Hacıqabul rayonunda Azərbaycanlıların Soyqırımı günü anılıb
Martın 31-də Hacıqabul şəhərində Şəhidlər xiyabanında ucaldılmış memorial abidənin önündə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş yığıncaq keçirilib.
Tədbirdə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Hacıqabulda və eləcə də Azərbaycanın bir neçə bölgəsində ermənilərin törətdikləri soyqırımından danışılıb. Bildirib ki, həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib, evlər qarət olunub.
Vurğulanıb ki, bu soyqırıma yalnız Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra münasibət bildirilib. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.