 ştat vahidi rayon mərkəzində, 16,5 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.
Prezident cənab İlham Əliyevin sərəncamı ilə 18 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi profilaktik müayinələrdən keçirməsi ilə əlaqədar 15 fevral 2014-cü il tarixindən başlayan aksiya bu ildə davam etdirilmişdir. Aksiya fevral ayının 12-də başlamış və may ayının 12-ə qədər davam etmişdir. 75 mindən yuxarı əhalisi olan rayonun 61428 nəfər sakini tibbi müayinədən keçmişdir. Müayinədən keçənlərdən 735 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmişdir ki, və həmin xəstələri təyinatı üzrə müalicə məqsədi ilə yerli ambulator və stasionar müalicəyə cəlb edilmişlər.
2019-cu ilin 6 ayı ərzində Mərkəzi Rayon Poliklinikasına ambulator gəlişlərin sayı 113999 nəfər olmuşdur. Xəstəxanaya qəbul olunmuş xəstələrin sayı 993 nəfər, keçirilmiş çarpayı günlərinin sayı isə 10480 nəfər olmuşdur.
Nikaha daxil olmaq istəyən şəxslərin İcbari Tibbi müayinədən keçmələri ilə əlaqədar 2019-cu ilin 6 ayı ərzində 220 cütlük müayinədən keçmiş, bunlardan 4 nəfərdə talassemiya xəstəliyi aşkar edilmişdir.
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi, 2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikası “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” qanuna uyğun olaraq sanitar-gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini təşkil etmiş və həyata keçirmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il üçün təsdiq olunmuş şəbəkə göstəricisinə uyğun olaraq rayonun mədəniyyət şəbəkəsində 17 klub müəssisəsi o cümlədən: 1 rayon, 6 kənd mədəniyyət evi, 2 şəhər, 8 kənd klubu, МКS-i üzrə 27 müstəqil dövlət kitabxanası: о cümlədən 1 rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 1, 7 illik şəhər Uşaq Musiqi məktəbi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Talış kənd mədəniyyət evi bina şəraiti olmadığı üçün şəbəkədən çıxarılmışdır.
Hesabat dövüründə rayon Tarix-Diyarşünaslıq muzeyin əsas fonduna 77 eksponat daxil olmuş, keçirilmiş tədbirlərdə 36 qrup tərkibində 433 nəfər, fərdi gəlişlərdə isə 129 nəfər tamaşaçı iştirak etmişdir.
Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Mərkəzdə 197 qrup şəklində 3805 nəfər tamaşaçı qəbul edilmişdir.
Cari ilin 6 ayı ərzində Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə oxucuların sayı 7641 nəfər təşkil etmişdir.
Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur; şəhər 7 illik Uşaq Musiqi məktəbi, İcra nümayəndəlikləri ərazisində yerləşən kitabxana və klublar uyğunlaşdırılmış binalarda yerləşir. Bu isə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilməsinə öz təsirini göstərir.
İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Hesabat dövründə yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 2.627.913 manat proqnoza qarşı 2.796.271 manat və ya 106,4 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 717.243 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.
Rayon büdcəsinin xərc hissəsi 1.896.577 təyinata qarşı 1.561.637 manat, yəni 82,3 % icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.
01.04.2019-cu il tarixə rayon əhalisinin sayı 0,4 % artaraq 76,0 min nəfər olmuşdur.
Hesabat dövründə rayon üzrə 575 doğum və 202 ölüm faktı qeydiyyata alınmışdır.
Rayonda iqtisadi fəal əhali 0,4 % artaraq 37,6 min nəfər təşkil etmişdir. İqtisadi fəal əhalinin ümumi əhali sayında payı 49,5 %-dir.
Məşğul əhalinin sayı 36,6 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,8 manat artaraq 399,0 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.528.8 min manat və ya 6,9 % artaraq 163 milyon 104,8 min manata çatmışdır.
Hacıqabul rayon Məşğulluq Mərkəzi 2019-cu ilin birinci yarısında peşə və ixtisası olmayan, 3 ildən artıq işləməyən işaxtaran və işsiz şəxslərdən 16 nəfəri Şirvan Peşə Liseyinə “kompüter operatoru” peşəsi üzrə təhsil almağa göndərilmişdir.
2019-cu ilin birinci yarısında 790 nəfərə işlə təmin olunması üçün göndəriş verilmişdir. O cümlədən 321 nəfər işsiz və işaxtaran vətəndaş DOST İŞ MMC-yə, 105 nəfər SOCAR-ın müxtəlif müəssisələrinə, 45 nəfər Azərişıq ASC-yə, 5 nəfərə Azərenerji ASC-yə göndəriş verilmişdir. 314 nəfərə isə digər idarə, müəssisə və təşkilatlara işə göndəriş verilmişdir. 30 iyun 2019-cu il tarixə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş 5 nəfər vətəndaş işsizlikdən sığorta ödənişi almaqdadırlar.
