“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Hacıqabul rayonunda silsilə tədbirlər keçirilmişdir.
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Hacıqabul rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Rayon Mədəniyyət Evində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin və gənclərin iştirakı ilə orden və medalların təqdim edilməsi mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı Azərbaycan xalqının, o cümlədən Hacıqabul rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq, qeyd edib ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Bir daha sübut olundu ki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.
Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.
Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən müharibəsi”ndə göstərdiyi şücaətlərə görə təltif edilmiş Şəhid ailələrinə və bir qrup hərbi qulluqçuya orden və medallar təqdim edildi.