26 iyun - Silahlı Qüvvələr günü Hacıqabul rayonunda qeyd edildi
26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbiçi idi. Elə buna görə də 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbiçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün bu hərbi inkişaf Hacıqabulda yerləşən “N” saylı hərbi hissədə də özünü büruzə verməkdədir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir, beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxana, nəzarət-buraxılış məntəqəsi tikilmişdir. Ərazi hasarlanaraq, geniş sıra meydanı yaradılmış, daxili kommunikasiya xətləri çəkilmişdir. Şəhərciyin ərazisində yaşıllaşdırma işləri aparılmışdır. Bəli biz bu gün fəxr edirik və fəxr edəcəyik ki, “ Biz Azərbaycanlıyıq bizim güclü ordumuz var... ” 26-iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün münasibəti ilə Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin rayon Mədəniyyət Mərkəzinin “NUR” instrumental ansamblı geniş konsert proqramı ilə çıxış etdi.