Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Quliyev Turab Əlisafa oğlunun xatirəsi doğum günündə anılıb.

10 aprel 2022 | 16:00

10 aprel 2022-ci il tarixdə Hacıqabul rayonunun Ələtli kəndində 44 günlük Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Quliyev Turab Əlisafa oğlunun adına ucaldılmış xatirə bulağı kompleksinin açılışı olmuşdur. Xatirə bulağının açılışında rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, kənd sakinləri, məktəblilər, şəhidin dostları və ailə üzvləri iştirak etmişdir.

Şəhidin xatirəsi anılaraq bulağın önünə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.

Şəhidin anası Quliyeva Sevər Fazil qızı çıxış edərək Turab və Turab kimi vətən oğullarının anaları Müzəffər Ali Baş Komandanla fəxr etdiklərini, göstərdikləri qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Quliyev Turab Əlisafa oğlunun göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Sonda Şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər