Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun HESABAT MƏRUZƏSİ

13 fevral 2014 | 16:00

2013-cü ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının
yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun

 

HESABAT MƏRUZƏSİ


Artıq 2013-cü il tarixə çevrilmişdir.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı yola saldığımız ötən ildə də dinamik inkişaf etmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə ölkəmiz üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmişdir. Dövlət başçısının ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etməklə ölkəmizi regionun lider dövlətinə çevirmişdir. Məhz bu keyfiyyətlərinə görə İlham Əliyev cənabları 2013-cü il 9 oktyabr tarixli seçkilərdə xalqın böyük dəstəyi və etimadı ilə yenidən Azərbaycanın Prezidenti seçildi. Fərəh hissi ilə bildiririk ki, möhtərəm Prezidentimiz 2013-cü ildə müxtəlif beynəlxalq və yerli qurumlar tərəfindən 8 dəfə “ilin adamı” elan edilmişdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısı Azərbaycan iqtisadiyyatının bütün sahələrində, habelə beynəlxalq aləmdə görülmüş son dərəcə mühüm işlərdən ətraflı məlumat vermişdir.

Belə ki, 2013-cü ildə ümumi daxili məhsul təxminən 6 faiz artaraq 57 milyard manata çatmışdır. Kənd təsərrüfatında artım 5 faiz olmuşdur. Fərəhli haldır ki, qeyri-neft sektoru 9,8 faiz artmışdır. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. Ötən il maaşlar və pensiyalar qaldırılmışdır. Ölkədə 110 min yeni iş yeri açılmışdır ki, onların 80 mini daimi iş yeridir. İnflyasiya isə cəmi 2,4 faizdir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə düşmüşdür.

Ötən il iqtisadiyyatımıza rekord həcmdə - 28 milyard dollar sərmayə qoyulmuşdur. Bunun 17,5 milyard dolları daxili sərmayədir. Hazırda Azərbaycanın valyuta ehtiyatı 50 milyard dollara çatmışdır. Bu ümumi daxili məhsulun 70 faizini təşkil edir.

Cəsarətlə deyə bilərik ki, ötən il dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya sazişinin bağlanması ölkəmizə böyük həcmdə yeni xarici kapitalın axınına şərait yaradacaq, “Şahdəniz-2”, “TANAR”, “TAP” layihələrinin icrası ilkin hesablamalara görə 45 milyard dollar sərmayənin cəlb edilməsinə imkan verəcəkdir.

2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. “İnformasiya-kommunikasiya texnologiyaları ili” kimi elan edilən ötən ildə Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırıldı. Beləliklə biz kosmik kluba üzv olduq.

2013-cü ildə Azərbaycan BMT-nin qeyri daimi üzvü kimi özünün diplomatik imicini qat-qat artırdı. Bu yüksək beynəlxalq təşkilatın üzv olduğu 2 ildə Azərbaycan daima beynəlxalq hüququ və ədaləti müdafiə etməklə hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmiş, prinsipial xətt tutmuşdur.

Ölkəmiz digər beynəlxalq təşkilatlarla da – Avropa Şurası, Avropa İttifaqı, İslam təşkilatları və qeyri qurumlarla da sıx əməkdaşlıq etmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səmərəli və prinsipial siyasət yürütmüşdür.

Qeyri neft sektorunun inkişafını prioritet kimi qarşıya qoyan dövlətimiz ölkəmizin sənayeləşməsində yeni istiqamətlər müəyyənləşdirib. Bu məqsədlə dövlət başçımız 2014-cü ili “Sənaye ili” elan etmiş və bununla bağlı sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq “Sənaye ili” ilə bağlı geniş tədbirlər planı və Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının layihəsi hazırlanıb Respublika Prezidentinə təqdim ediləcəkdir.

Dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş „Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə bağlı rayonumuzda da mühüm işlər görülmüşdür.

2013-cü ildə ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 25,5 milyon manat artaraq 286,4 milyon manata, sənaye məhsulunun həcmi 442 min manatlıq artaraq 3,6 milyon manata çatmışdır. Məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 3,6 % artaraq 63,5 %-ə çatmışdır. Məhsul buraxılışında kənd təsərrüfatının payı 28,9 %-dən 32,6 %-ə qalxmışdır.

Nəqliyyatda 2012-ci illə müqayisədə 3,7, rabitədə 6,6, ticarət və xidmət sahəsində 20, kənd təsərrüfatında isə 23,8 % artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 104,9 milyon manat təşkil etmişdir.

İqtisadiyyatımızın əsasını aqrar bölmə təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Hesabat dövründə zəmilərdən 36542 ton taxıl yığılmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1715 ton çoxdur. Bostan, tərəvəz və meyvə istehsalında da mühüm artıma nail olunmuşdur. Ötən il 23882 ton bostan, 18959 ton tərəvəz, 10997 ton meyvə, 417 ton kartof, 468 ton qarğıdalı, 103 ton günəbaxan məhsulları yığılmışdır. Ət istehsalı 5831 ton, süd istehsalı 17168 ton, yun istehsalı 223 ton, yumurta istehsalı isə 280,4 milyon ədəd olmuşdur. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1087 ton süd, 221 ton ət, 2 ton yun və 112,4 milyon ədəd yumurta çoxdur. İri buynuzlu mal-qaranın baş sayı 37,2 minə, xırda buynuzluların sayı isə 132,3 min başa çatmışdır.

„Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Respublika Prezidentinin sərəncamı əsasında rayonumuzun 2573 nəfər kənd əməkçisinə 657,2 min manatlıq subsidiya verilmişdir. Ötən ildə bu qayda ilə kənd əməkçilərimizə 50 % güzəştlə 259 ton azot gübrəsi verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 54,3 ton çoxdur.

Ağsu rayonu ərazisindən başlayan 55 kilometrlik Baş Şirvan kanalı artıq rayonumuzun Padar yaşayış məntəqəsinin ərazisinə çatmışdır.

Respublika Prezidentinin tapşırığına əsasən Bakı sakinləri üçün təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasında rayonumuzun sahibkarları da fəal iştirak etmişlər. Hesabat ilində yarmarkada 73 ton bostan, 7 ton tərəvəz, 125 ton meyvə, 5 ton ət, 2,3 milyon ədəd yumurta satışı təşkil edilmişdir.

Bu gün rayonumuzda 78 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir ki, onlarda da 800 nəfərə yaxın işçi çalışır. Kənd təsərrüfatı ilə fərdi qaydada məşğul olan fiziki şəxslərin sayı isə 7 min nəfərdən artıqdır.

Ölkə başçısının tapşırığına əsasən respublikamızda iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına artıq başlanılmışdır. Təqdirəlayiq haldır ki, bu layihə çərçivəsində bir sıra rayonlarla yanaşı Hacıqabul rayonunda da iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuş və bu istiqamətində zəruri işlərə başlanılmışdır. İlkin mərhələdə rayonumuzda 1625 hektar dövlət fond torpaqlarında iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatında müsbət göstəricilərlə yanaşı bir sıra çatışmamazlıqlar da vardır. Əkin suyunun qıtlığından əziyyət çəkən ərazilərdə taxıl istehsalçıları tərəfindən növbəlilik gözlənilmir ki, bu da vaxt və su itkisinə və yekunda da məhsuldarlığın müəyyən qədər aşağı düşməsinə səbəb olur.

Rayon iri heyvandarlıq təsərrüfatına malikdir. Sahəyə baytarlıq və zootexniki qulluğun səviyyəsi bir qədər canlansa da bu sahədə nöqsanlar qalmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yol kənarlarında baytarlıq və sanitar qaydalara cavab verməyən yerlərdə ət satışı davam edir.

2013-cü ildə Pirsaatçay su anbarında yenidən-qurma işləri başa çatdırılmışdır. Yenidən-qurmadan sonra su tutumu 7,1 mln.kub metrə çatdırılmışdır. Lakin anbarın su mənbəyi olan Pirsaat çayının quruyan çay olması və baş verən quraqlıq səbəbindən anbarda su ehtiyatı saxlamaq mümkün olmamışdır. Bunun nəticəsində rayonun Qubalıbalaoğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərində olan əkinlərin su təminatında çətinliklər yaranmışdır.

Rayonumuz aqrar yönümlü olmasına baxmayaraq mövcud imkanlardan lazımınca yararlana bilmirik. Ərazimizdə bol tərəvəz və meyvə istehsal olunsa da emal müəssisələrinin məhdudluğu üzündən qiymətli xammalımızdan səmərəli istifadə olunmur. Navahı zonasında əkin suyunun qıtlığından edilən narazılıqlar davam etməkdədir. 2012-ci ildə ərazimizdə istifadəyə verilmiş meyvə-tərəvəz üçün soyuducu anbarın gücündən yarıtmaz istifadə olunur.

Rayonumuzda tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri hesabat ilində də davam etdirilmişdir. Bu müddətdə rayonda 12,7 milyon manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 104,9 milyon manatlıq investisiyalar yönəldilmişdir.

Yerli büdcədən 850,6 min manat, büdcədənkənar vəsait hesabına 6,5 min manat xərclənmişdir. Abadlıq işlərinə 1,3 milyon manatlıq vəsait xərclənmişdir.

Dövlət büdcəsindən yaşayış binalarının təmirinə 1 milyon manat, məktəb binalarının tikinti və təmirinə 5,2 milyon manat xərclənmişdir.

2013-cü il üçün şəhər küçələrinin təmirinə 456,5 min manat vəsait ayrılmışdır. Şəhərin İ.Qayıbov küçəsinin giriş yollarında 2100 kub metr qum-çınqıl qarışığından əsas düzəldilmiş, 300 ton iri dənəli asfalt beton qarışığından əsas verilmişdir. 7,9 min kv.metr yola xırda dənəli asfalt örtüyü qoyulmuşdur. İ.Məmmədov küçəsində 1,1 km yola asfalt örtüyü çəkilmişdir.

Şəhərimizdə abad küçələrin, məhəllə və parkların, istirahət mərkəzlərinin sayının artırılması istiqamətində 2013-cü il ərzində xeyli iş görülmüşdür. Şəhərin Dədə Qorqud parkı, dəmir yolu vağzalı ərazisindəki bağ, ”Hərbi şəhərçik” adlanan ərazidəki, habelə 5 mərtəbəli binaların ətrafındakı məhəllələrdə abadlıq və təmizlik işləri aparıldıqdan sonra daha yaxşı görkəmdə sakinlərin istifadəsinə verilmişdir. Heydər Əliyev parkında bir sıra əlavə işlər görülərək uşaqlar üçün əyləncə mərkəzi, iaşə obyekti, sakinlərimiz üçün yay konsert salonu tikilərək istifadəyə verilmişdir. M.Hüseynzadə küçəsində 1,2 hektar ərazində salınan yeni park bir neçə gündür ki, istifadəyə verilmişdir. 5 min ədəd gül kolu, 160 ədəd həmişə yaşıl kol və ağaclar, 20 ədəd palma, 40 ədəd limonnik əkilmiş, döşəməsi tametlə üzlənmiş, divarları mozaika daşı və ağ-lay ilə bəzədilmiş, fəvvarəli-hovuz və müasir işıqlandırma sistemi ilə təchiz edilmiş bu yeni park tezliklə hacıqabulluların və şəhərimizə gələn qonaqların əsl istirahət yerinə çevriləcəkdir.

M.Hüseynzadə küçəsində 100,0 kv.metr ağlay daşı ilə üzlənmiş və 253 m3 qum-çınqıl qarışığından əsas qoyulmuşdur.

Həmin küçədə 2 mərtəbəli yaşayış evlərində 85 kv.metr fasad divar səthinə yüksək keyfiyyətli emulsiyanın çəkilməsi, 137 kv.metr yararsız taxta qapıların sökülməsi və metalloplastik qapıların quraşdırılması, 500 kv.metr yararsız pəncərə bloklarının sökülməsi və metalloplastik pəncərə bloklarının quraşdırılması, 1990 m2 metal kirəmitdən damın düzəldilməsi, 150 m2 karnizin üzlənməsi üçün taxta karkasın düzəldilməsi, 150 kv.metr divar səthinin lambir ilə üzlənməsi işləri görülmüşdür.

