Hacıqabul rayonunun qazlaşdırılması tam başa çatmışdır
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur. Hacıqabul rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətəlayiqdir. Dekabrın 13-də Hacıqabul rayonunun Padar qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə bildirilmişdir ki, 190 abonenti olan Padar qəsəbəsinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 50 000 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Qeyd olunmuşdur ki, Padar qəsəbəsinə təbii qazın verilməsi ilə rayonun qazlaşdırılması tam başa çatmışdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Padar qəsəbəsinin təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər