Şriftin ölçüsü :

Saytın rəngi :

06 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Hacıqabul rayonunda vətəndaşları qəbul etmişdir.

07 sentyabr 2013 | 15:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, sentyabrın 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Hacıqabul rayonunda Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı ümumilikdə 80 nəfərədək sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

Nazir Fizuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Hacıqabul rayonunda keçirilən qəbul haqqında əvvəlcədən KİV-lərə məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Keçidlər