M.Əsədov küçəsində 1750 metr 40 mm plastik boruların çəkilməsi, 44 ədəd işıqlandırma üçün metal dayaqların quraşdırılması işləri görülmüşdür.

İ.Qayıbov küçəsindəki 3 ədəd 5 mərtəbəli yaşayış binaların tavan hissəsində 44 kub metr damın taxta çatıayaqlarının quraşdırılması, 4425 kv.metr metal kirəmitdən daşın düzəldilməsi, 750 metr sinklənmiş dəmirdən navalçaların qoyulması, 384 metr su axıdan boruların vurulması, binaların fasad hissələrinə 4962 kv.metr xarici divar səthində suvaq qatının təmiri, 1456 kv.metr fasadın ağ-lay üzlüyünün cilalanması, 750,0 metr sinklənmiş dəmirdən novalçaların dəyişdirilməsi, 24 ədəd su axıdan qıfların, 384 metr su axıdan boruların vurulması, 300 m2 yararsız taxta qapıların sökülməsi və metalloplastik qapı bloklarının quraşdırılması, 418 m2 pəncərə bloklarının quraşdırılması işləri görülmüşdür.

Eləcə də, 10 ədəd 2 mərtəbəli yaşayış binalarında 3138 kv.metr köhnə suvaq qatının sökülməsi, 6300 kv.metr fasad divarın sement məhlulu ilə suvanması, 8500 kv.metr fasad divarın şpaklovkalanması, 808 kv.metr ağ-lay daşı ilə üzlənməsi, 140 kv.metr yararsız taxta qapıların sökülməsi, 556 kv.metr metal-plastik pəncərə bloklarının quraşdırılması, 500 metr çatı ayaqların və maili dirəklərin yararsız hissələrinin dəyişdirilməsi, 280 kv.metr damda taxta qəfəsənin təmiri, 5981 kv.metr metal kirəmitdən damın düzəldilməsi. 962 kv.metr fasad divarın suvaq qatının sökülməsi, 1000 kv.metr divarın sement məhlulu ilə suvanması, 392 kv.metr divarların ağ-lay daşı ilə üzlənməsi işləri görülmüşdür.

Şəhərin İ.Qayıbov küçəsinin qərbində Olimpiya İdman Kompleksinin tikintisi üçün 4,25 ha torpaq sahəsi, 1 ədəd 4 mərtəbəli 36 mənzilli Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binasının tikintisi üçün 4000 kv.metr torpaq sahəsi ayrılmışdır.

Hesabat dövründə rayon İcra Hakimiyyəti tərəfindən 19 fərdi yaşayış evinin, 35 ədəd isə sahibkarlıq subyektlərinin tikintisinə icazə verilmişdir

Son illərdə təhsil müəssisələrimizin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu ilin may ayında Xilə kənd ümumi orta məktəbi üçün tikilmiş 80 şagird yerlik yeni binanın açılışı oldu. Bunun ardınca Abdulabad, Şorbaçı, Qubalıbalaoğlan kəndlərində də yeni məktəb, Şəhərdə 1 saylı Uşaq bağçası üçün 60 yerlik 2 mərtəbəli binalar istifadəyə verildi. Şəhər 4 №-li tam orta məktəbi əsaslı təmirdən sonra qapılarını şagird və müəllimlərin üzünə açdı. İstifadəyə verilmiş təhsil müəssisələri ilə yanaşı bir sıra məktəblərin inşası davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 400 şagird yerlik məktəb, habelə Navahı qəsəbə 2 №-li tam orta məktəbi üçün 180 şagird yerlik, Ağacanlı kənd tam orta məktəbi üçün 80 şagird yerlik, şəhər 2 №-li tam orta məktəbi üçün 220 şagird yerlik, 4 №-li tam orta məktəbi üçün 60 şagird yerlik yeni korpusun inşası davam etməkdədir.

Hesabat dövründə şəhərin sənaye potensialı xeyli gücləndirilmiş, 500 nəfərə yaxın işçi kontingentinə malik ”Gilan Seramik” parkında kafel metlax zavodu istifadəyə verilmiş, daha iki sənaye müəssisəsinin inşası aparılır.

Hesabat ilində 6 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən 37 km-lik Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu və 18 km-lik Rəncbər-Qubalıbalaoğlan-”Pir Hüseyn” xanəgahı avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Fərəhli haldır ki, 2-ci yolun açılışında ölkə Prezidenti cənab İlham Əliyev iştirak edərək bu yoldan istifadə edənlərə öz xeyir-düasını vermişdir.

Abdulabad kəndində Yaponiya səfirliyinin dəstəyi ilə tikilmiş yeni həkim məntəqəsi sakinlərin istifadəsinə verilmişdir.

Hesabat dövründə Qarasu kəndində 3 km metr yola çınqıl döşənərək yararlı hala salınmışdır. Kənd daxili içməli su xətti üzərində olan 3 ədəd siyirtmə dəyişdirilmiş, 2 ədəd siyirtmə təmir olunmuş, korroziyaya uğramış müxtəlif diametrli borular yenisi ilə əvəz edilmişdir. Payız-qış aylarında sel sularının yaşayış evlərinə ziyan vurmasının qarşısını almaq məqsədi ilə 1450 metr kanal qazılaraq kənd daxili kollektor şəbəkəsinə qoşulmuş, həmin kanalın üzərində avtomobillərin keçidi üçün 1 ədəd, mal-qaranın keçidi üçün də 1 ədəd körpü salınmışdır.

Rayonun Muğan qəsəbəsində qrunt sularını kənarlaşdırmaq üçün 3200 metr kanalizasiya xətti çəkilmiş, qəsəbə daxili 800 metr yola çınqıl tökülmüş, ümumilikdə 1,2 km yol qreyderlə hamarlanmışdır.

Navahı kəndində idman meydançasını əhatə edən hasar yenidən qurulmuş və cari təmir işləri aparılaraq vətəndaşların istifadəsinə verilmişdir. Navahı qəsəbəsində 3 km yola çınqıl döşənərək yararlı hala salınmışdır. Ümumilikdə 30 km su arxı təmizlənmişdir. Əkin sahələrinə gedən yolun üzərində 11 metr eni olan körpü tikilmişdir. Navahı kəndində Yaponiya səfirliyinin xətti ilə yeni poliklinika inşa edilir. Kənd mədəniyyət evi və tam orta məktəb təmir olunmuşdur.

I Udullu, Şorbaçı və II Udullu kəndlərində 1 km-ə yaxın kəndarsı yollara çınqıl tökülərək yararlı hala salınmışdır.

Rəncbər kəndinə daxili imkanlar hesabına 1,2 km kəndarası yola çınqıl döşənmiş 2,5 km kənd daxili suvarma kanalları lildən təmizlənmişdir. 3 km-ə yaxın baş suvarma kanalı təmir olunmuşdur.

Talış kəndində 1 km yol təmir olunmuş, 900 metr drenaj kollektorları təmizlənmişdir.

Qubalıbalaoğlan kənd sakinləri üçün 2013-cü ildə uzunluğu 9,6 km və tutumu 600 kub metr olan su anbarı tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hazırda kənd əhalisi içməli su ilə təmin olunur. Qubalıbalaoğlan kəndində 2013-cü ildə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksi ucaldılmışıdır. Kənd daxili yolların 750 metrinə qum-çınqıl tökülərək təmir olunmuşdur. 1,2 km suvarma kanalları qazılaraq lildən təmizlənmişdir.

Ələtli kəndində 1,5 km yol yararlı hala salınmış, 1470 metr suvarma kanalı qazılmışdır. Baş Şirvan kanalının üstündən keçən körpü təmir olunaraq yararlı hala salınmışdır.

Meyniman kəndində 800 metr kənd daxili yollar təmir olunmuş, Aztəminatlı və şəhid ailələrinə 390 manatlıq bayram sovqatları paylanmışdır. 50 km yaxın suvarma kanalları lildən təmizlənmişdir.

Atbulaq kəndində içməli suya tələbatın artmasını nəzərə alaraq “Azərsu” Səhmdar Cəmiyyətinə müraciət edilmiş, Kür-Bakı su kəmərindən Atbulaq kəndinə verilən 40 mm-lik birləşmə və siyirtmə dəyişilərək 80 mm-lik birləşmə və siyirtmə ilə əvəz edilmiş, 70 metrə yaxın su borusu böyük diametrli su borusu ilə əvəz edilmişdir. Kəndin daxilində zədələnmiş 7 ədəd işıq dirəyi və 250 metr naqil dəyişdirilmişdir. Kürçülü kənd orta məktəbində istilik sistemi işə salınmışdır. 500 metrə yaxın suvarma kanalı təmizlənmişdir. 800 metr kənd daxili yol təmir edilmişdir. 14 nəfər ərazidə fəaliyyət göstərən Kərpic zavodunda, 8 saylı yaşıllaşdırma idarəsində, “Lukoyl” benzin doldurma məntəqəsində və “Fidan” şirkətində işə qəbul edilmişdir.

Padar qəsəbəsində 2 km su kanalı lildən təmizlənmiş, 3 km uzunluğunda kənd arası yola qum-çınqıl tökülmüşdür.

Qızılburun kəndinin ərazisində telefon xətləri çəkilmiş, kənd ərazisində 250 metr köhnə su borusu yenisi ilə əvəz edilmişdir. Həmçinin Qızılburun kənd tam orta məktəbinə smart tipli qaz sayğacı qoyulmuşdur. Əkinçilərin problemlərini aradan qaldırmaq üçün 300 metr suvarma kanalı çəkilmişdir.

Hesabat dövründə rayonda 37,9 min kv.metr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ildə rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 230 min ton yük, 4,9 milyon nəfər sərnişin daşınmışdır. Bu isə 2012-ci il ilə müqayisədə 5,5 və 11,5 % çoxdur.

2013-cü ildə rayon əhalisinə 423,3 min manatlıq rabitə xidməti göstərilmişdir. Bu isə 2012-ci illə müqayisədə 6,6 % çoxdur. ”İnformasiya-kommunikasiya ili” kimi elan edilən ötən ildə rayonumuzda internetdən istifadə edənlərin saylı 1600 abonentə çatdırılmışdır. (il üçün 2500 nəzərdə tutulmuşdur)

Ötən müddətdə rayonun yaşıllaşdırılması istiqamətində səmərəli iş davam etdirilmişdir. Belə ki, rayon ərazisində 11 min ədəd ağac, 12 min ədəd gül kolları əkilmişdir.

Əhaliyə verilən elektrik enerjisinin səviyyəsini yüksəltmək məqsədilə hesabat ilində rayon ərazisində 2880 metr SİP kabel, 4050 metr müxtəlif markalı naqil çəkilmiş, 969 ədəd sayğac quraşdırılmış, 20 güc transformatoru cari, 15-i isə əsaslı təmir edilmişdir. Bu gün Smart kart tipli sayğaclarla təmin edilmiş şəhər əhalisinə bütün sutka ərzində fasiləsiz elektrik enerjisi verilir. Kənd və qəsəbələrin elektrik təsərrüfatı isə yenidən qurulur. Ötən ildə rayonda 159,7 milyon kvt.saat elektrik enerjisi sərf edilmişdir. Enerjinin dəyəri 7.413,341 manat olduğu halda abunəçilərdən 6.930,357 manat vəsait toplanmışdır ki, bu da tapşırığın 82,2 %-ni təşkil edir. Enerjinin ödənilməsində gerilik daha çox kənd və qəsəbə istehlakçılarının payına düşür.

Hamımıza məlum olduğu kimi cəmi 4-5 il əvvəl şəhərin və rayonun bütün ərazisində qaz təsərrüfatı tam yararsız vəziyyətə düşmüşdü. Belə halda təbii qazın şəhərə nəqli respublikanın müvafiq qurumları tərəfindən bütünlüklə dayandırıldı. Tərəfimizdən respublika rəhbərliyi qarşısında şəhərə yeni qaz xəttinin çəkilməsi ilə bağlı qaldırdığımız müraciət müsbət nəticəsini verdi. 2008-ci ilin oktyabr ayından Hacıqabul şəhərinin yenidən qazlaşdırılması kompaniyasına başlanıldı. Hesabat dövründə isə rayonun qaz təsərrüfatında geniş və iri miqyaslı işlər həyata keçirildi. Rayonun Talış, Kolanı, Meyniman, Ağacanlı, Bürvənd, Ələtli kəndləri və Padar qəsəbəsi mavi yanacaqla təmin olundu. Dövlət proqramının icrası istiqamətində Hacıqabul rayonunun bütün yaşayış məntəqələrində (31 yaşayış məntəqəsi) yeni qaz xətləri çəkilmiş, fərdi mənzillər Smart kart tipli sayğaclarla təmin edilmişdir. Beləliklə qazlaşma ilə bağlı Dövlət proqramı rayonumuzda tam yerinə yetirilmişdir. Hazırda rayonda abonentlərin sayı 12615 nəfər təşkil edir ki, bu də əvvəlki illə müqayisədə 2620 nəfər çoxdur. Görülmüş işlər nəticəsində qaz sərfiyyatının dəyəri il ərzində 100,5 % yerinə yetirilmişdir.

Hacıqabul şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Nəzərdə tutulmuş 105,5 min metrlik kanalizasiya xəttindən bu ilin əvvəlinə kimi 22,4 min metr, 116 min metr içməli su xəttindən 101 min metr çəkilmişdir. Çkalov massivində 2500 kub metrlik su anbarının tikintisi davam etdirilir. İndiyə kimi 1199 Smart tipli sayğac quraşdırılmışdır. Hazırda 2500 kub merlik anbarın tikintisi və içməli su xəttinin çəkilişi işləri davam etdirilir.

Rayon təhsil şöbəsi 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, müəssisə ilə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 9415 şagird təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 812 nəfər müəllim məşğul olur.

Bir qədər əvvəl qeyd etdiyim kimi son illərdə məktəblərimizin maddi texniki bazasının xeyli dərəcədə gücləndirilməsi, tədris ocaqlarının müasir avadanlıq və vasitələrlə zənginləşdirilməsi, ümumilikdə təhsilə dövlət qayğısının artırılması müsbət nəticəsini göstərməkdədir. Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təhsilin aynasıdır. Son illərdə ümumtəhsil məktəblərimizdə bu sahədə irəliləyiş hiss olunur. Belə ki, 2011-ci ildə ali məktəblərə sənəd təqdim edənlərin 22,6 %-i, 2012-ci ildə 36,2 %-i tələbə adını qazanmışdırsa, 2013-cü ildə bu göstərici 46,1 %-lə ifadə olunmuşdur. Ali məktəblərə qəbulda şəhər 1, 4, 5 №-li, Muğan qəsəbə və Rəncbər kənd tam orta məktəbləri xüsusi ilə fərqlənmişlər.

Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 2013-cü il ərzində fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 7 nəfər şagird Respublika turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında Respublika turunda iştirak etmişlər. Olimpiadanın Respublika turunda şagirdlərdən 4 nəfər həvəsləndirici yer tutmuşlar.

2013-cü il ərzində rayonun məktəbdənkənar müəssisələrinin müəyyən uğurları olmuşdur. Belə ki, UYM və TY-nin şagirdlərinin “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq işlərinə” zona baxış müsabiqəsində təqdim olunan əl işlərindən 3-ü I və II yerləri tutaraq müsabiqənin Respublika turunda iştirak etmək hüququ qazanmışdır. UYM-nin dərnək üzvlərindən 1 nəfər “Azərbaycanı sev öyrən” tarix-diyarşünaslıq müsabiqəsində I yeri, “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsində 1 nəfər II yeri. 1 nəfər III yeri tutmuşdur.

2013-cü il ərzində rayon Təhsil şöbəsi büdcə vəsaiti hesabına 70 ədəd müəllim stolu, 100 ədəd kitab şkafı, 64 ədəd kataloq yeşiyi, 60 ədəd kitab stellajı, 400 ədəd stul, 218 dəst parta, 32 ədəd jurnal şkafı almış və məktəblərin istifadəsinə vermişdir.

Göstərilən müsbət işlərlə yanaşı sahədə problem və nöqsanlar da vardır. Belə ki, hazırda 5 məktəb binası əsaslı təmir olunmalıdır. Atbulaq və Meyniman kənd tam orta məktəblərində qazanxana tikilməsinə və istilik sistemləri quraşdırılmasına ehtiyac vardır. Məktəblərin bir çoxunda laboratoriya avadanlıqları çatışmır. Müəllim çatışmazlığı səbəbindən bəzi məktəblərdə ayrı-ayrı fənlərin tədrisində ciddi çətinliklər yaranır. Abdulabad, Şorbaçı, Tava, Tağılı kənd məktəblərinin yuxarı siniflərində şagird davamiyyəti aşağıdır. Padar, Navahı qəsəbə 2 №-li, Abdulabad, Ağacanlı, Şorbaçı, Tava, Tağılı kənd orta məktəblərindən 1 nəfər də olsun belə ali məktəblərə qəbul olmamışdır.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq rayon mərkəzi xəstəxanasından, 15 çarpayılıq Udullu kənd xəstəxanasından, 10 kənd həkim, 12 kənd tibb məntəqələrindən, rayon Gigiyena və Epidemiologiya Mərkəzindən, eləcə də Azərbaycan Dəmir yolunun 75 çarpayılıq xəstəxanasından ibarətdir. Hesabat dövründə əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə bir sıra işlər görülmüşdür. Ötən ildə şəxsi evdə yerləşən Ələtli tibb məntəqəsi uyğunlaşdırılmış binaya köçürülmüş və lazımi avadanlıqla təchiz edilmişdir. Mərkəzi xəstəxanada, onun həyətində və bir sıra kənd həkim və tibb məntəqələrinə cari təmir və yaşıllaşdırma işləri aparılmış tibb müəssisələri lazımi avadanlıqla təmin edilmişdir. Respublika səhiyyə nazirliyi tərəfindən mərkəzi xəstəxanaya rəqəmsal metodla işləyən ən son model flüoqrafiya aparatı və Uaz markalı yeni təcili yardım avtomobili verilmişdir. Mərkəzi rayon xəstəxanası üçün 2-ci korpusun tikilməsi proqrama daxil edilmişdir. Bütün bunlara baxmayaraq əhaliyə göstərilən tibbi xidmətdə nöqsanlara da yol verilir. Bu cür hallara kənd səhiyyəsində daha çox rast gəlinir. Kənd həkim və tibb məntəqələrində əmək intizamı zəifdir. Udullu kənd xəstəxanasının əsaslı təmirə ehtiyac vardır. Tağılı və Ağacanlı tibb məntəqələri hələ də şəxsi evlərdə yerləşir. Rayonda 27 ixtisaslı həkim vəzifəsi vakantdır.

Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəni maarif müəssisələri 2013-cü ildə öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış, əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra işlər görmüşdür. Hesabat dövründə Heydər Əliyevin adını daşıyan muzey Mərkəz kimi fəaliyyətə başlamışdır. Bütün bunlarla belə şöbənin fəaliyyətində nöqsanlar da vardır. Bu gün klub və mədəniyyət evlərində 28, kitabxanalarda isə 47 nəfər ixtisaslı kadra ehtiyac vardır. 9 kənd klubunun, 18 kənd kitabxanasının, 4 mədəniyyət evinin əsaslı təmirinə ehtiyac vardır. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi plana salınmışdır.

Hesabat dövründə rayon Gəclər və İdman idarəsinin xətti ilə gənclər arasında müxtəlif səpkilərdə 40-a yaxın tədbir keçirilmişdir. İdman sahəsində də müəyyən uğurlar qazanılmışdır. Bu gün şəhərdə idman zalının, idman qurğularının, normal futbol meydançasının olmaması səbəbindən yüksək dərəcəli idmançıların yetişdirilməsində çətinlik yaranır. Rayonda gəclər evinin, asudə vaxt mərkəzinin tikilməsinə ciddi ehtiyac vardır. Yaxşı haldır ki, İdman kompleksinin tikilməsi Dövlət proqqramına daxil edilmişdir.

2013-cü ilin ötən dövrü xalqımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlamətdar olmuşdur. Dövlətimizin başçısının qeyd etdiyi kimi bizim iqtisadiyyatımız sosial yönümlüdür. İlbəil artan maliyyə imkanlarımız xalqın rifahının daha da yaxşılaşdırılmasına yönəldilir.

Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,6 min nəfərdir. Bu isə rayon əhalisinin 50 %-ni təşkil edir. 36.1 min nəfərlik məşğul əhalinin ancaq 5,6 min nəfəri dövlət sektorunda çalışır. Rayon Məşğulluq Mərkəzi tərəfindən ötən il keçirilən ”Əmək Yarmarkası” na 30 idarə və müəssisədən 173 boş iş yeri çıxarılmış, müraciət edənlərdən 99 nəfərə işləmək üçün göndəriş verilmiş, 20 nəfər ictimai işlərə, 18 nəfər isə peşə kurslarına cəlb olunmuşdur.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 manat artaraq 261,2 manat olmuşdur. İl ərzində 948 iş yeri açılmışdır ki, bunun 715-i daimi, 233-ü müvəqqəti iş yerləridir.

Rayon Sosial Müdafiə Mərkəzi hesabat ilində 5495 ailəyə sosial müavinətlər, yardımlar və təqaüdlər verilməsini həyata keçirmişdir ki, bu da 11147 ailə kontingentini əhatə edir.

Hazırkı vəziyyətdə rayon Sosial Müdafiə Fondu üzrə pensiyaçıların ümumi sayı 7072 nəfər, bunlardan 4266 nəfəri yaşa görə, 1689 nəfəri əliliyə görə, 1117 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Pensiyanın adambaşına düşən ümumi məbləği 155,69 manat olmuşdur ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16,47 manat çoxdur.

Rayon İcra Hakimiyyəti ərazidə yaşayan şəhid, kimsəsiz, imkansız şəxslərə, həmçinin müharibə və əmək əlillərinə maddi və mənəvi dəstək göstərmişdir. Belə ki, şəhər sakini Rəcəbov Elnur İsmixan oğluna xəstəliyi ilə əlaqədar 1000 manat, Bakı Qızlar Universitetinin tələbəsi Hüseynova Əfsanə Rəvayət qızına 1200 manat təhsil haqqı, Meyniman kənd sakini Qədirov Əhmədağa Ağa oğluna fərdi yaşayış evi tikmək məqsədi ilə 7356 manat, şəhər sakinləri Qasımov Alik Ağaxan oğluna 4946 manat, Məmmədov Qabil Hacı oğluna 1500 manat maddi yardım göstərilmişdir. Ümumiyyətlə göstərilən kateqoriyadan olan 714 nəfərə hesabat ilində 82,907 manat maddi yardım edilmişdir.

2009-cu ilin 20 sentyabr və 2010-cu ilin 23 may tarixlərində rayonumuzun ərazisində baş vermiş daşqınlardan ciddi zərər çəkmiş ailələrdən 256 nəfərinə dövlət hesabına yeni fərdi mənzillər tikilib istifadəyə verilmişdir. Bu qəbildən olan ailələr üçün daha 41 fərdi yaşayış evinin tikilməsi, 69 evin bərpa-gücləndirilməsi və 90 evin cari təmiri üçün işlər davam etdiriləcəkdir.

Məlumat üçün bildirim ki, rayonumuzun ərazisindəki məktəblərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 101 ailəlik qəsəbənin salınmasına başlanmışdır. Avqust ayında qəsəbənin tam hazır olması nəzərdə tutulmuşdur. Eyni zamanda Navahı qəsəbəsində AES adlanan ərazidə və Talış kəndində yaşayan 30 ailədən ibarət ”Məhsəti türkləri” üçün fərdi yaşayış evlərinin tikintisi üçün lazımi sənədləşdirmə işi aparılır.

Ötən dövrdə rayon büdcəsinin icrası aşağıdakı kimi olmuşdur. Yerli gəlirlər üzrə proqnoz 3.855 min manata qarşı 4.072,312 manat olmuşdur. Büdcənin xərc hissəsi 10.775,510 manat təyinata qarşı 10.257,188 manat, olmuşdur.

Rayon İcra Hakimiyyətinin fəaliyyətində qanunçuluğun təmin olunması, hüquq qaydalarının, vətəndaşların hüquqlarının, azadlıqlarının və mənafeyinin müdafiə edilməsi mühüm yer tutur.

Rayon ərazisində 2013-cü il ərzində 160 cinayət hadisəsi qeydə alınmışdır. Cinayət hadisələrinin açılma %-i 94,2 olmuşdur.

Dövr ərzində rayon ərazisində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı 41 cinayət faktı aşkar edilmişdir. Onlardan 4-ü narkotik vasitələrin qanunsuz satışı, 34 fakt narkotik vasitələrin saxlanılması, 3 fakt hissə narkotik vasitələrin becərilməsi ilə bağlı olmuşdur. Bu faktların açılması 97,6 % təşkil etmişdir.

Rayon prokurorluğunda 2013-cü il ərzində 20 cinayət işi olmuşdur. Onlardan 14-nün ibtidai istintaqı tamamlanmış, istintaqı dayandırılmış cinayət işinin 9-na xitam verilmiş, 2-si aidiyyəti üzrə göndərilmişdir.

2013-cü ildə Rayonun Qeydiyyat şöbəsində 1369 doğum, 627 nikah, 384 ölüm, 58 nikahın pozulması rəsmiləşdirilmişdir. Dövlət nəfinə 4406 manat rüsum köçürülmüşdür.

Dövlət Notariat Kontoru hesabat ilində 5021 əməliyyat apararaq 49210 manat dövlət rüsumu, 11946 manat xidmət haqqı ödənilmişdir.

Rayonda İcra Hakimiyyəti Başçısının 1 şəhər, 4 qəsəbə və 13 kənd nümayəndəliyi fəaliyyət göstərir. İƏD-ləri yerlərdə vətəndaşların qəbulunu, ərizə və şikayətlərinə baxılmasını təşkil edirlər. İl ərzində bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların qəbulunun təşkili, ərizə və şikayətlərinə baxılması, daxili sənədləşmə işlərinin vəziyyəti İcra Hakimiyyəti Başçısı yanında Şurada müzakirə olunmuşdur.

Cari ildə Ərazi idarəetmə orqanları və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə 116 ədəd ərizə daxil olmuş, 13 ədəd məsələ hazırlanaraq Şurada müzakirəyə qoyulmuşdur.

2013-cü ilin yekunları ilə bağlı rayonun bütün idarə və təşkilatlarında o cümlədən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə və bələdiyyələrdə hesabat yığıncaqları keçirilmişdir. Qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqlarında ərazilərdə sosial problemlərin aradan qaldırılması istiqamətində görülmüş və hazırda davam etdirilən işlər qeyd olunmuşdur. Demək olar ki, hesabat yığıncağı keçirilmiş bütün Qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə əhaliyə elektrik enerjisinin verilməsində problemlərin olduğu qeyd olunmuşdur. Yığıncaq iştirakçıları tərəfindən irəli sürülmüş rəy və təkliflərin əksəriyyəti ərazilərdə yüksək gərginlikli elektrik dirəklərinin istismar müddətinin başa çatdığı qeyd olunmuşdur. Elektrik xətlərinin yenidən qurulması və “Smart Kart” tipli sayğacların quraşdırılması üçün lazımi təşkilatlar qarşısında məsələ qaldırılması təklif olunmuşdur.

Rayonun Navahı, Atbulaq, Qızılburun kənd, Pirsaat və Navahı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında çıxış edənlərin əksəriyyəti əhali tərəfindən əkilmiş sahələrini suvarılmasında olan problem qeyd etmişlər.

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklər onların ərazilərində fəaliyyət göstərən 15 bələdiyyə orqanları ilə əlaqəli şəkildə işləyir.

Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında əlaqələr yaradılmış, ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür. Rayonun şəhər, qəsəbə və kənd bələdiyyələri tərəfindən 2013-cü ilin noyabrın 25-dən dekabrın 1-dək “Azərbaycanda yerli Demokratiya həftəsi” çərçivəsində tədbirlər keçirilmişdir. Vətəndaşlarla keçirilmiş görüşlərdə vətəndaşların rəy və təklifləri dinlənilmiş. Ortaya çıxmış problemlərin həlli ilə bağlı müzakirələr aparılmışdır. Bələdiyyələr tərəfindən bələdiyyənin poçt qutuları asılmış, sakinlər qəbul olunmuşlar. Bələdiyyə sədrləri və üzvlərinin açıq və qapalı yerlərdə vətəndaşlarla görüşləri təşkil edilmiş, əhaliyə görülmüş işlər barədə hesabatlar verilmiş, bələdiyyə ərazisində mövcud problemlər barədə müzakirələr aparılmışdır. Ümumilikdə rayonun ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən əhali ilə 49 görüş keçirilmişdir. Görüşlərdə 3254 nəfər rayon sakini iştirak etmiş. 299 nəfər vətəndaş fərdi qəbul olunmuşdur. Görülmüş işlərlə yanaşı bəzi İnzibati Ərazi Dairələrində və bələdiyyələrdə çatışmazlıqlar da mövcuddur. Belə ki, II Udullu İnzibati Ərazi Dairəsi və II Udullu bələdiyyəsi əlaqələrini günün tələbləri səviyyəsində qurmamışdır. Sözü gedən nümayəndəliyin ərazisində yaşayan sakinlər tərəfindən daxil olmuş müraciətlər nümayəndəlik və bələdiyyə tərəfindən vaxtında araşdırılmamış, vətəndaşların problemləri həll olunmamışdır. Nəticədə vətəndaşlar tərəfindən yuxarı instansiyalara müraciətlər olmuşdur.

Rayonun I Udullu bələdiyyəsi tərəfindən bələdiyyənin mülkiyyətində olan torpaqlardan istifadə qaydaları kobud şəkildə pozulmuşdur. I Udullu bələdiyyəsinin üzvləri tərəfindən bələdiyyə sədrinə etinasızlıq göstərilmiş və bələdiyyə şurasının qərarı ilə I Udullu bələdiyyə sədri Həsənağa Mirzəyev vəzifədən azad edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda söylədiyi çıxış və nitqlərin öyrənilib geniş ictimaiyyət arasında təbliğ olunması istiqamətində ardıcıl iş aparılır. Xüsusilə, Prezidentin ölkənin daxili və xarici siyasəti ilə bağlı keçirdiyi görüşlərdəki nitqi, müxtəlif rəsmi səfərləri zamanı etdiyi çıxışlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzi tərəfindən seminarlarda öyrənilərək yerlərdə əhali ilə keçirilən görüşlərdə ətraflı şəkildə təbliğ olunur. İdeoloji Mərkəzin xətti ilə rayonda fəaliyyət göstəriş məktəb, kurs və dərnəkdə 120 nəfərə yaxın müdavim 2 il ərzində ümummilli liderin zəngin ideya-siyasi irsi ilə daha yaxından tanış olmuşlar. İcra hakimiyyəti rayonda yeganə mətbuat orqanı olan “Hacıqabul” qəzetinə daim diqqət və qayğı göstərir.

