Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar Hacıqabul rayonunda anım mərasimi keçirilmişdir.
Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov çıxış edərək bildirdi ki, XIX əsrin əvvəllərindən başlayaraq Qarabağa erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. Ötən əsrin əvvəllərində yürüdülən bu mənfur siyasət nəticəsində azərbaycanlılar öz qədim torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirmişlər.
XX əsrin sonunda isə erməni işğalçıları Dağlıq Qarabağı və ətraf yeddi rayonu – Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Zəngilan, Qubadlı və Cəbrayılı zəbt etmişlər.
Danılmaz faktdır ki, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən təcavüz siyasətinin iki yüz ilə yaxın bir tarixi vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, “bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə “Böyük Ermənistan” dövlətini yaratmaq idi.
1988-ci ilin fevralından ölkəmizə qarşı yeni dalğa tək başlanan erməni təcavüzü də həmin çirkin siyasətin davamıdır. Ermənistanın son 20 ildən bəri yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuşdur. Bir milyondan artıq həmvətənimiz qaçqına və məcburi köçkünə çevrilmiş ölkə iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox maddi ziyan vurulmuşdur.
Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi qiymət verməyən o vaxtkı SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda vəziyyətin getdikcə gərginləşməsi, azərbaycanlıların yaşadıqları yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi. Erməni-millətçilərinin Malıbəyli-Quşçular, Qarabağlı kəndlərində törətdikləri qətliamlar müharibənin ön xəttində yerləşən Xocalı üçün bir işarə idi.
İşğalçı hərbi birləşmələr növbəti həmləni Xocalı şəhərinə yönəltdilər. Düz 23 il bundan əvvəl, fevralı 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xeyli müddət mühasirədə qalan Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət müharibələr tarixində bənzəri olmayan hadisələrdəndir. Xankəndində yerləşdirilmiş, şəxsi heyətindəki zabitlərin əksəriyyəti ermənilər olan bu alayın çox saylı ağır texnikası üç istiqamətdə şəhərə yeridildi. Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahla döyüşən xocalılar təpədən dırnağadək, silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədilər. Yaşayış evləri dağıdıldı və yandırıldı.
Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmışlar, başlarının dərisi soyulmuş gözlərini çıxarmışlar.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid-Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü.