Şriftin ölçüsü :

Saytın rəngi :

11 oktyabr 2013-cü il tarixində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilmişdir.

12 oktyabr 2013 | 15:00

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 34,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.

İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edən Araz Əliyev 2013-cü ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 178 mindən çox bukletin, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 21 min yaddaş kitabçasının paylandığını diqqətə çatdırmışdır. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi sahəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Keçidlər