“Xocalı Soyqırımı” nın 22-ci ildönümünə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir
Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti Şəhər klubunda tədbir keçirmişdir. Tədbirdə Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat verilmişdir. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək bildirmişdir ki, son illər Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq bəzi ölkələrdə bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir. Natiqlər Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törədilmişdir. Tədbirdə yüzlərlə insanın amansızlıqla qətlə yetirildiyi ürəkağrısı ilə yada salınmış, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb edilmişdir.
Bildirilmişdir ki, bu gün dünyanın hər yerində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir. Xocalı sakinləri bu gün Azərbaycanın 50 rayonunda məskunlaşmışdır. Öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirən Xocalı sakinləri digər məcburi köçkünlərə də səbr və qətiyyət diləmişlər.