Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Hüseynov Nicat Adil oğlunun xatirəsi doğum günündə anılıb.
Bu gün 30.03.1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Hüseynov Nicat Adil oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.
Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri və döyüş yoldaşları iştirak etmişdir.
Şəhidlər xiyabanında Şəhidlərin məzarları ziyarət olunub, məzarlarına üzərilərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.
Nicat Adil oğlu Hüseynov göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı ordeni”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.