Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart – Azərbaycanlıların Soyqırımına həsr olunmuş tədbir keçirilmişdir

01 aprel 2014 | 15:00

31 mart – Azərbaycanlıların Soyqırımına həsr olunmuş ümumrayon tədbiri rayonun Şəhidlər Xiyabanında başladı

Şəhidlərin ruhuna dua oxumaq üçün söz rayonun Axundu Mirqani İntiqama verildi.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov abidə önünə əklil qoydu.

Daha sonra rayon ictimaiyyəti tərəfindən şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.

Tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açdı:

31 mart Azərbaycanlıların soyqırımından 96 il keçir. Tarixi boyu Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almayan 31 mart soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1918-ci ilin qırğınları da ermənilərin Azərbaycanlılara qarşı törətdiyi çoxsaylı soyqırımı aktlarından biridir. Həmin ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq Azərbaycanlı qətlə yetirilmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq Azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir.

1918-ci ilin mart Soyqırımı zamanı Azərbaycanda və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış, 132 min Azərbaycanlı məhv edilmişdir.

1918-ci ilin mart soyqırımı rayonumuzdan da yan keçməmişdir. Belə ki, 1918-ci ilin mart ayında erməni əsgərləri Hacıqabul vağzalına gəlib kəndlərə hücum etdilər.

Rayonun Navahı, Rəncbər, Qubalıbaloğlan, Abdulabad, Meyniman, Talış və Şorbaçı kəndlərində soyqırım xüsusi amansızlıqla həyata keçirilmişdir. Həmin hadisə vaxtı Navahı kəndində 955 nəfər, Rəncbər kəndində 137 nəfər, Qubalıbaloğlan kəndində 535 nəfər, Abdulabad kəndində 90 nəfər, Meyniman kəndində 45 nəfər, Paşalı kəndində 40 nəfər, Şorbaçı kəndində 50 nəfər sakin qətlə yetirilmişdir.

Ümumiyyətlə, Mart Soyqırımı zamanı Hacıqabul rayonunda 1972 nəfər qətlə yetirilmiş, 255 sakin yaralanmışdır. 1080 kişi, 525 qadın, 367 uşaq bu vəhşiliyin qurbanı olmuşdur.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə vaxtında lazımı qiymət verilməmiş, dünyaya çatdırılmamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli matəm günü kimi elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan Komissiya bolşeviklərin ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilməmişdir.

Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib.

1920-ci ildən etibarən Sovet Ermənistanının Azərbaycanlılara qarşı deportasiya siyasəti “Dostluq”, “Beynəlmilçilik” pərdəsi altında davam etdirilmişdir.

1930-1937-ci illərdə müxtəlif bəhanələrlə, əslində isə milli və dini mənsubiyyətinə görə 50 minə yaxın Azərbaycanlı Ermənistanın sərhəd rayonlarından Sibirə və Qazaxıstana sürgün olunmuşdur.

1992-ci ilin fevralında ermənilər keçmiş sovet ordusunun köməyilə Xocalı şəhərinə girərək dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciəyə minlərlə Azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra 1918-ci ildə mart ayında baş vermiş hadisələrə, düz 80 ildən sonra 1998-ci ilin mart ayının 26-da imzaladığı soyqırımı haqqında fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində öz siyasi qiymətini verdi. Bu fərman qanlı faciə ilə bağlı ən böyük siyasi sənəd oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan dövlətinin və erməni lobbisinin beynəlxalq aləmdə təcavüzkar və işğalçı siyasət apardığını bəyan etmişdir.

Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Niderland krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmiş və burada bir daha ölkəmizin mövqeyini bildirmişdir.

Sammitdə çıxışı zamanı cənab Prezident bildirmişdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınması, həmçinin radioaktiv tullantı materialları basdırmaqla işğal olunmuş ərazilərimizin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.

Azərbaycan xalqına qarşı həyata keçirdikləri deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan artıq vətəndaşımız öz doğma yurdlarından didərgin qaçqın vəziyyətinə düşmüşlər.

Dünya ictimaiyyəti artıq təcavüzkarı və təcavüzə məruz qalan ölkəni yaxşı tanıyır.

Xalqımız inanır ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan torpaqları tezliklə işğaldan azad olunacaq və soydaşlarımız öz tarixi torpaqlarına geri qayıdacaqdır.

Daha sonra Soyqırımı Şəhidlərinin, o cümlədən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Pir Hüseyn” Xanəgahı tarix memarlıq qoruğunun direktoru Mübariz Xəlilov, Talış Kənd orta məktəbinin tarix müəllimi Mehman Əmiraslanov və Navahı kənd sakini, şəhid atası Əlisahib Muxtarov geniş məzmunlu çıxış etdilər.

Keçidlər