İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabatı
2014-cü ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi
inkişafının yekunları barədə rayon
İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun
HESABAT MƏRUZƏSİ
Sürətli inkişaf yolu keçən müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən fəaliyyət strategiyasına əsaslanır. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə həyata keçirilməsi yolu ilə reallaşdırılan bu strategiya ölkəmizi ən yaxın perspektivdə inkişaf etmiş dövlətlər səviyyəsində addımlamağa xidmət edir.
Məlum olduğu kimi oktyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı Azərbaycan iqtisadiyyatının bütün sahələrində, habelə beynəlxalq aləmdə görülmüş son dərəcə mühüm işlərdən ətraflı məlumat vermişdir.
Belə ki, bu ilin 9 ayında ümumi daxili məhsul 2,5 % artmış, qeyri-neft sektorunda artım 6 % təşkil etmişdir.
Ölkəmizdə ötən 9 ayda əhalinin pul gəlirləri 5,4% artmış, inflyasiya isə cəmi 1,5% olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı 3,6 dəfə üstələmişdir.
İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə valyuta ehtiyatları 53 milyard dollardan çox olmuşdur ki, bu da dünya miqyasında çox böyük göstəricidir.
İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollardan çox investisiya qoyulmuşdur ki, bunun da 11 milyardı daxili investisiyadır.
Dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür ki, dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir.
Sentyabr ayında ölkəmiz üçün mühüm bir layihənin - “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu bir tarixi hadisədir və bu layihənin icrası ölkəmizin siyasi çəkisinin artmasına, iqtisadi sahədə yeni imkanların yaranmasına səbəb olacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” qarşıya qoyulmuş vəzifələrin reallaşması, nəzərdə tutulmuş bütün layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Artıq sayca üçüncü olan bu regional inkişaf proqramında nəzərdə tutulan infrastruktur və sosial məsələlərin həlli istiqamətində işlərə başlanılmış və bu işlər uğurla həyata keçirilir. 2014-cü ilin 9 ayı ərzində respublikamızın digər regionları kimi Hacıqabulda da mühüm işlər görülmüş və tədbirlər həyata keçirilmişdir.
2014-cü ilin 9 ayı ərzində rayonda aparılmış işlər və tədbirlər barədə bir qədər geniş məlumatı nəzərinizə çatdırmaq istəyirəm.
Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 170.4 milyon manat olmuşdur. Bu ilin 9 ayında sənaye məhsul buraxılışının həcmi 2.8 milyon manat, kənd təsərrüfatı məhsulu buraxılışı 85.8 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 43.7 milyon manat, ticarətdə məhsul buraxılışının həcmi 39.5 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində kənd təsərrüfatında 15.9 %, sənayedə 9.7 %, ticarətdə 2.2 % artım müşahidə edilmişdir.
Bu müddətdə rabitə xidmətinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 77.4 min manat və ya 24.8% artaraq 388.9 min manata, avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmi 5 min ton və ya 2.8% artaraq 182 min tona, sərnişin daşınması isə 170 min nəfər və ya 5% artaraq 3 milyon 558 min nəfər olmuşdur.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 2329.9 min manat və ya 2.1% artaraq 115180.0 min manata, ictimai iaşə dövriyyəsi 182 min manat və ya 9.5% artaraq 2089.0 min manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3705.6 min manat və ya 25.4% artaraq 18 314.5 min manata çatmışdır.
2014-cü ilin 9 ayı ərzində iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 44 850.0 min manat təşkil etmişdir.
İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır. Hacıqabul rayonunda kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, kəndli fermer təsərrüfatlarının, xidmət təşkilatlarının gərgin əməyi nəticəsində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
2014-cü ilin məhsulu üçün 12539 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 307 hektar çoxdur. Taxıl əkininin 6415 hektarını buğda, 6124 hektarını isə arpa əkini təşkil edir. 12 539 hektar taxıl sahəsindən 37 422 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 880 ton çoxdur. İstehsal olunmuş taxılın 22 213 tonunu buğda, 15 209 tonunu arpa təşkil edir. Hər hektara düşən məhsuldarlıq 29,8 sentner təşkil etmişdir. v2014-cü ildə 1579 hektar sahədə bostan, 761 hektar sahədə tərəvəz, 75 hektar sahədə günəbaxan, 150 hektar sahədə qarğıdalı, 38 hektar sahədə kartof, 362 hektar sahədə yonca olmaqla cəmi 2965 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 hektar çoxdur.
2014-cü ilin 9 ayı ərzində 23 306 ton bostan, 19 818 ton tərəvəz, 487 ton qarğıdalı, 102 ton günəbaxan, 418 ton kartof, 8760 ton meyvə, 253 ton üzüm istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 859 ton tərəvəz, 19 ton qarğıdalı, 1 ton kartof, 4 ton meyvə, 1 ton üzüm çox istehsal olunmuşdur.
Rayonda heyvandarlıq məhsullarının, xüsusilə ət və yumurta məhsullarının istehsalında nəzərəçarpacaq artım qeydə alınmışdır. Belə ki ,hesabat dövründə ət istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2475 ton və ya 58.8% artaraq 6682 ton, yumurta istehsalı 39.1 milyon ədəd və ya 20.4% artaraq 230.6 milyon ədəd olmuşdur. Süd istehsalı 6 ton artaraq 12 330 tona, yun istehsalı 1 ton artaraq 224 tona çatmışdır.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 460 baş artaraq 37 458 başa, xırda buynuzluların sayı isə 1725 baş artaraq 133 460 başa çatmışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında” 23.01.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon İcra Hakimiyyəti müvafiq tədbirlər görür.
Rayonda Respublika Prezidentinin sərəncamına müvafiq olaraq istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə, buğda istehsalının stimullaşdırılmasına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Həmçinin torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunur.
Bu ilin 9 ayı ərzində kənd əməkçilərinə 76,45 ton güzəştli qiymətlərlə mineral gübrə satılmışdır.
2014-cü il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına cəmi 710 nəfərə 154 448 manat subsidiya verilmişdir. 2014-cü ildə 2549 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə hektarına 40 manat olmaqla 581 846,4 manat subsidiya verilmişdir. Subsidiyaların verilməsi işinə ciddi nəzarət olunmuş və dəqiqləşdirmələr aparılmaqla həyata keçirilmişdir.
Hesabat dövründə 2015-ci ilin məhsulu üçün 8500 hektar sahədə şum aparılaraq 2000 hektar sahədə taxıl səpini aparılmışdır. Şum və taxıl səpini işləri hal-hazırda davam etdirilir.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası olaraq Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və 6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilmişdir. Hal-hazırda magistral kanalın 28,1 km hissəsində tikinti işləri başa çatmaq üzrədir. Bundan əlavə magistral kanaldan Padar kəndinə ayrılan kanalın 12,5 km hissəsindən 9,08 km-nin tikintisi başa çatmışdır.
Hal-hazırda bu kanal vasitəsilə Padar-Qarasu ərazisində 2000 hektara yaxın həyətyanı və əkin sahələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64 S nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatı suvarma suyu ilə təmin edilir.
Yaxın gələcəkdə kanalın tikintisi davam etdirilməklə rayonun Padar, Qarasu, Muğan ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması həyata keçiriləcəkdir.
Rayonun Qubalıbaloğlan, Rəncbər, Navahı, Qızılburun və Atbulaq kəndlərinin əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Pirsaat su anbarının hövzəsində genişləndirmə işləri aparılmışdır ki,bunun da nəticəsində anbarın su tutumu əlavə olaraq təxminən 1,5 milyon kubmetr artırılmışdır.
Əkinlərin su təminatının yaxşılaşdırılması üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən carı ilin 9 ayı ərzində 271 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.
Rayonun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində 138 940 kub metr həcmində uzunluğu 24 350 metr olmaqla lildən təmizləmə işləri aparılmışdır.
Rayonun Kolanı kəndi ərazisində qrunt sularının səviyyəsini daima yol verilən həddə saxlamaq üçün bu ərazidə Baş Şirvan Kollektorunun sağ sahili yaxınlığında 1 ədəd nasos stansiya binası tikilmiş, içərisində 2 ədəd 16 NDN markalı nasos aqreqatının quraşdırılması başa çatdırılmışdır. Hal-hazırda nasos stansiyada yüksək gərginlik elektrik xətlərinin quraşdırılması işləri aparılır.
Təqdirəlayiq haldır ki, Bakı şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonumuzun sahibkarları da yaxından iştirak edirlər. Bu ilin 9 ayı ərzində təsərrüfatlarımızdan Bakı şəhərinin əhalisinə 5,0 ton mal əti, 1 milyon 730 min ədəd yumurta, 15,2 ton meyvə, 15,3 ton toyuq əti, 25 ton bostan-tərəvəz məhsullarının satışı təşkil olunmuşdur.
Hacıqabul şəhərində, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma işləri hesabat dövründə davam etdirilmişdir. Təkcə şəhərdə 6000 ədəd ağac və 12 000 ədəd gül kolları əkilərək aqrotexniki qaydada qulluq göstərilmişdir.
2014-cü ilin 9 ayı ərzində də rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Hesabat dövründə Navahı qəsəbəsi 1 saylı tam orta məktəbində bərpa gücləndirmə işləri tam başa çatdırılaraq istismara verilmişdir. Ağacanlı kənd 80 şagird yerlik və Hacıqabul şəhər 2 saylı 220 şagird yerlik tam orta məktəblərinin tikinti quraşdırma işləri başa çatdırılaraq istismara verilmişdir.
Bundan əlavə Heydər Əliyev Fondu hesabına Hacıqabul şəhərində 3 mərtəbəli 440 şagird yerlik və Navahı qəsəbəsində 2 mərtəbəli 220 şagird yerlik tam orta məktəblər tikilərək istismara verilmişdir. Hacıqabul şəhərində İ.Qayıbov küçəsinin qərbində 100 yerlik uşaq bağçasının tikintisinə başlanılmışdır.
Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti hesabına Navahı kənd həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
Şəhərin Ə.Vahid küçəsinə 280 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qat verilməklə 1402 kv.metr yola və B.İbrahimov küçəsinə 525 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qat verilməklə 2624 kv.metr yola 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulmuşdur.
Hacıqabul rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına ölçüsü 800 kv.metr olan müasir standartlara cavab verən əl oyunları meydançası inşa edilərək istifadəyə verilmişdir. Meydançanın daxili ərazisi 3 metr hündürlüyündə dəmir barmaqlıqlara alınmış, meydançaya 10 sm qalınlığında beton örtüyü verilməklə süni ot örtüyü salınmış, işıqlandırma sistemi quraşdırılmışdır. Yunan-Roma və sərbəst güləş növləri ilə məşğul olmaq üçün tikilən idman zalının tikintisi başa çatmaq üzrədir və 450 yerlik təbii ot örtüklü stadionun inşası davam etdirilir. Artıq stadionun beton və hörgü işləri başa çatdırılmışdır.
M.Hüseynzadə küçəsində 1167 metr yararsız səki daşları sökülərək yeni beton səki daşları ilə əvəzlənmiş, mişar daşından 864,4 kv.metr 20 sm qalınlığında divar hörülmüş, 1750,7 kv.metr divar ağ-lay daşı ilə üzlənmişdir. Ə.Vahid küçəsində 433,5 metr yararsız səki daşları sökülmüş, yerinə 630 metr yeni beton səki daşları qoyulmuşdur. Piyada hərəkət hissəsinə 77,4 kubmetr qum-çınqıl qarışığı doldurulmuş, 800 kv.metr səkiyə xırda dənəli asfalt-beton qarışığından 3 sm qalınlığında örtük qoyulmuşdur. Bayraq meydanında mişar daşından 210 kv.metr 40 sm qalınlığında divar hörülmüş, 311,4 kv.metr divar ağ-lay ilə üzlənmişdir.
2 mərtəbəli yaşayış binalarında 7200 kv.metr çatı ayaqları və maili dirəklərin yarasız hissələri dəyişdirilmiş, 600 kv.metr damda taxta qəfəsənin təmiri, 3200 kv.metr kirəmitdən damın düzəldilməsi işləri görülmüşdür.
Rayonun Qızılburun kəndi ərazisində məcburi köçkün ailələri üçün tikilən 101 yaşayış evinin inşaat işləri başa çatdırılmışdır və istismara qəbula hazırdır.
Navahı qəsəbəsində məskunlaşmış Axısxa türk ailələri üçün 17 fərdi yaşayış evinin, Meyniman kəndi ərazisində mesxeti türk ailələri üçün 15 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Hesabat dövründə Muğan-Talış avtomobil yoluna 5900 kubmetr, Kolanı kəndində kəndarası avtomobil yoluna 700 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qat verilmişdir.
Padar qəsəbəsində 1.5 km yola qum-çınqıl tökülərək hamarlanması, Qubalıbaloğlan kəndində 1.8 km yola qum-çınqıl tökülərək hamarlanması, Qarasu kəndində yolun çalalarının qum-çınqılla doldurulması, korroziyaya uğramış 800 m su borusunun təmiri, Navahı kəndində örüş sahələrinə keçmək üçün mövcud körpünün və 280 metr su xəttinin təmiri işləri görülmüşdür.
Sahibkarlıqla məşğul olmaq üçün 12 obyektin tikintisinə, fərdi yaşayış evinin tikintisi üçün 5 vətəndaşa sərəncam verilmişdir.
Əsas kapitala yönəldilmiş investisiya dövlət büdcəsi vəsaiti hesabına 3 443.2 min manat, yerli büdcədən 563.6 min manat olmaqla ümumilikdə 4 014.9 min manat təşkil etmişdir.
Hesabat dövründə rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Talış və Abdulabad kəndlərində sayğaclaşma işləri ilə əlaqədar 461 abonentin köhnə elektrik sayğacı yeni müasir smart tipli qabaqcadan ödənişli elektrik sayğacları ilə əvəz olunmuş, 22.7 km məsafədə yeni SİP kabel xətti çəkilmiş, həyətyanı ərazilərdən keçən elektrik verilişi xətləri kənara çıxarılmışdır.
Hacıqabul EŞ-si hesabat dövründə 13 316 abonentə xidmət göstərmiş, sayğaclaşma 97.3% olmaqla 12 956 abonenti əhatə etmişdir. Sərfiyyat 2 482 021 min kv.saat, dəyəri 148 921.26 min manat olmuş, ödəniş 138 541.47 min manat olmaqla verilən enerjinin dəyərinin 93.03 %-ni təşkil etmişdir. Ödənişdə iştirak etmiş abonentlər 9687, yəni 72.7% olmuşdur.
01 yanvar 2014-cü il vəziyyətinə rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması başa çatdırılmışdır. Hesabat dövründə Qızılburun qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbənin qaz təminatı işləri həyata keçirilərək 101 mənzilə smart-kart tipli sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. Abdulabad kəndinə gedən qaz xətti üzərində yüksək keyfiyyətli qaz təmizləyici separator qurğusu quraşdırılmışdır. Həmin separator qurğusunun köməkliyi ilə qazın tərkibində olan qatışıq maddələr təbii qazdan ayrılır və abonentlər təhlükəsiz mavi yanacaqdan istifadə edirlər.
Hacıqabul Qaz İstismar sahəsi magistral qaz kəmərlərindən 2014-cü ilin 9 ayı ərzində 23 176.8 min kub metr qaz qəbul etmiş, abonentlərə 20 632.9 min kub metr təbii qaz satılmışdır. Təbii qazın ödənişi 100% təşkil etmişdir. Hesabat dövründə Qaz İstismar sahəsi tərəfindən 13 169 abonentə xidmət göstərilmiş, görülmüş profilaktik işlər nəticəsində rayon ərazisində dəm qazından boğulma və yanğın hadisəsi qeydə alınmamışdır.
2014-cü ilin 9 ayı ərzində rayon Sukanal idarəsi tərəfindən 9347 abonentə xidmət göstərilmişdir. Əhali və qeyri-əhaliyə 1 137 105 manatlıq su satılmış, ödəniş 911 335 manat olmaqla 80,1% təşkil etmişdir.
Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin qurulması işlərində layihəyə əsasən 110 458 metr kanalizasiya xəttindən 26 156 metri, 112 451 metr su xəttindən 109 807 metri çəkilmişdir. Nəzərdə tutulan 4500 ədəd smart tipli sayğacların 3080 ədədi quraşdırılmışdır. Şəhərətrafı dağlıq massivdə 2500 kubluq anbarın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
2014-cü ilin 9 ayında Hacıqabul Telekommunikasiya qovşağında da müəyyən işlər görülmüşdür. Hacıqabul şəhərinin S.Vurğun küçəsində 768 nömrə tutumlu yeni EATS quraşdırılaraq istifadəyə verilmişdir. Muğan kənd EATS-də mövcud tutuma 208 nömrə əlavə edilərək müvafiq avadanlıqlar quraşdırılmışdır. Hesabat dövründə telefon çəkilişi 420 ədəd artaraq telefon istifadəçilərinin sayı 6350-yə, internet istifadəçilərinin sayı 600 ədəd artaraq 2400-ə çatmışdır. Hacıqabul TKQ üzrə 2014-cü ilin 9 ayı ərzində taarif gəlir planı 104% icra olunmuş, belə ki 455,7 min manata qarşı 472.8 min manat icra olunmuşdur.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.
Cari ilin 9 ayı ərzində rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və eləcə də istedadlı gənclərin aşkara çıxarılması sahəsində məqsədyönlü işlər aparılmışdır. Bu məqsədlə rayonda müxtəlif seminarlar, inşa, rəsm və şer müsabiqələri, dəyirmi masalar və sair tədbirlər keçirilmişdir.
Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
20 Yanvar, 26 fevral Xocalı faciəsi, 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun ümumtəhsil məktəblərində müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir.
Şagirdlərin bilik səviyyəsinin artırılması məqsədilə müxtəlif fənn olimpiadaları, bilik yarışları təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına əsasən ölkənin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müasir Azərbaycan tarixinin daha səmərəli öyrədilməsini təmin etmək məqsədilə Heydər Əliyev Mərkəzlərində nümunəvi dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Tapşırığa uyğun olaraq Respublikanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” mövzularının cari ilin fevral-may aylarında tədris edilmişdir.
Rayonun ümumtəhsil məktəblərində fənlərin tədrisinin keyfiyyətini, dərslərdə müasir təlim metodlarından istifadə olunmanın səviyyəsini yüksəltmək, habelə müəllimlərin yaradıcılıq imkanlarını inkişaf etdirmək məqsədilə 2014-cü ilin fevral ayında “Azərbaycan tarixi aylığı” elan edilmişdir. Aylıq çərçivəsində rayonun ümumtəhsil məktəblərində 10-larla tədbir keçirilmiş, 4 adda müsabiqə keçirilmiş, tarix müəllimlərinin nümunəvi dərsləri təşkil olunmuşdur. Aprel ayında aylığın yekunlarına həsr olunmuş konfrans keçirilmiş, aylığa hərtərəfli yekun vurulmuş, müsabiqə qalibləri mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin mədəni irsini, tarixi mədəniyyət obyektlərinin, ərazisini, təbiətini, daha yaxından öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilmiş, ekskursiya turlarında rayonun ümumtəhsil məktəblərindən 40 nəfər nümunəvi şagird iştirak etmişdir.
2014-cü ildə də ali və orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə elektron variantda aparılmışdır. 2014-cü ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 177 nəfər məzun ali məktəblərə 40 nəfər isə orta ixtisas məktəblərinə sənəd təqdim etmişdir. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 94 nəfər (53,1%), orta ixtisas məktəblərinə 23 nəfər (57,5%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 10 nəfər ali məktəblərə, 33 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Qəbul olunanlardan 17 nəfəri (18%) pedaqoji ixtisaslar üzrə ali məktəblərə qəbul olunmuşdur ki, bu da gələcəkdə rayonda kadrlara olan ehtiyacın ödənilməsinə köməklik göstərəcəkdir.
Ali məktəblərə qəbulda şəhər 1, 8 nömrəli, Muğan qəsəbə və Qubalıbaloğlan, Navahı və Rəncbər kənd tam orta məktəbləri yüksək göstəricilərə nail olmuşlar. Ali məktəbə qəbul olunanlardan 4 nəfəri 600-dən yuxarı (şəhər 1, 2, 8 saylı, Rəncbər kənd tam orta məktəbləri), 7 nəfəri 500-dən yuxarı, (şəhər 1, 3, 5, 6, 9 saylı, Qarasu, Kolanı, Qubalıbaloğlan kənd orta məktəbləri) bal toplamışdır.
2014-cü ilin 9 ayı ərzində mövcud məktəb binalarının əsaslı təmir olunması, yeni təhsil müəssisəsi binalarının tikilməsi, müasir inventar avadanlıqlarla təchiz olunması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılmışdır.
Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi, 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi, Dəmir yol xəstəxanası və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Mərkəzi Rayon Xəstəxanasında əhaliyə 55 həkim, 177 nəfər orta tibb işçisi xidmət edir. Rayon üzrə 26,0 nəfər həkim vəzifəsi vakantdır.
Hesabat dövründə Mərkəzi Rayon xəstəxanasında qospitalizə olunmuş xəstələrin sayı 1471 nəfər olmuş, keçirilmiş çarpayı günlərinin sayı isə 14298 gün olmuşdur.
2014-cü ilin 9 ayı ərzində xəstəxanada 50 nəfər ilkin onkoloji xəstə kimi qeydiyyata götürülmüş, hazırda 185 nəfər onkoloji xəstə dispanser qeydiyyatındadır. Xəstəxanada həmçinin bu dövrdə 117 nəfər şəkərli diabet xəstəsi qeydə alınmışdır ki, hal-hazırda bu qəbildən olan 1046 nəfər xəstə dispanser qeydiyyatına alınmışdır. 6 nəfər talassemiyalı xəstə qeydiyyata götürülmüş, ümumilikdə 22 nəfər dispanser qeydiyyatındadır.
Hesabat dövründə 19 nəfər vərəmli xəstə qeydə alınmışdır.
Bu dövr ərzində doğuşların sayı 874 nəfər olmuşdur. Ev doğuşları olmamışdır. 39 qeysəriyyə əməliyyatı aparılmışdır.
2014-cü ilin 9 ayı ərzində cərrahı şöbədə 149 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra ölüm olmamışdır.
Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 385 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 72 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 18980 nəfər olmuşdur.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası “Sanitariya-Epidemoloji Salamatlıq haqqında” Qanuna uyğun olaraq gigiyenik tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət Sanitariya nəzarətini həyata keçirmişdir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən yeyinti məhsulları istehsal edən müəssisələrdə, pərakəndə satış və topdan satış, ictimai-iaşə obyektlərində müntəzəm sanitar müayinələr aparmış, aşkar olunmuş nöqsanlar barədə cavabdeh şəxslərə xəbərdarlıq olunmuşdur. İstifadə müddəti bitmiş 31,5 kq müxtəlif adda yeyinti məhsulları satışdan çıxarılmışdır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hesabat dövründə 67 nəfər fiziki şəxslərə tibbi müayinə kartı verilmişdir.
Rayonda 2014-cü ilin 9 ayı ərzində xüsusi təhlükəli infeksiyalar və quduzluq xəstəliyi qeydə alınmamışdır. Malyariya xəstəliyini aşkar etmək məqsədilə 4183 qan preparatı parazitoloji laboratoriyada müayinə edilmişdir.
Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, Mərkəzi Kitabxanalar Sistemi üzrə 27 müstəqil kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.
Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bütün tarixi günlər və bayramlar kitab və foto sərgilər, kompozisiyalar, konsertlər və s tədbirlər keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə bağlı rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
2014-cü ilin 9 ayı ərzində rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən ümumilikdə 12 min nəfər oxucu istifadə etmişdir. Rayon Tarix –Diyarşünaslıq muzeyində 74 qrup tərkibində 1623 nəfər ekskursiyaçı qəbul edilmişdir.
Hesabat dövründə Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “20 yanvar qan yaddaşımız”, Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ”Heydər Əliyev fenomeni”, 15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Xalqın xilaskarı” adlı mühazirələr, məruzələr, dəyirmi masalar və sonda “Şəxsiyyət” video çarx nümayiş olunmuşdur. Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə “Heydər Əliyevin ideyaları, “Tarix aylığı”, ”Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” adlı mühazirələr və “Əbədiyyat yolu”, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş olunmuşdur. Mərkəzdə kursların açılması ilə əlaqədar xalq yaradıcılığı studiyasında gənclər, yuxarı sinif şagirdləri onlar üçün təyin olunmuş vaxtlarda xalça ustasından xalça toxumaq, rəsm studiyasında, rəsm sənətinin sirlərini və xarici dil müəllimlərindən xarici dilləri, internet elektron kitabxanasında asudə vaxtlarında internetdən istifadə edirlər. Mərkəz bu ilin 9 ayı ərzində 4459 nəfər tamaşaçı qəbul etmişdir.
Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Rayonda idmanın inkişafı sahəsində bir sıra işlər görülmüşdür belə ki, yeni əl oyunları meydançası hazırlanıb istifadəyə verilmiş, 450 nəfərlik futbol meydançası və güləş zalının tikintisi isə davam etdirilir.
Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 3353 nəfərin iştirakı ilə 27 tədbir, idman sahəsində isə 14 tədbir keçirilmişdir ki, bu tədbirlərə 2545 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.
Dövlət başçımızın qeyd etdiyi kimi iqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
2014-cü ilin 9 ayı ərzində rayon büdcəsinin gəlir hissəsi 3 234 061 manat proqnoza qarşı 3 303 660 manat olmaqla 102,2 % icra olunmuşdur.
Rayon büdcəsinin xərcləri 8 673 340 manat təyinata qarşı 7 035 883 manat olmaqla 81,1% icra edilmişdir.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.2 manat və ya 10,2 % artaraq 283.0 manat təşkil etmişdir. Rayonumuzda işləyən iqtisadi fəal əhalinin sayı 37.0 min nəfər olmuşdur ki, bu da rayon əhalisinin 52,2 %-ni təşkil edir. Məşğul əhalinin 15.3 %-i dövlət sektorunda, 84.7 %-i isə qeyri dövlət sektorunda çalışır.
Hesabat dövründə rayonda 7217 nəfər əmək pensiyaçısına xidmət edilmişdir. 531 ailə 2445 ailə üzvü olmaqla ünvanlı sosial yardım təyin olunmuşdur. Ümumilikdə aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımı alanlar 829 ailə olmaqla 3825 nəfər ailə üzvlərini birləşdirir.
Rayon əhalisinin ümumi pul gəliri 133.7 milyon manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 milyon manat və ya 2% artım təşkil edir.
Bu ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə 378 nəfər işaxtaran kimi müraciət etmiş, onlardan 328 nəfəri təmin olunmuş, 30 nəfərə işsiz statusu verilmişdir. Hesabat dövründə rayonun idarə və müəssisələrində 300 iş yeri açılmışdır ki, bunun da 165-i daimidir.
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.
Hesabat dövründə tərəfimizdən 14 nəfər Qarabağ müharibəsi əlilinə daxili imkanlar hesabına hər ay 40 manat həcmində vəsait verməsi davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin 9 ayı ərzində “Novruz bayramı” münasibəti ilə 300 nəfər imkansız, tənha, xəstə və şəhid ailələrinə, Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə, eləcə də Çernobıl iştirakçılarına, 27 nəfər rayonun rus millətindən olan sakinlərinə “Pasxa” münasibətilə, “Azərbaycanı tanıyaq” devizi altında keçirilən ekskursiyada rayonun 45 fəal şagirdinə, 500-dən artıq rayon sakininə, “Qurban bayramı” münasibətilə, şəhid ailələrinə və rayon İcra Hakimiyyətinə müraciət edən xəstə, imkansız, aztəminatlı şəxslərə ümumilikdə 64 700,0 manat məbləğində yardımlar edilmişdir.
Rayon ərazisində məskunlaşan 124 ailə olmaqla 423 nəfər qaçqın, 426 ailə olmaqla 1606 nəfər köçkün ailələrinə rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll edilməsinə səy göstərilmişdir.
Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.
2014-cü ilin 9 ayı ərzində 120 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılması 85,8% təşkil edir.
9 ay ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 35 cinayət faktı aşkar edilmişdir. Dövr ərzində qanunsuz dövriyyədən ümumilikdə 1,4 kq çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.
Rayon ərazisində 256 nəfər şəxs narkoman kimi dispanser qeydiyyatına, 65 nəfər şəxsi isə profilaktiki qeydiyyatdadır. Cari ilin 9 ayı ərzində 13 nəfər dispanser qeydiyyatına, 3 nəfər profilaktiki qeydiyyata götürülmüşdür.
Rayon prokurorluğunun icraatında 2014-cü ilin 9 ayı ərzində 9 cinayət işi olmuşdur. Həmin cinayət işlərindən 5-nin ibtidai istintaqı tamamlanmış, 01.10.2014-cü il tarixə isə 4 cinayət işi qalıq qalmışdır. İstintaqı tamamlanmış cinayət işlərindən 2-i ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, 3-nün icraatına isə xitam verilmişdir.
2014-cü ilin 9 ayında rayon Qeydiyyat şöbəsində 1039 doğum, 296 ölüm, 450 nikahın bağlanması, 68 nikahın pozulması qeydləri rəsmiləşdirilmişdir.
2014-cü ilin 9 ayı ərzində Dövlət Notariat Kontorunun Dövlət Notariusu tərəfindən 6580 notariat hərəkəti rəsmiləşdirilmiş, bunun üçün isə dövlət büdcəsinə 56 439.5 manat dövlət rüsumu və 13 229.25 manat xidmət haqqı ödənilmişdir.
Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.
Bu ilin birinci yarısında rayon İcra Hakimiyyətinə 640 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 188-i Prezident Administrasiyasından, 9-u Milli Məclisdən, 12-i Nazirlər Kabinetindən, 29-u Respublikanın digər rəhbər təşkilatlarından, 402-si isə əhalinin müxtəlif təbəqələrindən daxil olmuşdur.
İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2014-cü ilin 9 ayında İcra Hakimiyyətinin Başçısı tərəfindən 371 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 165 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.
İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.