Rayon ərazisində 19 siyasi partiya 11 dini icma, 29 məscid və 1 ziyarətgah fəaliyyət göstərir. Dini icmalardan 9-u təkrar qeydiyyatdan keçmişdir.

Həmçinin rayon ərazisində 21 ictimai təşkilat və 2 QHT vardır.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda söylədiyi çıxış və nitqlərin öyrənilib geniş ictimaiyyət arasında təbliğ olunması istiqamətində ardıcıl iş aparılır. Xüsusilə, Prezidentin ölkənin daxili və xarici siyasəti ilə bağlı keçirdiyi görüşlərdəki nitqi, müxtəlif rəsmi səfərləri zamanı etdiyi çıxışlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzi tərəfindən seminarlarda öyrənilərək yerlərdə əhali ilə keçirilən görüşlərdə ətraflı şəkildə təbliğ olunur. İdeoloji Mərkəzin xətti ilə rayonda fəaliyyət göstərmiş məktəb, kurs və dərnəkdə 120 nəfərə yaxın müdavim 2 il ərzində ümummilli liderin zəngin ideya-siyasi irsi ilə daha yaxından tanış olmuşlar. İcra hakimiyyəti rayonda yeganə mətbuat orqanı olan “Hacıqabul” qəzetinə daim diqqət və qayğı göstərir.

Ötən ildə rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları ictimai təşkilatların və qeyri-hökumət təşkilatlarının tədbirlərində yaxından iştirak etmişlər.

Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura öz işini təsdiq etdiyi Perspektiv İş Planına əsasən quraraq hesabat ilində 26 iclas keçirərək 52 məsələ müzakirə etmişdir.

Hesabat dövründə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 245 sərəncam verilmişdir.

Ötən il İcra Hakimiyyətinə 1040 təklif, ərizə və şikayət daxil olmuşdur ki, bu da 2012-ci ildəkindən 113 ədəd azdır. O cümlədən müraciətlərin 372-si Prezident Administrasiyasından, 36-sı Milli Məclisdən, 21-i Nazirlər Kabinetindən, 47-i Respublikanın digər rəhbər təşkilatlarından, 564-ü isə əhalidən olmuşdur. Ötən ilə nisbətən təkrar müraciətlərin sayı 7 ədəd azalmışdır. Təkrar müraciətlər yazan vətəndaşlar arasında elələri də vardır ki, tələbləri ilə bağlı onlara ətraflı məlumat və bilgi verilməsinə baxmayaraq müxtəlif distansiyalara eyni məsələlərlə bağlı təkrar müraciət edirlər. Hesabat ilində şəhər sakini Nazim Cabarov özünə yeni ev tikilməsi tələbi ilə müxtəlif ünvanlara 11 dəfə, Atbulaq kənd sakini Nisə Eminova isə həyətyanı torpaq sahəsi ilə bağlı 21 dəfə təkrar ərizələr yazmışlar

2013-cü ildə İcra Hakimiyyətinin Başçısı tərəfindən 531 vətəndaş qəbul edilmişdir. Qəbul edilən vətəndaşların 217-si yaşayış yerlərində dinlənilmişdir.

Bütün bunlara baxmayaraq İcra Hakimiyyəti aparatında, rayonun idarə, müəssisə və təşkilatlarında bu sahədəki işlərdə müəyyən nöqsanlara yol verilir.

2013-cü il dövlətimizin tarixinə son dərəcə mühüm siyasi hadisənin həyata keçirilməsi ili kimi yazıldı. 9 oktyabr 2013-cü il növbəti prezident seçkiləri ilə əlamətdardır. Bütün Azərbaycan vətəndaşları kimi səsvermə hüququna malik Hacıqabullular da yüksək fəallıq göstərərək möhtərəm prezidentimiz İlham Əliyev cənablarına sadiq olduqlarını bir daha bildirdilər.

Bizim üçün daha bir unudulmaz tarix 2013-cü il aprel ayının 15-i dir. Məhz həmin gün dövlətimizin başçısı rayonumuza özünün 6-cı səfərini etmişdir. Möhtərəm prezidentimiz rayonda aparılan tikinti, quruculuq, abadlıq və yenidən qurma işləri ilə tanış olmuş, bir sıra yeni obyektlərin açılışında iştirak etmiş, sakinlərimizlə görüşüb səmimi söhbət aparmış, rayonumuzun inkişafı naminə özünün tapşırıq və təkliflərini vermişdir. Dövlətimizin başçısı şəhərimizə içməli suyun verilməsi ilə bağlı mərasimdəki çıxışında bütünlükdə rayonumuzda aparılan işlərə qiymət verərək demişdir.

- Hacıqabulda gözəl abadlıq və quruculuq işləri aparılır, parklar salınır, yeni sənaye müəssisələri yaradılır, küçələr abadlaşır. Bir sözlə rayonun inkişafı əminəm ki, bundan sonra yalnız və yalnız sürətlə davam edəcəkdir. Beləliklə, ölkə iqtisadiyyatına Hacıqabullular da öz dəyərli tövhələrini bundan sonra da verəcəklər.

Möhtərəm Prezidentimizin rayonumuzda aparılan işlərə verdiyi qiymət qəlbimizi qürur hissi ilə doldurmaqla yanaşı üzərimizə yeni məsuliyyət qoyur, bizi daha yaxşı və məhsuldar işləməyə sövq edir.

İcazə verin, Sizin adınızdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabul sakinləri möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi yüksək qayğı və diqqətə özlərinin gərgin əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması, bir sözlə, ölkə iqtisadiyyatına daha sanballı tövhələr verilməsi istiqamətində bundan sonra da ardıcıl və səmərəli tədbirlər həyata keçirəcəyik.

Keçidlər