Hacıqabul rayonunun İkinci Udullu kəndində səyyar qəbul-görüş keçirildi.
24 yanvar 2020-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonunun İkinci Udullu kənd sakinləri ilə keçirib. İkinci Udullu kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov respublikada aparılan uğurlu sosial-iqtisadi islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışdı.
Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açdı. Kənd sakinləri ərazidə olan bir çox sosial problemlərin həlli istiqamətində işlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etmişlər. Vətəndaşlar Udullu massivində müasir tələblərə cavab verən yeni məktəb binalarının tikildiyini, elektrik təsərrüfatının yenidən qurularaq müasir SMART-kart tipli sayğacların quraşdırıldığını, əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Bakı-Qəbələ su xəttindən kəndin müxtəlif yerlərində su bulaqlarının tikilməsini, evlərin qazlaşdırılmasını qeyd etmiş və görülmüş işlərə görə ölkə Prezidentinə və bu işləri həyata keçirən təşkilatlara dərin təşəkkürlərini bildirmişlər.
Sakinlər ərazidə suvarma suyu probleminin həll olunmasını, kəndə gələn yolun təmir edilməsini, Pirsaat çayı üzərində olan körpünün əsaslı təmir olunmasını və yaşayış məntəqəsinin rayon mərkəzindən xeyli uzaqda yerləşdiyini nəzərə alaraq ərazidə Yanğından Mühafizə bölməsinin yaradılmasına köməklik göstərilməsini xahiş etmişlər. Qaldırılan məsələlər yerində aidiyyəti təşkilatların məsul işçiləri ilə müzakirə olunmuş və onlara məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir.