YAP Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə "Azərbaycan son 18 ildə" mövzusunda konfrans keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının ərazi təşkilat sədrləri, rayonun idarə və müəssisə rəhbərləri və partiya fəalları iştirak etdilər. Konfrans ölkədə tətbiq olunan karantin qaydalarına uyğun olaraq keçirilmişdir. Yeni Azərbaycan Partiyasının təsisçisi, Müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və vətən torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı YAP Hacıqabul rayon təşkilatının sədr müavini vəzifəsini icra edən İsmayıl İbrahimov açaraq mövzu barədə ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Hacıqabul rayon təşkilatının Gənclər və İdman İdarəsi ərazi partiya təşkilat sədri Saleh Ələskərov, Qarasu kənd tam orta məktəbin direktoru, YAP Hacıqabul rayon təşkilatının Qarasu məktəbi ərazi partiya təşkilat sədri Zərəngiz Abasova, Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi, YAP Hacıqabul rayon təşkilatının Mədəniyyət İşçiləri ərazi partiya təşkilat sədri Elnur Əmirəslanov çıxış edərək keçən müddət ərzində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən çox böyük uğurlara imza ataraq ölkədə bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilməsindən danışılıb.
Bu gün Cənab Prezident İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Cənab İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu və ən güclü müstəqil dövlətidir.
Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının başlanğıcı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amildir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirir.
Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi bir mərhələdə, pandemiyanın yayıldığı bir dövrdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, dünyanın böyük dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və nəhayət, işğal altındakı torpaqları geri qaytarmaq, əlbəttə, tarixi xidmətdir.
Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.
Doğma vətənimiz və xalqımız qarşısında Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də qüdrətli Azərbaycan Ordusunun yaranmasıdır. 18 ildə müasir ordu quruculuğu istiqamətində ardıcıl olaraq vacib addımlar atıldı, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə Silahlı Qüvvələrimizin maliyyə imkanları artırıldı, yeni müasir texnika və avadınlıqlar, silah-sursatlar alındı, hərbi qulluqçuların əmək haqqıları artırıldı, əskər və zabitlərimizin döyüş əzmi yüksəldilərək Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil edilməsi təmin olundu.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
Böyük inkişaf yolu keçmiş Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu gün xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq, dövlətimiz qalib dövlət kimi tanınır.
Hazırda düşmən işğalından azad edilən doğma torpaqlarımızda yenidənqurma, bərpa, abadlaşdırma işləri sürətlə aparılır. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizin daha çevik inkişaf etməsinə gətirib çıxaracaqdır.
18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların və nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır və bu uğurlu inkişaf bilavasitə Cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.
Tədbirin sonunda mövzuya uyğun olaraq xüsusi hazırlanmış qısametrajlı film nümayiş etdirildi.