Hacıqabul rayonunda Xocalı soyqırımının 30-cu ildönümü anılıb.
Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları soyqırıma məruz qalmış şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyaraq vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad etdilər. Anım tədbirində insanlığa sığmayan bu qanlı faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacib olduğu vurğulandı.
Tədbirin davamı olaraq Hacıqabul şəhər Mədəniyyət evində Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil olunmuş, daha sonra “Yarımçıq qalmış arzular” adlı səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Hacıqabul rayon mədəniyyət işçilərinin təşkilatçılığı ilə nümayiş olunan kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilmiş, eyni zamanda yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanmışdır.