Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə hesabat yığıncağı keçirilmişdir

11 fevral 2015 | 16:00

2014-cü ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının  yekunları barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd  Muxtarovun

 HESABAT MƏRUZƏSİ

 

Tarixə çevrilən 2014-cü ilin yekunları Azərbaycanda hakimiyyətin əsl məram və məqsədinin xalqa xidmət olduğunu bir daha nümayiş etdirdi.

Yanvarın 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı demişdir:

- Keçən ilin əvvəllərində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır. Ötən il iqtisadiyyatımız 3 faiz artmışdır. Sevindirici haldır ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Əhalinin pul gəlirləri 4,8 faiz artmış, inflyasiya 1,4 faizdə saxlanılmışdır.  Göründüyü kimi əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələyir. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.

Bu gün ölkəmizin valyuta ehtiyatı 50 milyard dollardan çoxdur.

Ümumiyyətlə Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkədir. Dovos dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Bu tarixi nailiyyətdir. Fərəhlə deyə bilərik ki, 2014-cü ildə ikinci peykimiz orbitə buraxılmışdır.

Güclü iqtisadiyyat əhalinin maddi rifah halının yüksəldilməsinə real zəmin yaratmışdır. Ötən il ölkəmizdə orta aylıq əmək haqqı 600 dollara yaxınlaşmış, 400 min vətəndaşımıza ünvanlı sosial yardım verilir, 90 mindən çox ailənin hər birinə orta hesabla 155 manat, yəni 200 dollara yaxın vəsait verilir.

Sənaye ili elan olunmuş ötən ildə 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yerləridir. Hazırda ölkəmizdə yoxsulluq 5 faiz, işsizlik isə 5 faiz səviyyəsindən aşağıdır.

Dövlətimizin başçısı qeyd  etmişdir ki, dünyada neftin qiyməti kəskin şəkildə - 2 dəfədən çox aşağı düşmüşdür. Əlbət də bu bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir.

İclasda dövlətimizin başçısı 2014-cü ildə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri, iqtisadiyyatın ayrı-ayrı sahələri – sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, sosial inkişaf, sahibkarlıq, ölkənin beynəlxalq əlaqələri, Ermənista-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan diplomatik tədbirlər, ordu quruculuğu və sair məsələlər barədə ətraflı məlumat verərək, hazırkı ildə ölkəmizin sürətli inkişafını təmin etmək üçün hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsiplərinin təkmilləşdirilməsinin, israfçılığa yol verilməməsinin, vəsaitin qədrinin bilinməsinin vacibliyini diqqətə çatdırmışdır.  Möhtərəm Prezidentimiz fikirlərinə yekun vuraraq daxili inam hissi ilə bəyan etmişdir ki, “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər”. Dövlət başçımızın uzaqgörənliklə söylədiyi bu fikir günümüzün reallığına çevrilmişdir.

Məlum olduğu kimi yanvar ayının 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 1-ci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Konfransda Respublika Prezidenti cənab İlham Əliyev çıxış edərək ötən bir ildə görülmüş işlər, həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verərək ölkədə sabitliyin və inkişafın hökm sürdüyünü diqqətə çatdırmışdır. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, üçüncü Dövlət Proqramı da uğurla icra olunacaq bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaqdır.

Respublikamız üçün uğurlu keçən 2014-cü il Hacıqabul rayonunun sosial iqtisadi və mədəni həyatında da yadda qalan hadisə və işlərlə əlamətdardır.

2014-cü ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 225.218.6 min manat olmuşdur. Məhsul buraxılışında qeyri-dövlət sektorunun pay 2013-cü ilə nisbətən 2,3 faiz artaraq 65,8 faiz olmuşdur.

2014-cü ilin məhsulu üçün rayonda 12,539 hektar taxıl əkilmişdir ki, bunun 6415 hektarı buğda, 6124 hektarı isə arpa sahəsi olmuşdur. Taxıl sahəsindən 37422 ton məhsul əldə edilmişdir. Bunun 15,209 tonu arpa, 22,213 tonunu buğda təşkil edir. Bu isə 2013-cü  illə müqayisədə 532 ton çox arpa, 348 ton çox buğda deməkdir.  Hər hektardan məhsuldarıq 29,8 sentner olmuşdur.

Hesabat dövründə 23306 ton bostan, 19818 ton tərəvəz, 11051 ton meyvə məhsulları yığılmışdır. Əvvəlki illə müqayisədə 859 ton çox tərəvəz, 54 ton çox meyvə məhsulları toplanmışdır. 2014-cü ildə 38 ton kartof, 487 ton qarğıdalı, 102 ton günəbaxan məhsulu yığılmışdır.

Bütünlükdə aqrar bölmədə davam edən artım heyvandarlıqda da özünü büruzə vermişdir. Belə ki, ət istehsalı 9474 ton, süd istehsalı 17,172 ton, yun istehsalı 224 ton, yumurta istehsalı isə 327071 min ədəd olmuşdur. Bu isə ötən illə müqayisədə müvafiq olaraq 3643 ton ət, 4 ton süd, 1 ton yun, 46 milyon 716 min ədəd yumurta çoxdur.

Ümumiyyətlə hesabat dövründə rayonda iribuynuzlu mal-qaranın sayı 2013-cü ilə nisbətən 267 baş artaraq 37508 başa, xırda buynuzluların sayı 1440 baş artaraq 133,765 başa, quşların sayı isə 762 min artaraq 3.632 min başa çatmışdır.

Ötən illərdə olduğu kimi 2014-cü ildə də yerli sahibkarlarımız Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkalarında fəal iştirak etmişlər. İl ərzində paytaxt sakinlərinə 32,8 ton bostan məhsulları, 19,7 ton meyvə, 10,3 ton mal əti 6,3 ton qoyun əti və 645 min ədəd yumurta satışı təşkil edilmişdir.

Respublika Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23.01.2007-ci il tarixli Sərəncamının icrası ilə bağlı rayon İcra hakimiyyəti müvafiq tədbirlər həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və sürtgü materiallarının sərfinə, buğda və digər məhsulların istehsalının stimullaşdırılmasına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verilir, eləcə də, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə mineral gübrələrin satışı həyata keçirilir.

2014-cü təsərrüfat ilində rayonun torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə 76,45 ton mineral gübrələr satılmışdır.

Ötən təsərrüfat ilində 710 nəfər buğda məhsulu istehsalçılarına 154448 manat, eyni zamanda 254 nəfərə əkin sahələrinin becərilməsində sərf etdikləri yanacaq və sürtgü materiallarına görə hər hektara 40 manat olmaqla 581846,4 manat subsidiya verilmişdir.

Təəssüf ki, yuxarıda göstərilən müsbət işlərlə yanaşı kənd təsərrüfatında bir sıra nöqsanlar da mövcuddur. İsti yay günlərində, suya tələbat artdığı vaxtlarda bir sıra təsərrüfatlar su çatışmazlığından əziyyət çəkir. Su bölgüsündə növbəlilik pozulduğundan əkinlər vaxtında suvarılmır ki, nəticədə məhsul itkisinə şərait yaranır. Bu vəziyyət sahəyə cavabdeh olan Rayon Suvarma Sistemləri idarəsi rəhbərliyini ciddi narahat etməlidir.

Yol kənarında antisanitar şəraitdə, xüsusi icazə kağızı (lisenziyası) olmadan və möhür vurulmadan ət satışı hallarına rast gəlinir. Belə halların qarşısını alınması üçün rayon Baytarlıq idarəsi və Gigiyena və Epidemiologiya Mərkəzi müvafiq təxirə salınmaz tədbirlər həyata keçirilməlidirlər.  

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2015-ci il kənd təsərrüfatı ili elan edilmişdir. Sərəncam hər birimizdən rayonumuzda kənd təsərrüfatının inkişafına yeni təkan vermək, onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə maksimum səy göstərməyimizi tələb edir. Gələcək fəaliyyətimizdə ona nail olmalıyıq ki, ərazimizdə suvarılması reallaşan yeni torpaqları əkin dövriyyəsinə daxil etməklə, torpaqların münbitliyini artırmaq, əkinçilik mədəniyyətini yüksəltməklə qarşıya qoyulan vəzifələrin həllinə maksimum köməklik göstərək.

“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasına uyğun olaraq rayonun Padar, Muğan qəsəbələrində, Qarasu kəndində torpaq sahələrinin normal suvarılmasını təmin etmək məqsədi ilə 2007-ci ildə tikintis Magistral kanalın  28,1 km hissəsində tikinti işləri yekunlaşmışdır. Bundan əlavə magistral kanaldan Padar qəsəbəsinə ayrılan qol kanalın 12,5 km hissəsində tikinti işləri başa çatmaq üzrədir.

Hazırda bu kanal vasitəsi ilə Padar-Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələri, Respublika Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64s nömrəli Sərəncamına əsasən rayonun inzibati ərazisində (1625 hektar sahədə) yaradılmış iri özəl taxılçılıq təsərrüfatı suvarma suyu ilə təmin edilir.

Yaxın gələcəkdə kanalın qalan hissəsinin tikintisini davam etdirməklə rayonun Qarasu kənd, Padar və Muğan  qəsəbə ərazisində 5560 ha əkinə yararlı sahələrdə kompleks meliorasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və burada kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi üçün böyük imkanlar vardır. O cümlədən pambıqçılığın inkişafı. Bildiyiniz kimi pambıq strateji məhsuldur, o sahibkarlıq fəaliyyəti üçün də faldalıdır. Əfsuslar olsun ki, son illərdə mülkiyyətçilər pambıq kimi qiymətli bitkinin yetişdirilməsindən yayınır və əsas kimi onun satış qiymətinin aşağı olmasını, maya dəyərinin isə baha başa gəlməsini göstərirlər. Onların  bu fikrində həqiqət vardır. Lakin mütəxəssis hesablamaları göstərir ki, 10 hektar və daha artıq sahələrdə pambıq məhsulunun normal qaydada becərilməsi mülkiyyətçiyə kifayət qədər yaxşı gəlir əldə etməyə imkan verir.  

Bu gün ərazimizdə 1000 hektara qədər sahədə pambıq bitkisinin əkilib-becərilməsi üçün real imkanlar vardır. Pambıq taxıl bitkiləri üçün çox gözəl sələf bitkidir. Bu isə növbəli əkin sisteminə əlverişli şərait taradır.

Torpaq mülkiyyətçiləri üçün rayon şəraitinə uyğun digər əlverişli bitki şəkər çuğundurudur. Bu yüksək məhsuldarlığı ilə seçilən (hektardan 800-1000 sentnerə qədər) bitkidir. Bu bitkinin becərilməsi üçün bütün xərclərini (şum, səpin, becərmə, məhsul yığımı, məhsulun alınması) İmişli Şəkər zavodu müqavilə əsasında öz üzərinə götürür. Ona görə də bu bitkinin rayonumuzun ərazisində əkilib-becərilməsi mülkiyyətçilər üçün arzu olunandır.  

Etiraz edək ki, bəzi hallarda mövcud əkin sahələrindən səmərəli istifadə olunmur. Torpaqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilmir. Bir çox hallarda əkinlərə kifayət qədər mineral və üzvi gübrələr verilmir. Məhsuldarlığın artırılmasında və torpaqların münbitləşməsində mühüm amil olan əkinçilik mədəniyyətinə, xüsusi ilə növbəli əkin sisteminə əməl edilməsi gözlənilmir. Rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Aslan Səmədov sahədə yaranmış vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görməlidir.

Hesabat dövründə rayonda qeydə alınmış  sənaye müəssisələrinin gücü ilə 3.969,3 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu müddətdə sənayedə işləyənlərin sayı 878 nəfər olmuşdur. Sahədə hər nəfərə düşən orta aylıq əmək haqqı 261,4 manat olmuşdur.

2014-cü ildə rayon sakinlərinə 24.572,3 min manatlıq pullu xidmətlər göstərilmişdir. İl ərzində hər sakinə düşən pullu xidmətlərin həcmi 345 manat olmuşdur. Hesabat dövründə əhaliyə 2.881,8 min manatlıq nəqliyyat xidmətləri, 526,3 min manatlıq rabitə xidmətləri göstərilmişdir. 2013-cü ilə nisbətən poçt və rabitə xidmətlərinin həcmi 24,3 % artmışdır.

Ötən il rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 236 min ton yük, 5,1 milyon sərnişin daşınmışdır.

Rayon əhalisinə göstərilən telefon xidmətini təmin etmək üçün 6219 nömrə tutumuna malik 16 ATS fəaliyyət göstərir. Hesabat dövründə telefon nömrələrinin sayı 450 nömrə artırılmışdır.

Qovşaq illik gəlir planına 103 faiz əməl etmişdir. Hesabat dövründə Qızılburun kəndində 128 nömrə tutumlu EATS istifadəyə verilmişdir. Muğan qəsəbəsində EATS binası əsaslı təmir olunmaqla stansiyanın tutumu 208 nömrə artırılaraq 464 nömrəyə çatdırılmışdır.

Navahı qəsəbəsi, Abdulabad kəndi, Udullu İƏD üzrə kəndlər də telefonlaşdırma işi davam etdirilməlidir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri daha geniş vüsət almışdır. 2014-cü ildə rayonda 40.129,2 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 53.358,2 min manatlıq investisiyalar yönəldilmişdir.

Hesabat dövründə rayonda 38,5 min kv.metr yaşayış sahəsi istifadəyə verilmişdir.  Ümumiyyətlə rayonda qeydiyyatdan keçmiş 6 tikinti təşkilatının gücü ilə 2,813,7 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür.

Hesabat ilində Heydər Əliyev fondu hesabına şəhərdə 440 şagird yerlik, Navahı qəsəbəsində 220 şagird yerlik, həmçinin dövlət vəsaiti hesabına 220 şagird yerlik şəhər 2 saylı, 80 şagird yerlik Ağacanlı kənd tam orta məktəbləri üçün binalar tikilib istifadəyə verilmişdir. Heydər Əliyev fondunun hesabına şəhərdə inşa olunan 100 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və köməkliyi ilə daxili imkanlar hesabına sahəsi 800 kv.metr olan əl oyunları meydançası və Yunan-Roma və sərbəst güləş növləri ilə məşğul olmaq üçün idman zalının tikintisi başa çatdırılmışdır. Daxili imkanlar hesabına inşa edilən 450 yerlik təbii ot örtüklü stadionun tikintisi isə yekunlaşmaq üzrədir. Qızılburun kəndi yaxınlığında salınmış 101 fərdi yaşayış evindən ibarət olan yeni qəsəbə bir neçə aydır ki, istifadəyə verilmişdir. Meyniman kəndi ərazisində Axista türkləri üçün 15, Navahı qəsəbəsində 17 fərdi ev tikilmişdir.

Şəhərin qərb hissəsində Gilan Seramik parkının yeni sənaye zavodunun tikintisində işlər davam etdirilir. 

Şəhərdə kanalizasiya və su xəttinin çəkilişi ilə bağlı küçələrin qazılması ilə bağlı yaranan müvəqqəti çətinliklər  bir sıra sakinlərdə narahatlıq yaratmışdır. İcra Hakimiyyəti əhalinin müraciətlərini imkan daxilində nəzərə alaraq gediş-gəliş üçün çətinlik yaradan bir sıra küçələrdə təmir işləri aparılmışdır. M.Əsədov küçəsinə bütünlüklə, İsmət Qayıbov küçəsinin bir hissəsinə asfalt döşənmişdir.

Şəhərin Əliağa Vahid küçəsində 1402 kv.metr, B.İbrahimov küçəsində 2624 kv.metr, İsmət Qayıbov küçəsindən “Kapital bank”a gedən avtomobil yoluna 1100 kv.metr sahə olmaqla cəmi 5126 kv.metr sahəyə 6 sm qalınlığında asfalt-beton qarışığından örtük qoyulmuşdur.

Mehdi Hüseynzadə küçəsində 1000 ədəd şam ağacı əkilmiş, həmin yaşıllıq zolağını mühafizə etmək məqsədi ilə 1100 pm metal hasar çəkilmiş, 1167 metr yararsız səki daşlarının sökülməsi və yeni beton səki daşlarının düzülməsi, mişar daşından 864,4 kv.metr 20 sm qalınlığında divarın hörülməsi, 1750,7 kv.metr divarın ağ-lay daşı ilə üzlənməsi, Ə.Vahid küçəsində 433,5 metr yararsız səki daşlarının sökülməsi, 630 metr beton səki daşlarının düzülməsi, piyada hərəkət hissəsinin 73,4 kub.metr qum-çınqıl qarışığı ilə doldurulması, 800 kv.metr səkiyə xırda dənəli asfalt-betondan 3 sm qalınlığında örtüyün qoyulması, M.Əsədov küçəsində 18 ədəd köhnə işıq dayaqlarının sökülməsi, Bayraq meydanında mişar daşından 210 kv.metr 40 sm qalınlığında  divarın hörülməsi, 311,4 kv.metr divarın ağ-lay daşı ilə üzlənməsi təşkil olunmuşdur. .

Rayon Ağsaqqallar Şurası ötən il daha münasib, geniş və işıqlı binaya köçürülmüşdür. Burada ağsaqqalların istirahəti üçün lazımı şərait yaradılmışdır. 

Qarasu kəndində 4 km yola çınqıl döşənərək yararlı hala salınmışdır. Kənd daxili içməli su xətti üzərində olan  2 ədəd siyirtmə təmir olunmuş, korroziyaya uğramış 800 metr müxtəlif diametrli borular yenisi ilə əvəz edilmişdir. 700 metr açıq tipli su ötürücü kanal qazılmış və mal-qaranın keçidi üçün 1 ədəd körpü salınmışdır. Məhəllə daxili və məhəllə arası yollara çınqıl tökülərək hamarlanmışdır.

Muğan qəsəbəsində 1000 metr yola çınqıl tökülmüş, ümumilikdə 1,2 km yol avtoqreyderlə  hamarlanmışdır. Qəsəbə daxilində iməcilik yolu ilə 140 ədəd ağac əkilmişdir. Əhalinin müraciəti əsasında 20 metr yararsız su borusu yenisi ilə əvəz edilmişdir. Kənd sakinlərini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə 5 ədəd elektrik dirəyi və 140 metr naqil yenilənmişdir. 

Navahı qəsəbəsində 700 metr yola çınqıl döşənərək yararlı hala salınmışdır. Ümumilikdə 30 km su arxı təmizlənmişdir. Əkin sahələrində 100 metr ana kanal lildən təmizlənmişdir. Qəsəbədə 90 metr su borusu yenisi ilə əvəz olunmuş və 30 metr boru əsaslı təmir edilmişdir.

Navahı kəndində magistral ipək yolundan kənd mərkəzinə gedən 1200 metr yola qum-çınqıl tökülərək yararlı hala salınmışdır.

I Udullu, Şorbaçı və II Udullu kəndlərində uzunluğu 6 km  olan yola çınqıl döşənmiş, ərazidə su kanalı lildən təmizlənmişdir. Əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 1 ədəd transformator, 7 ədəd elektrik dirəyi və 450 metr naqil dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.  

Rəncbər kəndinə daxili imkanlar hesabına 1,2 km kəndarası yola çınqıl döşənmiş 3,7 km kənd daxili suvarma kanalları lildən təmizlənmişdir. 1,4 km-ə yaxın kəndarası su arxı  təmir olunmuşdur.

Qubalıbalaoğlan kənd məktəbinin qarşısında iri panno üzərində Heydər Əliyevin portreti qoyulmuş, ətrafına 100-ə yaxın gül və ağac kolları əkilərək abadlaşdırılmışdır.  Kənddaxili yolların 1200 metrinə qum-çınqıl tökülmüş, 2,8 km suvarma kanalları lildən təmizlənmişdir.

Ələtli kəndində 1,7 km yol yararlı hala salınmış, 28 km suvarma kanalı qazılmışdır. Ərazidə 8 km drenaj kollektoru lildən təmizlənmişdir.

Meyniman kəndində 1800 metr kənd daxili yollar təmir olunmuş, aztəminatlı və şəhid ailələrinə 396 manatlıq bayram sovqatları paylanmış, 40 km-ə yaxın suvarma kanalları lildən təmizlənmiş, kənd ərazisində olan 1 ədəd 100 kv-luq elektrik transformatoru əsaslı təmir olunmuş və 150 metr elektrik xətti dəyişdirilmişdir. 

Atbulaq kəndində içməli suya tələbatın artmasını nəzərə alaraq Talış Kür su kəmərindən Atbulaq kəndinə verilən 40 mm-lik birləşmə və siyirtmə dəyişdirilərək 80 mm-lik birləşmə və siyirtmə ilə əvəz edilmiş, 70 metrə yaxın su borusu böyük diametrli su borusu ilə əvəz edilmişdir. 1000 metr kənd daxili yol təmir edilmiş, 7 nəfər kənd sakini ərazidə fəaliyyət göstərən Kərpic zavodunda, 8 saylı yaşıllaşdırma idarəsində, “Lukoil” benzin doldurma məntəqəsində işə qəbul edilmişlər.  

Hesabat dövründə rayonda görülmüş tikinti, quruculuq və abadlıq işlərinə yerli büdcədən 902,7 min, büdcədənkənar vəsait hesabına 27,2 min manat xərclənmişdir.

Ötən il sahibkarlıq məqsədi ilə 28 obyektin və 8 fərdi yaşayış evinin tikintisinə tərəfimizdən sərəncam verilmişdir.

Şəhərin, kənd və qəsəbələrin yaşıllaşdırılması 2014-cü ildə də davam etdirilmişdir. Hesabat dövründə təkcə şəhərdə 11 min 250-dən artıq ağac, 10 min gül kolları əkilmişdir.

Böyük fərəh və qürur hissi ilə bildirirəm ki, Kür qırağı kəndlərimizdə yaşayan əhalinin uzun illərdən bəri arzusunda olduğu yeni yol çəkilişi bu ilin ilk günlərində reallığa çevrildi.

Möhtərəm Prezidentimiz on doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayırmışdır.

Bu xəbər nəinki Kürqırağı kəndlərin, eləcə də bütün rayon əhalisinin böyük sevincinə və sonsuz minnətdarlığına səbəb olmuşdur. İcazə verin rayon ictimaiyyəti adından hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha nümayiş etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ən xoş arzularımızı bildirməklə, ona möhkəm can sağlığı və müstəqil Azərbaycanın tərəqqisi naminə daha böyük uğurlar arzulayaq.       

Əhalinin təbii qaz və elektrik enerjisi ilə etibarlı təmin edilməsi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində hesabat ilində də rayonumuzda əsaslı işlər görülmüşdür.

Ötən il rayon Paylayıcı Elektrik Şəbəkəsinin balansında olan müxtəlif güclü transformator və onlarca yağ açarları təmir olunmuşdur. Rayonun Muğan, Atbulaq, Abdulabad, Pirsaat, Navahı, Qubalıbalaoğlan, Qızılburun, Talış, Udullu, Rəncbər, Kürçülü, Abdulabad və Kolanı kəndlərində yanmış və sıradan çıxmış sayğacların yerinə 1177 ədəd 1 fazalı və “Smart” kart tipli elektrik sayğacları quraşdırılmışdır. Hesabat dövründə istehlak olunmuş elektrik enerjisinin dəyəri 90,2 % yerinə yetirilmişdir.  

2014-cü ildə rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmışdır Şəhərdə 65,626 pm polietilen, 27,535 metr polad boru olmaqla 93,161 pm qaz xətti çəkilmiş, abonentlərin mənzillərinə “Smart” tipli sayğaclar qoyulmuşdur. Artıq rayonun bütün yaşayış məntəqələrində sakinlər təbii qazdan fasiləsiz olaraq istifadə edirlər. Hesabat dövründə ümumilikdə rayona satılan qazın dəyəri 118,3 % toplanmışdır.

Şəhər əhalisinin içməli, daimi su ilə təmin olunması başa çatdırılmışdır. Bu məqsədlə şəhərdaxilində 116 km uzunluğunda müxtəlif diametrli boru çəkilmiş, mənzillərdə 4200 “Smart” kart tipli sayğaclar quraşdırılmış, Çkalov massivində 2500 kub metr-lik anbar tikilmişdir.

Bu ilin 1 yanvarına kimi layihəyə əsasən nəzərdə tutulmuş 110,5 km kanalizasiya xəttindən 26,2 km-i çəkilmişdir.

Hesabat ilində sərf olunan suyun dəyərinin 90 faizə yaxını toplanmışdır.

Yeni su və kanalizasiya çəkilişi ilə yanaşı rayonun ərazisində 50/219 diametrlərdə 1380 metr uzunluğunda sıradan çıxmış borular yenisi ilə əvəz olunmuş, 7 ədəd yeni siyirtmə qoyulmuş, 55 siyirtmə yağlanıb təmir edilmişdir.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Hesabat dövründə rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisləri fəaliyyət göstərmişdir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Rayon Təhsil şöbəsi “Təhsil Qanunu”nun həyata keçirilməsi istiqamətində 2014-cü ildə də rayonun pedaqoji kollektivlərinin bilik və təcrübəsindən bacarıqla istifadə etməyə səy göstərmişdir.

Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılmış, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilmişdir. Şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdləri Fikrət Teymurov və Səkinə Teymurova Bakı şəhərində məktəblilərin VIII ətraf mühitin mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında uğurla iştirak etmiş və Olimpiadanın Bürünc medalına layiq görülmüşlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin rayon turunda I yer tutan şəhər 1 saylı tam orta məktəbin X sinif şagird Rəcəbli Mətanət Aydın qızı respublika turunda uğurla iştirak etmiş və Təhsil Nazirliyinin Diplomu ilə təltif olunmuşdur.

2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı müəllimlərinin də yadda qalan uğurları olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Fərəcova Mətanət Elxan qızı uğurla iştirak edərək müsabiqənin qalibi olmuş və 5000 manat pul mükafatına layiq görülmüşdür.

2014-cü ildə buraxılış imtahanlarının təhlili göstərir ki, rayonun ümumtəhsil məktəblərinin həm IX, həm X siniflərində buraxılış imtahanının nəticələri ötən illə müqayisədə -10 faiz artmışdır. Buna baxmayaraq rayonun bir sıra məktəblərində - Şorbaçı, Tağılı, Tava, Abdulabad kənd orta və Kürçülü, Qubalı kənd ümumi orta məktəblərində buraxılış imtahanlarının nəticəsi aşağı olmuşdur.

Ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təlim-tərbiyə işlərinin aynasıdır. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 94 nəfər (53,1%), orta ixtisas məktəblərinə 23 nəfər (57,5%) qəbul olmuşdur. Əvvəlki illərin məzunlarından isə 10 nəfər ali məktəblərə, 10 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bütövlükdə bu il rayon üzrə 104 nəfər ali məktəblərə, 33 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Rəncbər kənd tam orta məktəbindən 12 nəfər ali məktəbə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 7 nəfəri 500-dən yuxarı (Şəhər 1,3,5,6, saylı, Qarasu, Kolanı, Qubalıbalaoğlan kənd orta məktəbləri), 4 nəfəri 600-dan yuxarı (Şəhər 1,2,8 saylı, Rəncbər kənd orta məktəbləri) bal toplamışlar.

2013-cü ildə sənəd təqdim edənlərin 43,2 faizi tələbə adını qazanmışdırsa, 2014-cü ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edənlərin 53,1 faizi tələbə adını qazanmışdır. 2014-cü ildə ali məktəbə qəbul olunanların sayı artsa da, rayonun bir sıra məktəblərində - Qarasu, Meyniman, Qızılburun, Atbulaq, Udullu, Navahı qəsəbə 2 nömrəli tam orta məktəblərində qəbulun nəticələri zəif olmuş, şəhər 7 saylı, Padar, Pirsaat qəsəbə, Ağacanlı, Şorbaçı, Tava, Tağılı kənd orta məktəblərindən ali məktəblərə qəbul olan olmamışdır.

Rayonun ucqar kənd məktəblərində ixtisaslı fənn müəllimlərinin çatışmaması ciddi problemlər yaradır. Belə ki, iki məktəbdə kimya müəllimi, dörd məktəbdə coğrafiya müəllimi, iki məktəbdə informatika müəllimi, səkkiz məktəbdə gənclərin çağırışa qədərki hazırlığı rəhbəri, yeddi məktəbdə ibtidai sinif müəllimi çatışmır. Rayonun Şorbaçı, Tava, Tağılı, Abdulabad, Atbulaq kənd tam orta, Qubalı, Kürçülü kənd ümumi orta məktəblərində şagird davamiyyəti aşağıdır.

Rayonda 106 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 51 həkim, 164 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol xəstəxanası və Qovşaq dəmiryol poliklinikası, həmçinin Gigiyena və Epidemiologiya mərkəzi daxildir.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibb  profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar başlayan aksiya zamanı səhiyyə işçiləri, 70 mindən yuxarı əhalisi olan Hacıqabul rayonunun 40431 nəfərini tibbi müayinələrdən keçirmiş, bunların arasında 3066 nəfər xəstə aşkar etmiş və həmin xəstələr rayon Mərkəzi Xəstəxanasında və Respublikanın müxtəlif tibb müəssisələrində müayinəyə cəlb olunmuşlar.

2014-cü ildə ilkin onkoloji xəstə 55 nəfər, ilin sonuna isə 174 nəfər olmuşdur.

Ötən il 135 nəfər xəstə şəkərli diabetlə ilkin qeydə alınmış, hazırda 1058 nəfər şəkərli xəstə kimi dispanser qeydiyyatında dayanır. Qeydiyyatda olan bütün xəstələr şəkər salıcı dərmanlar, qlükometr testləri ilə təmin olunmuşlar.

23 nəfər talassemiyalı xəstə dispanser qeydiyyatında olmuşdur. Bunlardan 7 nəfəri ilkin talassemiyalı xəstədir.

2014-cü ildə insanın immun çatışmamazlıq xəstəliyinə yoluxmuşların aşkar olunması məqsədi ilə 2307 qan nümunəsi götürülərək QİÇS-ə görə müayinəyə göndərilmişdir. 5 nəfərdə xəstəlik aşkarlanmışdır.

Keçən ildə rayon üzrə 1162 doğuş qeydə alınmış, ev doğuşu və ana ölümü olmamışdır.

Cərrahi şöbədə 210 cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahi əməliyyatdan sonra ölüm halı baş verməmişdir.

Uşaqlar arasında profilaktik peyvəndlər təqvim planına uyğun aparılmış və ümumilikdə 1992 uşağa profilaktik peyvənd aparılmışdır.

Nəzərdə tutulmuşdur ki, 2015-ci il ərzində istər böyüklər, istərsə də uşaqlar arasında tibbi profilaktik müayinələr, ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bundan sonra da aparılacaqdır.

Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı görüləcək işlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq, həkim ftiziatr və s.)  eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.

Səhiyyə işinin rayon mərkəzində yüksək səviyyədə təşkil olunması üçün yeni bir korpusun tikilməsinə böyük ehtiyac vardır.

Hazırda Ağacanlı və Tağılı Tibb Məntəqələri şəxsi evlərdə yerləşirlər. Kolanı və Kürçülü kəndlərindəki məntəqələr qəzalı vəziyyətdədir. Bu kəndlərdə tibb məntəqələri üçün yeni binaların tikilməsinə ehtiyac vardır.

Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyətində bir qədər canlanma olsa da orada bəzi nöqsan və çatışmazlıqlar qalmaqdadır. Mərkəzin yeni binaya və ixtisaslı həkim kadrlara ciddi ehtiyacı vardır.

Rayon Mədəniyyət və Turizm şöbəsində 19 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd Mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası, o cümlədən  rayon Mərkəzi Kitabxanası, 9 şəhər və qəsəbə kitabxanası, 17 kənd kitabxana filialı, 7 illik şəhər Uşaq musiqi məktəbi,  Tarix-Diyarşünaslıq Muzeyi,  Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir. 

Şöbə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış və bir sıra müxtəlif səpkili tədbirlər həyata keçirmişdir.

Mayın 7-də Heydər Əliyev mərkəzinin qarşısındakı parkda Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş kitab bayramı təşkil olunmuşdur.

Ötən il Rayon kitabxanalarına daxil olan 1559 ədəd kitabdan, 918 ədədi Prezident İlham Əliyev tərəfindən ölkə kitabxanalarına təmənnasız hədiyyə edilmişdir. Kitab fondunun ümumi sayı 155797 nüsxədən ibarətdir.

Hələ də şəhər Uşaq Musiqi məktəbi, Tarix Diyarşünaslıq muzeyi, Mərkəzi kitabxana uyğunlaşdırılmış binalarda yerləşir. Talış kənd Mədəniyyət evi, Pirsaatçay kənd klubu bina şəraiti olmadığı üçün fəaliyyətini dayandırmışdır. Həmçinin 4 kənd klubları, 27 kitabxana filialları uyğunlaşdırılmış binalarda yerləşir. Həmin müəssisələrin yeni binalara ehtiyacı vardır.

Bildirməliyəm ki, Şəhər Uşaq Musiqi məktəbi, rayon Mərkəzi kitabxanası və rayon Tarix-Diyarşünaslıq muzeyi üçün yeni binaların tikilməsi Dövlət Proqramına salınmışdır.

Rayon Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin fəallığının artırılmasını, idmanın kütləviliyinin həyata keçirilməsi istiqamətində bir sıra işlər görmüş, müxtəlif tədbirlər həyata keçirmişdir.

Bu gün rayonumuzda 21.328 gənc vardır. Onların asudə vaxtının səmərəli keçirilməsi, ən başlıcası sağlam ruhda və bədəndə böyüməsi hamımızın başlıca vəzifəsi olmalıdır.

Etiraf edək ki, bu günə qədər rayonumuzda müxtəlif idman növləri ilə məşğul olmaq üçün maddi bazanın olmaması səbəbindən rayonumuzun gəncləri yüksək nailiyyətlər əldə edə bilməmişdir. Bunu nəzərə alaraq rayonun daxili imkanları hesabına şəhərdə yeniyetmə və gənclərimiz üçün 460 yerlik futbol stadionu, müxtəlif əl oyunlarının keçirilməsi üçün açıq tipli meydança, yeni güləş zalı və ayrı-ayrılıqda duş kabinəsi olan soyunub-geyinmə otağı tikilib istifadəyə verilmişdir. Eyni zamanda idmanın inkişafı məqsədi ilə müxtəlif idman növləri üzrə klublar yaradılmış və onların fəaliyyətinə lazımı imkan açılmışdır. İnanırıq ki, Gənclər və İdman idarəsi mövcud imkanlardan və gənclərin gücündən səmərəli istifadə etməklə rayonda fəaliyyət göstərən müxtəlif idman sahələrində daha yüksək nəticələrə nail olacaqdır.

Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Əsgərova rayonda təhsil, səhiyyə, mədəni-maarif xidmətinin səviyyəsini yüksəltmək, gənclər arasında işi daha da canlandırmaq, xüsusi ilə idmanın inkişafına nail olmaq məqsədi ilə sahəyə nəzarət və tələbkarlığı  daha da gücləndirsin.   

Rayon əhalisinin maddi-rifah halının yaxşılaşdırılması İcra Hakimiyyətinin daimi diqqət mərkəzində olmuşdur.

Ölkə iqtisadiyyatının durmadan yüksəldilməsi sayəsində artan maliyyə imkanlarımız xalqın rifahının daha da yaxşılaşdırılmasına yönəldilir.

Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 37,2 min nəfərdir. Bu isə rayon əhalisinin 52,2 %-ni təşkil edir. Bunun tərkibində məşğul əhalinin sayı 36,8 min nəfərdir. Məşğul əhalinin 5,6 min nəfəri dövlət sektorunda, 31,2 min nəfəri qeyri-dövlət sektorunda çalışır. Məşğulluq xidməti orqanı tərəfindən işsiz statusu verilənlərin sayı 37 nəfərdir. Rayon Məşğulluq Mərkəzi tərəfindən ötən il keçirilən „Əmək Yarmarkası”na 131 boş iş yeri çıxarılmış, müraciət edənlərdən 93 nəfərinə daimi iş yeri üçün göndəriş verilmiş, 2 nəfər kvota yerinə, 18 nəfər peşə kurslarına göndərilmişdir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 261 manatdan artaraq 285,7 manat olmuşdur. İl ərzində 627 yeni iş yeri açılmışdır ki, bunların da 472-si daimi iş yeridir. Rayonda Sosial Müdafiə Fondunun rayon şöbəsi üzrə 7247 nəfər əmək pensiyaçısı vardır ki, bunlardan 4219 nəfəri yaşa görə, 1877 nəfəri əliliyə görə, 1151 nəfəri ailə başçısını itirməyə görə pensiyaçılardır.

Rayon Sosial Müdafiə Mərkəzindən 518 nəfər yaşa görə, 414 nəfər ailə başçısının itirməyə görə, 1335 nəfər ümumi səbəblərdən, 440 nəfər uşaqlıqdan əlilliyə, 150 nəfər şəhidliyə, 280 nəfər müharibə əlilliyinə və iştirakçılığına, 3367 nəfər ünvanlı  dövlət sosial yardıma görə müavinətlə təmin olunmuşlar.

Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fikrət Qasımov pensiyaçılara, aztəminatlı ailələrə təqaüd və müavinətlərin, ünvanlı sosial yardımların vaxtında çatdırılması üçün sahəyə nəzarəti bundan sonra da gücləndirməlidir.

Rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “Sair xərcləri” vəsaitindən cari il ərzində 1069 nəfərə 89998,00 (səksən doqquz min doqquz yüz doxsan səkkiz) manat, o cümlədən, 300 nəfər imkansız, tənha, xəstə və şəhid ailələrinə, Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə, eləcə də Çernobıl iştirakçılarına 7500(yeddi min beş yüz) manat, 27 nəfər rayonun rusdili sakinlərinə “Pasxa” münasibəti ilə 810 (səkkiz yüz on) manat, “Azərbaycanı tanıyaq” devizi altında keçirilən ekskursiyada rayonun 45 fəal şagirdinə 13310(on üç min üç yüz on) manat, Milli Qurtuluş gününə həsr edilmiş tədbirin keçirilməsinə 9000,00 (doqquz min) manat, 500 nəfərdən artıq rayon sakininə “Qurban” bayramı münasibəti ilə (ət ərzaq məhsulları) 4800,00 (dörd min səkkiz yüz) manat vəsait xərclənmişdir. Azərbaycan Respublikası Milli Ordusunun zabiti, Hacıqabul şəhər (Ə.Həşimov küçəsi 45 nömrəli evin) sakin şəhid leytenant Baxışlı Allahverdi Əbülfəz oğlunun dəfn mərasiminin təşkilinə 2000,00 (iki min) manat maddi yardım edilmişdir. Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən müraciət edən və maddi yardıma ehtiyacı olan xəstə, imkansız, şəhid ailələrinə və aztəminatlı 156 nəfər rayon sakinlərinə 27450,00 (iyirmi min dörd yüz səksən) manat, böyrəyindən dializ olan xəstə şəhər sakini Rəcəbli Elnur İsmayılxan oğluna hər ay 100,00 (yüz) manat, rayonumuzda məskunlaşmış məcburi qaçqın və köçkün ailəsi Məmmədov Natiq Xəlil oğluna kirayə pulu verilməsi üçün hər ay 100,00 (yüz) manat məbləğində maddi yardım edilmişdir.

Ağsaqqallar evinə mal-material və istilik sobalarının alınmasına 350,00 (üç yüz əlli) manat, Futbol və əl oyunları stadionunun tikintisinə 14790,00 (on dörd min yeddi yüz doxsan) manat, “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və yeni il bayramı münasibəti ilə park və küçələrin bəzədilməsinə 3029,00(üç min iyirmi doqquz) manat vəsait xərclənmişdir.

Ötən dövrdə rayon büdcəsinin icrası aşağıdakı kimi olmuşdur. Yerli gəlirlər üzrə proqnoz 4 milyon 498 min manata qarşı 4 milyon 570 min 56 manat olmuşdur. Büdcənin xərc hissəsi 11 milyon 339 min manat təyinata qarşı 10 milyon 887 min 860 manat olmuşdur.

Rayon ərazisində 2014-cü il ərzində 151 cinayət hadisəsi qeydə alınmışdır. Baş vermiş cinayətlərin 134-ü açılmış, 17-i bağlı qalmışdır. 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 160 və açılma faizi 94,2 olmuşdur. 2014-cü ildə cinayətlərin ümumi sayı 9 hadisə azalmışdır.

Ötən ildə keçirilmiş əməliyyat axtarış təbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 49 cinayət faktı aşkar edilmişdir. Onlardan 13 narkotik maddələrin qanunsuz satışı, 34 narkotik vasitələrin saxlanması, 2-si isə narkotik vasitələrin becərilməsi ilə bağlı olmuşdur. Bu faktların açılması 97 faiz olmuşdur. Hesabat dövründə 16 şəxs axtarışda olmuşdur. Əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslərdən 13 nəfəri tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Rayon prokurorluğunda 2014-cü il ərzində 12 cinayət işi olmuşdur. Onlardan 10-nun ibtidai istintaqı tamamlanmış, 2-si qalıq qalmışdır.  Hesabat dövründə 129 vətəndaş rayon Prokurorluğunda qəbulda olmuş və onların 80 nəfəri rayon prokuroru tərəfindən dinlənilmişdir.

Rayon Qeydiyyat şöbəsində 1391 doğum, 603 nikah, 400 ölüm, 90 nikahın pozulması rəsmiləşdirilmişdir. 5061 manat rusum dövlət büdcəsinə köçürülmüşdür.

Dövlət Notariat Kontoru hesabat ilində 8819 əməliyyat apararaq 79.939 manat dövlət rüsumu və 17.663 manat 75 qəpik xidmət haqqı dövlət büdcəsinə köçürülmüşdür.

2014-cü ildə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya 14 ərizə və məktub daxil olmuşdur. Daxil olmuş ərizə və məktublar komissiyanın iclaslarında geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Rayonda 9 siyasi partiya, 21 ictimai təşkilat, 8 qeyri hökumət təşkilatı, 12 dini icma, 6 pir, 1 ziyarətgah və 2 informasiya vasitəsi vardır. Hesabat dövründə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin siyasi partiyalar və ictimai təşkilatlarla əlaqəsi xeyli canlanmış, aparılan ideya-siyasi işin səviyyəsi artmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış təbliğat qrupları rayonun idarə, müəssisə və təşkilatlarında, habelə yaşayış məntəqələrində, xüsusi ilə Heydər Əliyev Mərkəzində müxtəlif görüşlər keçirmişlər. Bu görüşlərdə minlərcə sakin iştirak etmiş, onlarla mühazirələr və məruzə oxunmuşdur.

Bundan başqa Mərkəzdə əhalinin bütün təbəqələrini cəlb etməklə dövlət bayramları, tarixi günlərə həsr edilmiş çoxsaylı tədbirlər keçirilmişdir.

Ötən il aprel ayından Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilməyə başlamışdır. Ötən müddət ərzində 34 nikah mərasimi qeyd olunub. Bu mərasimlərdə 510 nəfərə qədər insan iştirak etmişdir.

Mərkəzdə aprel ayından Rəsm və Xalça-toxuculuq dərnəkləri açılmış və müntəzəm fəaliyyət göstərmişdir. Rəsm dərnəyinin 6, xalça-toxuculuq dərnəyinin 4 məzunu vardır.

Eyni zamanda Mərkəzdə rayonun XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər keçirilir. Hesabat ilində 34 dərs keçirilmiş və bu dərslərdə 326 şagird iştirak etmişdir.

İl ərzində Heydər Əliyev Mərkəzi 7620 ziyarətçi qəbul etmişdir.  

İcra Hakimiyyəti rayonun mətbuat orqanı olan „Hacıqabul” qəzetinin fəaliyyətini və dövriliyini artırmaq məqsədi ilə redaksiya kollektivinə daim diqqət və lazımı köməklik göstərir.

Rayon ərazisində 18 İnzibati Ərazi Dairələri üzrə nümayəndəlik və 15 bələdiyyə fəaliyyət göstərir. Nümayəndəliklər öz işlərini „Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun quraraq işlədikləri ərazi vahidlərində İcra Başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, verilmiş tapşırıqları həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, ailə vəziyyətini təsdiq edən və digər arayışlar verir.

Ötən ildə Ərazi idarəetmə orqanları və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə 100 ədəd ərizə daxil olmuş, 13 ədəd məsələ hazırlanaraq Şurada müzakirəyə qoyulmuşdur.

Rayonun bütün İnzibati Ərazi Dairələri müasir kompyuterlə təchiz olunmuşdur. Nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq  işlərinin qanuna uyğun aparılması daim diqqət mərkəzində saxlanılır. İnzibati Ərazi Dairələrinin kargüzarları ilə hər ay mütəmadi olaraq seminarlar keçirilir. Sənədləşmə işlərinin qanuna uyğun aparılması məqsədi ilə seminarlarda müvafiq idarə və təşkilatların məsul işçiləri iştirak edirlər. İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin vəziyyəti rayon İcra Hakimiyyətinin Başçısı yanında Şurada müzakirə olunmuşdur.

 2014-cü ilin yekunları ilə bağlı rayonun bütün idarə və təşkilatlarında, o cümlədən, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə və bələdiyyələrdə hesabat yığıncaqları keçirilmişdir. Rayonun 18 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilmiş hesabat yığıncaqlarında iştirak edən sakinlər ərazilərdə olan sosial problemlərin həlli üçün bir sıra rəy və təkliflər irəli sürmüşlər. Belə ki, Magistral ipək yolundan Navahı kəndinə gedən 7 km  yolun tikilməsi, rayonun I Udullu, II Udullu, Şorbaçı, I Paşalı, II Paşalı, Qubalı və Tağılı kəndlərində olan həyətyanı və pay torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün tədbirlərin görülməsi, Abdulabad, Meyniman, Talış, Ələtli, Ağacanlı və Axtaçı-Şirvan kəndlərindəki əkin sahələrində meliorasiya və irriqasiya işlərinin görülməsi, 12300 ha əkin sahəsi olan Qubalıbalaoğlan, Pirsaatçay, Rəncbər, Navahı, Qızılburun, Atbulaq, Kürçülü kənd, Pirsaat və Navahı qəsəbələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə Kür çayından su xəttinin Pirsaatçay su anbarına çəkilməsi, Hacıqabul gölünün bərpası, Hacıqabul-Paşalı Tağılı avtomobil yolunun Şorbaçı kəndindən keçən hissəsində Pirsaat çayı üzərində körpünün qəzalı vəziyyətdə olmasını nəzərə alaraq körpünün yenidən tikilməsi məsələlərini qaldırmışlar. Hacıqabul şəhərində keçirilmiş hesabat yığıncaqlarında Gənclər evinin və Uşaq Musiqi məktəbinin tikilməsi təklif olunmuşdur.

Rayonun Ələtli kənd İƏD üzrə nümayəndəliyində vətəndaşların qəbulunun təşkili, ərizə və şikayətlərinə baxılması və müraciətin nəticəsi barədə vətəndaşların məlumatlandırılması məsələləri təlimata uyğun aparılmamışdır.

2014-cü ilin dekabr ayının 23-də keçirilmiş bələdiyyə seçkilərində rayon əhalisi fəal iştirak etmişdir. Seçki məntəqələrində seçicilərin azad və demokratik səs vermələri üçün lazımı şərait yaradılmış və səsvermə hüquqi olan seçicilərdən 41,55 %-i seçkilərdə iştirak edərək istədikləri namizədə səs vermişlər. Rayonun ərazisində fəaliyyət göstərən  15 bələdiyyəyə 141 nəfərin üzv seçilməsi nəzərdə tutulmuş və həmin yerlərə üzv seçilmək üçün 361 nəfər vətəndaş öz namizədliyini irəli sürmüşdür. Seçicilər tərəfindən seçilmiş 141 nəfər bələdiyyə üzvlərindən 50 nəfəri qadın, 57 nəfəri  30 yaşa qədər olan gənc  102 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 34 nəfəri bitərəf, 5 nəfəri isə digər partiyaların üzvləridirlər. Bələdiyyələrin ilk iclasları keçirilmiş və üzvlər tərəfindən bələdiyyə sədrləri seçilmişdir. Bələdiyyə sədrlərinin hamısı ali təhsillidir. Bələdiyyə sədrlərinin 5 nəfərin qadınlar 5 nəfərin isə gənclər təşkil edirlər.

Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılmış ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.

Son beş il ərzində yerli əhəmiyyətli məsələlərin həlli sahəsində, o cümlədən “ Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində bir sıra layihələr həyata keçirilmişdir. Rayonun II Udullu kəndində QHT və yerli icmanın dəstəyi ilə 2 ədəd artizan quyusu qazılaraq kənd əhalisinin istifadəsinə verilmişdir. Bələdiyyə tərəfindən əkin sahələrini suvarma suyu ilə təmin edən və mənbəyini Pirsaat çayından götürən 34 km su kanalı təmir olunmuşdur.

Qubalıbalaoğlan kəndində şəhidlərin adını əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi inşa edilmiş, abidənin ətrafı abadlaşdırılaraq dekorativ ağac və güllər əkilmişdir.

Təcrübə göstərir ki, bələdiyyələr yerlərdə fəaliyyətlərini yerli icra hakimiyyəti orqanları ilə əlaqəli qurduqda yerli əhəmiyyətli məsələlərin həllinə daha asan nail olunur. Bunu nəzərə alaraq rayon İcra Hakimiyyəti Başçısının 03 sentyabr 2008-ci il tarixli sərəncamı ilə hər iki idarəetmə orqanlarının Əlaqələndirmə Şurası yaradılmışdır. Tərkibi 13 nəfər icra və bələdiyyə orqanlarının fəallarından ibarət olan Şura yerlərdə sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli istiqamətində əlbir fəaliyyət göstərirlər.

Görülmüş işlərlə yanaşı bəzi İnzibati Ərazi Dairələrində və bələdiyyələrdə çatışmazlıqlar da mövcuddur. Belə ki, Pirsaat qəsəbə İnzibati Ərazi Dairəsi bələdiyyə ilə əlaqələrini günün tələbləri səviyyəsində qurmamışdır. Ərazidə məişət tullantılarının yığılması, daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik işlərinin yerinə yetirilməsi işləri zəif aparılmışdır.

Rayonun II Udullu bələdiyyəsi tərəfindən bələdiyyənin mülkiyyətində olan torpaqlardan istifadə qaydaları kobud şəkildə pozulmuş, vətəndaşların müraciətlərinə vaxtında baxılmamış, süründürməçiliyə yol verilmiş nəticədə sakinlər yuxarı  instansiyalara müraciət etmək məcburiyyətində qalmışlar. bələdiyyə şurasının qərarı ilə II Udullu bələdiyyə sədri Bünyəd Abuzərov tutduğu vəzifədən azad edilmişdir.

Hesabat dövründə İcra Hakimiyyəti Başçısı tərəfindən 254 sərəncam verilmişdir. Sərəncamlar aparatın müvafiq şöbələri tərəfindən hazırlanmış, icrası nəzarətə götürülərək təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura öz işini təsdiq etdiyi Perspektiv İş Planına əsasən quraraq hesabat ilində 26 iclas keçirərək 61 məsələ müzakirə etmişdir. Hesabat dövründə Şuranın fəaliyyəti və Şura üzvlərinin təşəbbüskarlığı xeyli artmışdır.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir. Ötən il İcra Hakimiyyətinə 861 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 240-ı Prezident Administrasiyasından, 15-si Milli Məclisdən, 16-ı Nazirlər Kabinetindən, 41-i Respublikanın digər rəhbər təşkilatlarından, 549-u isə əhalidən olmuşdur. 2014-cü ildə daxil olmuş müraciətin ümumi sayı 2013-cü illə müqayisədə 179, Prezident Administrasiyasından daxil olmuş müraciətlərin sayı 32, nəzarətdə olan müraciətlərin sayı 1 ədəd azalmışdır. Ötən ildə təkrar müraciətlərin sayı 72 ədəd olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 39 müraciət azdır, kollektiv müraciətlərin sayı da əvvəlki ilə nisbətə 10 ədəd azalaraq  26 ədəd olmuşdur.

  İcra Hakimiyyətinə daxil olmuş bütün müraciətlər "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə” və „Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vaxtında araşdırılaraq müvafiq orqanlara və vətəndaşlara cavab verilmişdir.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2014-cü ildə İcra Hakimiyyətinin Başçısı və müavinləri tərəfindən 1004 nəfər vətəndaş qəbul edilmişdir. Onların 508 nəfəri İcra Hakimiyyətinin Başçısı tərəfindən dinlənilmişdir. Qəbul edilən vətəndaşların 233-ü yaşayış yerlərində dinlənilmişdir. Belə qəbullar İcra Başçısının bütün İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərini əhatə edən yaşayış məntəqələrində təşkil edilmişdir. Yerlərdə vətəndaşlar tərəfindən edilən müraciətlər aparatın müvafiq şöbələri tərəfindən icraata götürülür və nəzarətə alınır. İcra Hakimiyyətində mütəmadi olaraq idarə, müəssisə və təşkilatlarda vətəndaşların müraciətlərinə baxılması müzakirə edilir, müvafiq tədbirlər görülür.

İcra Hakimiyyəti başçısı Aparatında kadr məsələlərinə dair daxil olan sənədlərə “Dövlət qulluğu haqqında” Qanuna, Əmək Məcəlləsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun yanaşılır. Aparatda kadrların müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilməsi ilə bağlı müvafiq Komissiya yaradılmış və onun işi  “Dövlət qulluğu haqqında” Qanuna uyğun təşkil edilmişdir.

“2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı” nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində dövlətimizin başçısı demişdir:

- “Bu dünyada nadir Azərbaycan inkişaf modeli var... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq. Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.”

İcazə verin Sizin adınızdan Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevi əmin edim ki, Hacıqabul rayonunun sakinləri bundan sonra da Müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı naminə var-gücü ilə çalışaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yeniləşməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə cənab İlham Əliyevi daim dəstəkləyəcək və onun ən yaxın köməkçiləri olacaqlar. 

Keçidlər