Hesabat dövründə rayonda 573 yeni iş yeri açılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 iş yeri çox deməkdir. Açılmış iş yerlərindən 311-i daimidir.
Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.
Rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “sair xərcləri” vəsaitindən 2019-cu ilin 6 ayı ərzində ümumilikdə 33383,00 (otuz üç min üç yüz səksən üç) manat vəsait xərc edilmiş, o cümlədən “Novruz” bayramının mütəşəkkil keçirilməsi ilə əlaqədar 2000,00 manat, “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin bir qrup IX-XI sinif fəal şagirdlərinin I mərhələdə Quba-Qusar və Xaçmaz rayonlarında ekskursiyaya olunmasını yüksək səviyyədə təmin edilməsinə görə 4850,00 manat, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilmiş tədbir və konsert proqramına görə 3600,00 manat, 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar keçirilmiş tədbir və konsert proqramına görə 2800,00 manat, eləcə də ərizə ilə müraciət etmiş rayonun 53 nəfər imkansız, xəstə və şəhid ailələrinə müalicə olunmasına görə ümumilikdə 16353,00 manat məbləğində maddi yardım verilmişdir.
Rayonda 01 iyul 2019-cu il vəziyyətinə pensiyaçıların ümumi sayı 7241 nəfər olmuşdur. Bunlardan 4066 nəfəri yaşa görə, 1991 nəfəri əlilliyə görə, 1184 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 214,48 manat təşkil etmişdir.
2019-cu ilin 6 ayı ərzində 5017 nəfərə sosial müavinətlər, 733 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir.
Hesabat dövründə rayon ərazisində məskunlaşmış 124 ailə olmaqla 420 nəfər qaçqın, 416 ailə olmaqla 1632 nəfər məcburi köçkün ailəsinin sosial problemlərinin həll olunmasına imkan daxilində səy göstərilmişdir.
2019-cu ilin 6 ayı ərzində rayonda hüquq mühafizə orqanları tərəfindən rayonda qanunçuluq, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizənin güclən dirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Dövr ərzində rayon ərazisində 97 cinayət hadisəsi qeydə alınmışdır. 83 cinayətin açılması təmin edilmişdir. Cinayətlərin açılması 85,6 faiz təşkil olunmuşdur. Baş verən cinayətlərin 8-i ağır və xüsusi ilə ağır, 72-si az ağır, 17 fakt isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir.
Dövr ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 57 cinayət faktı aşkar edilmişdir. Keçən ilin müvafiq dövrü ərzində 44 cinayət faktı qeydə alınmışdır ki, bu da ötən dövrlə müqayisə 13 cinayət faktının azalması deməkdir. Qanunsuz dövriyyədən ümumilikdə 4074,034 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Bu sahədə görülən tədbirlərə baxmayaraq müəyyən çatışmamazlıqlar var. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunub məsuliyyətə cəlb olunmasında müəyyən nöqsanlar hələ də var. Güclü təsiredici narkotik vasitələrin külli miqdarda dövriyyədən çıxarılmasında, tranzit daşınma faktlarının aşkar olunması sahəsində çatışmamazlıqlar var.
2019-cu ilin birinci yarısında yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi törədilməsi faktı qeydə alınmamışdır.
2019-cu il ilin 6 ayı ərzində rayon Prokurorluğunda 13 cinayət işi icraata qəbul edilmişdir. 4 iş 2018-ci ildən qalıq qalmışdır. Hesabat dövründə 9 işin istintaqı tamamlanmış, 4 işin istintaqı davam etdirilir.
2019-cu ilin birinci yarısı ərzində Hacıqabul rayon prokurorluğunda törədilmiş və ya hazırlanan cinayətlər barədə 30 cinayət xarakterli məlumatlar qeydə alınmışdır. Ötən ildən 01.01.2019-cu ilə 1 material qalıq qalmışdır. Daxil olmuş ərizə və məlumatlardan 8 məlumat üzrə cinayət işi başlanmış, 7 məlumat üzrə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir.
2019-cu ilin birinci yarısızı ərzində rayon qeydiyyat şöbəsində 539 doğum, 205 ölüm, 195 nikah bağlanması, 51 nikahın pozulması rəsmləşdirilmişdir. Qeydiyyatlarla əlaqədar 2298,0 manat dövlət rüsumu vətəndaşlar tərəfindən dövlət büdcəsinə köçürülmüşdür.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.
Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların təşkilinə xüsusi diqqət yetirmişdir.
Cari ilin 6 ayı ərzində icra hakimiyyətinə 421 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 156-sı Prezident Administrasiyasından, 11-i Milli məclisdən, 12-si Nazirlər Kabinetindən, 13-ü respublikanın digər rəhbər təşkilatlarından, 229-u isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.
İcra hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2019-cu ilin 6 ayında İcra hakimiyyətinin başçısı tərəfindən 200 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 106 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.