Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzillərinizi yanğından qoruyun

06 noyabr 2020 | 16:00

Od insanları işıq və istiliklə təmin edir. Yer üzərində odsuz yaşamaq qeyri mümkündür. Od hər yerdə və hər zaman lazımdır. Lakin odla düzgün davranmadıqda o insanın düşməninə çevrilir, ağılagəlməz müsibətlərə, faciələrə səbəb olur. İnsanlar od əldə etdikləri gündən ondan istifadə etdikləri kimi onunla mübarizə də aparıblar. Yanğına qarşı mübarizə yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət etməkdən başlanır.Yaşayış evlərində yanğınlar od ilə ehtiyyatsız davranmanın müxtəlif növlərindən, məişətdə işlədilən elektrik qızdırıcı cihazlarından, həmçinin təbii və mayeləşdirilmiş qaz ilə işlədilən cihazlardan düzgün istifadə edilmədikdə baş verir.
        Artıq qışın kəskin soyuqları başlayıb. Yaşayış evlərinin isidilməsində elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla işləyən sobalardan istifadə olunur. Bütün bunlar mənzillərdə yanğın təhlükəsizliyi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına daha çox məsuliyyət tələb edir. Uşaqların od ilə dəcəlliyi mənzillərdə yanğınlara səbəb olur. Uşaqları mənzildə və yaxud soba olan otaqda tək qoyub qapını bağlamaq olmaz, yanmaqda olan sobaya və qızdırıcı cihazlara nəzarət etməyi onlara tapşırmaq olmaz.
       Qış mövsümündə elektrik verilişində bəzi hallarda fasilələr yarandığından mənzilləri  işıqlandırmaq  məqsədilə  şamdan  və neft lampasından istifadə edirlər, bu zaman adi ehtiyyat tədbirləri tamamilə unudulur. Bəzən vətəndaşlar tərəfindən mənzillərdə şamdan istifadə edərkən şam yanmayan altlıqlar üzərində deyil, papiros və ya kibrit qutuları üzərində, stolda və ya pəncərə altı taxta üzərində yapışdırılaraq yandırılır, eləcə də onları nəzarətsiz qoyub gedirlər. Bu zaman şam yıxıla bilər, əgər yanmaqda davam edərsə, yanğın onun altındakı yanar konsturuksiyalara keçərək inkişaf edər. Bəzən də şamları istilik nəticəsində parçalana bilən altlıqlar üzərində qoyurlar ki, nəticədə şam yanıb qurtararkən öz altlığını sındıraraq yanğının baş verməsinə səbəb olur. Odur ki. mənzillərdə şamdan istifadə edərkən, onları sabit metal şamdana taxmaq lazımdır. Təhlillər göstərir ki, baş vermiş yanğınların bir hissəsi elektrik avadanlıqlarının quraşdırılması və istismarı qaydalarına düzgün riayət edilməməsi nəticəsində baş vermişdir.
Elektrik təsərrüfatında yanğınlar əsasən 3 səbəbdən baş verir: artıq yükləmədən, qısa qapanmadan və yüksək keçirici müqavimətdən. Elektrik dövrəsinin artıq yüklənməsi yanğına səbəb olan əsas amillərdən biridir. Belə ki, elektrik xəttindən cəryan keçərkən həmişə hərarət əmələ gəlir. İşlədiləcək elektrik cihazlarının nominal gücünə uyğun müvafiq en kəsikli elektrik naqilləri seçilməlidir. Əks halda elektrik naqili həddən artiq qızaraq naqilin izolyasiyasının keyfiyyətini tədricən itirir, bu da öz növbəsində elektrik təsərrüfatında qəza yaranmasına və yanğın baş verməsinə səbəb olur. Belə hal bir rozetkaya bir neçə elektrik cihazı qoşulduqda da baş verə bilər. Elektrik təsərrüfatından baş verən yanğınların səbəblərindən biridə qısa qapanmadır. Qısa qapanma izolyasiya olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə  toxunması  nəticəsində  baş  verir.  Bu  zaman  naqillər  o  qədər qızır  ki,  metal damarlar əriyərək qığılcım yaradır. Qısa qapanma baş vermiş hissənin  yaxınlığında  yana  bilən  konstruksiyalar  dərhal  alışır. Elektrik şəbəkəsində yüksək keçirici müqavimətin yaranması nəticəsində baş vermiş yanğınlarla tez-tez rastlaşırıq. Yüksək keçirici müqavimət, naqillərin sonluqlarının birləşdirilməsi xüsusi bərkidicilərlə həyata keçirilmədikdə, həmçinin nasaz elektrik rozetkaları və çəngəllərində olan boşluqlar nəticəsində yaranır. Hər bir vətəndaş bilməlidir ki, qısa qapanma və həddən artıq yüklənmə nəticəsində mənzillərdə  baş verəcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomatik açar quraşdırılmalıdır. Qısa qapanma və ya həddən artıq yüklənmə olduqda qoruyucunun əriyən məftili, naqillər təhlükəli  temperatura  çatmamış  qırılır  və  təhlükənin qarşısı  alınır. Əsasən yaşayış  evlərində elektrik xətlərinin çəkilişi zamanı vətəndaşlar elektrotexniki norma və qaydaların tələblərini pozurlar. Belə ki, həmin işlərin mütəxəssis elektriklər tərəfindən deyil, özləri və ya digər bu işi bilməyən insanlar tərəfindən çəkilməsinə və qurulmasına yol verirlər. Bu zaman elektrik xətlərinin yanar konstruksiyalar üzərində çəkilməsinə, qoruyucu və avtomatların düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə baş vermiş hər hansı qəza zamanı yanğınlarla nəticələnir.
     Bir çox yaşayış evlərində təbii və maye qazla işləyən müxtəlif cihazlardan istifadə olunur. Məişətdə işləyən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərindən, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz sobalarının  odluqlarından  qazın  sızmasıdır. Mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməlidir. Belə balonları qızdırmaq, zirzəmidə  saxlamaq qəti qadağandır. Mənzillərinizdə qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cəryanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya dövrədən ayırmaq olmaz. Maye qaz balonlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması  nəticəsində bir çox yanğın və partlayış hadisələri ilə rastlaşırıq. Qış mövsümündə bir çox yaşayış evlərində bərk yanacaqla işləyən sobalardan istifadə olunur. Sobalar qurularkən, həmçinin istismar edilərkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Yanğın Təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən sobalardan istifadə olunmasına icazə verilmir. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində  qurulmalı, onun qalama qapısı önündə döşəməyə 70x50 sm ölçüdən kiçik olmayan  metal təbəqə ilə mismarlanmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya az yaşlı uşaqların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafinda odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tez alışan mayelərlə qalamaq qəti qadağandır.
      Yanğın hadisələrindən həyatınızı və əmlakınızı qorumaq üçün, mənzillərinizdə nəzərdə tutulmuş yanğın təhlükəsizlik qaydalarına düzgün əməl edilməsindən çox aşlıdır. Qeyd olunan yanğın təhlükəsizlik qaydalarının gözlənilməsi həyatınızı və əmlakınızı yanğından qorumağa tam əsas verir. Hər bir vətəndaş Yanğın Təhlükəsizlik Qaydalarına düzgün əməl olunmasına görə məsuliyyət daşıyır.


                   Fövqəladə  Hallar  Nazirliyinin
                                                                             Dövlət  Yanğın  Nəzarəti Xidmətinin
                                                                             Muğan  regional  Dövlət  Yanğın
                                                                             Nəzarəti  İdarəsi

Keçidlər