Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ

25 iyul 2013 | 15:00

2013-cü ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun

 

HESABAT MƏRUZƏSİ


Məlum olduğu kimi iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı bu ilin 6 ayında ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu vurğulayaraq bu müddətdə ÜDM 5, qeyri-neft sektorunun 11,0 faiz artdığını bildirmişdir.

Cari ilin I yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 7 (yeddi) milyard dolları daxili sərmayədir.

Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2,0 faiz olub, əhalinin pul gəlirləri isə 7,0 faiz artmışdır. Kənd təsərrüfatında 5,0 faiz artım qeydə alınmışdır. 6 ayda 55 min yeni iş yerləri yaradılmış, onlardan da 45 mini daimidir.

İndi Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dollardır.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə toxunan ölkə prezidenti xüsusilə vurğuladı ki, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi-diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq-Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır.

Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

Hesabat dövrünə təsadüf edən 15 aprel 2013-cü il tarixini xüsusi qeyd etmək istəyirəm.

Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna 6-cı dəfə növbəti səfər etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Daha sonra rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində, Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi. Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış oldu. Daha sonra Prezident İlham Əliyev Hacıqabulda “Gilan Seramik” Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etdi.

Müəssisə ilə tanış olan dövlətimizin başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodunun təməl qoyma mərasimində iştirak etdi.

Bu ilin 6 ayı ərzində rayon üzrə məhsul buraxılışının həcmi 109382,5 min manat, sənaye məhsulunun həcmi isə 1852,3 min manat olmuşdur.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 62,0 % artaraq, 12657,9 min manata çatmışdır. Poçt və rabitə xidmətlərinin həcmi 204,3 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 16,6 % artaraq 67013,0 min manat olmuşdur.

Avtomobil nəqliyyatı ilə yük daşınması və sərnişin daşınması müvafiq olaraq 7,0 min ton və 191 min sərnişin artaraq, 105 min ton və 2246 min sərnişin təşkil etmişdir.

Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır. Hacıqabul rayonunda kənd təsərrüfatı məhsulları istehsal edən kəndli fermer təsərrüfatlarının, xidmət təşkilatlarının gərgin əməyi sahəsində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.

2013-cü ilin məhsulu üçün 12232 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 586 hektar artıqdır. Taxıl əkininin 6288 hektarını buğda, 5944 hektarını isə arpa əkini təşkil edir. 12232 hektar taxıl sahəsindən 36542 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1715 ton çoxdur. İstehsal olunmuş taxılın 21865 tonunu buğda, 14677 tonunu arpa təşkil edir. Hər hektara məhsuldarlıq 29,9 sentner olmuşdur. Buğda məhsulunun məhsuldarlığı 0,2 sentner, arpanın məhsuldarlığı 0,1 sentner artmışdır.

2013-cü ildə 1618 hektar sahədə bostan, 728 hektar sahədə tərəvəz, 78 hektar sahədə günəbaxan, 145 hektar sahədə qarğıdalı, 38 hektar sahədə kartof əkilmişdir. Keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 1 hektar sahədə tərəvəz, 58 hektar sahədə qarğıdalı, 10 hektar sahədə kartof məhsulu çox əkilmişdir.

2013-cü ilin I yarımilliyində kənd təsərrüfatının bütün sahələrində olduğu kimi meyvə və tərəvəzçilikdə də müəyyən irəliləyişlər olmuşdur. Bu dövrdə 5150 ton tərəvəz və 2095 ton meyvə istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 67 ton, meyvə istehsalı isə 25 ton çox olmuşdur. 417 ton kartof məhsulu istehsal olunmuşdur ki, bu da keçən ilə nisbətən 111 ton çoxdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin 6 ayı ərzində süd istehsalı 9422 ton, ət istehsalı 2991 ton, yun istehsalı isə 223 ton olmuşdur. Ötən ilin 6 ayı ilə müqayisədə müvafiq olaraq 385 ton süd, 156 ton ət, 2 ton yun çox istehsal olunmuşdur. Hesabat dövründə yumurta istehsalı 118769 min ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə və yaxud 62,7 milyon ədəd çoxdur.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin I yarımilliyi ərzində 36886 baş, xırda buynuzluların sayı isə 131402 baş olmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 285 və 1200 baş çoxdur.

Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.

Respublika Prezidentinin sərəncamına müvafiq olaraq istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Həmçinin torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunur.

“Aqrolizinq” vasitəsilə ilə bu ilin birinci yarımilliyində kənd əməkçilərinə 50% güzəştli qiymətlə 259 ton azot satılmışdır ki, bu da keçən ilə nisbətən 54,25 ton çoxdur. Rayonda 2013-cü il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına ilin əvvəlindən 858 nəfərə 248894,4 manat dövlət yardımı edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanılmış mənbəyi Ağsu rayonu ərazisində yuxarı Şirvan kanalının qolundan su götürən Hacıqabul magistral beton kanalının 21,1 km-lik hissəsi Padar kəndi ərazisinə qədər tikilib başa çatdırılmışdır.

Kanalın su keçirmə qabiliyyəti 5 kub metr saniyədir. Hal-hazırda bu kanal Padar-Qarasu ərazisində 2000 ha-ya yaxın həyətyanı və əkin sahələrini suvarma suyu ilə təmin etmək gücünə malikdir.

Yaxın gələcəkdə kanalın tikintisi davam etdirilməklə rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması həyata keçiriləcək və bundan əlavə həmin kanal vasitəsilə rayon ərazisində 1625 ha dövlət fond torpaqlarında yaradılacaq taxılçılıq təsərrüfatını suvarma suyu ilə təmin ediləcəkdir. Hal-hazırda kanalda tikinti işləri davam etdirilir.

Rayon ərazisində 2007-ci ildə bərpasına başlanılmış Pirsaat su anbarında yenidənqurma işləri başa çatdırılmış və su tutumu 7,1 mln. kub metrə çatdırılmışdır ki, bu da Qubalıbaloğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərini əhatə edən 7000 ha əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırmışdır. Yaranmış vəziyyət həmin ərazilərdə kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artmasına səbəb olacaqdır.

Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2013-cü ilin I yarımilliyində də davam etdirilmişdir. Təkcə şəhərdə 11000 ağac və 12000 ədəd gül kolları əkilmişdir. Salınmış yaşıllıqlara qulluq bu gün də davam etdirilir.

Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Təkcə bu ilin birinci yarımilliyində təsərrüfatlarımızdan Bakı əhalisinə 4,5 ton mal əti, 1 milyon 220 min ədəd yumurta, 8,6 ton meyvə, 8,7 ton toyuq əti satışı təşkil olunmuşdur. Respublika Prezidenti cənab İlham Əliyev gündəlik fəaliyyətində ekoloji məsələləri də daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, onun qorunması və artırılması mühüm yer tutur. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı bundan sonra da ətraf mühitin sağlamlaşdırılması, xüsusi ilə yeni yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir.

2013-cü ilin birinci yarısında rayonda 5 tikinti təşkilatı fəaliyyət göstərmişdir. Bu müddətdə tikinti təşkilatları öz gücləri ilə 3122,3 min manatlıq iş görmüşlər. Tikintidə işləyənlərin sayı 130 nəfərə çatmışdır.

Əsas kapitala yönəldilmiş investisiyalar 40.333,9 manat təşkil edir. Rayonda büdcədənkənar vəsait hesabına 6,6 min manat, yerli büdcədən maliyyələşməklə isə 531,1 min manat vəsait yol təmir-tikinti və abadlıq işlərinə xərclənmişdir.

2013-cü ilin birinci yarımilliyində rayonda tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri davam etdirilmişdir.

Navahı qəsəbə daxili 2 km, Muğan qəsəbə daxili 3 km, avtomobil yoluna qum-çınqıl qarışığından əsas qoyulmuşdur. Hacıqabul-Paşalı-Tağlı avtomobil yolunun 124792 kv. metr hissəsinə əsasın üst qatı, 8 sm qalınlığında qum-çınqıl qarışığından tikilmiş örtüyün alt qatına 45000 kv.metr sahəyə, 6 sm qalınlığında iri dənəli asfalt beton qarışığından örtük, örtüyün üst qatına isə 4 sm qalınlığında asfalt qarışığından örtük qoyulmuşdur.

Muğan-Meyniman-Talış avtomobil yoluna 3705 kv. metr qum-çınqıl qarışığından əsas qoyulmuşdur. Hacıqabul şəhərində İ.Məmmədov küçəsinə 1,1 km uzunluğunda 4,2 metr enində 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulmuşdur.

Şəhərin İ.Qayıbov küçəsinin giriş yollarına 600 m3 qum-çınqıl qarışığından əsas qoyulmuş, 300 m3 iri dənəli asfalt beton qarışığından hamarlayıcı qatı verilmiş, 7900 kv.metr yola 6 sm qalınlığında xırda dənəli asfalt beton örtüyü vurulmuşdur.

M.Hüseynzadə küçəsində 2 mərtəbəli 2 ədəd yaşayış binasında fasad divarda 1244 kv.metr sahəsində suvaq qatı təmir olunmuş və emulsiya vurulmuşdur. 1800 kv.metr sahədə köhnə şifer dam örtüyü sökülmüş yenisi ilə əvəz edilmişdir.

M.Hüseynzadə küçəsində piyada səkinin bir tərəfi mişar daşından 20 sm qalınlığında 259,25 kv.metr görülmüşdür, 258 kv.metr piyada yolu tamet tavalarla üzlənmişdir. Küçədə 472 kv. metr divar mozaika daşı ilə üzlənmişdir, 1400 kv.metr divar ağ-lay daşı ilə üzlənmişdir. Təmir olunan 2 ədəd 2 mərtəbəli binanın 58 kv.metr yararsız taxta qapıları və 85 kv.metr yararsız taxta pəncərə blokları sökülərək yeni metal plastik materiallarla əvəz olunmuşdur. 32,6 kv.metr divar ağ lay daşı ilə üzlənmişdir.

H.Əliyev küçəsində 3,5 m3 dirəkaltı 1315 markalı beton özül qurulmuş və 20 ədəd metal dayaq quraşdırılmışdır.

Navahı qəsəbə 1 saylı tam orta məktəbində bərpa gücləndirmə işləri davam edir. 2 mərtəbəli 60 yerlik “Lalə” Uşaq bağçasında tikinti işləri başa çatmışdır.

Hesabat dövründə rayon İcra Hakimiyyəti tərəfindən 13 fərdi evin, 4 ədəd isə sahibkarlıq subyektin tikintisinə icazə verilmişdir.

Əhaliyə göstərilən xidmət sahələri daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Belə ki, 2013-cü ilin 6 ayı ərzində Hacıqabul PEŞ-nin xidməti ərazisində aşağıdakı işlər görülmüşdür.

Müxtəlif kv-luq 19 yağ açarı cari təmir edilərək həmin yağ açarlarına 990 litr transformator yağı əlavə edilmişdir.

18 sayda 10/04 kv-luq güc transformatoru cari təmir olunmuş, 8 sayda güc transformatoru zədələndiyi üçün təmir sexində təmir olunaraq əvvəlki yerində quraşdırılmış və həmin transformatorlara 990 litr transformator yağı əlavə olunmuşdur.

Rayonun kənd və qəsəbələrində sıradan çıxmış sayğaclar yenisi ilə əvəz edilərək 458 ədəd 1 fazalı elektrik sayğacı quraşdırılmışdır.

Hacıqabul EŞ-si 2013-cü ilin 6 ayı ərzində 83976208 (səksən üç milyon doqquz yüz yetmiş altı min iki yüz səkkiz) kvt/saat enerji almışdır. Satışa ötürülən enerji 61875377 (altmış bir milyon səkkiz yüz yetmiş beş min üz yüz yetmiş yeddi) kvt/saat olmuşdur ki, buna qarşı 73,1 % ödəniş həyata keçirilmişdir. Bunlardan əhaliyə ötürülən enerji 26083531 (iyirmi altı milyon səksən üç min beş yüz otuz bir) kvt/saat olmuşdur.

