Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində “Respublika toxum sərgi-satış” yarmarkası keçirildi.

04 oktyabr 2019 | 16:00

04 oktyabr 2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Hacıqabul şəhərində “Respublika toxum sərgi-satış” yarmarkası keçirildi. Yarmarkada Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, yerli toxum istehsalçıları, Toxum Assosiasiyası, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışmış, belə bir sərginin Hacıqabul şəhərində keçirilməsindən məmnunluğunu bildirdi. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev sərgi iştirakçılarını salamlayaraq, onların işinə uğurlar diləyərək bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir. Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq toxum və ting bazarının tənzimlənməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında  birbaşa  münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı  toxumun əlçatanlığının təmin olunmasıdır.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçu fermerlərə daim dəstək göstərildiyini, toxum istehsalçılarına verilən subsidiya mexanizminin təkmilləşdirildiyini, fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığının təmin olunması sahəsində şəffaflığın daha da artırılmasını bildirən Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev payızlıq buğda və arpa səpininin optimal müddətdə başa çatdırılması üçün fermerləri vaxtında sertifikatlı toxumla təmin olunması istiqamətində işlərin uğurla həyata keçirildiyini vurğuladı.

Hal-hazırda toxumların səpin keyfiyyəti üzrə analizləri aparmaq üçün 12 regional toxum sertifikatlaşdırma mərkəzləri (Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad), eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) Mərkəzi fermerlərin istifadəsinə verilib. Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub.

Sərgidə əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların  regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə bilgilər verilib və informasiya materialları təqdim olunub.

Sonda Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bu sərginin toxum bazarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu və hər bir iştirakçının bu sərgidən öz gözlədiyi nəticəni əldə edəcəyini bildirərək,  yarmarkanın bütün iştirakçılarına uğurlar və məhsuldar iş arzuladı.

 

Keçidlər