Hacıqabul rayonunda keçiriləcək buraxılış imtahanlarına hazırlıq işləri başa çatdırılmışdır.
Məlum olduğu kimi COVİD-19 pandemiyasına qarşı mübarizə şəraitində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra kütləvi tədbirlər, o cümlədən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş buraxılış imtahanları bir müddət təxirə salınmışdır.
2019-2020-ci dərs ilində Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının keçirilməsi üçün Hacıqabul rayonu üzrə seçilmiş imtahan mərkəzləri-Hacıqabul şəhər 1 nömrəli, 2 nömrəli, 8 nömrəli, 9 nömrəli, 10 nömrəli tam orta məktəblərin binaları buraxılış imtahanlarının keçirilməsinə tam hazırdır. Adı çəkilən məktəblərdə DİM tərəfindən Hacıqabul rayonu üzrə ümumi orta (9 illik) təhsil bazasından buraxılış, orta ixtisas təhsil müəssisələrinə sənəd vermiş məzunlar üçün kolleclərə qəbul imtahanı və Azərbaycan dili fənnindən imtahan keçiriləcəkdir. İmtahana hazırlıqla bağlı qeyd olunan məktəblərdə hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan otaqlarında sıra və yerlərin nömrələnməsi, otaqların zəruri avadanlıqlarla təchiz olunması, sanitar qovşaqlarının axar su ilə, həmçinin zəruri sanitar – gigiyenik vasitələrlə təchiz olunması ilə bağlı bütün işlər başa çatdırılmış və binalar “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq dezinfeksiya olunmuşdur.
11.06.2020-ci il tarixində keçiriləcək buraxılış və orta ixtisas məktəblərinə qəbul imtahanında Hacıqabul rayonu üzrə 840 nəfər 9-cu sinif şagirdi iştirak edəcəkdir. Buraxılış və qəbul imtahanları ilə bağlı bütün iştirakçılara uğur arzulayır , imtahan günü özlərinin və başqalarının sağlamlığı üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyyə edirik.