2013-cü ilin 6 ayı ərzində Hacıqabul Qaz İstismar Sahəsi rayonda bir sıra geniş miqyaslı işləri həyata keçirmişdir. Belə ki, Hacıqabul rayonunun Padar qəsəbə, Meyniman, Talış, Xilə, Bürvənd, Ağacanlı kəndlərində yeraltı və yerüstü qaz xətlərinin çəkilişi tam sürəti ilə aparılmışdır.

Belə ki, Xilə kəndində 3177 metr xətt çəkilişi ilə yanaşı 74 ədəd sayğac, Bürvənd kəndində 1078 metr xətt çəkilişi və 18 ədəd sayğac, Ağacanlı kəndində 2732 metr boru xətti və 88 ədəd sayğac, Meyniman kəndində 28276 metr boru xətti və 467 ədəd sayğac, Talış kəndində 10759 metr boru xətti və 484 ədəd sayğac, Padar qəsəbəsində 9925 metr borunun çəkilişi və 177 ədəd sayğacın quraşdırılması görülən işlərin sırasına daxildir. Hərbi şəhərcikdə isə 1168 metr polietilen boru, 1684 metr polad boru çəkilmiş və 135 ədəd sayğac quraşdırılmışdır.

Ümumilikdə Hesabat dövründə 1168 metr polietilen, 57631 pm polad boru çəkilişi həyata keçirilmiş və 1355 ədəd sayğac quraşdırılmışdır. Adları göstərilən kəndlərdə abonentlərə qazın verilişi işinə başlanmışdır.

Aparılan islahatın nəticəsi olaraq verilən təbii qazın 100 % dəyəri ödənilir.

Əhalinin içməli suya olan tələbatını vaxtlı-vaxtında ödəmək üçün də müvafiq tədbirlər görülür. Belə ki, hesabat dövrü ərzində rayonun kənd və qəsəbələrində sıradan çıxmış və təmirə ehtiyacı olan 89-219 mm ölçüdə 388 metr maxtəlif diametrli borular dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Diametri 100-150 mm olan 4 ədəd siyirtmə quraşdırılmış, 25 ədəd siyirtməyə baxış keçirilmiş, yağlanmış və təmir olunmuşdur.

2013-cü ilin 6 ayı ərzində əhaliyə və qeyri əhaliyə 1122193 kub metr içməli su satılmış, 390588 manat vəsait yığılmışdır ki, bu da verilmiş suyun 84,6 %-ni təşkil etmişdir. Hidrolotus şirkəti tərəfindən bu günə qədər 22021 metr kanalizasiya xətti, 39868 metr içməli su xətti çəkilmişdir. 603 ədəd smart tipli sayğac quraşdırılmışdır.

Hacıqabul poçt filialında əhaliyə 45 adda poçt xidməti göstərilir. 2013-ci ilin 6 ayı ərzində 16,4 min manat plan tapşırığa qarşı 19,4 min manat xidmət göstərilmişdir ki, bu da 116 % təşkil edir. Bundan əlavə əhalidən 895,665 min manat işıq pulu, 158,142 min manat su pulu qəbul edilmişdir.

2013-cü ilin 6 ayı ərzində Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür. Belə ki, aparılan işlərin nəticəsi olaraq 248 abonentə telefon xətti çəkilmiş, 570 abonent isə sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda rayon üzrə 6075 abonentə telefon, 2101 abonentə internet xidməti göstərilir.

Rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

Cari ilin 6 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və eləcə də istedadlı gənclərin aşkara çıxarılması sahəsində məqsədyönlü işlər aparılmışdır. Bu məqsədlə rayonda müxtəlif seminarlar, inşa, rəsm və şer müsabiqələri, dəyirmi masalar və sair tədbirlər keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir.

Şagirdlərin bilik səviyyəsinin artırılması məqsədilə müxtəlif fənn olimpiadaları, bilik yarışları təşkil olunmuşdur.

Rayon Təhsil şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində məktəbi bitirən şagirdlərin ali məktəblərə qəbulu ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, şagirdlərin ali məktəblərə hazırlığını daha da mütəşəkkil qurmaq üçün ayda bir dəfə “Araz” hazırlıq kurslarının xətti ilə sınaq imtahanları keçirilmiş, nəticələr təhlil olunmuşdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilmişdir. İmtahanların mütəşəkkil keçirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən hər cür köməklik göstərilmişdir. 2012/2013-cü tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən 204 nəfər, eləcə də əvvəlki tədris illərində məktəbi bitirən 169 nəfər, ümumilikdə 373 nəfər məzun ali məktəblərə sənəd təqdim etmişdir.

