Hacıqabul rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, bu gün Hacıqabul rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı, valideynlər və gənc çağırışçılar iştirak ediblər. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək, hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzuladı.
Daha sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söylədilər. Sonra çağırışçı gənclər Azərbaycan bayrağı və müqəddəs «Qurani Kərimin» altından keçdilər. Hərbi xidmətə yola düşən gənc çağırışçılar vətənə layiqli bir övlad kimi xidmət edəcəklərini bildirdilər.
Rayonun incəsənət ustalarının ifasında musiqili proqram başa çatdıqdan sonra gənc əsgərlər avtobuslarla yola düşdülər.