Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun hesabat yığıncağı keçirilmişdir

29 iyul 2015 | 15:00
2015-ci ilin birinci yarısında  Hacıqabul rayonunun
sosial-iqtisadi inkişafının yekunları barədə
rayon İcra Hakimiyyətinin başçısı Ə.K.Muxtarovun
29 iyul 2015-ci il tarixli Şura iclasındakı

 

HESABAT MƏRUZƏSİ

 

 

Hörmətli yığıncaq iştirakçıları !

Məlum olduğu kimi iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı carı ilin birinci yarısının yekunlarının müsbət olduğunu, Azərbaycanda gedən uğurlu inkişafın dinamik xarakter daşıdığını, iqtisadiyyatın 5,7 % artdığını bildirərək qeyri-neft sektorunda 9,2%, sənaye istehsalında 4 faiz, kənd təsərrüfatında isə 7,3 faiz olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə ötən 6 ayda inflyasiya 3,5 faiz olmuş, əhalinin pul gəlirləri 6,2 faiz artaraq ənənəvi olaraq inflyasiyanı üstələmişdir. Ölkəyə qoyulan investisiya 12,7 milyard manat olmuşdur. Cari  ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir.

Dövlətimizin başçısı sosial sahədə bütün proqramların icra edildiyini bildirərək qeyd etmişdir ki, ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir, bu sahədə şəffaflıq təmin olunur, xoşagəlməz hallara son qoyulur və bunun da hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır.

Ordu quruculuğunun daim prioritet məsələ olduğunu bildirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Avropa Oyunlarının ən yüksək səviyyədə, Olimpiya oyunları səviyyəsində keçirildiyini, bunun ölkəmiz üçün, Avropa üçün tarixi hadisə olduğunu bildirən dövlət başçısı qeyd etmişdir ki, ən sevindirici hal idmançılarımızın 21-i qızıl olmaqla 56 medal qazanaraq komanda hesabında 2-ci yerə çıxmaları olmuşdur.

Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin reallaşması, nəzərdə tutulmuş layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

2015-ci ilin I yarısında rayonda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə bir qədər geniş məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

Hörmətli yığıncaq iştirakçıları !

2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 106,8 milyon manat olmuşdur. Bu ilin 6 ayında sənayedə məhsul buraxılışı 2,2 milyon manat, kənd təsərrüfatı məhsulu buraxılışı 60,0 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 13,7 milyon manat, ticarətdə məhsul buraxılışı 29,2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində sənayedə 2,8 %, kənd təsərrüfatında 11 %, ticarətdə 10,8 % artım müşahidə edilmişdir.

Bu müddətdə rabitə xidmətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,0 min manat və ya 11,4 % artaraq 282,5 min manata, avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmi 6 min ton və ya 5,6 % artaraq 114 min tona, sərnişin daşınmalarının həcmi isə 140 min sərnişin və ya 5,6 % artaraq 2514 min nəfər olmuşdur.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 8,1 milyon manat və ya 10,9 % artaraq 82,1 milyon manata, ictimai iaşə dövriyyəsi 132,7 min manat və ya 9,6 % artaraq 1511,7 min manata, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 696 min manat və ya 5,7 % artaraq 12830,5 min manata çatmışdır.

2015-ci ilin I yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 14424,7 min manat təşkil etmişdir.

İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin Kənd təsərrüfatı ili elan olunması, mineral gübrələrə tətbiq olunan güzəştin 50 %-dən 70 %-ə qaldırılması, əkin sahələrinin hər hektarına verilən subsidiya məbləğinin 25 % artırılması və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatında canlanmaya və məhsul bolluğuna səbəb olmuşdur.

2015-ci ilin məhsulu üçün 12869 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 6475 hektarını buğda, 6394 hektarını isə arpa əkini təşkil edir. 12869 hektar taxıl sahəsindən 43981 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 6559 ton və ya 17,5 % çoxdur. İstehsal olunmuş taxılın 24735 tonunu buğda, 19246 tonunu arpa təşkil edir. Hər hektara düşən məhsuldarlıq 4,4 sentner artaraq 34,2 sentnerə çatmışdır.

2015-ci ilin birinci yarısında 1572 hektar sahədə bostan, 774 hektar sahədə tərəvəz, 49 hektar sahədə günəbaxan, 50 hektar sahədə qarğıdalı, 39 hektar sahədə kartof, 1173 hektar sahədə yonca olmaqla cəmi 3657 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 692 hektar çoxdur.

2015-ci ilin birinci yarısında 5278 ton tərəvəz, 2098 ton meyvə, 428 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 8 ton, meyvə istehsalı 2 ton və kartof istehsalı isə 10 ton çox olmuşdur.

Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin birinci rübündə süd istehsalı 9838 ton, ət istehsalı 4430 ton, yun istehsalı 225 ton olmuşdur. Ötən ilin 6 ayı ilə müqayisədə süd istehsalında 28 ton və ya 0,3%, ət istehsalında 166 ton və ya 3,9%, yun istehsalında 1 ton və ya 0,5% artım qeydə alınmışdır. Hesabat dövründə yumurta istehsalı 150306 min ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 884 min ədəd və ya 0,6% çox olmuşdur.

Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci yarısında 329 baş artaraq 37727 başa, xırda buynuzluların sayı isə 1168 baş artaraq 134478 başa çatmışdır.

 “Aqrolizinq” vasitəsi ilə bu ilin birinci yarısında kənd əməkçilərinə 249,85 ton güzəştli qiymətlərlə mineral gübrə satılmışdır. Rayonda 2015-ci il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına cəmi 562 nəfərə 128602,4 manat dövlət yardımı verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və             6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilmişdir. Hal-hazırda magistral kanalın 28,1 km hissəsində tikinti işləri başa çatmışdır. Bundan əlavə magistral kanaldan Padar kəndinə ayrılan kanalın       12,5 km-lik qol kanalın tikintisi tam başa çatmışdır.

Hal-hazırda bu kanal vasitəsilə 2000 hektara yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64 S nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatının suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçirilməlidir.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin I yarısında 235 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. İdarə üzrə       6 ayda 8 ədəd nasos aqreqatı, 4 ədəd elektrik mühərriki əsaslı təmir olunmuş,     30 ədəd hidrotexniki qurğu, 6 ədəd hidropost, 2 ədəd nasos stansiya binası,          2 ədəd mülki bina cari təmir olunmuşdur. Abdulabad ərazisində “Şirvan-4” nasos stansiyasında təzyiq hovuzu və “M” kanalında akveduk əsaslı təmir olunaraq istismara verilmişdir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 16100 p/metr olmaqla 42940 kub/metr həcmində lildən təmizləmə işləri aparılmışdır. Kolanı kəndi ərazisində qrunt sularının səviyyəsini daima yol verilən həddə saxlamaq üçün 2 ədəd 16 NDN markalı nasos aqreqatı quraşdırılmış nasos stansiyası istismara verilmişdir.

Respublika Prezidenti cənab İlham Əliyev gündəlik fəaliyyətində ekoloji məsələləri də daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə həyata keçirilən tədbirlər sırasında yeni yaşıllıqların salınması, onun qorunması və artırılması mühüm yer tutur. Möhtərəm Prezidentimizin bu sahəyə tükənməz qayğı və diqqəti hamımızı bundan sonra da ətraf mühitin sağlamlaşdırılması, xüsusi və yeni salınmış yaşıllıqların salınması istiqamətində fəaliyyətimizi artırmağa sövq edir. Diqqətinizə çatdırıram ki, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kompaniyası 2015-ci ilin birinci yarısında də davam etdirilmişdir. Təkcə şəhərdə təxminən 6000 ədəd ağac əkilmiş və onlara aqrotexniki qaydada qulluq hal-hazırda davam etdirilir.

Hörmətli yığıncaq iştirakçıları !

2015-ci ilin birinci yarısında rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.

2015-ci ilin birinci yarısında M.F.Axundov küçəsinə 100 kubmetr, H.Həmidov küçəsinə 1478 kubmetr, Ə.Vahid küçəsinə 115 kub metr, H.Aslanov küçəsinə 489 kub metr, İ.Qayıbov küçəsinə 41 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, 2 saylı məktəbin yanındakı stadiona giriş yoluna 126 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilərək 1364 kv.metr 5 sm qalınlığında asfalt örtüyün düzəldilməsi, Padar qəsəbəsinə 670 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilərək 1877 kv.metr 6 sm qalınlığında asfalt örtüyün qoyulması, Navahı kəndinə giriş yoluna 630 kub metr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, hərbi şəhərciklə yanaşı 2 mərtəbəli yaşayış binalarının ərazisindən yola 960 kub metr qum-çınqıl qatından hamarlayıcı qatın verilməsi işləri görülmüşdür.

H.Həmidov küçəsinə 14 ədəd metal işıq dirəklərinin qoyulması, 855 p/metr elektrik kabelinin çəkilməsi, səkiyə 80 kub metr qum-çınqıl qarışığından əsasın verilməsi, M.Əsədov küçəsində səkilərdən 15 metr asfaltın sökülməsi, 72,6 kub metr qum-çınqıl qarışığından əsasın verilməsi, 363 kv.metr səkilərdə xırda dənəli asfalt-beton qarışığından örtüyün düzəldilməsi, 10 metr beton səki daşlarının düzəldilməsi, dağüstü massivdə 14,78 kv.metr divarın dağın yamac hissəsindən sökülməsi, 153,1 kv.metr 20 sm qalınlığında divarın mişar daşından hörülməsi, 141 kv.metr divarın mozaika daşı ilə üzlənməsi, 15,8 kub metr daş hasarın sökülməsi, 52,8 kv.metr divarın ağ lay daşı ilə üzlənməsi, İ.Qayıbov küçəsində səkilərdə 5,28 kub metr qum-çınqıl qarışığından əsasən düzəldilməsi, 26 kv.metr səkilərdə 2 sm qalınlığında asfalt-beton örtüyün düzəldilməsi, 1 saylı yaşayış binasında 14,87 kub metr çatı ayaqlarının quraşdırılması və daş örtüyündə 11.3 kub metr ağac şəbəkənin düzəldilməsi işləri görülmüşdür.

Sahibkarlıqla məşğul olmaq üçün 13 nəfərə, fərdi yaşayış evi üçün 2 nəfərə tikinti işlərinin aparılmasına icazə verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Hacıqabul rayon İdarəsinin inzibati laboratoriya binasının tikintisi başa çatmaq üzrədir.

Heydər Əliyev fondu hesabına tikilən 100 yerlik uşaq bağçasında tikinti quraşdırma işləri başa çatmaq üzrədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Hacıqabul rayon Mühafizə İdarəsinin inzibati binasında tikinti işləri davam edir.

Hörmətli yığıncaq iştirakçıları !

Hesabat dövründə rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Hacıqabul rayonunda 10 ədəd yeni müasir tipli KTM, 1 ədəd 630 KVA, 1 ədəd 400 KVA,5 ədəd 250 KVA, 1 ədəd 160 KVA transformator quraşdırılmışdır, 6 ədəd 10 kv-luq istismara yararsız naqillər, 1 ədəd 6 kv-luq istismara yararsız dayaq və 3230 metr məsafədə yararsız naqillər yenisi ilə əvəz olunmuşdur. 45 ədəd 0.4 kv-luq dayaq basdırılmış və 8080 metr Sip kabel çəkilmişdir.

Hacıqabul Elektrik Şəbəkəsi 2015-ci ilin birinci yarısında 82 401 115 kvt.s enerji almışdır. Satışa ötürülən enerji 62 987 890 kvt.s-dır. Dəyəri isə 3 756 961,3 manat olduğu halda ödəniş 3 044 182,01 manat olmuş, rayon üzrə ümumi yığım 80 % təşkil etmişdir. unlardan əhaliyə ötürülən enerji 20 199 923 kvt.s-dır, unun da dəyəri 1 211 995, 38 manat olmuş, toplanan vəsait isə 938 227,66 manat olmaqla verilən enerjinin 77,4 %-ni təşkil etmişdir.

Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması başa çatdırılmışdır. Hacıqabul Qaz İstismar Sahəsi tərəfindən 2015-ci ilin birinci yarısında əhali sektorunda 20 214 959 kub/metr qaz satılmış, ödəniş 2 006 528,28  manat olmaqla 99,3% təşkil etmiş, qeyri-əhali sektorunda 6 819 364 kub/metr qaz satılmış, ödəniş 656 721,38 manat olmaqla 96,3% təşkil etmişdir. Hesabat dövründə 101 mənzildən ibarət qaçqın şəhərciyinin qazla təminatının həyata keçirilməsi başa çatdırılmışdır.

2015-ci ilin birinci yarısında ərzində əhaliyə və qeyri əhaliyə 628 359 manatlıq su satılmışdır. Su pulunun ödənişi 571 741 manat olmaqla verilmiş suyun məbləğinin 90,5 %-ni təşkil etmişdir.

Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərində layihəyə əsasən 105.535 metr kanalizasiya xəttindən 26156 metri çəkilmişdir. 116 000 metr polietilen boru ilə si xətti çəkilərək Hacıqabul şəhərinin su təchizatı tam başa çatdırılıb. Nəzərdə tutulan 5100 ədəd smart tipli sayğaclardan artıq 4871 ədədi, o cümlədən cari ilin birinci yarısında 915 ədədi quraşdırılıb.

2015-ci ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür.        Hesabat dövründə telefon çəkilişi 236 ədəd artaraq 6299 ədədə, internet istifadəçilərinin sayı isə 300 ədəd artaraq 2515 ədədə çatdırılmışdır.

Hörmətli yığıncaq iştirakçıları !

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsi daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda 33 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Rayon Təhsil şöbəsi öz fəaliyyətində Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin göstəriş və sərəncamlarını əsas tutmuş və “Təhsil Qanunu”nun həyata keçirilməsi üçün rayonun pedaqoji kollektivlərini səfərbər etmişdir.

Cari ilin I rübündə rayon Təhsil şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində yeniyetmə və gənclərdə vətəndaşlıq və hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində və eləcə də istedadlı gənclərlə məqsədyönlü iş aparılmışdır. Bunun nəticəsi olaraq şəhər 8 saylı məktəb-liseyin “Şahin” komandası Füzuli rayonunda keçirilən zona turunda I yeri tutmuş və yarışların respublika turuna vəsiqə qazanmışdır.  

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm və inşa müsabiqələri və sair silsilə tədbirlər keçirilmişdir.

 Böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə rayon Təhsil şöbəsi tərəfindən 20-27 fevral tarixlərində hərbi-vətənpərvərlik həftəsi elan edilmiş, həftə çərçivəsində şer və mahnı müsabiqələri, kitab müzakirəsi, milli qəhrəmanlarımız haqqında söhbətlər aparılmış, hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür.

Hörmətli tədbir iştirakçıları !

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir. Bu gün əhaliyə 54 həkim, 166 nəfər orta tibb işçisi, 137 nəfər kiçik tibb işçisi və texniki işçi xidmət edir. Rayon üzrə 25,0 nəfər həkim, 22,0 nəfər orta tibb işçisi vəzifəsi vakantdır. Boş olan həkim yerlərində 13,0 ştat vahidi rayon mərkəzində, 12,0 ştat vahidi isə vakant olaraq kənd sahə xəstəxanası və ambulatoriyalardadır.

Hesabat dövründə Mərkəzi rayon xəstəxanasında hospitalizasiya səviyyəsi hər 100 nəfər əhaliyə 8,9, olmuş, çarpayı dövriyyəsi 8,2 olmuşdur. Ambulator gəlişlərin sayı 102876 nəfər, hər nəfərə düşən ambulator gəlişlərin sayı isə 1,5 olmuşdur.

 Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibbi proflaktik müayinələrdən keçirilməsi ilə əlaqədar 2015-ci ilin fevral ayının 1-dən etibarən başlayan və may ayının 1-nə kimi davam edən aksiya zamanı 70 mindən yuxarı əhalisi olan rayonun 50137 nəfərini tibbi müayinələrdən keçirilmiş, bunların arasından 4443 nəfər xəstə aşkar etmiş və həmin xəstələri də təyinatı üzrə müalicə məqsədi ilə yerli ambulator və stasionar müalicəyə cəlb etməklə yanaşı, eyni zamanda bu xəstələrin bəzilərini respublika səviyyəli müvafiq tibb müəssisələrinə göndərmişlər.  

Rayon üzrə 189 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır ki, bunlardan da 26 nəfəri cari ilin I rübü ərzində qeydiyyata alınmışdır.

Mərkəzi rayon xəstəxanasında 1116 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bunlardan 85 nəfəri hesabat dövrünü əhatə edir. Hesabat dövründə doğuşların sayı 558 olmuşdur.

2015-ci ilin I rübü ərzində cərrahı şöbədə 120 cərrahiyyə əməliyyatı aparılmışdır. 150 nəfər müxtəlif travmalarla müraciət etmişdir ki, bunlardan 16-sı avtomobil qəzası nəticəsində alınmış travmalardır.

Hacıqabul Dəmiryolu xəstəxanasında 20 çarpayılıq terapiya şöbəsi, 20 çarpayılıq cərrahiyyə şöbəsi, 20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Hesabat dövründə xəstəxanada 223 nəfər xəstə qeydiyyata alınmışdır. Xəstəxanada aparılan cərrahiyyə əməliyyatlarının sayı 51 nəfər, poliklinikaya ambulator gəlişlərin ümumi sayı 11835 nəfər olmuşdur. Doğum şöbəsinə qəbul olunanların sayı isə 97 nəfər olmuşdur.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 110 saylı 05.08.2008-ci il tarixli “Yeyinti məhsulları üzərində dövlət sanitariya nəzarətinin gücləndirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq rayonun topdan satış, pərakəndə satış və ictimai-iaşə obyektlərində reyestr üzrə 18 müayinə aparılmış, aşkar edilmiş sanitar gigiyenik çatışmazlıqlar barədə tələblər qoyulmuşdur. Rayon ərazisində yeyinti məhsulları istehsal edən müəssisələrə istehsal etdiyi məhsullar üçün 2 gigiyenik sertifikat alınmışdır.

 Hörmətli tədbir iştirakçıları !

Rayon Mədəniyyət və Turizm Şöbəsində 21 klub müəssisəsi, o cümlədən 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 11 kənd klubu, 27 kitabxana müəssisələri, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7 illik şəhər Uşaq Musiqi məktəbi və 14 arxeoloji tarixi abidələr fəaliyyət göstərir.

Hesabat dövründə rayonun mədəniyyət müəssisələrində bir çox tədbirlər, o cümlədən “Şəhidlər ölmür”, “Xocalı haraya çağırır”, “8 Mart Beynəlxalq Qadınlar günü”, “Novruz şənlikləri”, “31 Mart tarixin qan yaddaşı” mövzularında silsilə tədbirlər, Tofiq Quliyevin və Qara Qarayevin yubileyi ilə bağlı bəstəkarların əsərlərindən ibarət geniş konsert proqramı təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Heydər Əliyev irsinin və cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin öyrənilməsi məqsədi ilə mühazirə oxunmuşdur.

2015-ci ilin I rübündə rayon Mərkəzi Kitabxanalar Sisteminin xidmətindən 50.521 nəfər oxucu istifadə etmişdir.

Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Hesabat dövründə idarə tərəfindən gənclər sahəsi üzrə 22 tədbir həyata keçirilmiş 1397 nəfər, idman sahəsində isə 11 tədbir keçirilmiş bu tədbirlərə 1929 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

Hörmətli yığıncaq iştirakçıları !

Dövlət başçımızın qeyd etdiyi kimi iqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 manat artaraq 285,4 manata çatmışdır. Rayonumuzda işləyən iqtisadi fəal əhalinin sayı 37,1 min nəfər olmuşdur ki, bu da rayon əhalisinin 52,2 %-ni təşkil edir. Məşğul əhalinin 15,1 %-i dövlət sektorunda, 84,9 %-i isə qeyri dövlət sektorunda çalışır.

Hesabat dövründə rayonda 7261 nəfər əmək pensiyaçısına xidmət edilmişdir. 458 ailəyə 2097 ailə üzvü olmaqla ünvanlı sosial yardım təyin olunmuşdur. Ümumilikdə aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımı alanlar 873 ailə olmaqla 3995 nəfər ailə üzvlərini birləşdirir.

Rayon əhalisinin ümumi pul gəliri 137 274,1 min manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4642,1 min manat və ya 3,5% artım təşkil edir.

Bu ilin birinci yarısında rayon Məşğulluq Mərkəzinə 251 nəfər işaxtaran kimi müraciət etmiş, onlardan 206 nəfəri işlə təmin olunmuşdur, 31 nəfərə işsiz statusu kimi müavinət verilmişdir. Hesabat dövründə rayonun idarə və müəssisələrində 325-i daimi iş yeri olmaqla 394 yeni iş yeri açılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 114 iş yeri çoxdur.

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

Hesabat dövründə rayon İcra Hakimiyyətinin “Büdcədən kənar” və “Sair xərclər” vəsaitindən cari ilin ikinci rübü ərzində 417 nəfərə 31825,00(otuz bir min səkkiz yüz iyirmi beş)manat vəsait xərc edilmiş, o cümlədən Azərbaycan Milli Ordusunun əsgəri şəhid Qasımov Vüqar Rasim oğlunun hüzür mərasimi keçirilməsinə və məzarının hasar daşı ilə hörgüsünə 1900,00 (bir min doqquz yüz) manat, şəhid ailəsi, məcburi köçkün Allahverdiyeva İlhamə Şəmsi qızına anası mərhum Məmmədova Asiyanın dəfn mərasiminin keçirilməsinə (üç yüz) manat, Hacıqabul şəhər sakini şəhid ailəsi Mahmudova intizar İsa qızına 500,00 (beş yüz) manat, Böyük Vətən Müharibəsi iştirakçısı mərhum Həziyev Həzinin həyat yoldaşı Həziyeva Səkinə Ağacan qızının dəfn mərasiminə 200,00 (iki yüz) manat və Hüseynov Aleksandrın dəfn mərasiminə 200,00 (iki yüz) manat, Qarabağ müharibəsi əlili, xəstə Murtuzov Nəcəf Cəbrayıl oğluna müalicə üçün 1500,00 (bir min beş yüz) manat, şəhər sakini Məmmədova Ayşən Araz qızına müalicə üçün 450,00 (dörd yüz əlli) manat, ”Novruz Bayramı” münasibətilə şəhid ailələrinə, Çernobil və Qarabağ Əlillərinə, Böyük Vətən müharibəsi iştirakçılarına və kimsəsiz xəstə ailələrə cəmi-355 nəfərə 8875,00 (səkkiz min səkkiz yüz yetmiş beş) manat, rus dilli xalqların “Pasxa” bayramına 540,00 (beş yüz qırx) manat, Hacıqabul şəhər sakini V.Talıbov küçəsi 10 saylı evdə yaşayan Abasov Mirəziz Mirsəməd oğluna evinin tikintisinə görə maddi yardım 1000,00 (bir min) manat, şəhər sakini M.B.Nadim küçəsi 4 saylı evdə yaşayan Əsədova Zöhrə Balabəy qızına həyat yoldaşının müalicə olunması üçün maddi yardım 100,00 (bir min) manat. Padar qəsəbə sakini Ağayeva Bəxtilə Cahangir qızının ev təmirinə maddi yardım 500,00 (beş yüz) manat, ilk Avropa oyunlarının məşəlinin rayona gətirilməsi ilə əlaqədar keçirilən tədbirə görə. bayraqlarla bəzədilməsinə 4950,00 (dörd min doqquz yüz əlli) manat, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibətilə tədbirin keçirilməsinə 2600,00 (iki min altı yüz) manat vəsait xərc edilmişdir.

Eləcədə məcburi köçkün ailəsi Məmmədov Natiq Xəlil oğluna və şəhər sakini Qəmbərova Xanım Qəmbər qızına hər ay ev kirayəsi haqqı ödənilməsi üçün 100.00 (bir yüz) manat, birinci qrup Qarabağ müharibəsi əlili Abdulov İntiqam Səttar oğluna hər ay 100,00 (bir yüz) manat, şəhər sakini böyrək dialezi üzrə xəstə Rəcəbov Elnur İsmayılxan oğluna hər ay 100,00 (bir yüz) manat, şəhər sakini Məhərrəmov Rahab Raniz oğluna uşaqlarının təhsil almasına görə təhsil haqqı 120,00 (bir yüz iyirmi) manat maddi yardım verilmişdir.

Rayon ərazisində məskunlaşan 124 ailə olmaqla 422 nəfər qaçqın, 433 ailə olmaqla 1632 nəfər köçkün ailələrinə rayon İcra Hakimiyyəti tərəfində daim diqqət və qayğı göstərilmiş, onların sosial problemlərinin imkan daxilində həll edilməsinə səy göstərilmişdir.

2015-ci ilin birinci rübündə rayon büdcəsinin gəlir hissəsi 2 337 687 manat proqnoza qarşı 2 298 867 manat və ya 98,3% icra olunmuşdur.

Rayon büdcəsinin xərcləri 5 389 314 manat təyinata qarşı 4 233 419 manat olmaqla 78,6 % icra edilmişdir.

Hörmətli yığıncaq iştirakçıları !

Rayonda qanunçuluğun gücləndirilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüququ və azadlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır.

Rayon ərazisində 2015-ci ilin birinci yarısında 81 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 5-i ağır və xüsusilə ağır cinayətlər, 50-i ağır cinayətlərdir. Baş vermiş cinayətlərin açılması 78,2 faiz təşkil olmuşdur.

 Dövr ərzində Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları ilə əlaqədar 28 cinayət faktı aşkar edilmişdir. Qanunsuz dövriyyədən ümumilikdə 438,634 qram çəkidə müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Rayonda 266 nəfər narkoman kimi dispanser qeydiyyatında, 70 nəfər şəxs isə profilaktiki qeydiyyatdadır.

2015-ci ilin birinci yarısında yetkinlik yaşına çatmayanlar tərəfindən 1 cinayət hadisəsi qeydə alınmışdır.

Rayon Prokurorluğunun icraatında 2015-ci ilin birinci yarısında 5 cinayət işi qəbul edilmişdir. Ümumi işlərin sayı 7 olmuşdur. Onlardan 3-nün ibtidai istintaqı tamamlanmış, 1 iş aidiyyəti üzrə göndərilmiş. 01.07.2015-ci il tarixə 3 iş qalıq qalmışdır. İstintaq tamamlanmış cinayət işlərinin 2-nin icraatına xitam verilmişdir. Hesabat dövründə 70 nəfər şəxs rayon prokurorluğunda qəbulda olmuşdur. Onlar rayon prokuroru tərəfindən qəbul olunmuşdur. Dövr ərzində hüququ təbliğatla əlaqədar prokurorluğun əməkdaşları tərifindən idarə, müəssisə və təşkilatlarda müxtəlif mövzularda çıxışlar etmişlər.        

2015-ci ilin birinci rübündə Notariat Kontorunda 1732 notariat əməliyyatı rəsmiləşdirilmiş və bunun üçün 16501 manat dövlət rüsumu ,3677.25 qəpik xidmət haqqı Dövlət büdcəsinə ödənilmişdir.

2015-ci ilin birinci yarısında rayon Qeydiyyat şöbəsində 627 doğum, 318 nikah, 221 ölüm qeydi rəsmiləşdirilmişdir. 37 nikah pozulması qeydə alınmışdır. Qeydiyyat əməliyyatları ilə əlaqədar 2591 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

2015-ci ilin birinci rübündə rayon Dövlət Notariat kontorunda 3579 notariat əməliyyatı rəsmiləşdirilmişdir. Əməliyyatların rəsmiləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə 35273,50 manat dövlət rüsumu və 7830.25 manat xidmət haqqı vətəndaşlar tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

Rayon ərazisində 18 İƏD üzrə nümayəndəlik, o cümlədən 1 şəhər, 3 qəsəbə, 14 kənd nümayəndəliyi və 15 bələdiyyə fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir.

Bu ilin birinci yarısında İcra Hakimiyyətinə 386 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin 82-si Prezident Administrasiyasından, 8-i Milli Məclisdən, 3-i Nazirlər Kabinetindən, 21-i Respublikanın digər rəhbər təşkilatlarından, 272-si isə əhalinin müxtəlif təbəqələrindən olmuşdur.

İcra Hakimiyyəti hesabat dövründə vətəndaşların qəbulu işini ciddi nəzarətə götürmüşdür. 2015-ci ilin birinci yarısında İcra Hakimiyyətinin Başçısı tərəfindən 240 nəfər vətəndaş qəbul edilmişdir ki, onların 124 nəfəri səyyar qəbullar zamanı dinlənilmişdir. Qəbul zamanı qaldırılan bir çox təklif və iradlar yerindəcə həll olunmuş, bəzilərinin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Hesabat dövründə də rayonun sosial-iqtisadi göstəriciləri, keçirilmiş səyyar qəbullar və müxtəlif səpkili tədbirlər barədə obyektiv məlumatlar sektor tərəfindən müəyyən edilmiş qrafikə əsasən RİAİS sisteminə yerləşdirilmişdir.

Hörmətli yığıncaq iştirakçıları !

İcazə verin Sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.

Keçidlər