Hesabat ilində rayonun məktəbdənkənar müəssisələrinin də müəyyən uğurları olmuşdur. Belə ki, Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə təşkil etdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görülmüşdür.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi, 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi, Dəmir yol xəstəxanası və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.

Mərkəzi Rayon Xəstəxanasında əhaliyə 57 həkim, 181 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 27 nəfər həkim, 19,0 nəfər orta tibb işçisi vəzifəsi vakantdır.

Hesabat dövründə Mərkəzi Rayon xəstəxanasında qospitalizə olunmuş xəstələrin sayı 1064 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 11597 gün olmuşdur. Ambulator gəlişlərin sayı 76215 nəfər təşkil etmişdir.

2013- cü ilin 6 ayı ərzində xəstəxanada 16 nəfər ilkin onkoloji xəstə kimi qeydiyyata götürülmüş, hazırda 146 nəfər onkoloji xəstə dispanser qeydiyyatındadır. Xəstəxanada həmçinin bu dövrdə 83 nəfər şəkərli diabet xəstəsi qeydə alınmışdır ki, hal-hazırda bu qəbildən olan 914 nəfər xəstə dispanser qeydiyyatına alımışdır. 1 nəfər talassemiyalı xəstə qeydiyyata götürülmüş, ümumilikdə 14 nəfər dispanser qeydiyyatındadır.

Hesabat dövründə vərəmin erkən aşkar edilməsi məqsədilə xəstəxanada 716 nəfər tibbi müayinədən keçirilmiş, 20 nəfər vərəmli xəstə qeydə alınmışdır.

Bu dövr ərzində doğuşların sayı 546 nəfər olmuşdur. Ev doğuşları olmamışdur. 55 qeysəriyyə əməliyyatı aparılmışdır.

2013-cü ilin 6 ayı ərzində cərrahı şöbədə 83 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra ölüm olmamışdır. Xəstəxanaya 171 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 17 nəfər avtomobil qəzası nəticəsində alınmış travmalardır.

Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 261 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 57 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 12084 nəfər olmuşdur.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası “Sanitariya-Epidemoloji Salamatlıq haqqında” Qanuna uyğun olaraq gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini həyata keçirmişdir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən yeyinti məhsulları istehsal edən müəssisələrdə, pərakəndə satış və topdan satış, ictimai-iaşə obyektlərində müntəzəm sanitar müayinələr aparmış, aşkar olunmuş nöqsanlar barədə cavabdeh şəxslərə xəbərdarlıq olunmuşdur. İstifadə müddəti bitmiş 21,5 kq müxtəlif adda yeyinti məhsulları satışdan çıxarılmışdır.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hesabat dövründə 141 nəfər fiziki şəxslərə tibbi müayinə kartı verilmiş, rayonun ümumtəhsil məktəblərində 4975 nəfər 1-6-cı sinif şagirdlərinə Albendazol həbi verilmişdir.

Rayonda 2013-cü ilin 6 ayı ərzində xüsusi təhlükəli infeksiyalar və quduzluq xəstəliyi qeydə alınmamışdır. Malyariya xəstəliyini aşkar etmək məqsədilə 2400 qan preparatı parazitoloji laboratoriyada müayinə edilmişdir.

Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Yeni il şənliyi”, “Qanlı Yanvar 1990”, “Xocalı soyqırımı”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart Azərbaycanlıların soyqırımı günü”, ”Beynəlxalq Uşaqların müdafiəsi” günü, ”Milli Qurtuluş” günü, kitab və foto sərgilər, kompozisiyalar, konsertlər və s tədbirlər keçirilmişdir.

Rayon Mədəniyyət və Turizm şöbəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Salyan rayonunda keçirilən Uşaq Musiqi və İncəsənət məktəblərinin, Uşaq xor kollektivlərinin Respublika baxış müsabiqəsində Uşaq musiqi məktəbinin uşaq xor kollektivi uğurla çıxış etmiş, bu məqsədlə kollektivin rəhbəri fəxri fərmanla təltif olunmuşdur.

2013-cü ilin 6 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən ümumilikdə 8,3 min nəfər oxucu istifadə etmişdir. Rayon Tarix –Diyarşünaslıq muzeyində 40 qrup tərkibində 1134 nəfər ekskursiyaçı qəbul edilmişdir.

Hesabat ilində Heydər Əliyev Mərkəzinin təmir və genişləndirilməsi işi başa çatdırılmışdır. Çox sevindirici haldır ki, Heydər Əliyev Mərkəzinin yenidən qurulmasından sonra açılışında Respublika Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Məlumat üçün bildirirəm ki, Heydər Əliyev Mərkəzi genişləndirilərək ümumi sahəsi 1172 kv.metrə çatdırılmışdır. Mərkəzdə ekspozisiya və konfrans zalları, xalq yaradıcılıq, foto, rəsm studiyaları, internet elektron kitabxana, xarici dil öyrətmə mərkəzi fəaliyyətə başlamışdır ki, bu da rayon əhalisinin, xüsusən də gənclərin Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənməsi, eləcə də bilik və bacarığının artırması, xarici dilləri öyrənməsi, elektron kitabxanadan istifadə etməsi üçün geniş imkanlar yaradır.

Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 1752 nəfərin iştirakı ilə 22 tədbir, idman sahəsində isə 29 tədbir keçirilmişdir ki, bu tədbirlərə 785 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

Rayonda Gənclər evinin və idman qurğularının olmaması səbəbindən yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlb olunmasında çətinlik yaranır. Bu məsələ ilə bağlı tərəfimizdən aidiyyəti orqanlara rəsmi qaydada müraciətlər olunmuşdur. Müraciətin nəticəsi olaraq 2014-cü ildə rayonda idman qurğularının tikinti nəzərdə tutulmuşdur.

2013-cü ilin 6 ayı ərzində rayon büdcəsinin gəlir hissəsi 3,7 % çox icra olunaraq 1.816.989 manat proqnoza qarşı 1.883.340 manat icra olunmuşdur. Büdcənin xərc hissəsi 4.512,042 manat təyinata qarşı 3.900.00 manat icra olunmuşdur.

Ünvanlı sosial yardım proqramı uğurla icra olunur. Bu gün rayonumuzda ünvanlı sosial yardım alan ailələrin sayı 1204, yardımla əhatə olunmuşların sayı isə 5899 nəfərdir. Bunlardan tərkibi 2332 nəfər olmaqla 476 ailəyə 2013-cü ilin 6 ayı ərzində Ünvanlı sosial yardım təyin olunmuşdur.

Rayon əhalisinin 2013-cü ilin birinci yarısında ümumi pul gəliri 96,5 milyon manat təşkil edirdisə, bu ilin eyni dövründə 130,8 milyona çatmışdır. Hər nəfərə düşən pul gəlirləri əvvəlki 1405,6 manatdan hazırda 1879,0 manata çatmışdır.

İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Hesabat dövründə rayonda 124 ailə olmaqla 426 nəfər qaçqın, 425 ailə olmaqla 1603 nəfər köçkün məskunlaşmışdır. İcra Hakimiyyəti onların bütün qayğılarını öz üzərinə görürmüş, qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə etmələri üçün hər cür şərait yaratmışdır.

2013-cü ilin 6 ayında rayonda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,2 min nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin 50,2 %-ni təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin sayı 35,6 min nəfərdir.

Son 6 ayda rayon məşğulluq mərkəzinə işlə təmin olunmaq üçün 266 müraciət etmişdir. Onlardan 224 nəfər işlə təmin edilmiş, 29 nəfərə işsizlik statusu təyin olunmuşdur.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəki 0,2 % artaraq 249,2 manat olmuşdur. Hesabat dövründə rayonun idarə və müəssisələrində 165 yeni iş yeri açılmışdır ki, bunların da 113-ü bilavasitə daimi iş yerləridir.

Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.

