Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Gülabba oğlu Xəlilov tam orta təhsil üzrə məktəbi bitirən məzunları təbrik edərək onlara səmimi arzularını çatdırmışdır.

14 iyun 2021 | 16:00

Əziz məzunlar!

       2020-ci il Azərbaycan xalqı üçün həm çətin, həmdə şərəfli bir il kimi yaddaşlarda qaldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində müzəffər ordumuz 30 illik həsrətlə gözlədiyimiz torpaqları düşmən tapdağından azad etmək üçün Vətən müharibəsinə başladı. Azərbaycan ordusu 44 gün ərzində gedən Vətən müharibəsində düşmən üzərində layiqli qələbə  qazandı. Bütün  xalq Ali Baş Komandan ətrafında yumruq kimi birləşdi. Ermənistan ordusu müharibə ərəfəsində  də həmişə olduğu kimi öz məkrli niyyətindən əl çəkməyərək dinc əhalini hədəf aldı. Azərbaycanın Bərdə, Tərtər və Gəncə  kimi əhalinin sıx yaşadığı  şəhərlərinə zərbələr endirərək dinc əhalini belə nişan almaqdan çəkinmədi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqı sınmadı ,öz mübarizə əzmini itirmədi, döyüş bölgəsi ilə bərabər diplomatiya cəbhəsində də müharibə apardı. Müharibə ərəfəsində Prezident İlham Əliyev dünyanın bir sıra tanınmış televiziya kanallarına müsahibə verdi. Bəzi  jurnalistlərin qərəzli suallarını tarixi faktlara əsaslanaraq cavablandıran siyasi lider öz savadı və liderlik qabiliyyəti ilə  bir daha xalqın məhəbbətini qazandı. Nəhayət Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi bir zaman gələcək biz işğal altında olan Kəlbəcərə, Laçına, Zəngilana, Füzuliyə, Cəbrayıla Ağdama, Laçına Qubadlıya və qeyrət rəmzimiz olan Şuşaya mütləq qayıdacağıq kəlməsini  onun oğlu reallaşdırdı. 8 noyabr 2020-ci il  Ali Baş Komandan İlham Əliyev  “Xoşbəxt övladam ki ,ata vəsiyyətini yerinə yetirdim” söyləyərək  Şuşanın azad olunması xəbərini qürurla xalqa bəyan etdi. Bu çox sevindirici bir xəbər idi. Çünki xalq bu günü 30 ildir arzulayırdı. Bugün işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri həyata keçirilir. Prezident bir neçə dəfə işğaldan azad olunan əraziləri ziyarət etmişdir.

       Ali Baş Komandan İlham Əliyev bu il Hacıqabul rayonuna da səfər etdi. Hacıqabul Sənaye Məhəlləsinin açılışında, Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində, Hacıqabulda pambıq tarlasında səpin prosesində,  "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında, "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində,  “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak etdi. O cümlədən Hacıqabul rayonunda yeni məktəb tikintisi üçün sərəncam imzaladı. Bu bir daha cənab prezidentin  təhsilə verdiyi dəyərin bariz nümunəsidir. Çünki təhsil millətin gələcəyidir.

Əziz məzunlar!

   Sizdə  bugün tam  orta təhsil pilləsini bitirərək müstəqil həyata qədəm qoyursunuz. Bu gündən etibarən siz bir məktəbli, deyil, artıq müstəqil və torpaqlarını yağı düşməndən azad edərək şanlı tarixindəki qürurunu özünə qaytarmış  qalib Azərbaycanın azad gənclərinə çevrilirsiniz. Ali məktəbə sənəd verən bugünkü  məzun sabah tələbə adını qazanaraq istədiyi peşənin sahibi olacaqdır. Ali təhsilini tamamlayaraq karyeraya yeni başlayan bir çox gənclərin qarşısında ölkənin gələcəyinin qurulmasında iştirak etmək hədəfi dayanır. Məlumdur ki, azad olunmuş doğma torpaqlarımızda yeni-yeni infrastruktur layihələr, idarələr, müəssisələr və xalqımız üçün vacib olan bir sıra yaşayış məntəqələri salınacaqdır. Bu layihələrin reallaşması sizin timsalınızda gələcəyin istedadlı və potensial kadrların üzərinə düşür. Yaşından, ixtisasından, çalışmasından asılı olmayaraq hər bir şəxs bu hədəfə çatmaq üçün müəyyən bacarıqlara malik olmalıdır. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. Müasir dövrdə Azərbaycan gəncliyindən yüksək intellektual zəka, strateji düşüncə bacarığı ilə yanaşı sosial məsuliyyətlilik və innovasiyaların tətbiqi xüsusiyyətləri də tələb olunur.  Sizə arzum gələcəkdə seçdiyiniz peşə sahəsində uğurlar əldə etməyiniz, dövlətə və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşmağınızdır. Hər biriniz ölkə rəhbərinin gənc kadrlara göstərdiyi diqqət və qayğının şahidisiniz. Arzu edirəm ki, gələcəkdə siz də həmin seçilmiş gənclərdən biri kimi öz fəaliyyətinizlə vətənimiz Azərbaycanı böyük qürur və fəxarət hissi ilə  həm daxildə, həm də beynəlxalq arenada uğurla təmsil edəsiniz. Bir daha hər birinizə gələcək müstəqil  fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, şəhidlərimizin qanı bahasına qazandığımız torpaqlarımızı Siz gənclər də öz sahənizdə göz bəbəyi kimi qoruyasınız. Hər bir Azərbaycan vətəndaşı öz cəbhəsində vətənini, millətini fikirləşərsə bu vətən heç zaman basılmaz!

Keçidlər