2013-cü ilin 6 ayı ərzində rayon ərazisində 78 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılması 5,7 % təşkil edir.

6 ay ərzində keçirilmiş əməliyyat, axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 17 cinayət faktı aşkar edilmişdir. Dövr ərzində qanunsuz dövriyyədən ümumilikdə 742,266 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.

Rayon ərazisində 173 nəfər şəxs narkoman kimi dispanser qeydiyyatına, 53 nəfər şəxsi isə profilaktiki qeydiyyata götürülmüşdür.

Rayon Prokurorluğunda 01.01.2013-cü il tarixə 2 cinayət işi qalıq qalmış, hesabat dövründə icraata 10 cinayət işi qəbul edilmiş, beləliklə ümumi işlərin sayı 12 olmuşdur. Həmin işlərdən 10-u rayon prokurorluğu tərəfindən başlanmış, 1-i isə aidiyyəti üzrə digər orqanlardan rayon prokurorluğuna daxil olmuş, 1-i isə digər işdən ayrılmışdır. İcraatda olan cinayət işlərindən 4-nün ibtidai istintaqı tamamlanmış, 1-nin icraatı dayandırılmış, 1-i aidiyyəti üzrə göndərilmiş, 01.07.2013-cü il tarixə isə 6 cinayət işi qalıq qalmışdır. İstintaqı tamamlanmış cinayət işlərinin 3-nün icraatına xitam verilmişdir.

2013-cü ilin 6 ayı ərzində rayon Prokurorluğunda ziyan vurulması olmadığı halda müddət pozuntusu ilə əlaqədar 2 cinayət işinin istintaqı tamamlanmışdır.

2013-cü ilin 6 ayında rayon Qeydiyyat şöbəsində 629 doğum, 194 ölüm, 291 nikahın bağlanması, 21 nikahın pozulması qeydləri rəsmiləşdirilmişdir.

2013-cü 6 ayı ərzində Dövlət Notariat Kontorunun Dövlət notariusu tərəfindən 1679 Notariat hərəkəti rəsmiləşdirilmiş, bunun üçün isə dövlət büdcəsinə 19621 manat 50 qəpik dövlət rüsumu və 4355 manat xidmət haqqı ödənilmişdir.

Rayon ərazisində 18 ərazi dairəsi üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 4 qəsəbə, 13 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir. Ötən müddətdə nümayəndəlik və bələdiyyələrdə hesabat yığıncaqları keçirilmiş, burada rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məsul işçiləri və rayon İcra Hakimiyyətinin rəhbər işçiləri iştirak etmişlər. Yerlərdə səyyar qəbullar təşkil edilmiş, vətəndaşların təklif, ərizə və iradları diqqətlə dinlənilib, onların həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin birinci yarısında İcra Hakimiyyətinə 523 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 186-sı Prezident Administrasiyasından, 25-i Milli məclisdən, 14-ü Nazirlər Kabinetindən, 30-u respublikanın digər rəhbər təşkilatlarından, 268-i isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

6 ay ərzində maddi yardıma ehtiyacı olan 281 nəfər rayon sakininə 20440 manat yardım edilmişdir. Bundan əlavə 14 nəfər Qarabağ müharibəsi əlilinə daxili imkanlar hesabına hər ay 40 manat məbləğində maddi yardım verilir.

İcra Hakimiyyətinə daxil olmuş bütün müraciətlər "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” yə „Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qurulmuş, bütün müraciətlər vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir. Ərizələr şöbələrdə ciddi araşdırılmış və onların böyük hissəsi vətəndaşların xeyrinə həll olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. İcra Hakimiyyətinin Başçısı tərəfindən bu müddətdə 261 nəfər vətəndaş qəbul edilmişdir. Bunların 97-si səyyar qəbullarda, 164-ü isə aparatda dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə və müxtəlif səpkili tədbirlər barədə məlumatlar isə İcra Hakimiyyətinin internet portalına yerləşdirilmişdir.

İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər. Qarşıdan gələn çox mühüm Prezident seçkiləri kompaniyasında Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunun layiqli davamçısının ətrafında sıx birləşəcəklər.

Keçidlər